2 Fevral 2016 16:02
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzündə giley var, dilində ağı,

Öpüb qucaqlama daşı-torpağı.

Dur get evimizə gəlinsayağı,

Ömrümün parası, yarısı, qayıt!

Bu misralarla başlayan şeiri həyəcansız oxumaq olmur. Xəyalların gerçək olduğu qədər real bir həyatdır.

Şeirin müəllifi şair Arzu Nehrəmlidir. Tarix üzrə fəlsəfə doktoru olan xanım şairənin yaşantıları yazdığı şeirlərin misralarında özünü göstərməkdə. Bu şeirlər müəllifinin acılı-şirinli yaşantılarından xəbər verir, onun həyat və yaradıcılıq yolunun ən gözəl bələdçisi kimi oxunur, tanınır, tanıdır... Bu şeirlərə “Xatirə dəftəri” də demək olar...

O, bütün yaradıcılığı boyu zaman-zaman həyatının ən böyük itkisi olan şəhid təyyarəçi Yusifindən bəhs edir. Onu xatirələrində, şeirlərində yaşadır.

Onun məzarının üstündəki xəyali söhbətinin poetik ifadəsidir bu misralar:

Axıtma göz yaşın, arxına dönnəm,
Düşərəm selinə, axına gəlləm,
Get dincəl, bu gecə yuxuna gəlləm,
Tökmə gözlərinin qorasın, qayıt.

Arzu xanımla “Xatirə dəftəri” layihəsində görüşdüm. İstedadlı şairə redaksiyamızın qonağı oldu. Çox şeydən danışdıq. Onun şeirə gəlişindən, uşaqlıq illərindən, anasından və sözsüz ki, yeganə övladı, qız balası Zibeydənin atası, şəhid təyyarəçi Yusifdən.

Ünvanladığım suallar ünvanına çatdı, udqundu, dodaqları səyridi, gözləri yol çəkdi... Beləcə, şeirləri ilə baş-başa qaldıq.

- Şeirlərlə özümü toxtatdım. Şeirlərimlə özümün yaşamımı, qızımın varlığını, Vətənimin böyüklüyünü necə bacardımsa, o cür də təmsil etdim. Sınmaq olmazdı. Axı mən bir qəhrəman təyyarəçi zabitin uşağını böyütməli idim... Özüm də gənc idim. Uşağımı böyütdüm, təhsil aldı. BDU-nu bitirdi. Magistraturada oxuyur indi...

- Əvvəlcə özün də təhsil aldın...

- Hə, özüm də BDU-nu bitirdim. Elmi fəaliyyətlə məşğul oldum. Tarix üzrə fəlsəfə doktoruyam. 1999-cu ildən AYB-nin üzvüyəm. İlk şeirlər kitabım isə 1996-cı ildə dərc olundu. “Əbədi sevgi” adlı kitabım “Təbriz” nəşriyyatının məhsulu oldu.

- Sonra yeni kitabın işıq üzü gördü.

- “Gənclik” nəşriyyatında “Tənha qu nəğməsi” adlı ikinci kitabımın ədəbi taleyi uğurlu oldu...

Arzu xanımdan sözləri çətinliklə alıram. Danışmağa meyilli deyil. Bu yaxınlarda Avrasiya Türk Şairlər Birliyinin tədbirindən qayıdıb. Bu haqda söz açıram.

- Bu qurumun himni yazıldı. Sözləri mənimdir. Musiqi müəllifi də Hüseyn Sözlüdür. İraq-Türkmən Yazarlar birliyinə də üzv seçildim. Bütün bunlar xoşdur. Amma mənim üçün Azərbaycan şairi kimi təqdim edilməyin sevinci tamam başqadır.

- Şeirlərinə yazılan musiqiləri xatırlayırıq.

- İndiyə qədər 50-dən çox şeirimə musiqi bəstələnib. Təsadüfən televiziyada, radioda eşitmişəm, sözləri Arzu Nehrəmlinindir, bu, çox xoşdur.

Onun xatirələrinə öz xatirələrimi də əlavə edirəm. !996-cı ildə tələbə yoldaşları ilə “Ədəbiyyat qəzeti”nə gəlmişdi. Üç tələbə xanım şeir dolu bir dəftəri verib utanaraq, baxarsız, məsləhət olarsa dərc edərsiz, demişdilər. Məsləhət olmuşdu. Qəzetinin poeziya şöbəsinin müdirü mərhum şair Davud Nəsib dəftəri mənə verərək “3 şeir seç” demişdi. O zamandan da Arzu Nehrəmli imzası ədəbi nəşrlərdə, radio dalğalarında görünməyə, eşidilməyə başlamışdı.

Yadıma düşür ki, hələ 10 il qabaq o, şair olaraq Dövlət Radiosunda təqdim edilib:

- 1986-cı ildə Azərbaycan Dövlət radiosuna “Anam layla çalanda” adlı şeir göndərdim. Özüm eşitməmişdim, amma şeirim səslənmişdi. Mənə müxtəlif rayonlardan məktublar gəlirdi...

- Şairliklə yanaşı elmi yaradıcılıqla da məşğul oldun...

- Bir elmi monoqrafiyanın onlarla elmi məqalənin müəllifiyəm. Əslində, mən elmi yaradıcılığı da şairlik kimi özümə doğma bildim. Şeirlərlə hissimi, duyğumu, elmi yaradıcılığımla isə zehnimi, yorulmaz olduğumu sərgilədim.

Arzunun bir neçə şeirinə öz ifasında qulaq asıram. Səmimidir, yabançı hissdən, duyğudan, boyadan uzaqdır. O, vətənpərvər şairdir. Elə bu mövzuda da söhbətimizi davam etdiririk:

- Şeirlərində vətənin girovda qalan parçasına, şəhidlərimizə ağı qədər səslənəcək misralar var. Bu misralar sənin şeirindəndir:

Çəksin bu ürəklər yükü nə qədər,
Yurddaş yurd yerinə köçənə qədər,
Daşı ətəklərdən tökənə qədər,
Adam şirin cana qıymaq istəyir.

- Vətənin hər parçasından ötrü canımızdan keçməliyik. Kim nəyi necə bacarırsa, onu da etməlidir. Mən şeirlərimlə əsgər olmaq, əsgərlərimizin sırasında durmaq istəmişəm.

- Dostlardan yeni kitabının işıq üzü görəcəyini eşitdim.

- Hə, bu günlərdə tamamlayacam, nəşriyyata təhvil verəcəm.

- Yaman xəsisliklə danışırsan, sözləri maqqaşla çəkirəm...

- Nə danışım? Mən heç çox danışmağı xoşlamadım. Çox işlədim, qızım böyüdü, tam ali təhsilli hüquqşünas ixtisası aldı. Özüm də elmi işlə məşğul oldum. Çox mütaliə etdim və imkan düşdükcə, təbimin qarşısına ala bilməyəcəyimi görüb hisslərimi şeirə çevirdim. Haqqımda isə yazıblar, danışıblar, radio-televiziyada proqramlar hazırlanıb. Vallah, nə deyim e, qalmaqaldan, gileydən uzaq adamam.

- Bəs yaxşı, mütaliə dedin, kimi daha çox oxuyursan?

- Əlimə düşəni oxuyuram desəm, yanlış olar. Ad da çəkməyəcəm.

- Niyə?

- Bilirsən, əsərlərini oxuduğum yazarların əksəriyyətini şəxsən tanımıram. Şəxsən tanıdıqlarımdan isə bəzilərini oxuyuram. Ad çəkmirəm ona görə də...

- Sənə də elə gəlir ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı ilə müqayisədə ləngdir?

- Mən elə düşünmürəm. Ədəbiyyatı ölkələrə bölmürəm. Millətindən asılı olmayaraq, yazar yazdığını əslində xoş niyyətlə yazır və oxucuya ünvanlayır. Oxucu isə bütün millətlərdən ola bilər və həmin ədəbi nümunəni özününkü hesab edər. Bu baxımdan fikirləşirəm ki, bizim də Nizamimizi, Füzulimizi dünya oxuyur. Asiya dövlətləri əxz edir və bu, qürurvericidir. Elə Avropada dəfələrlə tərcümə olunan yazarlarımız da az deyil. Mən ləngliyi başqa sahələrdə qəbul etmirəm. İqtisadi cəhətdən Avropa və qərb ölkələrini üstələyə bilsək, hərbi cəhətdən düşmənimizə gücümüzü göstərə bilsək... Sevindiricidir ki, son dövrlər buna nail olmuşuq, torpaqlarımızı azad edə bilsək, sevinərəm.

- Arzu xanım, sonda istərdim ki, oxucularımıza bir-iki şeir töhfə verəsiniz.

- Olar.

Arzu Nehrəmlinin yeni kitabında dərc olunacaq şeirləri təqdim edirik:

Öymək istəyir

Hər igid balasın mübariz görüb,
Analar özünü öymək istəyir.
Savaş meydanından qalib qayıdıb,
Oğullar döşünə döymək istəyir.

Çəksin bu ürəklər yükü nə qədər,
Yurddaş yurd yerinə köçənə qədər,
Daşı ətəklərdən tökənə qədər,
Adam şirin cana qıymaq istəyir.

Aman yox namərdə, alçaq xainə,
Kütləşər qılıncım girsə qınına,
Arzu bərk susayıb düşmən qanına,
İçib “xirtdəyəcən” doymaq istəyir.

Səni öz yerimə özüm böyütdüm

(Qızım Zübeydəyə)

Nə tale qınayıb, nə üsyan edib,
Yığıb bir şeirə misraca edib,
Bax, gör bir canımı neçə can edib,
Səni öz yerimə özüm böyütdüm.

Uçulmuş taxtımda qurdun saray sən,
Ömrümə hənirti, dəli haraysan.
Sönmüş bir ocağın oduna paysan,
Üfürə-üfürə közüm böyütdüm.

Nələr qazanmadım, günahdan başqa,
Bir qalib əsgərə döndüm savaşda.
Yer-göy də şahiddir, Allahdan başqa -
Əlimi hər şeydən üzdüm böyütdüm.

Mən hələ yenilməz dağam, durmuşam,
Hələ qurtarmayıb qovğam, durmuşam.
Səni gündə min kəs doğam, durmuşam,
Çünki səni istək, arzum böyütdüm.

Elə bir günüm var, sönüb gedərəm,
Olub keçənləri anıb gedərəm.
Dünənə, uzağa dönüb gedərəm,
Səni sabahlara izim böyütdüm.
Səni öz yerimə özüm böyütdüm.
Çox şükür, min şükür, qızım, böyütdüm.

Qızımın atası, anası qayıt

(Şəhid həyat yoldaşım Yusifin dilindən)

Üzündə giley var, dilində ağı,
Öpüb qucaqlama daşı-torpağı.
Dur get evimizə gəlin sayağı,
Ömrümün parası, yarısı, qayıt!

Bilirəm incidib, bu illər səni,
Dondurub üşüdüb fəsillər səni.
Qınayar ürəklər, könüllər səni,
Elimin pərişan sonası, qayıt!

Axıtma göz yaşın, arxına dönnəm,
Düşərəm selinə, axına gəlləm,
Get dincəl, bu gecə yuxuna gəlləm,
Tökmə gözlərinin qorasın, qayıt.

Ürəyin dopdolu sözün qalıbdı,
Heç vaxt çəkilməyən nazın qalıbdı,
Bir ömür istəyin, arzun qalıbdı,
İçində bir ümid vardısa, qayıt.

Bilmirəm nə kimi varmışam sənə,
Bir yığın xatirə qoymuşam sənə,
Get, elə bilginən, doymuşam sənə,
Saf eşqin bərq vuran aynası, qayıt.

A sönük ülkərim, nə deyim sənə,
Söykə taleyini günün birinə,
Al ağır yükünü çiyinlərinə,
Qızımın atası, anası qayıt!

Heç belə şey olur, bacı?!

(Şair bacım Fərqanə Mehdiyevanın
mənə həsr etdiyi şeirə cavab)

Dərdi sevərək çəkirəm,
Yaxamdadı, bərk çəkmirəm.
Dərd çəkməyə xərc çəkmirəm,
Özü məni alır, bacı.

Dərdəm, dərdin ağuşunda,
Anlamadı “Qu quşu” da.
Yanaqlarım soyuq daşda,
Əks olunub qalır, bacı.

Üz döndərdim, qovulmadı,
Qucaq açdım, yovumadı.
Susmaq bilməyən havadı,
Başımdadı, çalır, bacı.

Dözə-dözə səbr daşır,
Dostlaşıram soyuqlaşır.
Dərd qızı dərdə qatlaşır,
Heç belə şey olur, bacı?

Sən də çoxunda bulundun,
Bu girdaba bülənd oldun.
Sən dil tapa bilən oldun,
Öyrət mənə nolur, bacı.

Qış lövhəsi

Payız öz ömrünü başa vurmamış,
Şəhərə qar yağdı, yağdı, nə yağdı.
Bu gecə payızı ovsunladı qış,
Dayanıb şəst ilə dünənə baxdı.

Külək vıyıldadı özündən yekə,
Bağladı bəyaz qar küncü-bucağı.
Sürüşən maşınlar can çəkə-çəkə,
Basdı sinəsinə yaxın-uzağı.

Uşaq sevincinə qaçaqaç düşdü,
Vədəsiz yağmura alqış səsləri.
Sevənlər əl verib qarla görüşdü,
Qışa həvəs verdi tər nəfəsləri.

Sərçələr gör necə asudə, məsum,
Dən-dən səpələnib bəyaz qar üstə.
Soyuq məkanlara həzin təbəssüm,
Axır nəğmə kimi notların üstə.

Daha keçib, deyəcəyəm

Çoxdan saxladığım sözü,
Bir gün açıb deyəcəyəm.
Ətəyimdəki daşları,
Yerə töküb deyəcəyəm.

O söz yaman dərindədir,
Söz sağaldar dərin dərdi.
Bir ucu lap dilimdədir,
Daha keçib, deyəcəyəm.

Söz kimi yumşaq görünür,
Demirəm, ikrah görünür,
Görsəm ki, çılpaq görünür,
Sözə büküb deyəcəym.

Söz içimdə qopub qalsa,
Ürəyimə hopub qalsa,
Ayıq dilim topuq çalsa,
Şərab içib deyəcəyəm.

Anamın xoşuna gələn günlərdə

Günlərin sultanı, padişahıydım,
Taleyi Fidandım, bəxti ağıydım,
Bədnəzər görməyən təmtərağıydım,
Anamın xoşuna gələn günlərdə.

Xatirə qaynağı bir çağ olmuşdum,
Nə təhər, nə sayaq qoçaq olmuşdum,
Sarılıb dünyanı qucaqlamışdım,
Anamın xoşuna gələn günlərdə.

Çiçəyə bürünmüş yaşıl çəməndim,
Dağlara çəkilmiş dumandım, çəndim,
Mən onda özümdüm, mən onda məndim,
Anamın xoşuna gələn günlərdə.

Bir ömür ümidim, pənahım qalıb,
Necə dadmışamsa, tamahım qalıb,
Nəyinki dünənim, sabahım qalıb,
Anamın xoşuna gələn günlərdə.

Sığmazdı ürəyim - durub qəsdimə -
Nə yerə, nə göyə, nə də köksümə,
Sancdım heykəlini yerin üstünə,
Anamın xoşuna gələn günlərdə.

Faiq Balabəyli


Müəllif:

Oxşar xəbərlər