2 Fevral 2016 10:33
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış rejissorlar arasında sorğu keçirib: “Dünya kinosunun şedevrləri arasında sizin bəyənmədiyiniz film varmı?”

Səslənən fikirləri təqdim edirik:

Elçin Musaoğlu: “Şedevr filmləri də adamlar təyin edir. Rafael Santi və Leonardo da Vinçinin əsərləri şedevrdir. Yəni bunlar kiminsə xoşuna gəlməyə bilər. Amma söhbət məndən gedirsə, məşhur dünya filmlərindən bəyənmədiyim biri yadıma düşmür. Sevdiyim rejissorlar var və onların da əksər filmlərini bəyənirəm. Lakin elə filimlər var ki, məni o qədər də tərpətmir. Dünyaca məşhur Kurosava, Berqman kimi rejissorları çox bəyənirəm. Yenə də deyirəm, bu, o demək deyil ki, mən onların bütün filimlərini birmənalı olaraq qəbul edirəm. Elə filmləri var ki, nisbətən zəifdir”.

Mirbala Səlimli: “Elə bir film yadıma düşmür ki, onu bəyənənlər çox olsun, amma mən bəyənməyim. Amma bəzi rejissorlar var ki, onların yaradıcılığını bəyənirəm. Məsələn, fransız rejissoru Robert Bressonun filmlərin çox bəyənirəm. Ola bilsin ki, başqaları o filmi bəyənməsin”.

Ramiz Həsənoğlu: “Dünya səviyyəsində mənim bəyənmədiyim məşhur film yoxdur. Amma elə filmlər də var ki, mən onu bəyənirəm, o isə yetərincə məşhur deyil. Misal üçün, rus filmlərindən Mixalkovun bəzi filmlərini yüksək qiymətləndirirəm. Ümumiyyətlə, rus kinemataqrafiyasını çox bəyənirəm. Eləcə də, Azərbaycan filmləri. Tutaq ki, Rasim Ocaqovun “Ölsəm bağışla” filmini çox bəyənirəm. Mən belə hesab edirəm ki, bu, dünya miqyaslı, yüksək səviyyəli bir filmdir, amma o məşhur şedevr filmlər arasında yoxdur”.

Elçin Hami Axundov: “Qeyri-professional film, əlbəttə ki, mənim xoşuma gəlmir. Belə filmlər də həddindən artıq çoxdur. Birinci bunu deyim ki, bizim kino çox zəifdir. Yəni Biləcəridən o tərəfə keçmir. Xüsusən də indiki filmlərimiz yaxşı filmlər deyil. Rusların “Alovda keçid yoxdur” filmini çox bəyənirəm. Amma bu film çox məşhur deyil. Xoşuma gəlməyən filmlərə gəldikdə isə Yuli Sezar haqqında çəkilmiş filmi bəyənmirəm. Bundan başqa Aleksandr Makedonski haqqında da film var ki, o da xoşuma gəlmir. Həmin filmdə çox görkəmli aktyorlar oynasa da boş bir şey alınıb. Yəni dəyərsiz bir işdir. O boyda monumental bir şəxsiyyəti yaxşı çəkməyiblər”.

Fariz Əhmədov: “Mən, əsasən, Federiko Fellininin, Tarkovskinin, müasirlərdən Fransua Ozon və Andrey Yangisin filmlərin bəyənirəm. Bəyənmədiklərimdən isə Hiçkokun adını çəkə bilərəm. Məsələn, Andrey Zvyaqintsevin “Qayıdış”, “Qovulma “Yelena” fimləri arasında mənim xoşuma gələn “Qayıdış”dır”.

Əli İsa Cabbarov: “Dünyada məşhur filmlər arasında elə biri yoxdur ki, mən onu bəyənməyim. Yəni şedevr sayılırsa, deməli yaxşı filmdir”.

Oqtay Mirqasımov: “Əgər mən nəyisə bəyənmirəmsə, onu şedevr saymıram”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər