Teleqraf.com Qazaxda yaşayan şair Səhlədar Hidayətoğlunun şeirlərini təqdim edir:
QARDAŞIM ADİLƏ
Mənəm boz sərçəsi bu bozca kəndin,
Köçəri nəğmələr dilimə yatmır.
Haçandı bu kiçik, bu azca kəndin,
Payızda köçəni yazda qayıtmır.
Köçmək həvəsində hər beşdən beşi,
Bu dərdə düşənlər haçan ayılır?
Bu kənddə bu saat ən qoçaq kişi
Başını götürüb qaçan sayılır.
Getdilər, onları çəkən yox geri,
Nə dağlar çəkəmmir, nə də çəmənlər.
Bütün gedənlərin görünür yeri,
Bütün gedənlərin izləri inlər.
Gedirlər beləcə səssiz-səmirsiz,
Bir həyət üşüyür bir ev ağlayır.
Onlara deyən yox neyləyirsiniz?
Yollar izinizi öpür saxlayır...
Yollar o izləri qoruyur hələ,
Hələ baharlara ümidləri var.
Hələ ümidlər var bu qəfil selə,
Hələ ümidlər var geri qaytarar.
Gəlirlər hərdənbir ədayla nazla,
Geyimlər dəyişir dillər dəyişir.
Gedirlər bulağa quzuyla sazla,
Sonra da göylərdən üç alma düşür.
Gəlirlər bizlərə yan baxa- baxa,
Gəlirlər qabarlı əllər sıxmağa.
Çoxunun dilində salam da baha,
Çoxunun gözü yox bizə baxmağa.
Minən yox yiyəsiz qalan atlara,
Qoy deyim sinəmi söz yaman deşir,
Bu kənd anılanda bircə yadlara,
Basdırma kababla “tutovka” düşür.
Heç kimin vecinə deyil dərd-azar,
Bu kənd təşnəsini nəylə soyudur?
Köçənlər içində elələri var,
Bircə ölmək üçün geri qayıdır.
Çoxunun sərvəti başından aşıb,
Bircə şey bu kəndə ad eləmirlər.
Bir dəfə ayılıb, bir dəfə çaşıb.
Bircə qəpik ilə yad eləmirlər.
Bu kənd də onları sevir dəlitək,
Dilində onların adıdı bircə.
Burda qalıbsansa, əfəlsən demək,
Quşların içində pisi boz sərçə.
Mənəm boz sərçəsi bu bozca kəndin,
Köçəri nəğmələr dilimə yatmır.
Haçandı bu kiçik, bu azca kəndin,
Payızda köçəni yazda qayıtmır.
***
Səni gözlərimdən qopara billəm,
Ömrümdən uzağa apara billəm,
Dənizəm, sahilsən, qabara billəm,
Məni küləklərin oyatmasınlar.
Bu belə ömürdü, yazı da qısdı,
Günəşi dumandı ayı yağışdı,
İslandım gözündə – mənə bu xoşdu,
Ahların üstümü qurutmasınlar.
Şeytana pay verər bəndəyə satmaz,
Yüz boylan gözlərin göylərə çatmaz,
Burax, bu dünyayla mənimki tutmaz,
Məni öpüşlərin ovutmasınlar.
Andığın peymanı qoy anım gedim,
Yenə o baxışa boyanım gedim,
Sənin nə işin var, qoy yanım gedim
Buzların köksümü soyutmasınlar.
Qapısın çırpdığın ürək can verir,
Kim ona dərd verir kim dərman verir,
Özün görmürsənmi yaram qan verir,
Məni nağılların uyutmasınlar.
QUMRAL QOYUNA
Sürünə canavar daraşıb sənin,
Öldürüb təkədən erkəcdən belə.
Qırılıb çobanın neçə çomağı,
Palıddan, vələsdən ardıcdan belə.
Nə qədər taledən düşəsən qaçaq,
Buynuzun edəmməz səni ər, qoçaq,
Hər otun altında ya diş, ya bıçaq,
Xəbərin yoxdumu son ucdan belə.
Günahlar yumağa tövbəyik, sözük,
Bizim fərqimiz yox, elə bir bezik.
Sənin düşmənindən daha acgözük,
Keçmirik bir qəpik-quruşdan belə.
Yaxşısan, yamansan, axır mənimsən,
Bir az güvəncimsən, bir az qəmimsən,
Özündən zəifə sən də qənimsən,
Qaçırsan güclüdən, qorxuncdan belə.
Hər pulun bir üzü canavarındı,
Günlərin gündüzü canavarındı,
Ay qoyun, yer üzü canavarındı,
Nə doğub-tökürsən bir ucdan belə.
GƏRAYLI
Sənə könül açammadım,
Yazla qışın arasında.
Yazıq eşqim dustaq oldu,
Dillə dişin arasında.
Eşqim sənin, təbim sənin,
Qəlb evinə qapım sənin,
Tellərindən öpüm sənin,
Gözlə qaşın arasında.
Sirdaş axtar həmdəm ara,
Yar ol səni sevən yara,
Gör neynədin Səhlədara,
Iki daşın arasında.