4 Fevral 2016 17:43
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Elmin Nurinin Akif İslamzadədən aldığı müsahibəni təqdim edir:

- Akif müəllim, bildiyimiz qədərilə uzun müddətdir ki, bağda dincəlirsiz. Səhhətiniz necədir, hazırda nə işlə məşğulsuz?

- Çox sağ olun ki, yad eləmisiz. Arayıb-axtarırsınız. Hamıya salamım və təşəkkürüm var. Allaha şükürlər olsun ki, yaxşıyam. Bəli, bağda qalıram. Uzun müddətdir ki, bağda yaşayıram. Çox nadir hallarda şəhərə gəlirəm. Bura mənim üçün çox xoşdu. Küçəyə də çox az hallarda çıxıram.

- Yəqin ki, çox sevdiyiniz mütaliə ilə məşğul olursuz...

- Mənim çox yaxşı kitabxanam var. Mütəmadi olaraq mütaliə edirəm. "Qurani-Kərim"i oxuyuram. Ondan yaxşı mütaliə nə ola bilər ki?! Ona görə də başqa nəyəsə ehtiyacım yoxdu. Küçəyə də çox az-az çıxaram. Onda da yayda, on ikidən-birdən sonra...

- Bu günün televiziyası və orada mədəniyyətin nə dərəcədə tərənnümü barəsində rəyinizi bilmək üçün soruşmaq istərdim: ümumiyyətlə televiziyanı izləyirsiz?

- Mən televizoru ancaq idman proqramlarına baxmaq və idman yeniliklərindən xəbərdar olmaq üçün açıram. Həm xarici, həm də daxili idman yeniliklərini izləyirəm.

- Sizdən bu gün çoxları faydalana bilər və faydalanırlar da. Təcrübənizi, bildiklərinizi və musiqiçi kimi fərqli xəttinizi sistemli şəkildə gənclərə öyrətmək istəyiniz varmı?

- Bunun üçün mütləq ayrıca bir mərkəz, ocağım olmalıdır. Təhsil nazirliyinin yazdığı proqramla kifayətlənən adam deyiləm. Bunun üçün gərək öz musiqi ocağım, səsyazma studiyam ola. Həmçinin işi aparmaq üçün bir-iki nəfər musiqiçi də lazımdır. Bundan sonra üç-beş nəfəri yetişdirmək haqqında düşünmək olar. Bu elə bir elm deyil ki, ancaq mühazirə oxuyasan. Mühazirə tərəfi də var, söz yox. Amma bu musiqidir, gərək həmin üç-beş nəfərin hamısı ilə fərdi məşğul olasan. Çünki hərəsi bir beyin tutumuna malikdir, hərəsinin öz düşüncəsi var.

- Bugünkü Azərbaycan səsində əsasən nə çatışmır?

- Mən hərdən deyirəm-səs var, amma elm yoxdu. Elm deyərkən musiqinin bətnində bir xal var. O elmi-xalı açan, çatdıran yoxdu. Bu bir sirdi. Hər adam onu aça da bilməz. Hər adama da onu açmazlar. Hələ ifaçının tərbiyəsi, böyüdüyü mühit məfhumları da var. Yəni onun alt bazası nədir-bunlar da önəmlidir. Burada çox məsələlər var. Biz də vaxtilə elmi-xal sahibi olanlardan eşitmişik. Onlar da bizə musiqinin alt qatında olan həmin xaldan danışıblar. Elə onu çatdırıblar.

- İfanın bətnində xal dediniz. Nədir o xalın fəlsəfəsi?

- 60 il muğam oxuyan xanəndə ola bilər. Amma o xallar haqqında fəlsəfi sistem açılmayıb. Onun fəlsəsəfi, alt təbəqəsi hələ də açılmayıb. Bunun üçün ifaçıda niyyət təmiz olmalıdır. Oxuyan zaman, ifa məqamında niyyətdə çirkinlik varsa sən dinləyiciyə nəyi ötürə biləcəksən?! Niyyətində natəmizlik varsa elə ifa zamanı da dinləyiciyə, tamaşaçıya natəmizliyi ötürürsən. Bu sirri bilən ifaçı heç zaman camaata sataşa bilməz. Ona görə də bu başqa bir elmdi. Bir-iki dəfə dedim. Amma gördüm ki, başa düşmürlər. Ya da ola bilsin mən düzgün məlumat vermirdim, firkrimi düzgün çatdıra bilmirdim.

- Siz uzun müddətdir ki, oxumursuz, amma bu gün yenə də hamının sevdiyi və ən çox dinlədiyi bir müğənnisiniz...

- Siz və başqaları mənim mahnılarımın heç beş faizini eşitməmisiz. Elə mahnılarım var ki, onların sorağı hələ sonra çıxacaq. Cəmiyyətimiz hələ o mahnılara hazır deyil.

- İfalarınızda məlahətlə yanaşı kamillik də var idi. Elə sizinlə eyni vaxtda oxuyan müğənnilər niyə sizin kimi kamil oxuya bilmirdilər?

- İndi desəm, təvazökarlıqdan uzaq olar. Oxumaq sistemini bilmək, istedadlı olmaq ayrı bir şeydi. Amma bir də var, musiqini yaşamaq duymaq. Əgər “yandım” deyirsənsə doğurdan da yanmaq, “sevdim” deyirsənsə sevgidən başqa aləmdə olmaq ayrı məsələlərdi. Biz muğamlarda tez-tez rənglər ifadəsini işlədirik. Məsələn, "Çahargah" rəngi , "Bayatı-şiraz" rəngi. Bunlar elə belə şeylər deyil. Hər sənətkar rəngi görə bilmir. Musiqi başdan- ayağa rəngdir. Kainat yarananda Yaradanımız “ol” dedi. Birinci səs yarandı, səsdən də kainat formalaşdı. Kainatın sonu da musiqi ilə xətm olunacaq, İsrafil sur çalacaq. Bütün kainat musiqi içindədir, musiqi ilə yaranıb və ilə də sona çatacaq.


Müəllif:

Oxşar xəbərlər