28 Yanvar 2016 18:53
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Elmin Nurinin Ramiz Həsənoğlu ilə müsahibəsini təqdim edir:

- Nəyə görə yaşlı nəsillə gənc nəsil arasındakı münasibətlərin əsas qəhrəmanı çox zaman maneə məfhumu olur?

- Öncə onu deyim ki, mən gənc nəsillə təmasda olan zaman özümü bir o qədər də yaşlı hiss etmirəm. Ola bilsin, onlar təcrübəmə, yaşıma görə özlərini mənim yanımda necə aparmaları barəsində düşünürlər. Amma mən özümü onlarla ünsiyyətdə qətiyən yaşlı nəslin nümayəndəsi saymıram. Özüm də gənc olmuşam və deyə bilmərəm ki, o vaxtkı yaşlılardan indiki gənc nəslin gördüyü münasibəti görmüşəm. Sizə bir misal deyəcəyəm: təxminən 40 il əvvəl idi. Mən Rusiyada təhsil alanda tələbə ikən ilk sənədli filmimi çəkmişdim. O səbəbdən də Moskvaya getməli idim. Aeroportda rejissor Fİkrət Əliyev mənə yaxınlaşıb soruşdu ki, Moskvaya gedirsən? Dedim, bəli. Dedi ki, rejissor Əjdər İbrahimov da Moskvaya gedir. Səhhəti o qədər də yaxşı deyil, sən onun əl bağlamasını təyyarəyə apararsan. Aeroportda düşəndə də taksiyə minməkdə kömək edərsən. Təbii ki, razılaşdıq. Əjdər İbrahimovla daha yaxından tanış olduq. Elə oldu ki, təyyarə 6-7 saat gecikdi. O zaman bizim daha yaxşı söhbət etmək imkanımız yarandı. Mən təbii ki, onu tanıyırdım. Böyük rejissor idi. Amma o zaman mənim 28-29 yaşım olardı. Əjdər müəllim də mənimlə maraqlandı. Xeyli söhbət etdi. Deyəsən, mən onun diqqətini cəlb edə bildim. Onda o, mənə bir məsləhət verdi. Dedi ki, bu yaşa kimi nə etmişəmsə, hər zaman yaşlıların maneəsi ilə rastlaşmışam. Əgər sən irəli getmək istəyirsənsə dirsəklərini işə salmalısan. Ömrü böyu o məsləhəti sırğa kimi qulağımdan asdım. Amma hər zaman əks mövqedə mübarizə apardım. Maneəçilik deyil, dayaq mövqeyini tutdum. Bunun da bariz nümunəsi kimi 1993-cü ildə “Sabah” yaradıcılıq birliyini göstərmək olar. O zaman vəziyyət çox pis idi. Kino çəkilmirdi, teatrlar ağır durumda idi. İnsanlar əsasən güzəranları haqqında düşünürdülər. Belə bir şəraitdə sənəti yaşatmaq lazım gəlirdi. Sənəti yaşatmaq üçün ilk növbədə nə lazımdı-təbii ki, yeni nəsil. “Sabah” Yaradıcılıq Birliyi də bu işi çox gözəl yerinə yetirdi. Bu gün kino və teatrda öz sözünü deyən əksər sənət adamlarının debütü “Sabah”da olub. Elə ikisini misal göstərə bilərəm: bu yaxında “ən yaxşı rejissor” nominassiyasında “Qızıl Pəri” mükafatını alan Elxan Cəfərov və o vaxtı çox az adamın tanıdığı indi isə Avropada tanınan Kamran Şahmərdan. Təbii ki, rejissor və aktyorların sayını artıra da bilərərik. Onu da deyim ki, televiziyanın o zamankı rəhbərliyi də sağ olsun. Çətin vaxtda bizə “Sabah” yaradıcılıq birliyini yaratmaqda kömək etdilər. Bu günəcən nominal da olsa “Sabah” yaradıcılıq birliyi hələ də durur. Mən özüm də indinin indisində də gənclərlə işləməyə meyilliyəm. “YUĞ”-da səhnələşdirdiyim “Sonuncu” pyesinin müəllifi gənc dramaturq Pərvin Nurəliyevanı buna misal göstərmək olar.

Amma hesab edirəm ki, biz gənc olanda, sənətə yiyələnmək istəyəndə öz qarşımıza qoyduğumuz məqsədlər indiki gənclərin qarşılarına qoyduğu məqsədlərdən fərqli idi. Zaman dəyişdi, yaşam dəyişdi, informasiya axını çoxaldı, bəşəri dəyərlərin yerinə süni dəyərlər gəldi. Buna görə mənə elə gəlir ki, gənclərin bir çoxlarında zombiləşmə yarandı. Tez-tez televiziya kanallarına dəvət alıram. Orada aparıcılarla ünsiyyətdə olanda hətta mədəniyyətlə bağlı veriliş aparanların sənətlə bağlı bilgilərinin ibtidai səviyyədən də aşağı olduğunu görürəm. Elementar şeylərdən xəbərləri yoxdu. Bu da həmin zombiləşmənin nətiicəsidir. Mən əlbəttə hamını qaralamıram. Şübhəsiz ki, onların arasında istər kino, istər televiziya, istərsə də teatrda çox dəyərliləri, maraqlıları var. Amma bir şey də var: Sənətə gələn gənclərin kəmiyyəti artdıqca keyfiyyəti artmır. Ona görə də bir qədər narahatam, nigaranam. Nə olacaq bunun axırı?! Əlimdə bir o qədər imkan da yoxdur ki, yenidən bir komanda yetişdirək. O zaman “Sabah”ın timsalında bunu etdik. Durğunluq çox idi. Amma biz hər ay premyera ilə çıxırdıq.

- Məncə, siz sonradan Əjdər İbrahimovun məsləhətindən - yəni dirsəklərinizdən istifadə etmədiniz. Dirsəkləri işə salmamaq zaman-zaman sizin özünüəz hansı maneələri yaratdı?

- Mən zaman-zaman dirsəkləri işə sala bilərdim. Amma buna ehtiyac görmədim. Məsələn, elə “Sabah”ın timsalından bir nümunə deyim. O zaman maraqlı ssenarilər var idi ki, onlara mən özüm quruluş verə bilərdim. Çünki rəhbər olmaqla yanaşı, həm də prodüsser idim. Amma belə etmədim. “Bala, başa bəla” tamaşasını, “Yarımştat”ı Şərif Qurbanəliyev çəkdi. Təbii ki, onları mən özüm də çəkə bilərdim, Şərif Qurbanəliyev mənim assisentim idi. Amma görəndə ki, onun bunu çəkməyə potensialı var, onda imkan yaratdım. Bu kimi misalları başqa istiqamətlərə aid də göstərə bilərəm. Televiziyanın o zamankı rəhbərliyi “Bakı” studiyasını təsis edəndə mənə oranın direktoru olmağı təklif etdi. Mən isə yaradıcı məsləyimə sadiq qalaraq bu təklifi qəbul etmədim. Bütün bunlarla bərabər mən özümə qarşı yardımları, yaxşı münasibəti də görmüşəm. Elə televiziyanın bütün rəhbərləri zaman-zaman mənə dayaq olublar.

- Yaşlılar sənət estafetini gənclərə ötürəndə nə kimi səhvlərə yol verdilər ki, onlar da sonradan ortaya lazımi keyfiyyət qoya bilmədilər?

- Biz toplumun içində yaşayırıq. Burada fərdi və ümumi anlayışları ayırmaq lazımdır. Təbii ki, hər bir fərd öz işini layiqli şəkildə yerinə yetirsə bu ümuminin işinə yarayar. Amma ayrı-ayrı fərdlərdə meyarları qiymətləndirmək üçün xüsusi bir konsepsiya lazımdır. Dövlət və mütəxəssislər bu işi görməlidirlər. Biz də onların içində. Yalnız bu konsepsiyalar olandan sonra biz ayrı-ayrı şəxslərin nə dərəcədə keyfiyyətli olub-olmamasından danışa bilərik.

- Mədəniyyət və İncəsənət Universitetinin gənc məzunları arasında ora ilə bağlı narazılıq kütləvi hal alıb. Biz indiki gənclərin sənətdə passivliyinin səbəbi kimi ordakı tədrisi də göstərə bilərik?

- Bu gün o universitetdə üzdə olan adamlardan kimlər var, gəlin əvvəlcə ona diqqət edək. Oranın tələbələri bu gün kanallarda fəaliyyət göstərir. Bir müddət mən də orada dərs dedim və tələbələrim bu gün müxtəlif kanallarda hər halda axırıncı yerdə deyillər. Orada dərs deyən insanlar öz təcrübə və peşəkarlığına görə fərqlənirlər. Amma bir məsələ var. Bu yaradıcı sahədir. Tədris quru mühazirəyə yox, praktik məşğələlərə söykənməlidir. Bunun üçün də müəyyən texniki baza lazımdır. Mən sırf olaraq televiziya və kino rejissorluğu üzrə ixtisaslaşmadan danışıram. Bildiyim qədər indi orada təmir işləri gedir və rejissorluq fakültəsinin tələbələri Yasamalda hansısa məktəbdə məskunlaşıblar. Bütün bunların hamısı şərtdi. Amma yenə də demək lazımdır ki, Mədəniyyət və İncəsənət Universitetinin yaxşı kadrlar yerişdirməsi üçün kifayət qədər təcrübəli mütəxəssisləri var

- Mövzu anlayışından da danışaq. Tərif kimi qəbul etməyin, subyektiv fikrimdi ki, sizdən gənc olan və xüsusən də ən yeni nəsil mövzu seçimində sizin kimi uğurlu ola bilmədilər. Klassikaya müraciət etməklə bəşəri problemləri indiki dövrlə əlaqələndirmək sizdə çox güclü idi. Biz bu cür mövzu seçiminə indiki rejissorlarda rast gəlmirik?

- Sizə qısa cavab verəcəyəm: Mənə etibar edirdilər. Mən özbaşına deyildim. Çox mövzular təklf edə bilərdim. Təbii ki, təqdim etdiklərimin hamısını həyata keçirə bilmədim. Mən götür-qoy edirdim, xeyli nüansları dəqiqləşdirirdim və yalnız ondan sonra mövzuları təqdim edirdim. Onların bəziləri qəbul olunurdu. Amma onu da deyim ki, çəkdiyim tamaşaların çox az qismini mənə məsləhət görüblər. Böyük əksəriyyətini özüm təklif etmişəm. Deməli, özünü doğrultmaq əsas şərtdi. Özünü doğrulda bilən rejissor mövzularında da sərbəst olacaq.

- Bu gün Azərbaycan kino və teatr məkanında yaşlılar gənclərə əsasən nəyi ötürə bilmirlər?

- Çox geniş mövzudur və düşünürəm ki, buna bir neçə cümlə ilə dəqiq cavab vermək olmaz. Bizim yaşadığımız dövrdə imitasiya çoxdu. İnsanlar olduqlarından başqa cür görünmək istəyirlər. Bir var ikili standart, bir də var üçlü standartlar. Biz unikal ölkəyik. Üçlü standartlarla hərəkət edirik. Yəni, başqa cür danışır, başqa cür düşünür, başqa cür hərəkər edirik. Bunlar get-gedə düzəlməlidir. Cəmiyyyət durulmalıdır. Hər hansı kodekslə, maddə ilə bunu düzəltmək olmaz. Yalnız cəmiyyətdə durğunluq baş verən zaman mədəniyyət sahəsində də sizin sual olaraq səsləndirdiyiniz münasibətdən danışmaq olar. Mədəniyyət nədir- o cəmiyyətdə baş veərn hər şeyin ən yaxşı ifadəsidir.

- Bu gün Azərbaycanda nə yoxdu: mədəniyyət, yoxsa onun mədəniyyətin dərki?

- Təbii ki mədəniyyətimiz var. Tarixə söykənsək Qobustan qayalarından üzü bu yana xeyli nümunələr saymaq olar. Amma söhbətimizin əvvəlində toxunduğumuz məsələyə bu gün də qayıdaq: insanları indi daha çox məişət qayğıları maraqlandırır. İrfat güzəran qayğıları sənəti öldürür. Biz əsas diqqət mərkəzinə də bunu çıxarmalıyıq: Güzəran problemi sənəti ikinci plana salır. Öldüməyinə təbii ki, öldürə bilməz. Amma müəyyən vaxt yetişir ki, orada sənətin inkişafı məişət problemlərinin kölgəsində qalır. Bunun aradan qalxması üçün xeyli zaman lazımdır.

- 1990-cə illərdən üzü bu yana, bizim rejissorlar daha çox aktyor “öldürmək”lə məşğul oldular, yoxsa aktyor “diriltməklə”?

- Rejissorun aktyor probleminə münasibətindən çox şey asılıdır. Hər bir aktyor teatrda yetişir. Teatr onun doğma evidir. Amma bununla yanaşı hər bir aktyorun içində məşhurlaşmaq istəyi var. Buna görə də müəyyən rejissorlarla ünsiyyətdə olur. Bu baxımdan şəxsən mənim də seçdiyim aktyorlar olub. Rəhmətlik anam həmişə deyərdi ki, yaxşı peşəkar aktyorlarla işlə. Mən də hər zaman onun sözünə qulaq asmışam. Peşəkar, öz işini bilən aktyorlarla işləmişəm hər zaman. Buna görə də, demədiyim budur ki, aktyorun “ölüm”ü və “dirilməsi”ndə rejissorla bərabər onun özündən çox şey asılıdır. Aktyor ilk növbədə özü özünü doğrultmalıdır.

- İki aydan sonra 70 yaşınız olacaq. Amma mənə elə gəlir ki, siz bu gün də Əjdər İbrahimovla söhbət edən 28-29 yaşında gəncsiz. Necə oldu ki, həmin yaşda qala bildiz? Bu qədər çətinliklərin içində həmin gəncdəki ruhu, həvəsi qoruyub saxlaya bildiniz? Buna səbəb nə oldu?

- Ailəm, müəllimlər, oxuduğum kitablar, gördüyüm mühit və xarakterimin özəlliyi. Bunların hamısı əsas şərtdilər. Bunların hamısı mənim üçün uğurun üstəgəlləri oldu.

***

Ramiz müəllim sonda Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə təsis edilən "Qızıl Pəri" mükafatı barəsində də danışdı. "Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə" nominassiyasında bu mükafatı qazanan Ramiz Həsənoğlu onu 2015-ci ildə özü üçün ən əlamətdar hadisə hesab etdi.

Moderator.az


Müəllif: