Teleqraf.com Elçin Aslangilin şeirlərini təqdim edir:
İNANNA (Qədim Şumer Tanrıçasına)
İnanna,
Məbədlərinin daşı daş üstdə qalmadı,
Tanrıçalar kilsələrdən baxır məsum-məsum,
Yuxusun yozan yoxdur dənizlərin...
Gözəllərin bakirəliyi qucaqlayıb gecələr,
Sevdikləri tanrıları gizlədirlər qısametrajlı flimlərdə.
İndi, içki evinin qonağı tanrıların şairlər də,
Boş şüşələrə şeir deyirlər.
Kədərlidir İnanna,
Beş min il sonra kişi olmaq da,
Qadın olmaq da,
Şair olmaq da.
Sənin şərqin,
Qara rəngin ən axmaq çalarına bürünüb indi.
Bir vaxtlar Prometeyə bənzəməyi
Tamam başqa bir mövzu.
Şərqin oduna isinən qərb,
Unutmadı yaxşılığı,
Odumuzu qaytardı özümüzə Fələstində...
İndi sənin qoca Şərqində,
İraqda,
Suriyada mərmilər boşalır qadınların uşaqlığına.
Qadınlar mərmi doğur,
Titi hürür “Ağ ev”dən - Terror qorxuncdur!
İnanna,
Məbədlərinin daşı daş üstdə qalmadı,
Tanrıçalar kilsələrdən baxır məsum-məsum,
Freskalar yazıq-yazıq çiyinlərini çəkir,
Baş açmadım, bu nədir? – Deyirlər.
Biz şair tanrıların şeirlərində isinər
Müharibə uşaqlarının əlləri.
Kədərlidir İnanna, kədərli,
Beş min il sonra
Şair olmaq da,
Şeir yazmaq da,
Yaşamaq da.
İçki evinin qonağı tanrıların şairlər,
Boş şüşələrə şeir deyirlər.
Və “Ağ ev”dən hürməkdədir Titi:
- Vəziyyət budur,
Qoca şərq terrorçudur!
TANRI ÜÇÜN
Uzun saçların kimi uzun, qara gecələr var,
Gecələr ayrılıq.
Adamı qara-qara düşündürən, dərvişlədən ayrılıq…
Qız,
Mən Musamı oldum,
İsamı oldum,
Məhəmmədmi oldum?
Gördüm özümü yuxuda dənizləri bölərkən,
Gördüm özümü yuxuda su üzündə gəzərkən,
Gördüm özümü yuxuda xəlvətdəyəm Hirada!
Allahdan Allaha,
Məndən Mənə!
Allahdan Allaha,
Məndən Mənə!
Dənizləri bölərkən sənə gəlmədimmi qız?
Su üzündə gəzərkən sənə gəlmədimmi qız?
Xəlvətdəykən Hirada səni düşünmədimmi qız?
Dənizlər gözlərimə ağlayar, gözlərimə,
Mövlanənin kədəri boyda.
Çimdik-çimdik Tibet, Tibet,
Hər gün, məni sənə gətirən ayaq tozum.
Məbədimsən,
Xəlvətimsən,
Qəlb evimsən!
Səni görən bayılar,
Məni görən müjdələnər dərd ilə!
Haşa qız, haşa,
Tövbə edirəm, tövbə!
Gəlmə yuxularıma,
Haşa!
Uzun saçların kimi uzun, qara gecələr var,
Gecələr ayrılıq.
Adamı qara-qara düşündürən, dərvişlədən ayrılıq.
Bir də sənə Tanrı demək var.
Sonra səndən üz çevirmək,
Tanrıdan üz çevirmək var,
Tanrıdan üz çevirmək var...
ƏZİZİM MƏRYƏM ANA
Əzizim Məryəm ana,
Mən oğlunuzu çox sevirəm,
Sevdiyim qızdan da çox.
Payız sabahlarına and olsun ki,
Şairlərin şeir yazmağı çarmıxa çəkilməkdi,
Oğlunuz kimi...
Deyəcəyim o ki,
Dişimiz almalara dəyəndən bilirdik,
Siz bir də ana olmayacaqsınız...
Əzizim Məryəm ana,
Mən həmişə oğlunuzun çarmıxından baxmışam Allaha.
Ordan gördüklərimsə,
Bir sərçənin dimdiyində apardığı su qədər təmiz,
O su qədər təmənnasız.
Göz yaşlarımız sulara daş atsa,
O daş qədər ola bilmərik günahsız...
Daşlaşdıq,
Ərsiz qadınlara daş atandan.
Atasızlaşdıq,
Atasız doğulan uşaqları "bic" adlandırandan.
Gözümlə gördüklərimin "ATA"sızlığını yaşayıram.
Öldürülənlər "ATA"sız,
müharibələr "ATA"sız,
Dilənənlər "ATA"sız.
Bəlkə bu səbəbdən oğlunuzu çox sevirəm,
Sevdiyim qızdan da çox?
Əzizim Məryəm ana,
Payız sabahlarına and olsun ki,
Şairlərin şeir yazmağı çarmıxa çəkilməkdi.
Yazılan hər bir şeir,
Atasız dünyaya gəlməkdir.
Allah su daşıyır arabada
Tüstüsü burnunda göylərin
ağ buludlarda Allah su daşıyır arabada.
Təkərlər bərkə-boşa düşdükcə,
Ağzına qədər dolmuş səhənglərdən su ələnir yer üzünə.
Səhər tezdən şeh qonanda çəmənlərə Allah əl-üzünü yuyur, dedim.
Dağlara duman düşəndə,
Allahdı böyük işlərin sahibi,
Alışdırıb siqaretini dərd üfürür dağların zirvəsinə.
Allah,
Düzəlməz bu gedişlə.
Düzəlməz insan oğlu
Zəburla,
Tövratla,
İncillə,
Quranla.
Bu kədərli şeirim sənin göz yaşlarındır,
Ağlama Allah, ağlama...
RƏHİMLİ VƏ RƏHMAN OLAN ALLAHIN ADI İLƏ:
- Göylər mənim dilimdən danışar.
Açar, bağlayar.
Bağlayar, açar,
Deyər:
- O, O, O!
Yerlər mənim dilimdən danışar.
Dikələr, dağ-dağ,
Uzanar, yamac-yamac,
Uzanar, düz-düz,
Deyər:
- O, O, O!
Sular mənim dilimdən danışar.
Enər, qalxar,
Qalxar, enər
şırıl-şırıl,
Deyər:
- O, O, O!
Ağaclar mənim dilimdən danışar,
Küləklər pıçıldayar ağacların qulağına adımı.
Sağa, sola,
Sola, sağa,
Vıyyy, vıyyy
Salam verər,
Deyər:
- O, O, O!
AAAMənnn,
Səsss!
OOOMənnn,
Susss!
Mənnn, Mənnn,
Şükr,
Şükr,
Şükr...
BİZİ SUSUZ ÇÖLLƏR ÖLDÜRƏCƏK...
(Şair üçün elegiya)
Bizi susuz Çöllər öldürəcək,
Başımızın ətini dimdikləyib aparacaq quşlar,
Sonra o quşlar oxuyacaq, oxuyacaq,
- Quuu, quuu, quuu…
Bizi öz səsimiz öldürəcək,
Sonra bizə çevriləcək səsimiz
Göylərə qalxacaq, qalxacaq,
Uçacaq, uçacaq,
Uuuç, uuuç, uuuç,
Ççççççç...
Bizi yoxluq öldürəcək,
Gözümüzlə gördüklərimizin yoxluğu
Birdəfəlik yuxu, yuxu,
Uyuuu, uyuuu, uyuuu,
Uuuuuuu...
Bizi sevgimiz öldürəcək,
Şeirlərimiz dirildəcək...
MƏN ONDA ERMƏNİ OLMUŞDUM
Qarabağ əlili ayaqlarını axtarır?
Bəlkə həmsədrlərin çantasındadır?
Əslində heç nə istəmirdik tez böyüməkdən başqa.
Dərsə getmək də,
Siqaret çəkmək də,
Yavaş-yavaş böyümək olurdu.
Yadımdadı,
O çantadan ağ göyərçinlər uçmuşdu 1994-də.
Anam 3 kilo qənd alıb paylamışdı məsciddə.
Atam haqlı idi,
Tezliklə ağ göyərçinlər S300-ün radarına düşdü,
Məhv edildi.
Bütün çətinliklərə baxmayaraq,
Köynəyim ütülü olardı çörək talonları kimi.
Mən heç sevməzdim vurma cədvəlini,
Onu bizə öyrədən müəllimi.
“Dərsini bilməyən ermənidir” – deyəndə,
Dəli olmuşdum,
Mən onda erməni olmuşdum.
Tənəffüst vaxtı uşaqlar şəklimi də çəkmişdilər lövhəyə,
Bığlı, saqqallı,
Mənə oxşamayan mən..
Ağlayıb qaçmışdım məktəbdən.
Anamın danışdığı nağılların ayağına böyük idi,
Atamın döyüş çəkmələri.
O çəkmələr
Sehirli kitabdan da çox bilirdi.
Məsələn,
Bilirdi ki, atam evə nə vaxt gələcək.
Nənəmsə elə-hey deyərdi -
“Qarbaçov ölsün, bu il də, məhsul bayramı olmadı”
Əslində heç nə istəmirdik tez böyüməkdən başqa.
Böyüdükcə anladıq ki,
Tez böyümək,
Tez ölməkdi...
ANA, MƏNDƏN BAKIYA SALAM GÖNDƏRMƏ...
Anam deyir ki, “küçəmizdəki söyüdləri kəsiblər,
Daha söyüdlərin kölgəsində oynamayacaq uşaqlar..."
Olsun ana, olsun,
Qoy küçəmiz söyüdlərsiz qalsın,
Qoy küçəmizdə olmasın oyun...
İndiki bənövşələr bəndə düşmür,
Tora düşür.
Burda, otel otaqları tora düşən "Bənövşələrlə" doludur ana,
Nə yaxşı ki, bizim küçəmiz otel otaqlarından uzaqlarda...
Kəsilən söyüd ağaclarına üzülmürəm ana,
Böyüklərin oyununda həyatını itirən uşaqlara üzülürəm, uşaqlara…
Bir də, məndən Bakıya salam göndərmə.
Maşınların təkərlərini 1 manata qaraldan uşaqlar,
Maşınsızam deyə baxmaq istəmirlər üzümə,
Salamını kimə çatdırım, kimə?
Uca binalaramı?
Kimliyini itirmiş rusdilli qızlaramı?
Ucarın qara yoxsul çölləri böyütdü məni…
Bakıda gözümün gördüyü bütün gözəllikləri,
Söyüdsüz qalmış küçəmizə dəyişmərəm ana.
Deməsəm ölərəm ana,
Burda bütün qızlar bir-birinə oxşayır.
Ağızları eyni,
Burunları eyni,
Qulaqları eyni,
Çantaları eyni,
Şalvarları eyni.
Bura hələ payız gəlməmiş ana,
Tikanlı ağacları adamları kimi...
Birinə “başına dönüm” desən, qayıdıb elə söz deyər ki...
Nəysə ana,
Sən fikir vermə kəsilmiş söyüd ağaclarına.
Küçəmizin adamlarına fikir ver, adamlarına...
Qonşumuz Sona xalaya de ki,
Qızını versin o oğlana, sonalamasın,
Bakılı-makılı axtarmasın...
Ana, qorxma,
Çox özümə qapanmıram şeir yazanda.
Gecələr gözüm açıq qalsa da,
Üstüm açıq qalmır, narahat olma...
Saçlarından öpürəm ana,
Uşaqlığımın ətri gələn saçlarından.
Özünü qoru,
Məndən nigaran qalma.
DƏLİLƏNDİ
Bu eşq nə eşq, O nə yardır?
Qəmim ondan aşikardır.
Mənim iki canım vardır,
Birin görən dəliləndi…
Çilə çəkən sevməzmi heyyy,
Bir gedən bir gəlməzmi heyyy,
Çıldıraraq deməzmi heyyy,
Özün bilən dəliləndi…
Kədər rəhmətdən yoğruldu,
Tamah nəfsimdən doğuldu.
Adəmdən gələn oğuldu,
Həvva sevən dəliləndi…
Gülün ətrin güldən alma,
Torpaqdan al, güldən qalma.
Dünyaya biganə olma,
Burdan köçən dəliləndi…
Öz içimə yolum düşdü,
Özümə dərd olum düşdü.
Sağım düşdü, solum düşdü,
Şeir məndən dəliləndi…
YAĞIŞA
Deyirlər islanıb o küçə yenə,
Göylərə bənd olub yolunu azıb.
Şorgöz kişilərə oxşayan küçə,
Bir yağış xanıma meylini salıb.
Uladı küləklər qulaqlarımda,
Buludlar doluxdu göylər üzündə.
Bax, yenə tozunu almadı yağış,
Döngəsin itirdim küçənizin də.
Yağışlar uçurtdu küçəniz boyu,
Qırılmış qanadın döz deməyimin.
Çəkdi qapınıza kölgəmdən şəklin,
Küçə işıqları gözləməyimin.
Bir it hürüb keçdi səssiz gecədən,
Bir işıq da yandı bir uzaq evdə.
Bir Cırtdan nağıl da eşidib yatdı,
Yağəppək istədi nağıl da Div də.
Bir qız əllərini danlayıb yatdı,
Barmağı qandallı gözü yaşlı qız,
Yatdı, yuxusunda sevdiyi oğlan
Götürüb qaçmadı qızı, ağılsız...
Əlimin yuxusu qaçandan bəri,
Saçını hörürəm gözüyumulu.
Adını dilimdə sayıqlamalar,
Keçdiyin küçələr tutur qolumu.
Bu gecə küsəyən qızcığaz kimi,
Göylərin gözləri süzülən oldu.
Gecənin qoynundan tərləyən yağış,
Bir parça şeirə düzülən oldu.