10 Fevral 2016 17:25
1 553

Teleqraf.com tanınmış şair Faiq Balabəyli ilə müsahibəni təqdim edir:

Tanınmış şair Faiq Balabəyli ilə bugünlərdə Cəlilabadda görüşdüm. Seyrangahdakı çay evlərinin birində üz-üzə oturub söhbət etdik. Daha doğrusu, bu dəfə onu söhbətə çəkdim, suallar verdim, cavablarını aldım. Yaxın günlərdə 52 yaşı olacaq şairin könül dünyasına işıq tutdum:

- Faiq müəllim, xoş gördük səni, necəsən?
- Gördüyün kimi… Əslində, görmək istədiyin kimi olmaq istərdim. Bir az yorğunam, bir az əzgin, amma daha çox şirinəm. Bir az da şəkərəm. (Gülür)

- Maşallah, görünüşün, əhval-ruhiyyən əzgin və yorğun olmağından xəbər vermir. Həm də səni səmimi insan, sədaqətli dost, istedadlı şair və gözəl ailə başçısı kimi tanıyıram. Yanılmıram ki?
- Vallah, indi mən durum təvəzökarlıqdan uzaq olum, deyim ki sadaladıqlarının hamısı düzdür, bu, düz olmaz… Amma düşünürəm ki müşahidələrin səni aldatmayıb. Səmimilik mənim genimdən gəlir. Dostcanlıyam, dostlarım da çox sədaqətlidir. Bir ata, ailə başçısı olaraq isə mən təvəzökar olsam da hamıya özümü nümunə göstərərəm, bu baxımdan yanılmamısan. Qaldı ki şairliyimə, onu sizlər deyin. Mən nəyi necə bacarıramsa o cür də edirəm. Tanrının verdiyindən artıq istedadın həsrətini çəkmirəm.

- Gəl, uşaqlıq illərindən başlayaq. Kənd uşaqları əksər halda nadinc böyüyürlər. Bəs sən necə uşaq olmusan?
- Vallah, anam mənə qəzəblənəndə deyərdi ki, sən vətən xaini olacaqsan. Niyə? Çünki həyət-bacada iş görmək mənə çox ağır gəlirdi, tənbəl idim. Pomidor şitillərini suvaranda bilərəkdən rezin boru ilə ziyanlıq edirdim, şitilləri sındırırdım ki bir daha mənə iş buyurmasınlar. Yaxud da anam məni susqun olmağıma görə cəzalandırırdı. Məndən böyük qardaşım nə isə bir xəta edərdi və “uf” demədən “Faiq elədi” deyərdi. Mən isə özümü müdafiə etməzdim, bir halda ki, o belə istəyir, qoy belə də olsun, düşünürdüm. Anam deyir ki, sənə qəzəbim tuturdu ki, özünü müdafiə edə bilmirsən, həyatda sənə çətin olacaq. Kəndin içindən isə haqqımda hər gün nadincliyim haqda evimizə şikayətlər gələrdi.

- Küsməklə aran necədir? İstər uşaqlıqda, istərsə də elə bu yaşında, bununla bağlı maraqlı bir xatirən varmı?
- Küsmək yox, heç yadıma gəlmir ki, kimdənsə, nədənsə küsəm… Amma utanmaq, qorxmaq yadıma gəlir. Mən uşaq vaxtlarımda çox sarışın idim. Hətta rəhmətlik Surət kişi mənə “urus” deyirdi. Bizim kənd xəstəxanasında qonşu kənddən Mariya adlı bir qadın işləyirdi. Kök və gözəl qadın idi. Atamla zarafatları vardı, bizə gəlib gedərdi. Məni inandırmışdılar ki, onun oğluyam.

Bir dəfə yenə də o bizə gəlmişdi. Anam dedi ki, ay matişkə Mariya, belə deyirdin, götür oğlunu apar, bizim sözümüzə baxmır.

Mariya aparacam deyəndə, qorxdum və ailəmdən çox incidim. Qapının ardında gizləndim. Gözlədim, ara sakitləşəndə yavaşca gəlib anamın ayaqlarını qucaqladım, üzümü dizinə sürtdüm: “Məni ona vermə, daha səni incitmətmərəm”, – dedim.

Bir dəfə də anamgil qonşu Alar kəndində Ətlaz nənə dediyimiz uzaq bir qohuma baş çəkməyə gedirdilər. Ağladım, düşdüm dallarınca. Andrevkaya – indiki Qarazəncir kəndinə çata-çatda kəndlilərimizdən biri soruşdu ki bu uşağı hara aparırsınız? Anam dedi ki, burda anası var, Mariya, ona verəcəm. Onun belə deməsi ilə mənim geriyə qaçmağım bir oldu. Üç km məsafəni ağlaya-ağlaya qaçmışdım onda.

Elə bu gün də hansısa nadan adamın hərəkətləri məni incidə bilir. Özü də çox inciyirəm. Ürəyimə salıram. Dəfələrlə olub ki, haqqımda şər-böhtan danışıblar, özü də elə adamlar ki, mənim onlara ancaq yaxşılığım dəyib.

- Nə deyib səni incik salırlar?
- Danışmaq da istəmirəm. Bax kəndimizdən, rayonumuzdan olan hansısa məmurdan hansısa reket, dılğır bir jurnalist yazır, mənə çıxırlar, xahiş edirlər, o jurnalistlərlə görüşürəm, işlərini yoluna qoyuram, haqlarında gedən qərəzli yazıları düzəldirəm. Bu, əleyhimə işləyir. Deyirlər niyə səni tanıyırlar? “Bəlkə, burda nəsə var”, – deyib qanımı qaraldırlar. Bax bu, məni çox incidir. Nadan adamdılar…

- Faliq müəllim, səni yaxşı tanıyırıq, necə təəssübkeş olduğunu da bilirik. Boş ver bunları. De görüm, məktəb illərin haqqında nə deyə bilərsən? Axı, məktəb illəri insanın xatirindən heç vaxt silinmir. Birinci sinifə getməyini xatırlayırsanmı?
- Kəndimizdəki oxuduğum məktəbə lap kiçik yaşlarımda böyük qardaşım Yaşar müəllim məni aparıb. Qış vaxtı idi, yer də palçıq. Qardaşım məktəbə hansı işləsə bağlı getmişdi. Məktəbin pilləkənlərindən yuxarı qalxıb qapını açdı, içəri keçdik. Mən elə qapının ağzında ayaqqabılarımı çıxardım, evimizdə olduğu kimi. Dəhlizdəki qızlar lağ etdilər, “ayaqqabısını çıxarıb” dedilər…

Məktəblə bağlı xatirələrim çoxdur. Bu yaxınlarda müəllimim olmuş Əbülfət müəllimə deyirəm, fikirləşirəm, yadıma sala bilmirəm ki, hansısa müəllimim məni vurmasın. Görünür, çox dəcəl olmuşam. Sinifdə baş verən xoşagəlməz hadisələrin ssenarisi mənlik olardı.

- Valideyinlərinin sənə münasibəti necə olub?
- Əsl valideyn kimi. Atam-anam bizi çox istəyib. Üstümüzdə əsim-əsim əsiblər. Ağır da olsa, çətin də olsa bizi yaşadıb, oxudublar. Atam rəhmətlik ipək kimi adam olub. O həm də güclü yumor hissi olan adam idi. Mən ona çox oxşayıram. Bütün mənalarda.

- Ailəniz barədə nə deyə bilərsən? Atan-anan, bacı-qardaşların barədə məlumat verərdin…
- Atam-anam sadə kənd adamları, zəhmətkeş insanlar olub. Atam erkən dünyasını dəyişib. Elə mən yaşda. Anam çox əzabkeş qadın olub. İndi nəvələrinin, balalarının durumu, yaşamı onun toxtaqlıq tapdığı əsas məqamdır. Atam biz körpə olanda həmişə nağıl, dastan danışardı, şeir oxuyardı, kiçik bacı-qardaşlarım üçün layla dediyi vaxtlar da olub. Amma o çox zəhmətkeş adam idi çox. İndi düşünürəm ki, onun kimi ata olmaq əsl ata olmaq deməkdir. Qardaşlarım da ailəmizə, nəslimizə layiq övladlardır. Böyük qardaşım Yaşar müəllim rayonumuzda və kənar rayonlarda da çox böyük hörmət sahibidir.

- Faiq müəllim, sən nə vaxtdan yazırsan? İlk yazdığın şeir hansı olub? Ədəbiyyata həvəs, maraq səndə nə vaxtdan yaranıb? Ümumiyyətlə, ailənizdə, nəslinizdə yazı-pozu adamı olubmu?!
- İlk yazım məktəb illərinə təsadüf edir. 7-8-ci sinifdə oxuyanda tay-tuşlarım yazdığım həcvləri əzbər söylərdilər. Ciddi yazılarımı utanırdım araya çıxarmağa.

İlk dəfə 8-ci sinifdə oxuyarkən ədəbiyyat müəllimim Haqverdi müəllimə bir şeir göstərdim. Oxudu, “sən şair olacaqsan”, – dedi. Görürdüm ki, o mənimlə daha həssasdır, istiqamət verir. İlk şeirlərimi Böyükxan Bağırlı rayon qəzetində dərc etməyə başladı. O ki qaldı ailəmizdə ədəbiyyatçı olub-olmamasına, məndən böyük qardaşlarım, elə kiçik qardaşım da şeirlər yazırdı. Balabəy qardaşım dərc də olunurdu. Yaşar müəllim isə ədəbiyyata güclü marağı ilə seçilirdi, baxmayaraq ki, o riyaziyyatçıdır. Mən balaca olanda onun şeiri bərkdən oxumasına valeh olurdum. Saatlarla dinləyərdim ki, o dərsə hazırlaşdıqda yüksəkdən şeir oxusun.

- Sən nədən qorxursan?
- Doğrusu, zəmanə çox ağırdır. Balalarım, qardaşım uşaqlarının bu qarışıq vaxtları necə keçirəcəyindən qorxuram. Ətraf namərd insanlardan xali deyil. Mən bir dəfə o namərd adamların qurbanı olmuşam. Amma həyat məni necə təlatümlərə salıbsa, dar ayaqda belə özümdə olmuşam. Bu, həqiqətən belədir. Amma mənə elə gəlir ki, o uşaqlarda bu dözüm ola bilməz. Biz onları xeyirxahlığa, ədalət hissinə bələyib böyütmüşük, tərbiyə vermişik. Deməmişik ki, ətrafda naqislər var və necə qorunmaq gərəkdir. Açığı, uşaqlarıma yaxşı tərbiyə verdiyimə görə qorxuram.

- İlk kitabın hansıdır və nə vaxt nəşr olunub? Hazırda neçə kitabın işıq üzü görüb?
- İlk şeirlər kitabım 1993-cü ildə nəşr olunub. Ümumilikdə, 6 kitab müəllifiyəm…

- Səninlə bağlı məlumat toplayarkən mətbuata verdiyin müsahibələri oxudum, tələbələrlə, məktəblilərlə keçirtdiyin görüşlərlə bağlı az da olsa məlumat əldə edə bildim. Mənim üçün maraqlıdır, yaradıcılığınla bağlı oxuduğun orta məktəbdə, rayonda bir tədbir və yaxud görüşlər təşkil olunubmu?
- Bakıda belə görüşlər çox olub. Rayonumuzda isə yox. Haqverdi müəllim kənd orta məktəbində direktor işləyəndə belə bir görüşü planlaşdırırdı. Amma sonradan o, vəzifədən getdi.
Rayonda isə, gərək siz dostlar bir hərəkət edəydi. Rayon İcra başçısı Əziz Əzizov bu haqda bir dəfə dedi. Yazar dostlarımızın məşğul olmasını tövsiyə etdi. O zaman 50 yaşım tamam olurdu. Alınmadı. İndi isə fevralın 23 də 52 yaşım tamam olacaq…

- Ədəbiyyatdan məlumdur ki, əksər şairlər yaradıcılıqlarının müəyyən vaxtlarında şeirdən nəsrə keçiblər. Bu hal sənin yaradıcılığında da nəzərə çarpır. Yeri gəlmişkən, sənə bu barədə bir sual verim, şeir yazmaq asandır, yoxsa məqalə, hekayə?
- Mənim üçün şeir yazmaq çətin olmayıb. Şeir içimdə bişib, hazır olub və vərəqə köçüb. Məqalə, yaxud nəsr əsərləri yazmaq adamın canını alır desəm, şübhə etməyin. Mənim işlədiyim, yazdığım layihələr, əslində, elə nəsr əsəri nümunələridir.

- Oğlun Tural da gözəl şairdir, yaxşı şeirləri var. “Atalar-oğullar” məsələsinə necə baxırsan?
- Turalın yaxşı şeirləri çoxdur. Biz müxtəlif ədəbi nəsllərin nümayəndələriyik. Yazı üslublarımız da fərqlidir. O, şair kimi məndən daha güclüdür.

- Peşman olduğun, nədənsə xəcalət çəkdiyin anlar olubmu?
- Peşman olduğum vaxtlar çox olub. Amma xəcalət çəkəsi iş heç vaxt görməmişəm. Nə etmişəmsə daxili inamımın diqtəsi ilə etmişəm, səhv olubsa əgər bunu özüm-özümə bağışlamışam ki, bilməmişəm. Amma bilərəkdən nə isə səhv hərəkətə rəvac vermərəm.

- Sənin təsəvvüründə insan necə olmalıdır? Faiq Balabəylinin tərifdən xoşu gəlirmi?
- İnsan ləyaqəti, sözünün düzlüyü, içinin saflığı ilə tanınmalıdır. Tərifdən isə xoşum gəlir. Düşünürəm ki edilən tərif, olunan alqış insanın əməllərinə verilən dəyərdir.

- Deyirlər, yazıçılar, şairlər tənhalığı sevir. Sənin üçün tənhalıq nədir?
- Hansısa məqamda tənha qalmaq keçir könlümdən. Qalıram da… Amma hər gün saat 5-dən sonra evimə, balalarımın yanına tələsirəm. Mən tək qalanda da tənha olmuram.

- Siyasətlə aran necədir? Şairin siyasət adamı olması məsələsinə necə baxırsan?
- Bütün yazarlar siyasət adamıdır. Hər birinin əsərində bu boy verir. Mən isə həm də ciddi siyasətlə də məşğulam, VHP-nin siyasi şurasının üzvüyəm.

- Bir sıra xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmusan, yadda qalan xoş məqamlar, xatirələr olubmu?
- Çox olub. Türkiyədə olmuşam və təəssüratlarımı bir kitaba sığdıra bilmişəm. Yaxınlarda işıq üzü görəcək.Tatarıstan səfərim də maraqlı olub. Hazırda Tatarıstanda və Özbəkistanda şeirlərim dərc olunmaqdadır. Özüm də tarar və özbək şairlərini tərcüməsi ilə məşğulam.

- Maraqlıdır Faiq Balabəyli dua edərkən Allahdan nə istəyir?
- Heç nə istəmirəm. Allah bizə nə nə qədər lazımdırsa daha artığını və gözəlini verib. Qoruyub-saxlaya bilmirik. Nə torpağımızı, nə sərvətimizi… Mənəvi aşınma da gedir… Günah özümüzdədir… Allahdan nə isə istəməyə adamın üzü gəlmir.

- Faiq müəllim, deyirlər şairlərin, yazıçıların sevgiləri çox güclü olur. Bu barədə sən nə deyə bilərsən?
- Həddindən artıq. Bilənlər bilir, mən sədaqətli adamam.

- Sədaqətli adamla həddindən artıq sözləri uyuşmur, Faiq müəllim.
- Mənim sədaqətli olmağıma şübhə etmə, dost. Sevgim isə çox böyükdür, sevgililərin olmasını soruşsaydın, yox deyərdim (Gülür)

- Dostların kimlərdir?
- Dost dediyin ya bir olar, ya iki deyiblər. Dostlarım çoxdur. Adlarını sadalamıram, özləri yaxşı bilir.

- Sən xoşbəxtsənmi? Ümumiyyətlə, xoşbəxtlik anlamı nədir?
- Mənim bir şeirim var: “Mən yazıq adamam, bədbəxt adamam”. Əgər hansısa məqamda yazıqlığımı dilə gətirə bilirəmsə, çəkinmirəmsə bu, yaxşı haldır. Amma ümumilikdə götürəndə xoşbəxtəm demək çətin olur. Məni xoşbəxt kimi görürlər. Demək bu, belədir.

- Şeirlərini, maraqlı yazılarını sevə-sevə oxuyuruq. Sən özün necə, mütaliə edirsənmi?
- Mənim mütaliəm hər zaman olub. İndi əlimə düşəni yox, ürəyim tələb edəni oxumağa üstünlük verirəm.

- Neçə illərdir ki, Bakıda yaşayırsan. Bakını, dənizi sevirsən. Bakı necə, səni sevirmi?
- Biz Bakını sevək, dənizi sevək və bu sevginin qarşılığını görəcəyik. Mənim şəhərim daha gözəl olacaq, hələ bu nədir ki? Bütün dünya ona sevgi yaşadacaq, həsəd çəkəcək.

- Biz həmişə səninlə fəxr etmişik. Bəs Faiq Balabəylinin Cəlilabad ədəbi mühitinə münasibəti necədir?
- Çox sağ olun. Vallah, utandım. Mənimlə fəxr edən varsa, demək boşuna yaşamamışam. O ki qaldı, Cəlilabad ədəbi mühitinə münasibətimə, sizcə, bu, necə ola bilər? Böyükxan Bağırlı, Ədalət Salman, Meyxoş Abdullah, Bilal Alarlı, Misir Alarlı, Əlizadə Nuri, Əlirza Həsrət, Bəlafət Səfa, Böyüş kişi, Usta Veysəl, Ələddin Əzimov, Gülbala Teymur imzaları ölkədə və onun hüdudlarından kənarda tanınır, bu, məni ancaq sevindirir. Salam, Saday Şəkərli, Cavid Zeynallı, Anar Amin, Aqşin Yenisey, Tural Balabəyli, Sabir Yusifoğlu, Faiq Hüseynbəyli, Emin Piri, Günay Umud, Elşad Barat və digər cəlilabadlı yazarlar da Bakıda ədəbi fəaliyyəti ilə məni sevindirirlər.

- Sonda arzu-istəyini, soruşa bilmədiklərimizi bilmək maraqlı olardı? Nə isə demək istədiklərin varmı?
- Nə soruşdun dedim, yaxşı-pis – bunu bacardım. Sonda sənə demək istəyirəm ki, bu, nə xəcalət idi verdin mənə? Müsahibə götürdün məndən. Axı mən özüm daha çox başqalarından müsahibə götürməyə üstünlük verirəm.
Sənin verdiyin müsahibə, götürdüyün müsahibələrə dəyər, Faiq müəllim. Buna görə biz sənə çox sağ ol deyirik.

Meyxoş Abdullah


Müəllif: