2 Fevral 2016 11:03
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Sərdar Aminin İkinci Mahmudun “Bataqlıq donuzu” kitabına yazdığı “Yeddi yarım...” essesini təqdim edir:

Və qələm-dəftəri stolun üstünə qoyub “Bataqlıq donuzu”nu oxumağa başlayıram. Bir kitaba qarşı bu qəddar yanaşmamdan zərrəcə vicdan əzabı duymadan...

İlk qeydim: “İkinci Mahmud bu kitabı özü yazmayıbmış, tapılmış bir qeyd dəftərçəsinə kiçik orfoqrafik düzəlişlər edərək nəşrə veribmiş. Axxx... Mətnin məsuliyyətindən qaçmağın bu qansız üsuluna Eko, Pamuk, lap elə bizim Səxavət Sahil də əl atıb”.


Sonra bu qeydimin üstündən xətt çəkib – ona görə ki, çox da ciddi qeyd deyil – oxumağa davam edirəm.

2-ci qeydim “Birinci şəxsin dilindən yazılan mətndə “Batırıııq” deyə bataqlıqda məhv olan insanların arasında yalnız müəllif lilin üstündə qalır. Çünki o axına qarşı getmir, narahat deyil, hamıdan fərqli çabalamır. Müəllif situasiyanı təqdim edərək qəhrəmanın niyə batmadığını sənətkarcasına hiss etdirsə də “bu durumda, xilas yalnız özündən asılıdır” və s. cümlələrlərlə publisistcəsinə mətni adiləşdirməyə başlayır”.

Sonra bu qeydimi də silirəm – ona görə silirəm ki, müəllif mətni adiləşdirməsə, Azərbaycan reallığında oxucu itirəcək. Axı kitabın təqdimatına onlarca yeniyetmə, əlinə ilk dəfə bədii kitab dəyən gənclər gəlmişdi. Bəs onlar? Axı bir gün insana sual verməzlərmi ki, “Sənə kim demişdi ki, beş-on nəfər alnının tükü getmiş intellektual oxucunun zövqünü oxşamaq, minlərlə gələcək oxucu potensialı sərgiləyən yeniyetmənin zövqünü oxşamaqdan daha əhəmiyyətlidir?” Verərlər.

3-cü qeydim: “Düzünü desəm, mətndə “Düzü”, Açığı”, “Düzünü desəm” ifadələri rekord qırır.

Sonra bu qeydimi də o səbəbdən silirəm ki, qeydin əvvəlində özüm də bilmədən bu ifadədədən istifadə etmişəm, ona görə etmişəm ki, fikrim daha səmimi qəbul edilsin.

4-cü qeydim: “Mətnin nəql intonasiyası adamı yorur. Qəhrəman ucsuz-bucaqsız çöldə olsa da ağacla, palçıqla dialoq yolu ilə olsa belə mətnin formasını dəyişərək, oxucuya nəfəs tempini tarazlamağa bəhanə vermək yaxşı olardı”.

Bu qeydimi silərkən özümü həmişəki kimi hövsələsizlikdə qınadım. Üç-dörd səhifə oxuyan kimi səhv axtarmaq kimi bir missiyanı mənə kim tapşırmışdı ki? Çünki artıq mətndə dialoqlar da görünməyə başladı, rəngli-rəngli xatirələr də...

5-ci qeydim: “Mətn ruhani yaşantının nəqlinə daha çox bənzəyir. Dərvişanə qəhrəman öncə bataqlıqda, daha sonra ucsuz bucaqsız boz çöldə tapır özünü. Az sonra isə uzaqda hündür qala divarları bir şəhəri ələ verir. Bu şəhər “nirvanaya gediş” xatirələrində şablona çevrilmiş tunelin ucunda görünən işığın simvolu ola bilər. Amma vaqif olduqca şəhərin absurd qaydalarla idarə olunan “Palusiya Demokratik Xanlığı” olduğu aydınlaşır. Belə işıq olar?

Belə qeydi üzə çıxarmaq olmaz. Bəlkə, müəllif uzaq çöllükdən sonra görünən bu şəhəri heç də ənənəvi işıq kimi düşünmür. Odur ki, bu qeydi də silirəm...

6-cı qeydim: “İlk baxışdan alt-üst həyat yaşayan bir şəxsin öz təcrübə və zövqündən obyektiv şablon kimi danışması insanda ikrah doğurur”.

Bu qeydi yazıb kitaba dönən kimi qəhrəman gözlərimin içinə baxıb deyir: “Düşüncələrimi ciddi qəbul etməməkdə sizə haqq qazandırıram. Öz həyatı bərbad olan adam başqalarına necə yol göstərə bilər ki?”

Bu qeydimə də qəhrəmanımız Seyhun bir quş qoyur.

7-ci qeydim: “Qəhrəman bataqlıqda batan şəxslərin çantalarında su axtararkən, əlinə dini, milli, ideoloji kitablar keçir. Ona isə bütün bunların təməlində duran su lazımdır. Suya olan ehtiyacın fonunda din, ideologiya çox mənasız görünür.

Yeddinci qeydimi də ona görə sildim ki, bu qədər silinmiş tənqidi qeydlərin arasında bir dənə də təqdir olsun.
Artıq mənə agah olur ki, kitabı oxuduqca müəllifə yaranan simpatiyam, bu kitaba skeptik yanaşmağıma mane olur. Və mən beləcə gözlərimi yumub, ağzımı açıram:

Məsələn “Həyat təsadüfdən yaranıb” fikri ilə razılaşmamaq olar, amma razılaşaq ki, bu daha öncə deyilməmiş bir fikirdir.

“Hara gedəcəyini bilmirsənsə, azmayacaqsan” cümləsi gerçək azadlığın açarı olmasa da, açar sözün sinonimidir.

“Kaş halına acıdığımız insanlar qədər xoşbəxt olardıq” fikri müəllifin özü demişkən “bu yumru, dayanmadan fırlanan dünya”nın nisbiliyinin maraqlı təsviri deyilmi?

Mətnin strukturu “reallıq, yoxsa, yuxu?” paradoksunda deyil, daha orijinal bir sujet xətti üzərində qurulsaydı... Hərçənd əsərin son cümləsi “ yuxu versiyasının reallığını minimuma endirir.

Yəqin ki, belə potensiallı mətndə məkanların, qəhrəmanların simvollaşmasını, fikirlərdə ciddi mətnlərə göndərmələri də görə bilsəydik, müəllif bu potensialın haqqını geninə-boluna vermiş olardı.

Palusiyalılar demişkən: “Ehhh, yeddi yarım!”

P.S. Bircə, İkinci Mahmuddan “Məni Nərgizdən ayıran yarım saat, 30 dəqiqə... 3600 saniyə” cümləsindəki “riyazi bərabərsizliyə” bir don tapıb geyindirməyi xahiş edirəm.


Müəllif:

Oxşar xəbərlər