Teleqraf.com aktyor Elməddin Cəfərovla müsahibəni təqdim edir:
- "Eks bacanaqlar” serialında çəkilirsiniz, "Qardaşlar", və "Qız atası" seriallarında isə baş prodüsersiniz. “Eks bacanaqlar”dan başqa digər seriallarınızda niyə çəkilmirsiniz?
- Digər seriallarda çəkilsəydim təkrar olardı. Həm də seriallarda öz şəxsi reklamım üçün çəkmirəm ki. İdeya gəlir, yazırıq, səhnələşdiririk. İşimizi “eqo” olaraq deyil, sevərək görürük. Vaxtımı düzgün bölürəm və hər üç seriala vaxt ayırıram.
- Hansı serialınız daha reytinqlidir?
- Ən reytinqli serial "Qız atası"dır. Amma həftələrlə digər seriallar da reytinqdə birinci olur. Keçən həftə "Qardaşlar" serialı reytinqdə digər iki serialları keçdi. Bu həftə isə "Eks bacanaqlar" hər iki serialı keçib. Amma nəticədə hər üç serial reytinqlidir.
- Reytinq siyahılarına baxanda düşünürsünüzmü ki, kaş digər seriallarda da aktyor kimi çəkilərdim?
- Bu həftə "Eks bacanaqlar" serialı birinci yerdədir. Əslində, şöhrətə meyilli insan deyiləm. İstəsəydim digər seriallarda da çəkilərdim. Ümumiyyətlə, seriallarda yox, digər işlərdə də kiminsə uğurunu görəndə onun yerində mən olardım və s. kimi düşünümürəm.
- Rol verdiyiniz aktyorların nə vaxtsa sizi keçəcəyindən qorxmursunuz ki?
- Mən hansısa aktyoru keçməmişəm ki, kimsə də məni gəlib keçsin. Tərəziyə çıxmıram ki, kimdənsə öndə olum. Öz işimi görmək istəyirəm və istədiyim obrazı oynayıram. Obrazı oynamaq istəyim isə kimdənsə güclü oynamaq istəyi və 1 nömrə olmaq deyil. Ən önəmlisi odur ki, obrazımla fikrimi çatdıra bilirəm. Eləcə də məndən kiminsə yaxşı yaxud da pis oynayacağını düşünmürəm. Çünki bir nömrə olmaq üçün iddialı deyiləm. Həm də iddialı yaşım keçib, 35 yaşım var. Elə bir məqsədim də yoxdur.
- Elməddin bəy, sizi hər zaman Fərda Aminlə müqayisə ediblər. Buna görə aranızda hər hansı rəqabət olurdumu?
- İnsanlar arasında belə bir fikir olub. Amma Fərda ilə bizim aramızda rəqabət olmayıb. Bir yerə qədər sənətini düşünürsən, sonra isə sənətinlə yanaşı ailəni, uşağını necə dolandırmağı fikirləşirsən. İnsan öz ailəsini saxlamaq üçün kiminləsə rəqabət aparmamalıdır. Kiminləsə rəqabətə girib, uşağımın ruzisini qurban edə bilmərəm.
Ümumiyyətlə, rəqabətə girmək lazım deyil. Başqaları ilə döyüşdə birinci yaxud da ikinci oldun, o, nəyi dəyişir.
- Bir vaxtlar Fərda Aminlə münasibətiniz yaxşı deyildi. Hətta küsülü idiniz. Münasibətiniz sonra düzəldi…
- Təbii ki, münasibətə ətrafın təsiri olur. Mənim Fərdaya qarşı heç vaxt kinim olmayıb. İnsana ruzi, istedad, qabiliyyət Allah tərəfindən bəxş edilir. Onları qısqanmaq olmaz. Əgər Allah sənə bir istedad veribsə, niyə buna bunu verib kimi düşünmək düzgün deyil. Çünki Allahla şərik deyilsən. Ona görə də mənim elə bir qısqanclığım olmayıb. Amma ətraf təsirlərdən münasibətimizdə soyuqluq yaranıb. O hadisələrin üzərinə getməmişəm. Hər zaman yaxşı münasibətdə olmağa çalışmışam. “Xoxan” filminin təqdimat gecəsi qırmızı xalı, bahalı maşın, lent, çoxlu insanlar, alqış və s. çox möhtəşəm keçdi. Təqdimatdan evə getdim və oğlum dedi ki, mənim şokaladımı alımısan? Mənə demədi ki, bu gün ulduz olmusan? Tədbirdən gec çıxdığım üçün ala bilməmişdim. Bir daha başa düşdüm ki, mən tamaşaçılar üçün tanınmış, şöhrətli aktyor ola bilərəm. Amma ailədə ailə başçısı, uşaqlarımın atasıyam. Şöhrət, tanınmaq gəldi-gedərdir. Onsuz da bir nöqtədən sonra sən ata evində övladsan, həyat yoldaşısan, valideynsən, qardaşsan. Bu reallıqla yaşayıram.
- Şöhrətin sizə bəxş etdikləri və aldıqları nələrdir?
- Mənə şöhrət pul gətirdi. Uşaqlıqdan arzum aktyor olmaq idi. Şöhrət arzuma çatdırdı, istədiyim bir çox şeyləri əlçatan etdi. İnsanların 10 günə getdiyi yolu, bir günə getməyi nəsib elədi. Tanınmağım rahat oldu. İstədiyim çox şeyləri əldə etdim. Amma rahatlığımı əlimsən aldı. Məsələn, mən Bakını yaxşı tanımıram. Çünki şəhəri çox gəzmirəm. Düzdür, insanlar mənə sevgi ilə yanaşırlar. Amma istənilən halda çox insan olan yerə gedə bilmirsən. İstədiyin yerdə istirahət edə bilmirsən.
- Sizi bütün insanlar sevirlər?
- Hər insan məni sevə bilməz və hamının da məni sevməsini gözləmirəm. Məni hər kəs sevsə, deməli, problemli insanam. Əgər ən pis, cəmiyyət üçün zərərli adam məni sevirsə, ikiüzlü, nankor insan məni sevirsə, deməli, məndə özünü görür ki, sevir.
- Aktyor kimi şöhrətinizi itirməkdən qorxursunuzmu?
- Xeyr, qorxmuram. Düzü, özümü elə də şöhrətli aktyor hesab eləmirəm. İşdən evə gedib-gəlirəm. Başqa iş görmürəm ki, şöhrəti hiss edim.
- Serialınız villada çəkilir. Eviniz də villadır?
- Xeyr, beşmərtəbəli binada yaşayıram. Ağlamaq üçün demirəm. Allaha şükür edirəm. Kirayədə yaşadığım illər olub. Yaşadığım ev mənim üçün çox əhəmiyyətlidir.
- Tanınmış aktyorsunuz. Həyat yoldaşınız sizi nə vaxtsa qısqanıbmı?
- Bəzən qısqanır (gülür). Əslində, mən serialda ikiarvadlı bir obrazı canlandırıram. Hər iki aktyor gözəl xanım və yaxşı insan, tamaşaçıların sevdiyi, tanıdığı simalardır. Serialda elə səhnələr var ki, Taleh həyat yoldaşına sevirəm sözünü ürəkdən deməlidir. Obraz inandırıcı olmalıdır. O zaman evdəkilər deyirlər ki, sən neynirsən? (gülür). Təbii ki, qısqanclıq olur.
- Həyat yoldaşınızla qısqanclığa görə mübahisəniz olubmu?
- Təbii ki, olub. Amma bəzi şeyləri həyat yoldaşım, bəzilərini isə mən aradan qaldırmışam. Artıq qısqanclıq 10-20 faiz aşağı düşüb. Əslində, həyat yoldaşımla tələbə yoldaşı olmuşuq. Amma bir ildir ki, ixtisası üzrə işləyir. 35 yaşıma qədər onu işləməyə qoymamışam. Böyük oğlum 7-ci sinifdə oxuyur və müəlliməsi anasıdır. Kiçik oğlum isə 3-cü sinifdə oxuyur.
- Həyat yoldaşınızın uzun müddət işləməsinə mane olmusunuz. Bəs o sizə necə güzəştə getdi?
- Mənimlə ailə quranda işləmirdi axı. Sistemi düz tutmuşdum (gülür).
- Oğlunuz da seriala çəkilirdi. Sonra serialda görmədik. Bu, nə ilə bağlıdır?
- Bəli üç-dörd seriala çəkildi, sonra dərslərinə görə dayandırdım. Düzü, həvəsi çoxdur. Hətta çəkilmək üçün xahiş də edir. Amma icazə vermirəm.
- Gələcəkdə oğlunuzun aktyor olmasını istəmirsiniz?
- Xeyr, aktyor olmasını istəmirəm. Oğlumu serialın ilk mərhələsində mənə lazım olduğu üçün çəkdim. Birinci sinif uşağına başa sala bilmirdik ki, “ata” de. Məcburiyyətdən oğlumu çəkdik. Dərslərindən yayınmaması və aktyor olmasını istəmədiyim üçün serialdan uzaqlaşdırdım. Əgər gələcəkdə aktyor olmaq istəyirsə, olsun. Amma mən aktyor olması üçün yönləndirmək istəmədim. Onun şərqşünaslıq fakültəsində təhsil almasını istəyirəm.
- Elməddin müəllim, fəaliyyətə başladığınız ilk vaxtlar sizi tənqid edənlər, aktyor kimi qəbul etməyənlər çox idi. Hazırda vəziyyət necədir?
- Düşünürəm ki, hazırda da qəbul etməyənlər var.
- O, mərhələni necə keçdiniz?
- 15 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Sənətimdə beş-yeddi il mübarizə apardım. Tənqid eşidən zaman qıcıq olurdum. Sonra düşündüm ki, onların sözündə haqq var. Ona görə səbrli oldum. Amma bir hadisə məni hər zaman üzürdü – bəzən insanın şəxsiyyətində problem axtarırdılar. Belə ki, qərəzli fikirlər məni çox üzürdü.
- Sizin aktyor Nicat Kazımovla probleminiz olduğunu eşitmişdik. Hətta “Eks bacanaqlar” serialına ilk dəfə onun dəvət edildiyi deyilirdi. Bu, doğrudurmu?
- Xeyr, düz deyil. Serialın baş prodüseri mənəm və çəkməyə başlamışam. Problem başqa hadisədə olub. Əslində, teatr aktyorlarının bir çoxunun məndən xoşu gəlmir. Düzdür, yavaş-yavaş qəbul edirlər. Amma aktyor kimi qəbul etməyənlər də var. Qəbul etməyəni də başa düşürəm.
- Sizi dəstəkləyən və dəstəkləməyən aktyorlar kimlər idi? Ad çəkə bilərsiniz?
- Allah dəstəkləməyən insanların da canını sağ eləsin. Əslində, iradların çoxu ilə razılaşmışam. Düşünmüşəm ki, haqlı idilər. Mən sənətə gələndə yeni idim və səhv də edə bilərdim. İnsana şans vermək lazımdır ki, onda özgüvən yaransın. Bəzi insanlar qərəzli deyildilər. Onlara təşkkürümü bildirəm ki, mənə səhvlərimi dedilər. Ona görə də onlardan incikliyim yoxdur. Amma deyim ki, bəzi aktyorlarla birlikdə çəkildikdən sonra dostluq münasibətimiz yarandı. Mənə rəhmətlik Yaşar Nuri çox dəstək olub. Hətta səhnə müəllimim olub.
- Bəs tanınmağa başlayarkən mane olanlar olurdumu?
- Xeyr, deməzdim ki, mane olanlar vardı.
- Çox aktyorlar gəlirlər, amma müəyyən vaxtdan sonra yoxa çıxırlar. Siz hər zaman populyarlığınızı necə saxlayırsınız?
- Çünki bəzi aktyorlar stabilliyi qorumurlar. Təbii ki, insanın şansı da olmalıdır. Mən hər zaman öz işimi görürəm və stabilliyimi qoruyub saxlamağa çalışıram. İşimi peşəkarcasına, sevə-sevə görürəm. Qarşılığında pul gözləmirəm. İnsanın üzərində Allahın bərəkəti də olmalıdır. Allahını tanımalısan.
- Yeni film çəkilişləri varmı?
- İnşallah, apreldə “Xoxan-2” filminin çəkilişlərinə başlayacağıq. Başqa heç bir filmə isə çəkilmirəm və təklifi də qəbul etmirəm.
- Səbəb?
- Uğuruna inandığım işləri görürəm. Nəticəsinə inamadığım işlərə başlamıram.
- Həm prodüser, həm də aktyor kimi fəaliyyət göstərirsiniz. Sizin üçün hansı daha çətindir?
- Aktyor kimi hər şey özümə aiddir, Allahın mənə bəxş etdiyi vergidir. Prodüser kimi isə Ənvər şərikimdir. Allah Ənvərdən razı olsun. Bəzən elə hal olur ki, işi Ənvər görür, amma mənim adım səslənir. Yəni ki, o, zəhmət çəkir, mən şöhrət qazanıram. O, mənim ən yaxın dostumdur və işləri məndən yaxşı bacarır.
Rəqsanə Həsənova
Foto: Rəşad Abbasov