4 Fevral 2016 12:07
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Sim-sim.az-a istinadən Qurban Yaquboğlunun "Bir manatlıq qonaqlıq" hekayəsini təqdim edir:

(Hadisə 198…-ci ildə Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında baş verib)

Gün əyiləndə zəhrimiz yarılırdı.

Tələbələrin əksəriyyəti tətilə getmişdi. Nə yataqxanada, nə şəhərdə, heç bu boyda dünyada da pul istəməyə bir adamımız yoxudu.

Otaq yoldaşım deyirdi ki, gələn həftə kənddən ona pul gələsidi, bilmirdim təsəlliyçün deyir, yoxsa yox, onsuz da tətil beş-altı günə bitəcəkdi, təqaüdü də onda alacaqdıq.

Səhər tezdən mənə dedi ki, vur-tut bircə manatımız var, pulun gəlməsinəsə 5 gün qalıb. İstədik axşamüstü o pulu xərcləyək, hətta mağazaya da düşdük. Dostum qəfil dedi ki, gəl otağa qayıdaq. Burnuma kolbasa iyi dolmuşdu, ona görə ləngidim. Qolumdan tutdu, başını aşağı saldı, yavaşca bir də “gedək” pıçıldadı.

Mağazadan çıxan kimi o, sağa, mən də sola dartındım.

- Hara? - soruşdu.

Qızlar yataqxanasında bir tanışım vardı, hərdən salamlaşırdıq; indi birdən ağlıma gəldi ki, bu dəqiqə gedib ondan pul istəyə bilərəm. Düzdü, qızların çoxu çıxıb getmişdi, amma səhər-səhər deyəsən, pəncərədən mən onu görmüşdüm.

- Pəncərədən mən də baxırdım, başqa qızıdı.

Təəccüblə:

- Sən axı yatmışdın, – dedim. – Mavi donu əynində gedirdi.

- O donnan başqa qız da geyir. Sən elə həmişə belə çaşıb dəyişik salırsan.

Mən yenə qızlar yataqxanasına dartındım, pul cəhənnəmə, elə-belə getmək istəyirdim. Axırda könlümdən qayıdıb yatmaq keçdi. Yuxu gözümdən tökülürdü.

Mən otağa girəndə o, pəncərənin qənşərində durub eşiyə baxırdı.

- Gəlib-gedən var? - soruşdum.

Dayandı-dayandı, qəfil:

- Gözə dəyən bir qaraltı da yoxdu, - dedi.

- Onda pulu xərcləyək.

Pəncərənin qabağından çəkilib böyrümdə oturdu:

- Babam yadıma düşdü.

- Hansı baban?

- Rəhmətə gedib.

Hirsimdən az qaldı tavana tullanım; sarsağın biri sarsaq, 1 manatı cibində saxlayıb heç olmasa yavan çörək almır, özü də ölüdən danışır. Əclaf!

Ustufca qalxıb bir neçə dəfə mənə “yaat” dedi. Onsuz da yuxu gözümdən tökülürdü. Başımı yastığa atdım. Yuxudamı eşidirdim, yoxsa o danışırdı: “Babam olsaydı, kömək eləyərdi…”

Axşamüstüdən gecə yarıyacan yatdım. Səhər işıqlaşana kimi gözümə yuxu getmədi. Deyəsən, heç o da yatmamışdı, guya günahkar-günahkar məndən də, gecədən də gizlənirdi.

***

- Dur gedək, manatımızı xərcləyək, – elə bil üzü işıqlanmışdı; dəsmalnan nəm üzünü asta-asta quruladıqca gözəlləşirdi; bildim ki, zarafat eləmir.

Heç soruşmadım ki, bir manatla niyə yeməkxanaya gedirik.

Stola hər şey gətirtdi. Yedik-içdik. Nə vecimə, pulunu ki o verəcəkdi. Qıraqda dayanmış ofisianta yanaşdı, manatlığı ona verdi; oğlan pulu tələsik alıb topa pulların arasına qoydu – elə bil fikirli-fikirli tərpənirdi – əlini o biri cibinə salıb yenə pul çıxardı, onluqları, beşlikləri sayıb qaytardı.

Sakitcə çıxdıq, nə o dindi, nə mən. Otağa çatan kimi çarpayıya sərildim, ayağımı dəmirin üstə aşırıb:

- Hə, dost, – dedim, – deyirsən o qız mənim gözümə görünübmüş?

Gedib o da çarpayısına uzandı, özü də ağzıüstə. Əvvəl çiyinləri tərpəndi, əsdi-əsdi, sonra heç nəyin qabağını ala bilməyib hönkürdü.

- Nolub sənə, nolub?

- Ofisianta 1 manat verib 36 manat aldım. Bunun sirrini babam öyrətmişdi, and içib söz vermişdim ki, nə cür çətinə düşsəm də, günaha batıb öz məqsədimçün istifadə eləməyəcəm.

- Baban bilsəydi, özü kömək eləyərdi. Bunun nəyi günahdı ki?

…1-2 saat tələsmişdik. Günorta üstü kənddən pul gəldi.

1998


Müəllif:

Oxşar xəbərlər