10 İyun 2014 12:23
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

"III Riçard", "Şeytan ailəsi", "Qoğalın nağılı"

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşaların məşq proseslərinə start verilib.

Teatrın mətbuat əlaqələndiricisi Hüsniyyə Mürsəquliyeva Teleqraf.com-a bildirib ki, tamaşalardan biri böyük ingilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illik yubileyi çərçivəsində hazırlanır.

Müəllifin "III Riçard" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası yeni - 87-ci mövsümə təsadüf edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Rusiya Akademik Gənclər Teatrının baş rejissoru Stanislav Benediktov (Moskva), xoreoqrafı RF-nin Əməkdar İncəsənət Xadimi Sergey Qrisaydır (Sankt Peterburq). Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq Artistləri Yasin Qarayev, Ağaxan Salmanlı və başqaları ifa edir.

Real faktlar

İkinci tamaşa Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Nazirliyin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq S.Əliyevin real faktlar əsasında səhnələşdirdiyi "Şeytan ailəsi" pyesidir. Eyniadlı pyes əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur:

"Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir". Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev və başqaları canlandıracaqlar. Tamaşa yeni mövsümün ilk günlərində teatrın kiçik səhnəsində nümayiş etdiriləcək.

Növbəti tamaşa teatrın azyaşlı tamaşaçıları üçün nəzərdə tutulub. Pərvin Nurəliyevanın səhnələşdirdiyi "Qoğalın nağılı" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandıracaqlar. "Tamaşaların maraqlı səhnə həlli, yerində işlənilən musiqilər və aktyor seçimi uğurlu nəticənin təmin olunmasından xəbər verir".

Qeyd edək ki, hər üç yeni tamaşa yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcək.

Nərmin


Müəllif: