10 İyun 2014 12:04
3 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcılar MTRŞ-nı tənqid etdilər

Artıq telekanalların hamısında Bədii Şura yaradılıb. Bu barədə məlumatı Azərbaycan Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Amma sədr onların tərkibi barədə heç də birmənalı fikir söyləməyib. Belə ki, onun sözlərinə görə, bədii şuraların icra mexanizmi, onun verdiyi qərarların hansı formada olacağı haqqında Şuranın özündə belə dəqiq məlumat yoxdur: "Hər bir özəl televiziya kanalı özü üçün ən yaxın adamlardan ibarət Bədii Şura yaradıb və bizə də siyahı göndəriblər. Amma biz istərdik ki, bu Bədii Şuralar işlək bir mexanizm olsun. Onların fəaliyyəti hiss olunsun. Həmin Bədii Şuralarda Dilçilik İnstitutunda çalışan insanlar da təmsil olunur. Bəzi kanallar isə rəhbər şəxslərin heyəti ilə bədii şuralar yaradıblar. Amma biz çox istərdik ki, həmin bədii şuralarda Azərbaycan dili üzrə mütəxəssis olan şəxslər təmsil olunsunlar".

Qəzetimizin ötən saylarında sözügedən Şuraların yaranması və fəaliyyəti ilə bağlı yazılar dərc etmişik. Bu dəfə isə yaranmasından üzü bu tərəfə həmin Şuraların fəaliyyətini aparıcıların nöqteyi -nəzərindən soruşmağa, aydınlaşdırmağa çalışdıq.

Öncə bəzi telekanallarda Şuraların tərkibi ilə tanış olaq. Xəzər Televiziyası Şuranın üzvlərini belə açıqlayıb: Şuranın sədri Xəzər Televiziyasının sədri Hüseyn Dinləməz, üzvləri isə beş nəfərdir: AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli, Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasının dosenti, əməkdar artist Azad Şükürov, Azərbaycan dili və ədəbiyyatı müəllimi, eyni zamanda Xəzər Televiziyasında "Xəbərlər" departamentinin əməkdaşı Mübariz İsmayılov, "İnsan Resursları" deparmentinin müdiri, fəlsəfə elmləri namizədi Vüqar İsayev. İctimai Televiziyadakı Bədii Şuranın tərkibi 9 nəfərdən ibarətdir. Burada xalq şairi Nəriman Həsənzadə, "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova, Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasının dosenti, əməkdar artist Azad Şükürov və televiziyanın bir neçə əməkdaşları təmsil olunur. İki ilə yaxındır ki, ATV-də fəaliyyət göstərən Bədii Şuranın tərkibi ancaq telekanalın işçilərindən ibarətdir. Bunu qəzetimizə açıqlamasında kanalın mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu bildirib.

"Tərkib kənardan seçilməlidir"

"Xəzər" Televiziyasında veriliş aparan şoumen Azər Axşamın fikrincə, Bədii Şuralar sovet düşüncəsi ilə yaradılıbsa, buna yalnızca heyifslənmək qalır: "Bu gün televiziyaya sovet aparıcılıq məktəbi lazım deyil. Amma başqa formada yaradılırsa, razıyam. Onlar daha dəqiq bilərlər kim əsl aparıcıdır, kim yox. Amma belə olacaqmı? Məncə, Bədii Şuraların tərkibi televiziyanın içərisindən yox, kənardan seçilməlidir. Və o insanlar da heç nəyə əyilməyən insanlar olmalıdır".

"O adam kimdirsə, savadsızdır"

Qeyd edək ki, Azər Axşamın da adı Dilçilik İnstitutu ilə MTRŞ-nın birgə həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən çap olunan kitabçada yer alıb. Bu kitabçada isə şoumenin verilişdə işlətdiyi iki cümləsinə iradlar var. Onlardan biri -"Elə bil, zalım qızı yanında qamçı saxlayır" efir mədəniyyətinə zidd olaraq, "iki sualın taleyi həll olunacaq" düzgün ifadə kimi işlədilmədiyi formasında təqdim edilib. Aparıcı qəzetimizə açıqlamasında məsələyə belə aydınlıq gətirib:"İlk ifadədə efir mədəniyyətinə zidd heç nə görmürəm. Bu söz "Bala başa bəla" tamaşasında Cahangir bəyin obrazlı dediyi sözdür. "Elə bil, zalım qızı yanında qamçı saxlayır" saça xitabən deyilib. Bunu səhv kimi qeyd edən adam kimdirsə, savadsızdır. Bilirsiniz, bu səhv tutmaq xatirinə səhv tutmaqdır. "İki sualın taleyi həll olunacaq" ifadəsi bəli, düzgün ifadə, deyil. Amma yenə də bu ifadələr verilişə, aparıcıya, aparıcının taktikasına əsasən yozulmalıdır. Bu, AzTV-ni digər kanallardan yuxarı qaldırmaq istəyidir. Amma bu gün o danışıq tərzinə qulaq asılmır".

Aparıcı MTRŞ-nı tənqid etdi

Radio və televiziya aparıcısı Səxavət Nurun fikrincə, bizim efir məkanımız heç də ürəkaçan mənzərə sərgiləmir: "Gəlin, baxaq, Azərbaycan efirlərində daha çox reytinq gətirən verilişlər kriminal, qalmaqallı mövzulardan bəhs edir. Bu nə camaatın, nə də televiziyaların problemi deyil. Bu, televiziyalara nəzarət edən qurumun problemidir. Bunu bütün ciddiyyətimlə deyəcəm, Azərbaycanda televiziya proqramlaşdırılması tamamilə səhvdir. Heç uzağa getməyib, buna Türkiyənin misalında nümunə gətirəcəm. Onlar şənbə-bazar günləri efirlərdə komediya serialı, musiqili-əyləncəli verilişlər nümayiş etdirib, insanları pozitiv əhval-ruhiyyəyə kökləyərək yeni iş həftəsinə hazırlayırlar. Amma bizim efirlərə baxın: kriminal, qırğın, dava, aqressiya ilə bol sosial tok-şoular, ardınca da boevik, qorxulu filmlər. Axşam bunlara baxan insanlar yeni iş həftəsinə hansı vəziyyətdə oyanacaqlar? Buna görə də insanlarımız çox aqressivdir. Əslində, Kanal D-nin özünə qalsa, reytinq xatirinə o da siyasətini bizimkilər kimi qurar. Sadəcə o çox yaxşı bilir ki, bunu etsə, RTÜK (Radio və Televiziya Qurumu) kanala cəza kəsəcək. Bu da böyük məbləğlərin itirilməsi deməkdir. Bilirsiniz, televiziya xalqı düşünməyə bilər, amma bu ona nəzarət edən qurumun birbaşa vəzifəsi və borcudur. Təəssüf ki, bizim Milli Televiziya və Radio Şurasının nəzarəti tamam məntiqsiz nüanslarla bağlıdır."

"Onlara baxıb, mən utanıram"

Onun fikrincə, Bədii Şuralara radiolarda ehtiyac yoxdur. Çünki radionun rəhbəri, baş prodüseri hansı mahnının zövqlü, zövqsüz olduğunu çox yaxşı bilir. Düşünürəm ki, Bədii Şura Milli Televiziya və Radio Şurasında yaradılmalı, konkret konsepsiya formalaşmalı və ondan irəli gələrək efirlərə ciddi nəzarət olunmalıdır. Qaydaları pozanlar ciddi şəkildə cərimələnməlidir. Bilirsiniz, biz niyə bu sistemi tətbiq edə bilmirik? Efirlərimizə baxmaq kifayətdir: kimlər var? İnanın, onlara baxıb, mən aparıcı olduğuma utanıram. Ad çəkməyəcəm, çünki hamısı ilə salam-sağolum var. Hərəsi əlinə mikrofon alır, düşür küçəyə və hamı eyni şeyi edir. Mən də aparıcıyam, amma efirdə az-az görünürəm, çünki boş -boş nələrsə eləmək istəmirəm. Bu gün mənim maşınım daha ucuz maşındır və hətta buna görə bəziləri məni lağa da qoyur. Amma yeni efirə çıxan aparıcı məndən qat-qat bahalı maşın sürür. İşini araşdırıram, gülməyim gəlir. Bir müğənnini çəkir və deyir ki, iki aylıq kreditimi sən ödəyəcəksən. Biz bu gün televiziyanı bazara döndərmişik. Və kanal rəhbərləri bununla mübarizə apara bilmirlər. Bu hərəkətləri özümə indiyə qədər yaraşdırmamışam və bundan sonra da yaraşdırmayacam".

"Adamımız var"

ATV-nin xəbər aparıcısı Samirə Mustafayeva Bədii Şuraların yaranmasını çox müsbət qarşılayır: "Bu günə qədər televiziyalarda mənim kimi bir çox aparıcılar özləri özlərini yetişdiriblər. Bu baxımdan Bədii Şuraların yaradılmasına çox böyük ehtiyac var idi. Sizə bir söz deyim, yeni rəhbərlik gələndən bəri Şərqiyyə Hüseynova bizim şöbəyə dərs deməyə gəldi. Şərqiyə xanım mənə dedi ki, mən sənin üslubunu dəyişməyə gəlməmişəm. Mən sənin hansısa sözü deməkdə, tələffüz etməkdə çəkdiyin əziyyəti azaltmağa gəlmişəm. Yəni, indi bizim ən azından hansısa termini dəqiqləşdirə biləcəyimiz adamımız var. Bu, çox sevindirici haldır".

"Hanı Bədii Şuralar?"

İTV-nin aparıcısı Könül Arifqızının sözlərinə görə, bu gün Azərbaycan televiziyası üçün kadrlar hazırlayan, yaxşı tənqidçilərin, müəllimlərin dərs verəcəyi, məlumatlandıracağı bir institut, bir məktəb yoxdur: "Hanı Bədii Şuralar? Bəlkə də var, amma mən bilmirəm və görməmişəm. Əsas nəticədir. Ola bilər o şuralar fəaliyyət göstərir, amma nəticə yoxdur. Biz bu gün efirlərə baxanda tənqid etdiyimiz nüansların azaldığının yaxud tamamilə aradan qalxdığının şahidi oluruqmu? Yox. Və bu proses hələ də davam edir. Mən bir aparıcı, veriliş müəllifi kimi qabiliyyətli bir iş ortalığa çıxarmağa çalışıram. Bununla mən kiməsə məlumat, zövq vermək istəyirəm. Amma mən o fikirlə də razı deyiləm ki, televiziya tamaşaçı zövqünü korlayır. Murad Arifin bir sözü var: əgər insan siqaret çəkirsə, o Miri Yusifin klipinə baxıb, o çəkir deyə siqaret çəkmir. Yaxud əgər siqaret çəkmirsə, kumiri çəkir deyə də çəkməyəcək. İnsan bir ailədə dünyaya gəlir, atası, anası, qohumları, müəyyən mühiti olur. O insan böyüdükcə öz mühitində formalaşır. Formalaşmış insanı televiziya necə korlaya bilər? Əgər tamaşaçı zövqlüdürsə, o, zövqsüz verilişə ümumiyyətlə baxmayacaq".

O hesab edir ki, televiziya öz funksiyasını bu gün yavaş-yavaş itirir: "Qlobal mənada götürsək, televiziya, radio da bəşəriyyətin tarixində olan müəyyən etaplardır. Televiziyanın dövrü ötən əsrin 40-50-ci illər başlayıb və bu gün artıq onun dövrü başa çatır. Bu gün internet dövrüdür. Ondan sonra hansı texnologiyalar yaranacaq, biz bunu bilmirik".

Nərmin Muradova


Müəllif: