Teleqraf.com rejissor Mirbala Səlimli ilə müsahibəni təqdim edir.
Mirbala Səlimli 1985-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirib. Məşhur rus kinorejissoru Aleksey Germanın tələbəsidir və onun çəkdiyi “Allah olmaq çətindir” filmində təcrübə keçib. 2003-2004-cü illərdə AVANTI proqramı çərçivəsində kinorejissor K.Zanussi və kinodramaturq D.Benkedən və 2006-2007-ci illərdə İFA-SC proqramı çərçivəsində kinodramaturq Kler Daunzdan ustad dərsləri alıb. 1985-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. 2009-cu ildə Jan Batist Molyerin “Xəsis” komediyasının quruluşuna görə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 2012-ci ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
-Səbirsizliklə gözlənilən “Qırmızı bağ” nə zaman təqdim olunacaq?
-“Qırmızı bağ” filminin istehsalı tam olaraq bitib. Mənə deyiblər ki, bu ay filmin ilk nümayişi olacaq. Artıq film nazirlik tərəfindən qəbul olunub və bundan sonra festivallara göndəriləcək.
-Səhv etmirəmsə film əcnəbi ölkələrdən birində nümayiş olunub.
-Xeyir, hələki, film heç yerdə nümayiş olunmayıb. Filmə ancaq nazir və nazirlik nümayəndələri baxıb.
-Filmin hansı festivallar üçün nəzərdə tutulduğunu bilirsinizmi? Yoxsa bununla istehsalçılar məşğul olur?
-Bu işlə “Azərbaycanfilm” kinostudiyası məşğul olur. Hazırda onlar festivallarla əlaqələr yaradıb, onlara filmi təqdim edirlər. Bu işə yanvar ayında başlanılıb.Əsasən də böyük festivallara göndərmək nəzərdə tutulub.
-Bəzi rejissorlar “Mən festivallar üçün film çəkmirəm” deyirlər. Siz də eyni fikirdəsiniz?
-Onu kimin və hansı məqsədlə dediyini bilmirəm. Əgər konkret söhbət “Qırmızı bağ” dan gedirsə, deməliyəm ki, bu film festivallar üçün nəzərdə tutulub. Art-house filmidir. Nazir də onu bu cür qiymətləndirib və tapşırıq verib ki, film nüfuzlu festivallara göndərilsin. “Qırmızı bağ”ın mövzusu əbədi mövzudur. Burda qoyulan problemlər ədəbidir. Və filmdəki mövzular milliyyətindən, dinindən asılı olmayaraq insanlığa mesajdır.
-Belə olmasaydı mövzu aktuallığını itirə bilərdi. Bildiyim qədər ssenari illər öncə yazılıb.
-Bəli, ssenari çoxdan yazılıb. Amma film istehsalatda olan müddətdə onun ən son versiyası hazırlandı. Filmdə əsas temalardan biri təbiətlə insanın qarşılıqlı yaşama prinsipləridir . İnsanın dərmanının məhz təbiətdə olması fikri daha çox diqqət çəkir. Təbiət bizi yaradırsa onun dərmanını da yaradır. Bir sözlə, bizim dərmanımız təbiətdədir.
-Filmin treylerinə rast gəlməmişəm.
-Hazırda filmin afişasının üzərində işləyirik. Filmin treylerinin biri hazırdır, o da ancaq festivallar üçün nəzərdə tutulub.
-“Qırmızı bağ”ın saytı olacaqmı?
-Yəqin ki, yox.
-Mirbala müəllim, “Qırmızı bağ” filmi Rusiya ilə birgə istehsaldır. Birgə istehsal Azərbaycan kinosuna nə verir?
-Birgə istehsal dünya kino prosesində həmişə olub və indi də var. Birgə istehsal çox gözəldir. Bu kinonun inkişafına çox böyük köməklik göstərir. Təsəvvür edin ki, bir filmin ətrafında başqa-başqa ölkənin insanları yığışır, təcrübə mübadiləsi aparır. Mənə elə gəlir ki, Azərbaycan kinosu bu yönümdə daha böyük işlər görə bilər. Hətta bu, bizim kinomuz üçün vacib bir prosesdir. Çünki bizdə mütəxəssislərin yetişməsi, onların dünyagörüşünün formalaşması, ixtisası üzrə daha da təkmilləşməsi üçün vacib şərtdir. Kinematoqrafçılar başqa ölkədən gələndə bizdən nəsə öyrənirlər, biz onlardan nəsə öyrənirik. Birgə istehsal həm də filmə geniş auditoriya qazanması üçün vacibdir. Bu həm də Azərbaycan kinosunun reklamı üçün lazımlıdır.
-Daha öncə bir neçə birgə istehsal olunan filmlərimiz oldu. “Mahmud və Məryəm”, “Qorxma mən səninləyəm” və s. “Qırmızı bağ” məhz birgə istehsal baxımından onlardan nə ilə fərqlənəcək?
-Mənim filmimdə əsas yaradıcı hissə biz özümüzük. Ssenarist- rejissor azərbaycanlı yəni mənəm və bütün yaradıcı heyət mənim ətrafıma toplaşıb. Mən də öz ətrafıma həm Azərbaycandan, həm də Rusiyadan çoxlu yaradıcı insanları toplamışam. Və həmin o mübadilə bizim filmimizdə öz yerini tapıb. Mən birgə istehsalatı belə görürəm. Biz həm öyrənməli, həm də bildiklərimizi, təcrübəmizi bölüşməliyik.
-Azərbaycanda film istehsalı dünya kino istehsalından nə ilə geri qalır? Biz nədə uduzuruq?
-Biz dünyadan əsasən texnoloji baxımdan geri qalırıq. Təəssüf ki, hələ də yüksək texnologiyanı Azərbaycana gətirə bilməmişik. Bizim tam gücü ilə işləyən studiyamız olmalıdır. Və ora müasir texnoloji avadanlıqlarla tam təchiz olunmalıdır.
-Bəs bu çatışmazlığımız sizin filmə necə təsir etdi?
-Bu baxımdan çətinlik çəkmədik. Çünki texnoloji təchizatımızı Moskva studiyaları ilə birgə aradan qaldırdıq. Filmin post- prodakşn mərhələsi Sant -Peterburqda oldu. Texnikanın çox hissəsini Moskva studiyasından gətirmişdik. Ona görə də biz texnoloji problem yaşamadıq. Amma kinomuzun inkişafı üçün yeni texnologiyanın olması şərtdir.
-Son illər Azərbaycanda çəkilən və bəyəndiyiniz filmlərdən danışaq. Diqqətinizi çəkən filmlər varmı?
-Mən ad çəkib, kimisə fərqləndirmək istəmirəm. Mənə elə gəlir ki, Azərbaycanda kino inkişaf edir. Maraqlı filmlər çəkilir və festivallarda müvəffəqiyyətlə nümayiş olunur. Kino öz tempi ilə inkişaf edir. Amma kino prosesi elə dərin, elə çətin prosesdir ki, ondan tez nəticə gözləmək lazım deyil. Mən şəxsən bilirəm ki, həmkarlarım, dostlarım da çox yaxşı filmlər çəkirlər, çalışırlar və çox müvəffəqiyyətlə işləyirlər. Mən Azərbaycan kinosunun gələcəyinə çox optimist baxıram.
-2000-ci illərdə yaranan və indiyə qədər fəaliyyət göstərən prodüser mərkəzlərimiz ola –ola hələ də “Azərbaycanda prodüser kinosu varmı” sualına cavab axtarırıq. Buna necə ad verək?
-Azərbaycanda prodüser kinosunun inkişafı üçün müvafiq qanunlar olmalıdır. Ki, prodüserlər banklar yaxud fondlar vasitəsilə pul alıb, onu filmə yönəltsinlər və daha sonra nümayiş etdirib gəlir əldə etsinlər. Bu proses hələki Azərbaycanda yaxşı inkişaf etməyib. Mənə elə gəlir ki, gələcəkdə bu da qaydasına düşəcək, müvafiq qanunlar qəbul olunacaq.
-Bəs Mirbala müəllim “Qırmızı bağ”ın bütünlüklə prodüser filmi olmasını istəyərdimi?
-“Qırmızı bağ” yarı dövlət, yarı prodüser filmidir. Çünki Moskva tərəfindən filmdə əməyi olan prodüser- Timur Vaynşteyn filmə xərclədiyi pulu dövlətdən almayıb.
-Film Bakıdan əlavə harada nümayiş olunacaq?
-Filmin Bakıda, Moskvada və Şəkidə nümayiş olunması planlaşdırılır.
-Belə demək mümkünsə artıq bu filmlə vidalaşırsınız. Növbəti film üçün zəmin yaranıb?
-Hazır ssenarilərim var. Görək onları nə vaxt reallaşdıracağıq.
-Gələk, sizin teatrdakı fəaliyyətinizə... Ötən ilin sonlarında siz Haldun Taner medalı ilə təltif olundunuz.
-Bəli, bildiyiniz kimi “TÜRKSOY” 2015-ci ili böyük türk dramaturqu Haldun Tanerin ili elan etmişdi. Bu münasibətlə Şəki Dövlət Dram Teatrı Haldun Tanerin 100 illiyinə dramaturqun “...Və Dəyirman Dönərdi” əsərini hazırladı. Onu da deyim ki, dramaturq Haldun Tanerin əsəri Azərbaycanda ilk dəfə olaraq Şəki Dövlət Dram Teatrında səhnəyə qoyulub.Ötən ilin dekabrında Haldun Taner ili çərçivəsində həyata keçirilən layihələrə Şəkidə yekun vuruldu. Bu, bizim üçün çox önəmli, tarixi hadisə idi. TÜRKSOY- un sədri Dusen Kaseinov Şəkidə tamaşaya baxandan sonra dedi: “kiçik bir şəhərdə böyük bir teatr gördüm”. Çox təəccüblənmişdi. Bizi Türkiyəyə dəvət etdilər.
-Baş rejissoru olduğunuz teatrda nə yeniliklər var?
-Bu il teatrda güclü əsərlərə quruluş vermək fikrindəyik. YUNESKO 2016-cı ili İmaməddin Nəsimi və Molla Pənah Vaqif ili elan edib. Hazırda teatrda Səməd Vurğunun “Vaqif” əsərinin üzərində iş başlayıb. Onun rejissoru Mərdan Feyzullayevdir. Mərdan Moskva teatrının rejissorudur, həmyerlimizdir. May ayından etibarən Hüseyn Cavidin “Şeyda” əsəri üzərində işə başlayacağıq. Bu il ən böyük layihələrimiz bunlardır. Sentyabr ayında isə Şəkidə ikinci beynəlxalq teatr festivalı keçiriləcək. Teatr olaraq da o festivala ciddi hazırlaşırıq.
Nərmin Muradova