10 Fevral 2016 15:26
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ədəbiyyat adamları arasında sorğu keçirib: “Nə yazırsınız?”

Səslənən fikirləri təqdim edirik:


Murad Köhnəqala: “Son vaxtlar uşaqlar üçün hekayələr yazıram.Yazdıqlarımı Təhsil Nazirliyinə göndərmək istəyirəm, düşünürəm, bu hekayələri orta məktəb tədris kitablarına salsalar çox yaxşı olardı. Bundan başqa, iki romanım var, onları çapa hazırlayıram, redaktə eləməklə məşğulam. Biri "Şəklini mənə göndər" adlı yeni tipli romandı, o birisi isə İsveçdə başıma gələnlər haqdadı”.

Mübariz Örən: “Bu aralar özümə rahat və produktiv görünən "rels"dəyəm, demək olar: axşamlar mütaliə, səhərlər yazı-pozu. Bu, gecə-gündüz kimi bir şeydir, biri-birini uğurla tamamlayır və bir-birlərinə etibarlı dayaq olur, adamı tükənməyə, usanmağa, öz mətnindən bezməyə qoymur. Hazırda başıbəlalı bir povest (uzun hekayə) üzərində işləyirəm. Başıbəlalı ona görə ki, bu, itmiş başqa bir hekayənin "xarabalıqlarında" boy atan bir mətndi və hələ janrı, həcmi dəqiq müəyyən deyil; hekayəlikdən çoxdan çıxıb və görünür ki, povestin də qəliblərinə sığışmır. Görək...”

Rasim Qaraca: “Hal-hazırda bir hekayə yazıram, adı belədir: "Mənim həyatımı yaz". Bir nəfər öz həyatını danışır, ancaq yazıçı yazmaq istəmir, adam əl çəkmir, hey danışır, deyir mənim həyatımı yaz. Nəticə olaraq ortada yazıçının yazmaq istəmədiyi bir hekayə var. Hekayə janrında gənc yazarlara bir klass göstərmək məqsədiylə bunu yazıram”.

Əsəd Cahangir: “Yaya qədər bir neçə yeni kitabımı dərc etmək istəyirəm. Elçinin "Baş" romanı haqda "Baş"lanğıc" adlı irihəcmli məqaləmi artıq bitirmişəm. "525-ci qəzet"də dərc etdirəcəm. Hazırda Həmid Hersçinin "Solaxay" romanı haqda "Məlik Həmidin nağılı" adlı məqalə üzərində işləyirəm. Əgər qismət olsa, planımda bir neçə yazı var: Murad Köhnəqalanın "Yuxular" kitabı haqda məqalə; gürcü yazıçısı Yekaterina Qabaşvilinin "Maqdananın Göygözü" povesti ilə Cəlil Məmmədquluzadənin "Eşşəyin itməkliyi" povestinin müqayisəli təhlilinə həsr olunan araşdırma. Ümumən isə perspektivdə post insan ideyası ilə bağlı araşdırmalar durur. Bu barədə ilkin manifestasiya artıq verilib. Gələn həftə bu mövzu ilə bağlı edəcəyim məruzə demək olar ki, hazırdır. Bununla əlaqədar müxtəlif kanallarda televiziya çıxışları da istisna deyil”.

Fərid Hüseyn: “Şeirlər kitabımı çapa hazırlayıram”.

Vüsal Nuru: “Bir yazıçının işi ancaq yazmaqdı. Odur ki, sadəcə yazmaqla məşğulam. Bildiyiniz kimi “Azərbaycan” jurnalının doqquzuncu sayında "Dorantağ" adlı yeni fantastik romanım çap olundu. AYB-nin katibliyində roman müzakirə edildi və "Ulduz" jurnalında həmin müzakirənin mətni çap olundu. Jurnal ölkənin müxtəlif yerlərində yerləşən oxuculara çatdığı üçün romanı onu oxuyanlardan xoş təəssüratlar alıram, bu da yazmaq üçün böyük stimul verir.

Hazırda yeni roman yazıram. Hesab edirəm ki, bu ilin payızında yenə “Azərbaycan” jurnalı vasitəsilə təqdim edəcəm. Ssenri yaradıcılığını da ədəbi fəaliyyətim hesab etdiyimdən qeyd edim ki, tammetrajlı bir bədii filmin ssenarisini bu yaxınlarda bitirib təhvil vermişəm. Film istehsala buraxılıb, çəkiliş gedir. Hərdən dəmi gələndə şeir yazıram. Bəzən bir mövzu məni hekayə yazmağa məcbur edir. “Azərbaycan” jurnalının birinci nömrəsində "Luvrda hadisə" adlı hekayəm çap olunub. Çalışıram hər gün yazım, daha çox yazım. Məqsədim Azərbaycan fantastik ədəbiyyatını inkişaf etdirməkdir. Hesab edirəm ki, bu missiyanı öz üzərimə götürmüşəm. Odur ki, ölməmişdən əvvəl öhdəliyimi yerinə yetirməyə çalışıram”.

Ramil Əhməd: “Davamlı olaraq sevdiyim, ölkəmizdə tanınmasını istədiyim kitablar və filmlər barəsində məqalələr yazır, ara-sıra kiçik esse, hekayə və şeirlər tərcümə edirəm. İki ildir ki, Şekspir haqqında bir kitab yazmağı düşünürəm. Onunla bağlı qeydlər aparır, kitabı hissə-hissə tələsmədən yazıram. Şeir yazmaq barəsində isə konkret vaxt yoxdur. Bəzən bir aya iki şeir yazıram, bəzən də üç-dörd aya bir misra belə yaza bilmirəm. Ümumən isə yazmaqdan çox mütaliəyə, həftəsonları film izləməyə üstünlük verirəm. Yazılar arasında uzun fasilələr olsa da, son üç ildə kitab oxumadığım gün olmayıb”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər