Teleqraf.com Günel Natiqin Adil Mirseyid yaradıcılığı barədə yazdığı esseni təqdim edir:
“Azad insan sən hər zaman dənizi sevəcəksən”. Böyük fransız şairi Şarl Bodlerin şerilərinin birindəndir bu sitat. Son zamanlar nədənsə bu misra yadından çıxmırdı... Özgür adamdı. Hətta təxəyyülünün əlçatmazlığına qovuşa biləcək qədər. Həmişə ona elə gəlib ki, Fransada doğulub. Uşaqlıq illərində Şarl Perronun nağıllarını oxuyub, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu boy atıb.
Bayyo şəhərinə səfəri də nağıla bənzəyirdi.
“Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi bir neçə km ayırır. Cəmi 2 km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:
Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.
İnsan yaratdıqlarına bənzəyir. Bizi görmək üçün onlara baxın.
Dünyanın hər yerində gəmilərin fit səsində
Payız qüssəsi qürbət yalqızlığı
Dəniz melanxoliyası və sevgi macərası
Dəniz qulduru olmalıydı bu şeiri yazan adam
Alnında çapıq
Sinəsində qurşun yarası
Uzaq yad şəhərlərin
liman meyxanələrində
ispan gitarası çalmalıydı
yanıqlı nəğmələr oxumalıydı
və bütün limanlarda içdiyi şərab
hər dəfə qan qoxumalıydı
Bəlkə doğrudan da başqa bir ömür yaşamalıydı. Amma necə bir ömür?! Yaşayacaqları ona dəniz özgürlüyünü gətirə biləcəkdimi? Bəlkə bu səs hardasa reallıqdan bəhs edirdi: “Dənizi çıxar ağlından, çıxar at, onsuz da ona qovuşa bilməyəcəksən. Onsuz da həyatın tamı başqa dadlara qarışıb qalacaq, orda, başqa adamların yanında qalacaq”.
Sən ölümdən danışırsan
Amma fırçan şıltaqlıq eləyir
Yasəmən çiçəkləri çəkir
Yadındamı ilk fırçanı
Mən bağışlamışdım sənə
Tamam başqa bir ömür yaşamalıydın bəlkə
Bəlkə o fırça dəyişdirib sənin taleyini
əlinin dalıyla alnının tərini sil
götür bu pulları olanım budur
özün bilirsən nə almalısan
limon yadından çıxmasın
içək dünyadan vaz keçək
mən ölüm macəramı söyləyim sənə
amma qoy fırçan yasəmən çiçəkləri çəksin yenə.
Ağ rəng sirli bir rəngdir. Bəlkə rəngsizlikdir. Amma bu rəngsizlikdə bütün rənglərin taleyi görünür. Ağ rəngdə hələ doğulmamış cocuğun çəkilməmiş rəsmi var. O cocuq ki, heç kimin bilmədiyi bir dildə tanrısına gülümsəyirdi... Amma ağ rəng bir çox rəssamlar üçün, Adil Mirseyidin yazılarının birinin qəhrəmanı rəssam Niko üçün məhəbbət demək idi.
...Bu günlərdə Alla Puqaçovanın “Milyon-milyon qızılgül” mahnısını tez-tez dinləyirəm, mahnının qəhrəmanı olan yoxsul rəssam, (əslində, bu uğurlu ifadə deyil), məni çox düşündürür. Və ağlıma da gəlmir ki, həmin rəssam haqqında bu günlərdə Adil Mirseyidin bir yazısını oxuyacam. Rəssam Niko haqqında. Rəssamların taleyi bir-birinə bənzəyir. Bəzən görünən, bəzən isə görünməyən məqamlarda özünü bəlli edən bənzərlik. Ağ rəng kimi. Ağ rəngin görünən və görünməyən çalarları kimi.
“XX əsrin əvvəllərində Tiflisdə, Kür çayının sol sahilində qəribə bir adam yaşayırdı – o, kinto Niko idi. Ucuboylu, solğun bənizli kinto Nikonu Tiflisdə hamı tanıyırdı, onu Tiflisin hər yerində görmək olardı, o, saatlarla şəhərin labirintə bənzər küçələrində fikirli-fikirli gəzib dolaşardı, çox vaxt da yüngülcə sərxoş olardı. Tiflisdə onun məhəbbət macərası dillərdə dastan idi, o, Marqarita adlı bir aktrisanı dəlicəsinə sevirmiş, o, məhəbbətin uğrunda hər şeyindən keçib. Niko bir gün evini-eşiyini, dükanını – sata biləcəyi hər şeyini dəyər-dəyməzinə satır. Tiflisin bütün qızılgüllərini alıb aktrisanını yaşadığı küçəyə səpir”.
Alla Puqaçovanını “Milyon-milyon qızılgül” mahnısını yada salın – bu məşhur mahnıdakı bədbəxt rəssam kinto Nikodur – Niko Pirosmani.
Pirosmani Tiflis duxanları, meyxanaları, baqqalları üçün lövhələr çəkərdi – o, Tiflis meyxanalarının daimi müştərisi idi. Bütün meyxanaların divarlarında onun əsərlərinə rast gələrdin, o öz qiymətini bilmirdi, əsərlərini dəyər-dəyməzinə satırdı. Çox sevdiyi Ortaqalada onun nə evi, nə də emalatxanası vardı, Pirosmani əsərlərini meyxanələrdə, duxanlarda işləyərdi, elə meyxanələrdə, dükanlarda da gecələyərdi.
“Mən zəngini və yoxsulu, ağı və qaranı yaxşı anlayıram. Həyatda hər şeyin iki tərəfi var – xeyir və şər. Bax, ağ inək xeyirxahlıq, rahatlıq və məhəbbət rəmzidir. O, süd verir, ət verir, dəri verir. Ağ rəng məhəbbət rəngidir. Qara öküz böyürür, savaşır – o, müharibədir” – sərsəri rəssam Pirosmani dünyanı belə görürdü və gördüyü kimi də təsvir edirdi. Onun fırçasından çıxmış tabloları incələsək görərik ki, Pirosmani məşhur mahnıda deyildiyi kimi, qızılgüllərin qan qırmızı rəngini deyil, ağ gülləri çox sevərmiş. Pirosmani Ortaqala gözəllərinin portretini qara fonda işləyir, əsərin bir küncündə ağ güllər çəkir. Qara rəng bu gözəl qadınların taleyidi, qara bəxtidi. Əsərin bir yerində rəssam iri rəsmləri və ya ağ gül obrazı verir – ağ gül sevgi, məhəbbət və ümid rəmzidir. Bir də rəssamın öz sözləri ilə desək, “mən ağ gül ilə onların günahlarını bağışlayıram” – bu, Pirosmaninin sözüdür”.
Pablo Pikassodan gətirdiyi bir sitat Adil Mirseyidi daha yaxşı anlamağıma kömək edir. “Rəngkarlıq nəsr deyil, poeziyadı, o, şeirlə, plastik qafiyələrlə yazılır”.
Bütün yazarlar bir az da özlərini yazırlar. Rəssam Niko haqqında yazıda tale var. Rəssam Nikonun, Van Qoqun, elə Adil Mirseyidin öz taleyi.
Nə ölüm nə də axirət sındıra bilmədi məni
Süd kimi bəyaz
Yarpaq kimi yaşıl
Qan kimi qırmızı
Qız dodağıtək şirin
Qara çörək kimi udumlu
Günlər yaşadım
Bəyazı yaşıla
Yaşılı qırmızıya
Acını şirinə qatdım
Buyur bu da mənim ömrüm
Dünyanın heç bir yerində
Hətta doğulduğum evdə belə gözləyən yoxdu məni
Işıqforları dar ağacına bənzəyən akvarium şəhərdə
Sonuncu balıq adam
Könüllücə boyun əyəndə son dar ağacına
Mən son dəfə adam kimi girəcəyəm gecəyə
Yalquzaqtək çıxacağam gecədən
Sevgi nə idi? Yalqızlıqmı? Sevdikcə tənhalaşırdı və payız axşamının qəribliyində səssiz ağlayan yuvasız quşların yalqızlığını daha çox duyurdu. Sevmək yalqızlıq idi.
Yağışlı payız axşamlarının
Qüssəsi vardı sənin gözlərində
Sənin gözlərində görmədiyim röyalar
Çəkmədiyim əsərlərin görünüşü
Oxumadığım türkülərin sözlərində
Yağmur yağır hər axşam
Hər axşam sənin pəncərəndə
Gözə görünmədən yanır əriyir bir cüt qərib şam
Sənin gözlərində durna çığırtıları
Bir də daha nəsə vardı
Sənin gözlərini gördüyüm gündən
Dünya nə qışdı nə də bahardı
Sənə eşq elan edərdim
Bir yerdə qərar tuta bilsəydim
Bir yerdə dayansaydım
Gözlərindən öpərdim
Sevgilərə inansaydım
Yenə də ümidləri vardı. Bir gəncin ümidləri kimi çılğın, bir qoca ümidi kimi ağsaçlı...Amma yenə də mələk qanadlarında....
Küçədən bir yuxu keçir rüzgarla qol-boyun
Yenə mənim xəyalımda əski bir oyun
Gözlərimdə qara bulud
Qafamda dəniz uğultusu
Bir cibimdə altun umud
Bir cibimdə siqaret qutusu
Kölgələr sərxoş olub bürküdən
Ağacların ayaqüstə yuxusu gəlir
Ah belə bir gündə rahatlıq bulmadım mən
Dənizdən avqust qoxusu gəlir
Vicdansız bir hüzn var bu avqust qoxusunda
Yuvasız bir quş ağlayır yuxumun yuxusunda
Bu əski bir oyun
Ölüm ölümlə qol-boyun
...Sürrealizm təsdiq edir ki, görünən hər hansı bir obyektin görünməz tərəfi də var və dünya yalnız görünənlə görünməzin vəhdətində bütövdür. Əsl poeziya bütün avanqard cərəyanların fövqündə, görünənlə görünməzin qaynağında doğulur. (Adil Mirseyid)