10 Fevral 2016 13:00
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi Üzeyir Hacıbəylinin dünyaca məşhur “Leyli və Məcnun” əsəri uzun illərdir ki, Opera və Balet Teatrında nümayiş olunur. Əvvəllər daha çox yaşlı nəslin ifasında gördüyümüz obrazlar son illər gənclərə də etibar edilir. “Leyli və Məcnun”un gənclərin ifasında təqdimatına çağırışlar həm cəmiyyət, həm də bəzi xanəndələr tərəfindən müzakirə mövzusu olub. Bu yaxınlarda qəzetimizin “Brifinq” layihəsində qonaq olan əməkdar artist, tanınmış xanəndə Fərqanə Qasımova bu operanın yeni versiyada – daha qısa formada təqdimatına diqqət çəkdi. Uzun illərdir ki, beynəlxalq layihə çərçivəsində dünya səhnələrində Leyli obrazını ifa edən xanəndə “artıq Leyli və Məcnun obrazlarını dəyişdirmək lazımdır” dedi: “Bu, mənim böyük arzumdur. Bəzi obrazları çıxarmaqla 3 saatlıq operanı saat yarımlıq etmək olar. Bəzi nüansları sufiləşdirmək mümkündür. Amma bunun üçün böyük rejissor və cəsarət lazımdır. Biz ilk addımı atmışıq. İnanıram ki, bu layihəni izləyənlərdə belə fikir formalaşacaq ki, operamızda mütləq dəyişiklik olmalıdır. Mənə indiyədək “gəlin, Leyli obrazını oynayın” təklifini edən olmayıb. Bu xalqın, elin xanəndəsiyəmsə, nə üçün təklif gəlmir?”

Bu zamana kimi səhnədə Leyli obrazını canlandıran və canlandıra bilməyən xanəndələr obraza olan vurğunluqları və operada nələrin dəyişməli olduğu ilə bağlı fikirlərini “Gündəlik Teleqraf”la bölüşüb.

“Leylini ifa etməyəcəm”

Xalq artisti Nəzakət Teymurova: “Qadın xanəndələrimiz çox mərd olublar ki, bu səhnədə Leylini ifa ediblər. Mənim üçün onların hər birinin öz yeri var. Bu sənəti bizə sevdirdiklərinə görə onlara minnətdarıq. Həqiqət Rzayevadan tutmuş Qəndab Quliyeva, Səkinə İsmayılova, Gülyaz Məmmədoyaya qədər. Bu, əzablı yoldur. Buna dözmək üçün gərək bu sənəti sevəsən, səhnəni duya biləsən. Elə insanlar var ki, səhnədə ifa edirlər və gedirlər. Ad olsun ki, Leylini ifa ediblər. İfaçını da, elə Leyli-Məcnun cütlüyünü də zaman yetişdirib. Məsələn, Arif Babayev-Rübaba Muradova cütlüyü. Mən ilk dəfə Leylini 22 yaşımda ifa etdim. Musiqi Kollecini bitirəndən sonra təyinatımı Opera və Balet Teatrına aldım. Teatrda ilk rolum da Leyli olub. Tamaşaçılar məni Leyli kimi səhnəyə çıxanda görüblər, bəyəniblər, qəbul ediblər. Leylini ifa etmək həmişə arzum olub, amma mən onun hisslərini, əzablarını bilmirdim. İllərlə onun hisslərinə bələd olub, əzablarını daha yaxından anlaya bildim. Gəncin gənc potensialı, zənguləsi var. Amma hiss, səhnəyə alışmaq zamanla xanəndəyə verilir. Mən qərar vermişəm ki, bir neçə ildən sonra daha Leylini ifa etməyim. Səhnədə, həyatda öz əskiklərimi görən biriyəm. Amma dünyanın hər bir yerində opera ifa edənlərin yaş kateqoriyası yoxdur. Çünki bayaq dediyim kimi hiss eləmək, başa düşərək ifa etmək zamanla mümkün olur. Bizə də kənardan çox deyirlər ki, o yaşda Leyli-Məcnun olmaz. Amma onu da qəbul etmirəm ki, səsim varsa, mən mütləq səhnədə olmalıyam”.

“Solistlər arasında konfliktlər olub”

Əməkdar artist Gülüstan Əliyeva: ““Leyli və Məcnun” Şərqin ilk operasıdır. Elə bir əsərdir ki, bütün dövrlər üçün müasirdir. Bu əsər heç vaxt köhnəlmir. Böyük Füzulinin şeirində fəlsəfə var. O qəzəlləri əzbərləməyə başlayandan bugünədək elə dəyişik hisslər kəşf etmişəm ki... Onu hər yaş dövründə bir cür qavrayırsan. Bu da ifaçını başqa məcralara aparır. “Leyli və Məcnun” operası oğlanın bir qıza olan sevgisi deyil, ilahi bir sevgidir. İnsanların Allaha olan eşqi, bağlantısıdır. Füzuli onu bir insanın simasında göstərməyə çalışıb. Üzeyir bəy bunu dərk edib və klassika, muğamların üzərində yaradıb. Muğam dünyəvi musiqi janrıdır. Bütün Avropaya musiqi Şərqdən gedib. Şərqin də musiqisinin kökündə muğamlar dayanır. Hacıbəyli bunu özümüzünküləşdirib. “Leyli və Məcnun”un da qalıcı olmasının əsas səbəbi odur. Bütün ifaçıların ən böyük arzusudur ki, gedib akademik səhnədə “Leyli və Məcnun”u ifa etsin. Bu, onların yaradıcılığının pik nöqtəsidir. Bundan o tərəfi yoxdur. Mən tələbə olanda, Konservatoriyada oxuyanda həmişə teatrlara gedirdik. Müəllimim Arif Babayev Məcnunu oynayırdı, Zeynəb Xanlarova və Səkinə İsmayılova Leylini ifa edirdi. Afişalara baxanda həmişə deyirdim ki, görəsən, mənim də adım bir gün oradan asılacaqmı? Bu operanı ifa etmək özünü dərk edən, sənəti üçün yanan insanların hamısının arzusudur. Uzun illər öncə Leyli obrazına görə solistlər arasında konfliktlər olub. Hətta illərlə bir-birindən küsülü qalıblar, danışmayıblar. Bu gün o hallar yoxdur. Amma sağlam rəqabət yenə var. Bu da təbii haldır, rəqabət olmasa, inkişaf olmaz. Biz bir-birimizin tamaşalarımıza baxırıq, həmkarlarımız hansısa mizanı daha yaxşı edirsə, onu öyrənirik. Bu gün solistlərdə o qorxu yoxdur ki, tamaşama gələn olmayacaq. Çünki artıq tamaşaçı da o tamaşaçı deyil. Seçməyi bacaran, xırda detalı da ifaçıda görən dinləyicilərimiz var. KİV-lər o qədər inkişaf edib ki, tamaşaçını maraqlandırmaq da çətindir. Onu məcbur edib teatra gətirmək mümkün deyil, o, nəyi sevirsə, ona baxacaq. Leylini 4 aydan bir oynayıram. Kənardan dəvət olunmuş Leylilərimiz də oldu. Ona görə teatrımızda solist olaraq çalışan Leylilər bir az gözləməli oldu. Gənc solist Arzu Əliyeva, xalq artistimiz Gülyanaq Məmmədova Leyli rolunu ifa etdi.

“Leylilərin ən gözəli olardı”

Əməkdar artist Nuriyyə Hüseynova: “Bizdə dəb halını alıb, xanəndəsənsə mütləq gedib Leyli oynamalısan. Hamının Leylini oynaması mütləq deyil. Uşaq vaxtı tələbə yoldaşlarımla konsertlərdə bu obrazdan parçalar ifa etmişəm. Hələ mən Bülbül adına orta məktəbdə oxuyanda Niyazi deyirdi ki, artıq bizim Leylimiz hazırdır. Məni həmişə Leyli kimi görmək istəyirdi. Məni tanıyanlar deyir ki, sənin boyun, biçimin, üz quruluşun, cizgilərin Leyliyə uyğundur, heç də düşünmə ki, artıq Leyliyə uyğun deyilsən. Bu söhbətlərdən yoruldum. Mənim də xarakterimdə o yoxdur ki, kiminsə qapısını döyüm, deyim ki, Leylini oynamağa gəlmişəm, mənə şərait yaradın. Bunu heç vaxt edə bilmərəm. Deyirdilər ki, Opera və Balet Teatrına müraciət elə, mən isə onu heç vaxt edə bilmərəm. Onlar məsləhət bilsəydilər, çağırardılar. Orada bir o qədər solistlər var, təbii ki, o toplumun, o çoxluğun içində onların yadına düşə bilməzdim. Bəlkə də Leylini oynasaydım, Leylilərin ən gözəli olacaqdı. Duyduğum, hiss etdiyim Leyli obrazını çox mükəmməl ifa edərdim. Amma olmadı, bitdi. Bundan sonra da Leylini oynamağım eyib olar. Bir dəfə dedim ki, Leyli və Məcnun obrazlarını gənclər oynasa daha yaxşıdır. Sənət adamlarının çoxu məndən incidi. Üzümə deməsələr də, hiss elədim ki, inciyiblər. Azərbaycan səhnəsində kifayət qədər gənc, cavan oğlanlarımız, gözəl səsli qızlarımız var. Düzdür, bəlkə də onların duyumu, hissiyyatı o deyil, oynasalar o obrazı tam təfərrüatı ilə verə bilməzlər. Çünki sevgini insan yaşa dolduqca daha çox anlayır”.

Xalq artisti Aygün Bayramova: “Azərbaycan operaların hamısı gözəldir, amma “Leyli və Məcnun” zirvədir. Ondan o tərəfi yoxdur, heç olmayacaq da. Mövzusu, yəni əbədi məhəbbət həmişə aktualdır. Üzeyir Hacıbəyli dahi bir insan olub. O, milli musiqimizin banisidir. “Leyli və Məcnun” operası o qədər möhtəşəmdir ki... Bunu Leyli rolunun ifaçısı olduğum üçün demirəm. Leyli obrazını çox sevirəm”.

“Ondan danışanda kövrəlirəm”

Xalq artisti Gülyanaq Məmmədova: “Həmişə sual verirdilər ki, niyə Leyli rolunu canlandırmırsınız? Birdən qərara gəldim və Opera və Balet Teatrına getdim. Bilirsiniz ki, mən oranın solisti deyiləm, teatrın direktoru məni yüksək səviyyədə qarşıladı. Dedi ki, ilk dəfə kimsə qapımı açıb Leylini oynamaq istədiyini söyləyir, sizi çox istəyirik, “yox” deyə bilmərik. Teatrın rəhbəri başda olmaqla, bütün kollektivə, rejissora, orkestrə, dirijora, truppaya təşəkkür edirəm. Şükürlər olsun, tamaşam uğurlu alındı. Üzeyir bəyin “Leyli və Məcnun” operası milli operamızın şah əsəridir. Obrazın özü, musiqisində sevgi, kövrəklik, həsrət - hər şey var deyə insan Leylidən doymur. Həmişə düşünürdüm ki, sənətçilərimizin hər biri Leylini 10-15 dəfə oynadıqca bu obraza alışıblar. Amma mən çoxdan bu rola can atırdım, daxilimdə həmişə Leylini canlandırmışam. Həm də Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik ixtisası ilə yanaşı aktyorluq fakültəsini də bitirmişəm. Filmlərimizi də seyr edəndə, tamaşalara da baxanda təbiiliyi sevirəm, obraza ürəkdən yaşantı verəndə səmimi olur. Leylini oynamaq üçün səs kifayət etmir, xanəndə bu obrazı canlandıranda Leylinin iztirabını yaşamalıdır. O, ağlamağı da, sevməyi də bacarmalıdır. Bu əsərdə ata, anaya olan hörmət, tərbiyəvi məsələlər var. Dahi Üzeyir bəy bu əsərdə hər şeyə toxunub. İndi də Leylidən danışanda kövrəlirəm”.

“Axır ki, mənə də nəsib oldu”

Gənc xanəndə Güllü Muradova: “Bu günə qədər səhnəmizdə istər yaşlı sənətkarlarımız, istərsə də gənc sənətçilərimiz Leyli rolunda çıxış edib. Hər bir gənc sənətçinin arzusudur ki, opera səhnəsində bu möhtəşəm sənət əsərində Leyli olsun. Mənə də nəsib oldu. Çox şanslı və xoşbəxtəm. Həmişə sənət yoldaşlarımın təqdimatında “Leyli və Məcnun” operasını izləyirdim, Özüm o əsərdə rol alandan sonra sanki yeni bir aləmə düşdüm və iki qəhrəmana yenidən aşiq oldum”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər