İldə dövlət sifarişi ilə bir neçə film istehsal olunur. Uzun illərdir davam edən bu prosesdə yerli filmlərimizi dünya arenasına çıxarmaq üçün atılan addımlardan biri də ko-prodakşndır (birgə istehsal). Bu haqda “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda müddəa da yer alır.
“Gündəlik Teleqraf” bu sahədə əldə olunan nəticələr barədə kiçik araşdırma aparıb.
O filmlər hansılardır?
2008-ci ildə ekranlara çıxan “Qala” filmi “Azərbaycanfilm” kinostudiyası ilə Rusiyanın “UMP” şirkətinin birgə işidir. Rejissor Şamil Nəcəfzadə filmin süjetini hələ 1991-ci ildə yazıb.
2010-cu il istehsalı olan “Sahə” filmi “Nərimanfilm” kinostudiyasının Gürcüstanın “Georgiafilm” kinostudiyası və “Bagira Films” kinokampaniyası ilə müştərək layihəsidir. Film layihəsi Kler Douns (ssenari müəllifi) və Cedomir Koların (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində hazırlanıb. Filmin rejissoru İlqar Safatdır.
“Tərsinə çevrilmiş dünya” rejissor Ənvər Əblucun 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə “Sədrafilm” kinostudiyasında Azərbaycan və İranın birgə istehsalı ilə lentə aldığı tammetrajlı bədii filmdir. Həm də film Azərbaycan və İranın ilk müştərək kino layihəsidir.
2013-cü ildə təqdim olunan “Mahmud və Məryəm” Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film yazıçı Elçinin ssenarisi əsasında çəkilib. Filmin çəkilişləri Azərbaycan və Türkiyədə aparılıb. Filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıb. Rejissor Mehmet Ada Öztekindir.
“Qorxma mən səninləyəm. 1919” 2014-cü ildə “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kinoşirkəti ilə birgə istehsal olunub. Ekran əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Filmdə Polad Bülbüloğlu, həmçinin rusiyalı aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də yerli aktyorlar çəkiliblər.
“Yarımçıq xatirələr” Azərbaycan və Belarus kinematoqrafçılarının birgə işidir. Filmin əsas çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində, eyni zamanda Azərbaycanda aparılıb. Film II Dünya Müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, rejissoru Elxan Cəfərovdur.
Hələ ekranlara çıxmayan “Qırmızı bağ” “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kinoşirkəti ilə birgə istehsal olunub. Filmin rejissoru Mirbala Səlimlidir.
Azərbaycan ko-prodakşndan nə qazandı?
Sualımıza cavabı kino mütəxəssislərindən almağa çalışdıq. Onlar uzun illər davam edən əməkdaşlığın Azərbaycan kinosuna nə verdiyindən və daha nələr etməli olduğumuzdan danışdılar.
Kinorejissor Oktay Mir Qasım: “Birgə istehsal bütün dünyada çox aktual məsələdir. Necə ki, bütün dünya kino istehsalı sahəsində bu işə can atır, Azərbaycan da gec-tez bu prosesi başlamalı idi. Bilirsiniz, bizim kino bazarımız olduqca kiçikdir. Hətta o qədər kiçikdir ki, hirslənib demək olar ki, bizim bazarımız yoxdur. Amma bu prosesdə iştirak etməyə müəyyən gücümüz var. Çünki “Azərbaycanfilm” kinostudiyamız, ənənələrimiz, kino tariximiz güclüdür. Üstəlik, dövlətimiz də maliyyə vəsaiti ayırır. Birgə istehsalatın həcmi artarsa bazar da genişlənər. Çünki hər tərəf çalışacaq ki, əldə olunmuş məhsul bazara çıxıb pul qazansın. Onda bu proses daha aktiv gedəcək. Buna görə də bu məsələ bizim üçün aktualdır. Çalışmaq lazımdır ki, bu istiqamətdə işi daha yaxşı səviyyədə təşkil eləyək. Bunu təşkil edən qurumlar, insanlar, mütəxəssislər var. Bundan başqa gələcəkdə partnyor kimi görmək istədiyimiz adamı inandırmaq gücümüz də olmalıdır. Ona görə biz dünya miqyasında adımızı elə səviyyəyə qaldırmalıyıq ki, bizi nəhayət daha istiqanlı qucaqlasınlar və inanıb qəbul etsinlər”.
O film niyə İranda göstərilmədi?
Kinorejissor Ənvər Əbluc: “Mənim yalnız bir müştərək filmim olub. Onun bəhrəsini görmədim. Bizdə filmi ört-basdır elədilər, dedilər nümayiş etdirəcəyik, amma eləmədilər. İranda da deyirlər ki, filmdə bütünlüklə Azərbaycan təbliğ olunur. Bu səbəblə heç İranda da ekrana çıxmadı. Biz filmi ona görə müştərək çəkdik ki, heç olmasa ekran əsəri İranda da nümayiş olunar, camaat baxar. Daha çox orada yaşayan azərbaycanlıların bu filmə baxmasını istəyirdim. Həm də nəzərə alsaq ki, İranda kinoya çox böyük diqqət var, film ekranlara çıxınca gözləmək olardı ki, kinoşünaslar resenziya yazacaqlar. İranda kino təhsili çox yüksək səviyyədədir. Daha bizim kimi deyillər. Həm də düşünürdüm ki, filmin orada nümayişindən sonra ona maliyyə ayıran şəxslər pullarını götürə bilərlər. Ona görə birmənalı şəkildə deyirəm ki, mən hələ ki, müştərək filmdən xeyir görməmişəm”.
Rejissor şikayət etdi
Kinorejissor Şamil Nəcəfzadə: “Əgər film müştərəkdirsə, yəni Azərbaycandan başqa bir ölkə də istehsalçıdırsa onda düşünülmüş istiqamət üzrə hərəkət olunur. Bu baxımdan partnyor olduğumuz dövlətdə mövcud olan məşhur aktyorların filmə çəkilməsi normaldır. Ona görə ki, tamaşaçılar məhz o aktyora görə filmə gedib baxsınlar. “Qala” Rusiya ilə müştərəkdir. Filmin Rusiyada da nümayişi olub. Bununla Rusiyadakı prodüserlər məşğul olurdu. Siz soruşun ki, o film Azərbaycan nümayiş olundumu? Birinci ondan başlayaq... Heydər Əliyev adına Sarayda böyük təqdimat oldu, sonra kino günündə “Azərbaycan” kinoteatrında ilk baxışı baş tutdu, bir-iki dəfə dəfə də rayonlarda göstərildi. “Qala” xaricdə daha çox göstərilib, nəinki Azərbaycanda. Elə təkcə Kanadada altı-yeddi dəfə nümayiş olunub. Bu da rusiyalı kinoprodüserlərin sayəsində olmuşdu. Belə ki, film “Monreal” festivalında təqdim olundu. “Monreal” “Kann”, “Venesiya”, “Berlin”dən sonra gələn A kateqoriyalı festivaldır”.
“Bu, kinomuzun reklamı üçün vacib şərtdir”
Rejissor Mirbala Səlimli: “Birgə istehsal dünya kino prosesində həmişə olub və indi də var. Birgə istehsal çox gözəldir və bu kinonun inkişafına çox böyük köməklik göstərir. Xüsusən də Azərbaycan kinosunda bu vacib şərtdir. Təsəvvür edin ki, bir filmin ətrafında başqa-başqa ölkənin insanları yığışır, təcrübə mübadiləsi aparır. Mütəxəssislərin yetişməsi, onların dünyagörüşünün formalaşması, ixtisası üzrə daha da təkmilləşməsi üçün lazımlıdır. Birgə istehsal həm də filmin geniş auditoriya qazanması, Azərbaycan kinosunun reklamı üçün xeyirlidir. “Qırmızı bağ” filmi də birgə istehsaldır. Mənim filmində əsas yaradıcı hissə biz özümüzük. Filmin müəllifi azərbaycanlıdır, yəni mənəm və bütün yaradıcı heyət mənim ətrafıma toplaşıb. Film Azərbaycanla yanaşı Rusiyada da nümayiş olunacaq”.
“Çox ciddi problemlər var”
İcraçı prodüser Nadir Əliyev: “Təəssüf ki, bu gün Azərbaycan kinosu müasir texniki bazaya malik deyil. Amma başqa ölkələrin burda film çəkməsi üçün çox gözəl məkanlarımız var. Əgər sabah Azərbaycanda da müasir texnika və o texnikanı işlədən yerli mütəxəssislər olsa, onda Avropadan eləcə də digər ölkələrdən kinematoqrafçılar gələndə özləri ilə texnika daşımayacaqlar. Bu halda Azərbaycan istehsala qoşulub texnikanı maliyyə əvəzinə filmə yatıra bilər. Hamı bilir ki, bu gün Azərbaycanda kino ilə bağlı çox ciddi problemlər var. Onları da birdən-birə həll etmək mümkün deyil. O problemlərin yığılıb dağa dönməsinin səbəbi ölkəmizin 90-ci ildən bu tərəfə həm iqtisadi, həm də siyasi baxımdan çətin illər yaşaması olub. Bu çətin yolları gedərkən kino yaddan çıxmayıb, lakin istər- istəməz dövlət üçün həll etməli daha vacib məsələlər var idi. Azərbaycanın dirçəlməyi, həm siyasi, həm də iqtisadi müstəqillik əldə etməsi və s. Kino istehsalı isə çox vəsait tələb edən sahədir. Biz balaca ölkə olduğumuza görə kino dövlətinə çevrilə bilmərik. Sadəcə, kino sahəsini inkişaf etdirməliyik. Vacib deyil, biz ildə 30-40 film çəkək. Az film çəkək, amma keyfiyyətli olsun. Yaxşı filmlər çəkmək üçün peşəkar kino mütəxəssisləri olmalıdır. Yaxşı ssenarinin olması üçün isə istedadlı ssenaristlər olmalıdır. Birgə istehsal o demək deyil ki, Azərbaycanın təbiətini bəyənib burda film çəkdilər və getdilər. Bu, birgə istehsal demək deyil. İndiki halda Azərbaycan birgə istehsalda rejissor, ssenarist, operatorla çıxış edə bilər. Amma çox az miqdarda. Peşəkar bir yaradıcı adam yetişdirmək üçün ən azı 5 il vaxt lazımdır. Təhsilini başa vurduqdan sonra, ixtisası üzrə işləməlidir ki, peşəsini mükəmməl bilsin. Əfsuslar olsun ki, Mədəniyyət və İncəsənət Universiteti özünü bu sahədə tam doğrulda bilmir”.
Nərmin Muradova