Romalılar “İnsan nə vaxt ölür?” sualına qədim bir daş kitabədə belə cavab veriblər: “Onu ən son xatırlayan insan öləndə...”
Yazıçı Tomris Uyar da bu mənada heç vaxt ölməyənlərdəndir. Çünki Tomris türk poeziyasının üç böyük şairi – Turqut Uyar, Cemal Süreya və Edip Cansevərin aşiq olduğu qadındır.
2003-cü ildə 62 yaşında dünyadan köçən Tomris Uyara həsr edilən şeirlər onu unudulmağa qoymayıb. Hər üç şairin adı keçəndə istər-istəməz bu şeirləri yazdıran qadın da sevgiylə anılır. Əlbəttə, asan deyildi üç böyük şairin sevgisiylə yaşamaq və onları medal kimi yaxasında gəzdirmək. Ancaq bunu bacaran Tomris Uyar uğurlu yaradıcılığı, hekayələri ilə yanaşı, həm də ilham pərisi kimi xatırlanır. Çoxları onu həm də əlçatmaz qadın kimi qiymətləndirir.
Ədəbiyyat dünyası Tomrisi çox gənc yaşlarından tanıyıb, şair-jurnalist Ülkü Tamərin həyat yoldaşı və hekayəçi Tomris Tamər kimi. Tomris və Ülkünün sevgisi cütlüyün məktəb illərindən başlayır. Onlar qısa müddətdə evlənirlər. Bəlkə də, uzun illər davam edə biləcək evlilikləri faciəvi sonla nəticələnir. Bir neçə aylıq qızları boğulub öldükdən sonra bu böyük itki onların da ayrılmasına səbəb olur.
Tomrisin Tamərlə evli olduğu vaxt Cemal Süreyaya aşiq olduğu yazılır. Əslində, bir-birlərini tanıyan vaxt ikisi də evli olur və ikisi də bu sevgi üçün həyat yoldaşlarıından boşanır. “Türk ədəbiyyatının ən məhsuldar sevgisi” tərifini qazanan üç ili birlikdə keçirirlər. Bəli, sevgiləri məhsuldar idi, çünki Cemal Süreya ən gözəl, ən ehtiraslı sevgi şeirlərini Tomris üçün yazıb. Təkcə bu misraları xatırlamaq bəsdi:
Ayışığında oturduk
Bileğinden öptüm seni
Sonra ayakta öptüm
Dudağından öptüm seni
Kapı aralığında öptüm
Soluğunda öptüm seni
Bahçede çocuklar vardı
Çocuğundan öptüm seni
Evime götürdüm yatağımda
Kasığından öptüm seni
Başka evlerde karşılaştık
İliğinden öptüm seni
En sonunda caddelere çıkardım
Kaynağından öptüm seni…
Tomris həyat yoldaşı və övladının atası Turqut Uyar istisna olmaqla sevgiləri haqqında çox az danışıb. Bu mövzuda, demək olar ki, heç nə yazmayıb. Danışdıqlarını da onların köhnə sevgilisi kimi yox, kənardan baxan bir tənqidçi ədası ilə danışıb. Bir dəfə Cemal Süreya ilə münasibətləri haqda soruşulanda belə cavab verib: “Məndən ayrıldı, amma heç vaxt rahat olmadı. Onun fikrincə, o, mənə sahib ola bilməzdi. “Səndən ayrılandan sonra sənin haqqında, hekayələrin haqqında sevgimi bildirəcək heç nə deməyəcəm, mənim ağzımdan bunu heç kim eşitməyəcək” dedi və düzü, heç nə yazmadı da”.
Onların sevgisi üç ilin sonunda bitir və iki yaxşı dost kimi yollarına davam edirlər.
Turqut Uyarı da Ülkü Tamerlə evli olarkən tanıyıb. Tomris onu ilk dəfə görəndə kəşf edilməyə dəyər bir insan olduğunu düşünüb. Onunla evlənməyinə yol açacaq qədər yaxınlaşmasının səbəbi isə Turqut Uyarın yazdığı şeilər olub: “1966-cı ildə onsuz da Cemaldan ayrılmaq üzrəydim. O da həyat yoldaşından ayrılmışdı. Uşaqlarıyla İstanbula gəlmişdi. Daha yaxından elə İstanbulda tanış olduq. Çünki onda oturub söhbət etmək fürsətimiz oldu və məktublaşmağa başladıq. Bu məktublar əvvəllər ancaq şeir haqqında fikirlərimizdən ibarət olurdu. Adətən onun şeir haqqında düşüncəsi və mənim onun şeirləri haqqında fikirlərim… Başa düşürdüm ki, çox çətin bir dövrdən keçir. Yəni evlilik həyatındakı gərginlik və uyğunsuzluq onun şeirlərinə də təsir etmişdi. Yeddi il idi ki, şeir yaza bilmirdi. Onda yavaş-yavaş yenidən şeir yazmaq istəyini oyada bildim”.
Tomrisin ən uzun müddətli sevgisi Turqut Uyar olur: “Bir ara mən onun üçün dünyaya açılan pəncərə olmaqdan da keçmişdim, onun bir parçası kimiydim. Və buna görə də sıxılırdım, təbii ki…”
O, Turqut Uyarın ölümündən sonra münasibətlərindən danışan zaman bəzi sirlərini də açmış olur: “Turqut məni hər an əlindən qaçıracaqmış kimi hiss edirdi və lazımsız qayğıyla özünü əldən salırdı. Mən də heç bir rəqabət olmayan yerdə birinci olmaqdan yorulacaqdım…”
Zamanı durdururum yüreğimde,
Sensiz geçtiği için,
Akrep yelkovana küskündür.
Şu bozuk saat çalışsa benim için ölümdür.
Bil ki akrep yelkovanı geçerse,
Atan bu yüreğim durur.
Bırak bozuk kalsın, hiç değilse
Bir bozuk saattir yüreğim, hep sende durur.
Ankara və İstanbuldakı ədəbiyyat dairələrinin yaxşı bildiyi başqa bir həqiqət isə böyük şair Edip Cansevərin Tomrisə duyduğu gizli heyranlıqdır. Və Turqut Uyar onu əlindən alacaqlarmış kimi sevməkdə haqlıydı, əslində. Kim bilir daha neçə gizli heyranı var idi Tomrisin?!
Edip Cansevər Tomrisin hər ad günündə ona yeni bir şeirlə səslənirmiş:
…seni görünce dünyayı dolaşıyor insan sanki
hani etiler’den hisar’a insek bile
bir küçük yaşındasın, boyanmış taranmışsın
çok yaşında her zamanki çocuksun gene
ben seni uzun bir yolda yürürken görmedim ki hiç.
mart ayında patlıcan, ağustosta karnıbahar
mutfağın mutfak olalı böyle
bir adın vardı senin, tomris uyar’dı
adını yenile bu yıl, ama bak tomris uyar olsun gene
ben bu kış öyle üşüdüm ki sorma
oysa güneş pek batmadı senin evinde
söyle
ben seni uzun bir yolda yürürken gördüm müydü hiç.
Tomris Edip Cansevərin onu daha çox təsirləndirdiyini söyləyirmiş. Bir vaxtlar onları baş-başa rakı içərkən görənlər də çox olub. Onun tezliklə sevdiklərinə qovuşmaq üçün bu qədər içdiyini düşünürmüşlər. Cansevərin yazdığı bu ifadə isə dildən-dilə düşüb: “Tomris rakıyı çox sevərdi, mənsə onu...”
Bəli, bir ədəbi nəsli arxasınca aparan qadın idi Tomris Uyar. İstədiyi kimi yaşayan, sevgini, ümidi və ədəbiyyatı heç vaxt ürəyindən əksik etməyən qadın. Onu sevən adamlar haqqında çox az danışan və heç kimə sayğısını itirməyən bir ədəbiyyatçıydı. Həmçinin, hər bir qadının qısqandığı qadın...
Onu ən son xatırlayan adamın kim olacağı bilinmir, ancaq hər üç şairin sətirlərində daim yaşayacağı məlumdur.
Sevinc Fədai