Teleqraf.com 525.az-a istinadən Musa Yaqubun Əjdər Ol yaradıcılığı barədə yazdığı esseni təqdim edir:
Nə vaxtsa yazdığım şeirimdə belə bir misra var: “Əjdər Ol olanda oldurun məni”.
Mən özüm də dəqiq bilmirəm ki, bu misra şeirə nə vaxt düşüb, necə düşüb. Yəqin ki belə bir məqam olub: Uzun zaman Əjdəri görə bilməmişəm, darıxmışam. Ya da gözəl bir şeirini oxumuşam, könlüm açılıb, duyğulanmışam, istəmişəm Əjdərə sözümü deyim: Deyim ki, gözəl şeirdir, səni təbrik edirəm, bax belə yaz. Amma onu tapa bilməmişəm. Yəqin ki, bu məqamda bu misra yaranıb, “Əjdər Ol olanda oldurun məni”. Bəlkə də bu misra bütün yay, payız boyu yaşadığım doğma kəndim Buynuzda yaranıb. Mən kənddə, o da öz iş-gücündə Bakıda. Hər duyğulananda, könlüm dost istəyəndə Əjdər yanımda olmayacaq ki... Amma mən oldurmaq istəmişəm.
Ümumiyyətlə, “OL” kəlməsi, feilin bu əmr forması bizim üçün müqəddəsdir. Müqəddəs kitablara görə “OL” kəlməsi RƏHİM VƏ RƏHMAN olan dünyanın hökmdarı və yaradıcısı böyük ALLAHIMIZIN əmridir. Onun “OL” əmri ilə altıca gündə dünya yaranıb, hər şey - canlılar, cansızlar, yer, göy, bir sözlə ALLAHIN əmrində olan hər şey yerbəyer olub, dünya beləcə qərar tutub. Müqəddəs deyimlərə görə, sözün, şeirin yaranması da “OL” əmrinə bağlıdır. “Ol” deyəndə sözün, şeirin ilk toxumu şumlanmış əkinə düşən tum kimi ürəyə düşüb göyərir, yarpaqlanır, çiçəklənir, sünbüllənib bar verəndə şeirə çevrilir. Nəhəng söz adamlarımızın özləri də, sözləri də bu yaranışın içindədir, ölməz, əbədi olan bu aləm kimi. Hərənin öz söz payı var; mən də, sən də, Əjdər Ol da bu “OL”un içindədir.
Gözəl şair dostumuz, qələm qardaşımız Əjdər Ol öz halal qələmilə, özünəməxsus istedadı ilə oxucular arasında çoxdan hörmət qazanıb. Ədəbi aləmimizin xeyirxah bir adamı kimi tanınıb. Ona görə belə deyirəm ki, o həmişə özünü saxlayıb, sevdiyi, inandığı yaradıcıların sözünü irəli verən, kimin olur-olsun, uğurlu bədii əsərlərə sevinən, onun təbliğini özünə borc sayan xeyirxah qələm dostumuzdur. Xüsusilə, indiki zamanda bu böyük meyardır, ölçüdür, hünərdir, böyük ürəyə sahib olmaqdır.
Bir çox dostlarımız onun nəsr əsərlərinə, portret yazılarına daha çox üstünlük verirlər. Deyirlər ki, heç kəs bu tipli yazılarda başqalarının görə bilmədiyi halları, məqamları, xarakterik cizgiləri Əjdər kimi verə bilməz, görəbilməz, yəni ki, Əjdər bu sahədə özünəməxsusdur. Düzdür, buna mən də inanıram, sevinirəm. Amma mən Əjdəri istedadlı bir şair kimi, öz səsi, öz sözü olan böyük coşğun ilham sahibi kimi sevirəm.
O vaxtlar mən İsmayıllıda işləyəndə kəndlərə çox gedib-gəlməli olurdum. Bir dəfə də “Samantökülən”dən qalxıb Həftəran vadisinə baxanda bütün vadi boyu mavi dəniz kimi dalğalanan, zər baftalı, sarı ləçəkləri gəlinciklər kimi yellənən günəbaxan zəmisi məni heyrətə gətirdi. Bütünlüklə bu zəmi gözünü dan yerinə dikib Günəşi gözləyirdi. Bir azdan günəbaxan zəmisi elə bil Günəşlə yol gedib günortaya boylanacaqdı. Minnətdarlıqla göydə Günəşi izləyən zəmi qızıl nimçə üzünü qüruba tutub onun axırıncı şüasını da udmağa çalışacaqdı. Bu minnətdarlıq, belə qədirbilənlik fikrimi xeyli məşqul etdi. Nə vaxtsa bu məqamı şeirə gətirmək istədim. İstədim, amma deyəsən necə oldusa, o hisslər soyudu, axırda unutdum, bu şeiri yazmaq məqamına düşmədim. Yazarlar bilirlər ki, belə hallar olur: mövzu toxumu ürəyə düşür, amma göyərmir, hərdən səni diksindirir, vəssalam.
Nə bilim, bəlkə də o vaxtdan iyirmi il keçmişdi. İllər keçməsinə baxmayaraq, Əjdər Olun “Günəbaxan zəmisi” adlı yeni şeirlər kitabını vərəqləyəndə kitabın adını daşıyan həmən şeiri birinci oxudum. Birdən-birə ürəyimin o zəmi ilə bağlı toxumun göyərməyən yeri göynədi. İstədim o duyğuları ayıldım, amma lazım olmadı. Bir də Əjdər Ol öz şeirində mənim sarı gəlinciklərimin sözünü və özünü elə deyib, elə qanadlandırıb ki, daha nə deyim...
Dalğalanır, çalxanır günəbaxan
zəmisi,
Çatışmır bu zəminin bircə
bəyaz gəmisi...
Oxudum, gördüm, ən incə hisslər və həssas müşahidələrlə hər şey deyilib. Sevindim, ürəyim rahat oldu. Elə bildim ki, bu şeiri elə özüm yazmışam. Sonralar bu təəssüratla günəbaxanı yerəbaxan elədim, günəbaxanlar tabaq-tabaq olub, dənə dolan vaxtda bu zəmiyə baxdım: Zəminin Günəşdən üzrxaqlıq edən günəbaxanların bir az kədərli mahnısını yazdım. Onlar oxuyurdular ki:
Üzümüzü tutmuşuq hansı yönə,
bilmirik,
Vallah dönük deyilik,
sənə dönə bilmirik,
Günəş bizi bağışla.
Bu hal məni də kövrəltdi. Bəlkə elə bu kövrək vaxtımda bu misra yaranıb: “Əjdər Ol olanda oldurun məni”.
Keçən il yayın axırıncı ayı idi. Hələ Buynuz kəndində gün keçirirdim. Bir az qonaq-qara azalmışdı. Gediş-gəliş səngimişdi. Deyəsən, darıxqan bir günüm idi. Evdən çıxıb gördüm ki, arzuladığım dostlar məni çağırır. Qələm dostum Əjdər Ol, türk yazarı İmdad Avşar və başqaları bizə gəliblər. Düşdüm, şirin-şirin görüşüb-öpüşdük. İmdad Avşarı ev-eşiyimizlə, həyət-bacamızla tanış etdim. İkinci qata qalxıb, dəmir körpüdən keçdik. Birinci olaraq qayaların arasından qıvrılıb çıxan böyük dağdağan ağacını göstərdim. Dedim, İmdad, bu göz ağacı dağdağanıdır. Pis nəzəri kəsir, insanları pis gözdən qoruyur. Görürsənmi, yarpaqlarını pis nəzər dəlik-dəlik edib. İmdad o dəqiqə cavab verdi ki, mən bu ağacı zəhmətə salmayacağam. Mənim gözümdə bir pis şey yoxdur. Dedim, bunu düz deyirsən. Adı İmdad olub imdada yetən insanlara pis göz, pis nəzər heç nə edə bilməz. Göz ağacım belə insanlara əlavə güc, əlavə enerji verir. Sən də öz gücünü al. Hamımız bir yerdə gülüşdük. Aşağı düşüb, bağ-bağçanı gəzdik. Sonra gəlib dəyirman arxının yanında əyləşdik. Bir məclis qurduq. Söhbətimiz xeyli uzandı. Əlbəttə ki, söhbətimiz türkdilli ədəbiyyatımızdan, şeirimizdən gedirdi. Avşarın türkdilli ədəbiyyata, şeir və sənətə bu qədər yaxından bələd olması məni və dostları heyrətə gətirdi. Xüsusilə, qırğız, özbək, tatar, qaqauz ədəbiyyatından, şeirindən çəkdiyi misallar və türkdilli ədəbiyyat aləmində gördüyü işlər könlümdə qürur hissi yaratdı. Üzünə deməsəm də, ürəyimdə fəxr etdim ki, bizim türk ədəbi söz dünyamızın belə fədaisi, təbliğatçısı və bələdçisi var. O bizim də qələm dostumuzdu, bu gün Buynuz kəndində mənim qonağımdır. Hələ Əjdər Ol da bu sahədə İmdadın xoş işlərindən danışdı. Bu da sevincimə əlavə olundu. Sonra şeirlər dedik, ədəbi söhbətlər oldu. Dəqiqələr şirin keçirdi.
Birdən yanımızdan axan arxın suyu çoxaldı, zümzüməsi, şırıltısı artdı.
Əjdərlə İmdad nəhəng şabalıd və qoz ağaclarının dibinə çəkilib söhbət etməyə başladılar. Suyun şırıltısından onları yaxşı eşidə bilmirdim. Amma deyəsən məsələ bir az ciddi idi. Onlar nəyisə oldurmaq istəyirdilər. Mən öz dostlarımı yola salıb yenə Buynuzda qaldım.
Bu ilin də son və tək durnası başım üstdən uçub getdi:
Ey hər göldən şəkər dadan,
Buluda baş qoyub yatan,
Mən qanadsız piyadadan
Durub dilək dilərsənmi?!
Aradan xeyli vaxt keçdi.
Bir gün Bakıdaydım, Əjdər OL mənə zəng etdi ki dostumuz İmdad Avşar Bakıya gəlib, bir yerdə görüşmək istəyirik. Əlbəttə, bu xəbərdən sevindim və bir yerdə görüşdük, İmdadı salamladım. Sonra dedilər ki, sənə bir hədiyyəmiz var. Bu vaxt İmdad üz qabığında xarı bülbül şəkli olan, zövqlə tərtib edilmiş, “Benim dertlerimin ayakları var” adlı, Türkiyədə çap olunmuş şeirlər kitabımı mənə uzatdı. Şair üçün bundan gözlənilməz, qiymətli nə hədiyyə ola bilər ki... Heç bir dilək diləmədən bu şeirlər kitabı Əjdər Olun və İmdad Avşarın zəhməti ilə ərsəyə gəlmişdi. Mən daha heç nə deyə bilmədim.
İndi bildim ki, Buynuzda həmin şabalıd ağacının dibində məsləhətləşib, qərarlaşıb bu kitabımı oldurmaq istəyirlərmiş.
Payız, 2015
Bakı