Bu gün görkəmli bəstəkarımız Qara Qarayevin doğum günüdür. O, 1918-ci il fevralın 5-də Bakı şəhərində anadan olub. Onun operaları, baletləri, kamera əsərləri, vokal-simfonik əsərləri, zəngin filmoqrafiyası Azərbaycanda, ümumən, dünyada bu sahə üzrə silinməz izlər qoyub. Qara Qarayev həmçinin pedaqoq kimi istedadlı bəstəkarlar da yetişdirib. Böyük bəstəkarımız 1982-ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib.
Bu gün görkəmli bəstəkarın doğum günüdür. Teleqraf.com tanınmış bəstəkarların Qara Qarayevlə bağlı xatirə və fikirlərini təqdim edir:
Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikov: “Azərbaycan musiqisinin babası da var, atası da, balaları da. Bilirik ki, bizim musiqimizin atası Üzeyir Hacıbəyovdur. Üzeyir Hacıbəyov xeyli gözəl bəstəkarlar yetişdirmişdi. Bunların içərisində Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev də var… Gör, bizim nə qədər böyük bəstəkarlarımız eyni dövrdə çalışıb. Çox heyif ki, onlar bir az tez aramızdan gediblər. Amma Azərbaycan musiqisində onların izi çox dərin qalacaq. Qara Qarayev kimi böyük şəxsiyyətlər indi də yaşayır, bundan sonar da yaşayacaq.
Şəxsən mən xoşbəxtəm ki, Qara Qarayevin sinfini bitirmişəm . Bununla fəxr edirəm. Vaxtilə müəllimim Qara Qarayevin rəhbərlik etdiyi kafedraya uzun illərdir ki, mən rəhbərlik edirəm. Xeyli gənc bəstəkarlar yetişdirmişik. Çünki vaxtilə bir pedaqoq kimi hamıdan aktiv olan Qara Qarayev öz tələbələrinə tövsiyə verirdi ki, bu yolu davam edin və gəncləri yetişdirin. Hesab eləyin ki, bu gün də çox istedadlı gənclər yetişir. Qara Qarayev rahat yata bilər. Çünki onun işi bugün Azərbaycanda yaşayır. Allah ona rəhmət eləsin!”
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Xəyyam Mirzəzadə: “Bu gün Azərbaycanın və tək Azərbaycanın yox, keçmiş SSRi-nin, Avropanın böyük bəstəkarı olan Qara Qarayevin doğum günüdür. O, musiqimizi çox yüksəklərə qaldırıb. Qara Qarayevin əsərləri dünyanın çox yerlərində ifa olunur. Yaddan çıxarmaq olmaz ki, dünya musiqisi deyəndə onu yüngül, kef musiqisi kimi yox, intellektual və düşündürücü musiqi kimi başa düşmək lazımdır. Məhz Qara Qarayev musiqisi dünya səviyyəli bir musiqi olub.
Qara Qarayevin gözəl dərs deməyi də vardı. Konservatoriyada işlədiyi müddətdə qırxa yaxın bəstəkar yetişdirib. Onlar arasında Bolqarıstandan, İsraildən, Rusiyadan və başqa-başqa yerlərdən olanlar da vardı. Məsələn, Bolqarıstandan olan Nihat Osmanov və başqalarının adını çəkə bilərəm.
Mən Qara Qarayevin sinfinə 1952-ci ildə gəlmişəm, 1957-ci ildə oranı bitirmişəm. Həmin dövrdə onun şəxsi köməkçisi olmuşam. Rəsmi olmasa da, özü xahiş elədiyi üçün mən də ona kömək eləmişəm. Sonra biz dost olmuşuq. Bu, get-gedə ailəvi dostluğa çevrildi. Yəni yaxşı ünsiyyətimiz olub. Biz onunla tək müəllim tələbə kimi yox, dost kimi rəftar eləmişik. Təxminən məndən 15 yaş böyük idi. Buna baxmayaraq, biz aramızdakı pərdəmizi pozmamışıq. Nə o, məndən inciyib, nə də mən ondan incimişəm. Qara Qarayev insanları həmişə yaxşılığa doğru, işığa doğru aparardı. Həmişə yaxşı məsləhətlər verərdi. Məsələn, ikinci, beşinci günlər konservatoriyada dərs deyərdi. Onun yanına məsləhət üçün xeyli adamlar gələrdi. Kimi musiqilərini, kimi librettosunu, kimi də şeirini gətirərdi ki, Qara Qarayev ona baxsın, münasibət bildirsin.
Qara Qarayev çox savadlı adam olub. Onun əlindən kitab düşməzdi. Ömrünün sonuna yaxın Qurani-Kərimin bəzi ayələrini ərəb dilindən oxuyardı. Bibliyanı çox gözəl bilirdi. Hərtərəfli adam idi. Heyf ki, bu cür adamlar aramızdan tez gedirlər. Lakin indiyə qədər onu sevənlər nəinki Azərbaycanda, hətta başqa-başqa yerlərdə də var”.
Bəstəkar Rauf Əliyev: “Qara Qarayev bizim müəllimiz olub. Bu gün onun doğum günüdür və axşam Filarmoniyada çox gözəl konsert gözlənilir. Orda Həm Qara Qarayevi oz əsərləri, həm də müəllimi Dmitri Şostakoviçin əsəri səslənəcək. Mən həqiqətən özümü bir bəstəkar kimi xoşbəxt hiss edirəm ki, Qara Qarayevin konservatoriyada müəllimlik elədiyi dövrdə oxumuşam. Onun imtahanlarında gözəl məsləhətlərini eşitmişəm. Həyata dair fikirləri də mənə çox maraqlı olub. Mən Qara Qarayev sənətinə həmişə müraciət eləyirəm. O çox sadə adam olub. Yəni konservatoriyanın foyesində gəzəndə də sadəliyi ilə fərqlənərdi. Çox böyük müəllimdir. Dünyada tanınmış bəstəkarımızdır. Biz onunla fəxr edirik”.
Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının baş müəllimi Aygün Səmədzadə: “Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin ən nəhəng sütünlarından biridir. Mən Azərbaycan musiqisini və dünya musiqisini Qara Qarayevin musiqisi olmadan təsəvvür eləmirəm. Qara Qarayev musiqisi əbədidir. Onun hər bir əsərini, bütün yaradıcılığını bilirəm və sevirəm. Qara Qarayev musiqisi tükənməz bir xəzinədir. İstər onun “Leyli və Məcnun” poeması, istərsə də “Yeddi Gözəl” baleti çox möhtəşəmdir. Hətta onun “Fortepiano” filmi də vardı. Yəni Qara Qarayev hansı sahəyə müraciət edibsə, orda silinməz iz buraxıb və Azərbaycan mədəniyyətini yüksəklərə qaldırıb. Qara Qarayev dərya idi, ensiklopediya idi. Mən istərdim ki, Azərbaycan dinləyicisi Qara Qarayev yaradıcılığına tez-tez müraciət eləsin. Ümumiyyətlə, ə musiqinin nə olduğunu dərk etmək üçün onun musiqisini dinləmək kifayətdir”.
Sərvər Şirin