1 Fevral 2016 11:28
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ağsaqqal yazıçılar arasında sorğu keçirib: “Gənclərdən kim sizə öz gəncliyinizi xatırladır?”

Səslənən fikirləri təqdim edirik:

Əkrəm Əylisli: “Ümumilikdə bütün gənclik xaraktercə bir-birinə oxşayır. Amma zaman fərqi də var. Bizim zaman başqa idi, indi başqa. Bu gün xeyli cavan var ki, həyata baxışı mənimlə üst-üstə düşür. Konkret olaraq ad çəkməsəm də deyə bilərəm ki, əksər cavanlar mənə öz gəncliyimi xatırladır”.

Aqil Abbas: “Mən bir az fərqli adamam. Gənclərdən heç biri mənə gəncliyimi xatırlatmır. Amma ikisini, üçünü bir yerə yığanda xatırladırlar. Yəni təklikdə deyim ki, kimsə mənim gəncliyimi yadıma salır, yox. Amma bəyəndiyim, istedadlı olanlar çoxdur: Şərif Ağayar, İlqar Rəsul, Seymur Baycan, Qan Turalı, Kəramət Böyükçöl və başqaları”.

Sabir Rüstəmxanlı: “Gənclərdən kiminsə, mənim davamçım olmasına, mənim yaradıcılığımı davam etməsinə düzgün baxmıram. Yəni ona rəğbətlə yanaşmıram. Sadəcə olaraq, ictimai mövqeyinə görə, vətəndaşlıq mövqeyinə görə sevdiyim, bəyəndiyim bir çox gənclər var ki, onların siyahısını tutsam, iyirmi-otuz nəfər olar. Məsələn, Pərviz Cəbrayılın, Elnur Astanbəylinin, Sərvaz Hüseynoğlunun, Etimad Başkeçidin, Faiq Balabəylinin, Mahir Qabiloğlunun yaradıcılığına hörmətim var. Seymur Baycanın, Qan Turalının kitabları haqqında məqalə yazmışam. Mənim gəncliyim, bir az belə deyim, mübariz olub. Lap Bakı Soveti dövründə də olsa, döyüşkən olmuşuq, sözümüzü həmişə demişik. Bu yazarlara da ona görə sayğım var ki, onlar da sözlərini deyəndilər. Sizə deyim ki, mənim üçün ölçü, bədii duyumu öz yerində olmaqla ədəbiyyatın ictimai mövqeyidir, vətəndaşlıq mövqeyidir. Yəni ədəbiyyatın siması olmasa, onun xeyirdən çox ziyanı dəyər”.

Seyran Səxavət: “Gənc yazarlardan çoxlarını tanıyıram. Mənim gəncliyimə oxşayan birinə rast gəlməmişəm. İstedadlı gənclər var. Amma nəinki mənim gəncliyimi xatırladan, heç belə yaxın düşən də yoxdur. Mənim özümün beş uşağım, on bir nəvəm var. Onların biri də mənə oxşamır. Mən ən yaxın gürcü yazıçısı Nodar Dumbadzedir. Elə bilirəm ki, o, ruhən mənim atamın belindən gəlib. Hətta ona da inanıram ki, mən gürcü olsaydım, elə onun kimi yazardım. Yaxud da Nodar Dumbadze Azərbaycanda olsaydı, mənim kimi yazardı. Qismət oldu, onu şəxsən də tanıdım. Mənə ruhən ən yaxın o olub. Bizim gənclərdən yaradıcılıq baxımından mənə yaxınlığı Kəramət Böyükçöldə görürəm. Bu yaxınlarda onun “Çöl” romanını oxudum çox xoşuma gəldi”.

Fikrət Qoca: “Bizim kifayət qədər istedadlı gənclərimiz var. Mən onlara baxanda yaradıcılıq baxımından özümü görürəm. Ad çəkmək istəmirəm. Bunu da deyim ki, konkret olaraq məni xatırladacaq biri yoxdur. Yəni hər kəsin bir qisməti, taleyi var. Ümumiyyətlə isə, mən heç kəsə öz taleyimi arzulamıram”.

Maqsud İbrahimbəyov: “Son zamanlar çox oxuya bilmirəm. Ona görə də gəncliyi az tanıyıram. Yəni birmənalı deyə bilmərəm ki, bu yazar mənim gəncliyimi xatırladır. Amma gənclərin müəyyən yazılarını oxuyuram, bəyənirəm”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər