9 Fevral 2016 17:17
1 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əbu Bəkr məscidinin imam camaatı Hacı Qamət Süleymanovun ateistləri heyvanla müqayisə etməsi həm mətbuatda, həm də sosial şəbəkədə geniş rezonans doğurdu.

İslamda ateistlərin hökmü nədir? İnsanı heyvanla müqayisə eləmək olarmı? Teleqraf.com bu suallara Məşədi Dadaş məscidinin axundu Hacı Şahinlə birlikdə cavab tapmağa çalışdı:

– Hacı, ateistin cəzası dində nədir?

– Qurana müraciət eləsək, insanlar hamısı Allaha inam hissi ilə dünyaya gəlirlər. Yəni Allaha inam hissi insanın daxilində fitrətən mövcud olur. Sonradan müəyyən təsirlərin nəticəsində fərqli dünyagörüşü formalaşa bilər. Bütün hallarda dinimiz, “Qurani-Kərim” fərqli düşüncələrə dözümlü yanaşmağı tövsiyə eləyir. Biz kimisə məcburən Allaha inandıra bilmərik. Bizim – islam inanclı olan hər insanın vəzifəsi Allahı insanlara elmi dəlillərlə çatdırmaqdır. Quranda peyğəmbərimizə müraciətlə deyilir ki, insanları rəbbinə doğru hikmətlə çağır. Yəni Allahın varlığını, haqqı, digər məsələləri dəlil-dəlalətlə, elmi şəkildə sübut elə, insanları əqli, məntiqi arqumentlərə əsaslanaraq inandır.

– Bəs, insan ona tövsiyə olunan inancı qəbul eləmirsə?

– Quranda ayə var ki, dində məcburiyyət yoxdur. Yəni kimlərisə hansısa vasitə ilə, məcburən Allaha inandıra bilmərik. Peyğəmbərimiz özü də bu yoldan istifadə edib, dəlil, məntiq və gözəl moizə ilə, gözəl nəsihət yolu ilə insanlığı rəbbinə doğru çağırıb. Ateistlərə qarşı da hər hansı bir aqressiv münasibət göstərməyə dinimiz icazə vermir.


– Ateist dinə gələndən sonra şübhəyə düşüb yenidən dindən çıxarsa, bunun hansı cəzası var?

– Onun səbəbləri araşdırılmalıdır. Əgər insanı qane edəcək tərzdə, dəlil-sübutla Allaha doğru dəvət ediriksə, onun bu inancdan dönməsi mümkün olmur. Əgər inancdan dönübsə, deməli, müəyyən səbəblər, onu narahat eləyən suallar var. Buna uyğun olaraq həmin adamı qane edən cavablar verilməlidir. Bütün hallarda Allaha doğru dəvət eləmək lazımdır.

– Dində ateist düşüncəyə görə ölüm varmı?

– Quranda vuruşun, öldürün ayələri var. Çox zaman bu ayələr öz kontekstindən çıxarılır. Yəni öldürün dedikdə və ya döyüşün dedikdə ayənin əvvəlində “sizə qarşı vuruşanlarla vuruşun” buyurulur. Yəni kimisə sırf düşüncəsinə görə qətlə yetirməyi dinimiz qadağan eləyir. Bəzən bu mövzuda olan ayələr dediyim kimi kontekstindən çıxarılır və yalnız vurub-tutmaq hissəsi qabardılır. Quranın məntiqi belədir ki, kimlərsə, sizə qarşı vuruşursa, təcavüz edirsə (hansı inancda olmasından asılı olmayaraq), siz də özünü müdafiə olaraq cavab verə bilərsiniz. Amma bəzən bunlar fərqli inanclara mənsub olan insanları öldürün kimi təqdim olunur. Bu isə kökündən yanlışdır. Yəni insanları inancına görə öldürün kimi ayə Qurani-Kərimdə yoxdur.

– İnsanı ateistliyinə görə heyvana oxşatmaq, onunla müqayisə eləmək olarmı?

– Ümumiyyətlə, təhqir eləmək yolverilməzdir. Dinimiz hər hansı bir şəxsi təhqir eləməyə icazə vermir. Bu baxımdan nümunə peyğəmbərimizdir. Onun dilindən təhqir eşidilməyib. Yəni peyğəmbərin, müsəlmanların, ümumiyyətlə, inanclı insanların missiyası başqa insanları da dinə, inanca dəvət eləməkdir. Mömin olan kəs əməli baxımdan başqa insanlara nümunə olmalıdır. Həqiqət yalnız əxlaqi vasitələrlə, gözəl üslubla insanlara çatdırılmalıdır. Yalnız bu üsullarla insanları dinə dəvət eləmək olar. Kimsə dini qəbul eləmirsə, onu təhqir eləyə bilmərik. Kimlərisə inancına görə məsxərəyə qoymaq düzgün deyil. Bu, həm inanclı insanlara, həm də ateistlərə aiddir. Ümumiyyətlə, bəzən görürsən ki, ateistlər tərəfindən də bu cür addımlar atılır. Yəni hansısa təhqiramiz ifadələrdən istifadə edir.

– Təhqir acizlikdirmi?

– Öz inancına çatdırmaq istəyirsənsə, Quranda iki vasitə qeyd olunur: İnasanları gözəl nəsihət və hikmət yolu ilə rəbbinə doğru çağır. Və ya buyurulur ki, onlarla gözəl tərzdə elmi mübahisə edin. Yəni bunlar hamısı təbliğin üslubuna aid olan mövzulardır. Kimlərsə qarşı tərəfi – inanclını və inancsızı təhqir eləyirsə, bu onun acizliyindən yaranır. Belə şeylər dini baxımdan yolverilməzdir.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər