Teleqraf.com Rasim Qaraca ilə müsahibəni təqdim edir:
– “Düyün” filminin tərçüməçisi Rasim Qaracanın bu gün hansı düyünləri var?
– Ooooo, “Düyün” filmi? Bunu hardan çıxardınız? Maşallah sizə, vallah. O qədər çoxdan olub ki, xatırlamıram. Bu gün hansı düyünlərim var, bir az fikirləşim… Bir adam qatırda gedirmiş, tərkində də bir kisə düyü aparırmış, çoxlu da problemləri varmış, üzünü göyə tutub, allah, düyünü aç, demiş və bu anda kisədəki düyünün ağzı açılaraq tökülməyə başlamış… Düyün açılacağına, düyü açılmış… Bu lətifədə bir hikmət var; hər kəsin düyünü var, əslində. Həyatın düyünləri bizi qorxutmamalıdır, çünki hər düyünü açdıqca biz bir buğda yüksəlirik. Düyünlər bizim sərvətimizdir, onların qiymətini bilməliyik.
– Bir hissə şeirləriniz anlamsız şeirlər adlanır. Bəs anlamsız şair haqda nə deyə bilərsiniz?
– Şair anlamsız ola bilər, əgər bu hansısa sənət konsepsiyasından irəli gəlirsə. Ümumən konseptual olmayan sənət, indiki zamanda, mənə görə öz dəyərinin yüzdə əllisindən məhrumdur. Konseptual olmayan sənət, bu və ya digər mənada gözəlləmədir, köpəyin ulduza hürməsindən çox da fərqlənmir. Anlamsız şair, amma kimə görə anlamsız? – Əsas məsələ budur.
- Şeirlərinizindən birini oxuyum, mənasını siz açın:
Nə qədər böyüklük var bu ağacda
biri gəlib baltalasa
səsini çıxarmayacaq…
– Mənası açıqdadır bu şeirin, məncə, daha nəyi açmaq? Bəlkə başqa bir şeirimlə bir aydınlıq yarada bilərəm: “Susmaqla səsimi eşitdirəcək yaşdayam artıq...” Necədir? Mənzərə aydınlaşdımı?
– Özü də necə...
– Burada susmaq danışmağın davamı kimidir, yəni, məsajı olan susqunluqdan söhbət gedir. Susmaq qazanılmış qatmandır, üstün bir pillədir. Təsir gücü olan bir pauzadır.
– Başqa bir şeirinizdə də bu temaya toxunmusunuz?
–Toxunmuşam: “Balıqlar bizdən daha kamil, hər şeyi danışıb qurtarıblar…” Danışmaq, dil faktoru insanı insan edən ali faktordur, amma kim deyə bilər ki, ağaclar bizdən daha kamil deyillər? Məhz dilli olmaq, danışan olmaq insanı təbiətdən qoparan, uzaqlaşdıran etken deyilmi?
– Şeirdən nəsrə keçidiniz. Bu nə ilə bağlı oldu?
– Mən hər iki janrda çox erkən yaşlarımdan yazmağa başlamışam. Əvvəllər hekayə çap etdirmək çətin, şeirlə yol açmaq, tanınmaq daha asandı. Zatən, çap məsələsi məndə gecikmələrlə olub, 42 yaşımda ilk şeirlər kitabımı çap etdirmişəm. İlk hekayə kitabımı 50 yaşımda. Yəni, bu şeirdən nəsrə keçid söhbətində bir az yanlışlıq var.
– Etiraf edirsiniz ki, nəsr sizdə uğurlu alınmadı?
– Belə, içində cavab olan suallar çox məzəlidir. Yox, etiraf etmirəm. Heç vaxt şeirlərimə “uğurludur” deməyən qələm dostlarım sağ olsunlar, hekayələrim haqqında belə əfsanə yaradıblar. Heç olmasa, dolayı yolla da olsa şeirlərimin uğurlu olduğunu etiraf ediblər. İnanıram ki, sabah pyeslər yazmağa başlasam həmin adamlar, hekayələri daha uğurlu idi deyəcəklər, belə-belə qabağa gedəcəm… Ancaq bu sualınıza mənim nəzəri yanaşmamı amerikalı tənqidçi J. E. Spingarnın sözləriylə ifadə etmək isstərdim: “Janrlar sənət dünyasında gerçək əsası olmayan anlayışlardır”. Sadə dillə ifadə etməyə çalışsaq, yaradılan hər bir əsər yaradıcı adamın gözəllik anlayışının bir məhsuludur. Dolayısıyla, mən poeziyada nəyəmsə nəsrdə, publisistikada və həyat tərzimdə də oyam.
– “Alatoran”ın işıqlanma şansı var?
– Bax bu sualınızla yaralı yerimə toxundunuz. “Alatoran” jurnalının tam 18 sayı çap olunub. İlk dəfə avanqard ədəbiyyat təmayüllərinə dayanan belə bir jurnalının yaşaması üçün kollektiv bir çalışma sərgilənib. Ancaq bizim bozarmış ədəbiyyat mühitinin yeni rənglərə ehtiyacı olmadığını gec də olsa başa düşmüşük. “Alatoran” boz ədəbiyyata yenik düşüb. Qaranlıqdan işığa çıxmaq olardı, ancaq bozluqdan qaçış mümkün olmadı.
– AYO niyə parçalandı?
–AYO-nun parçalanması yaltaq, təslimçi yazar və jurnalistlərin şirin yuxusudur. Azərbaycanda azad yazar məktəbi var və bundan sonra onun qarşısını heç nə ala bilməyəcək, yeni nəsillər bu dalğanı hər daim irəli aparacaq. AYO bu gün də fəaliyyətini davam etdirməkdədir, sadəcə, bəzən silkələnib murdarlıqları üzərindən atmalı olub.
– Son zamanlar AYB-ni, klassikləri tənqid mövqeyindən geri çəkildiniz. Bəs “inkar mübarəkdir” deyirdiniz?..
– Biz onları bir dəfə inkar etmişik, sürəkli inkar olunmağa layiq deyillər.
– Ədəbi qısqanclıqlara necə baxırsınız?
– Qısqanclıq cılız adamların işidir. Buna yaxşı baxmıram.
– Azərbaycanda ilk dəfə müstəqil yazıçı təşkilatının, ilk dəfə müstəqil ədəbiyyat jurnalının və Azərbaycan dilində ilk ədəbiyyat saytının yaradıcılarından birisiniz. Bütün bunlar yaradıcılığınıza necə təsir edib?
– Yaradıcılığımda da bir çox ilklərə imza atmışam: ilk dəfə erotik şeirlər, anlamsız şeirlər, poetik aranjemanlar, birlər, əşyalar… Başqa şairlər kimi, gedilmiş yollardan keçmək mənə görə deyil. Təkrarsız olmaq! – Mənim kredom budur.
– Qoqolun “Şinel”i, Mirzə Cəlilin “Poçt qutusu” və Rasim Qaracanın çantasının hansı fərqi var?
– 2001-2011-ci illər ədəbiyyatımızın altın illəri oldu. Bilərəkdən və ya təsadüfən “Alatoran” hərəkatına qoşulanlar, yanından keçənlər, azacıq da olsa küləyi toxunanlar qazandılar, fürsətdən nəsiblərini aldılar. Hətta keçmiş və ya indiki AYO-çular ən yaxşı əsərlərini bu illərdə yazdılar. Təsadüf idimi? Məncə, təsadüf deyildi… Rafiq Tağının ölümüylə sehir pozuldu. Yenidən toparlanmaq, o atmosferi yaxalamaq çətin olacaq. Bəlkə 10 illər lazım oldu.
– Ədəbi proses sizə necə təsir bağışlayır?
– Boz ədəbiyyat tüğyan etməkdədir. “Ədəbiyyat” qəzetinə, “Ulduz” jurnalına, “Aydın yol” qəzetinə baxın, hər şey sizə aydın olacaq. Gənclik özünün saf yaradıcılıq eşqini AYB təqaüdünə, karyeraya qurban verib. Azad yazarların əksəriyyəti çıxıb gediblər. Getməyənlər də boz ədəbiyyat axını qarşısında aciz qalıb. Ədəbiyyatı imitasiya edənlər, yazıçı rolu oynayanlar, ikinci dərəcəlilər indi yuxarı başdadır, efirdə, mediada, teatrda onlardır.
– Gənc yazarlardan kimləri oxuyursuz?
– Hazırda Mirmehdi Ağaoğlunu, Qan Turalını oxuyuram. Bir də Nicat Həşimzadənin tərtib etdiyi antologiyanı.
– Övladlarınızdan yolunuzu davam etdirən varmı?
– İndi yox. Əsl yazıçı yaşı 50-dən sonra başlayır. Bəlkə də onlardan hansısa gələcəkdə yazıçı olacaq, indi deyə bilmərəm…
Sərvər Şirin