Xalq artisti Ramiz Əzizbəylini evində ziyarətimiz Sevgililər Gününə təsadüf etmişdi. O, səhhəti, yaradıcılığı ilə yanaşı həyat yoldaşı Zümrüd Əzizbəyli ilə tanışlığından, ailə qurmasından da danışdı.
- Ramiz müəllim, yaxşı görünürsünüz. Yenidən fəaliyyətə başlamaq istərdinizmi?
- Beş il əvvəl filmə çəkilmək üçün dəvət oldu. Üç il əvvəl “Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyası tərəfindən Heydər Əliyev Sarayında 65 yaşım qeyd edildi. Buna görə onlara təşəkkürümü bildirirəm. Zal tamaşaçılarla dolu idi. Professoram, İncəsənət Universitetində kafedra müdiri olmuşam. Artıq təqaüddəyəm, işləmirəm. İncəsənət Universitetinə müəllim kimi getdim, professor kimi çıxdım.
- Hazırda oynamaq istədiyiniz, arzusunda olduğunuz obraz varmı?
- Oynamaq istədiyim obraz həddindən artıq çoxdur.
- Bəzən aktyorlar müəyyən vaxt keçdikdən sonra deyirlər ki, istədiyim bütün rolları oynamışam...
- Elə demək düzgün deyil.
- Deməli, o tükənib?
- Bəli, onun kitabı bağlanıb. Mən oynamaq istəyirəm. Amma sağlamlığım icazə vermir.
- Müalicəniz davam edirmi?
- Bəli, müalicəm davam edir. Məni uzun sürən xəstəlik tapıb. Üç dəfə iflic keçirmişəm, əməliyyatdan sağ çıxmışam. Düzələrəm, inşallah.
- Sənət adamlarından kimlər sizi ziyarət edir?
- Bütün Ramizsevərlər gəlir. Dost-tanışlarım, qardaşlarım çoxdur. Mənə baş çəkməyə gələnlər yetərincədir.
- Ramiz müəllim, tələbələriniz vəfalıdırmı?
- Vəfalıdırlar. Xəstəliyimə görə universitetdən uzaqlaşdım. Amma tələbələrim tez-tez mənə baş çəkirlər.
- Güclü insansınız, xəstəliyinizə rəğmən deyib-gülməyi bacarırsınız...
- Həddindən artıq güclü insanam. Dəfələrlə iflic keçirmişəm. Bu, ölümə bərabərdir. Amma yenə döyüşürəm.
- Allah sevimli bəndələrini sınağa çəkir...
- Bəli, Allah istədiyi bəndəsini istədiyi kimi sınağa çəkir.
- Səhhətinizlə əlaqədar vaxtınızı evdə keçirirsiniz. Nələr düşünürsünüz?
- 6-7 yaşımdan səhnədəyəm və demirəm ki, səhnədən doymuşam, təngə gəlmişəm (gülür). Amma səhnəyə qayıtmaq istəyirəm. Məmuniyyətlə işimə qayıdaram. Allah mənə pedaqoji fəaliyyəti çox görməsin.
- İnşallah, yenidən səhnəyə qayıdarsınız...
- Qayıtmayacam, amma qayıtmaq istərdim. Allah Timuçin müəllimə can sağlığı versin. Onun dövründə xalq artisti İlham Namiq Kamalın kafedrasında işə düzəlmişəm, kafedra müdiri olandan sonra universitetdən çıxmışam. Səkkiz ilə professor adına layiq görülmüşəm.
- Rejissor kimi müxtəlif filmlər çəkmisiniz: “Bəxt üzüyü”, “Yalan”, “Pirverdinin xoruzu”... Filmləriniz xarici ölkələrdə mükafata layiq görülüb. Amma davamı gəlmədi. Səbəb nədir?
- Belə lazım idi. Vaxtında “stop” dedim. Bunu yaddaşlardan silinməmək, əziz tutulmaq üçün etdim. Amma bu gün dəvət etsələr, böyük məmuniyyətlə film çəkərəm. Danışa bilməsəm də çəkilişlərə gedib, məsləhətimi verərəm. Amma müraciət etmirlər.
- Bundan sonra edərlər...
- Etsinlər... Onu da deyim ki, Azərbaycanda rejissor sənəti ölüb. Sonuncu mogikan mənəm. Bu sahədə saysız-hesabsız mogikanlar olub.
- Unudulmaqdan qorxursunuzmu?
- Adımı tarixə yazdırmışam. Unudulan adam olsaydım, adımı tarixə yazdırmazdım.
- Bəzi aktyorları gənc nəsil tanımır. Amma sizi tanıyırlar. Bunun səbəbi nədir?
- Özümü sevdirmişəm (gülür). 6-7 yaşımdan səhnədəyəm. Haqqımda kitablar, monoqrafiyalar yazılıb.
- İnsanlara özünü sevdirmək asan deyil. Elə aktyor var ki, illərdir səhnədədir, amma sevilə bilmir...
- Ən çox sevilən 10 aktyorun adı çəkilsə, o siyahıda mənim də adım olar.
- Həmkarlarınızdan kimlərlə dostluq edirsiniz?
- Həmkarlarımın hamısı ilə dostluq edirəm. Mənim düşmənim yoxdur. Ətrafımda düşmən görmək istəmirəm. Mən barışıq insanıyam. Barışığı xoşlayıram.
- Küsülü olduğunuz həmkarınız varmı?
- Küsülü olduğum həmkarım yoxdur.
- Yeni çəkilən serialları izləyirsinmi?
- Hamısını izləyirəm (gülür).
- Bu sahəyə gənc nəsil gəlir. Onların gələcəyini necə görürsünüz?
- Hamısına uğurlar arzu edirəm. Amma kino sahəsi getdi. Yenidən bu sahənin inkişafına, bərpa olmasına ümidim azalıb. Yeri gəlmişkən, deyim ki Orxan Fikrətoğlunun “Yalan” bədii filmini mən çəkmişəm. Amma küsdüyümə görə filmin təqdimatına getmədim. Evdə oturdum, görüm film haqqında nə danışırlar?
- Ramiz müəllim, həyatda nəyəsə görə peşman olubmu?
- Xeyr. Mən 500-dən çox filmə çəkilmişəm. Baş rolda da, kiçik rollarda da oynamışam.
- Bəzi kiçik obrazlar da insanların yaddaşında qalır…
- Mən o aktyorlardanam.
- Ramiz müəllim, bu gün Sevgililər Günüdür. Çox istərdik ki, həyat yoldaşınız Zümrüd xanımla münasibətinizdən, tanış olmağınızdan danışasınız…
- Zümrüd xanımla institutda eyni kursu bitirmişik. Tələbə yoldaşım olub. O, 1951, mən 1948-ci ildənəm. Əsgərlik çəkdiyimə və məni iki il kəsdiklərinə görə insituta üçüncü il qəbul oldum.
- Sevginiz universitet illərindən başladı?
- Bəli. Məndən söz alırsınız? (gülür).
- Çox filmlərə çəkilmisiniz. Sevdiyiniz xanımla ailə qurmusunuz. Məşhur sima idiniz. Xanımınız siz heçmi qısqanmayıb?
- Xeyr, qısqanmayıb. Məni sevib (gülür). Mən də onu sevirəm.
- Zümrüd xanım, işləyirsinizmi?
Zümrüd Əzizbəyli: İşləmirəm.
- Ramiz müəllim icazə verməyib?
R.Əzizbəyli: İşləyirdi, çıxardım. Dedim ki, sənə mən baxacam. İndiyə qədər də baxıram.
- Xanımınız sizi qısqanmayıb, amma siz həyat yoldaşınızı qısqanmısınız?
R.Əzizbəyli: Bəzən qısqanmışam. Olur da (Gülür).
Z.Əzizbəyli: İş adamı idi. Bütün günü işdə olurdu. Mən Ramizlə evlənən zaman hansı sənət sahibi olduğunu bilirdim. O, məni sevirdi. Qısqanmağa səbəb yox idi. İnamımı qazanmışdı. Əsas inamdı. O mənə, mən də ona inanırdım. Hər şey qaydasındadır.
- Münaqişəsiz ailə olmur…
R.Əzizbəyli: İlk gündən münasibətimiz mehriban olub. Sonralar elə də davam edib.
Z.Əzizbəyli: Hamının həyatında kiçik söz-söhbət olur. Onsuz mümkün deyil.
- Deyirlər ki, ailəni qoruyub-saxlamaq xanımın üzərinə düşür. Siz ailənizi qorumaq üçün nələr edirdiniz?
Z.Əzizbəyli: Çox şey edirdim. Ailən qorumaq üçün ilk öncə səbr lazımdır.
R.Əzizbəyli: Həyat yoldaşımın anası Möhsün Sənaninin bacısı qızı olub.
Z.Əzizbəyli: Anamın dayısı olub.
R.Əzizbəyli: Yeganə kişiyəm ki, bir qadınım olub (gülür).
- Tanınmış insansınız. Ətrafınızda çoxlu aktrisalar var idi...
R.Əzizbəyli: Mən onlara bacı kimi baxırdım. Onlar mənim bacılarımdır.
Z.Əzizbəyli: Hamısı evimizə gəlib-gedirdi. Ramiz hamısı ilə bacı-qardaş münasibətində olub.
- Ramiz müəllim xaraktercə necə insandır?
Z.Əzizbəyli: Çox yaxşı.
- Kaprizləri varmı?
Z.Əzizbəyli: Əlbəttə… Kaprizi çoxdur. Sənətkarların çoxu kaprizli olur. Onlara dözmək lazımdır. Ramiz hərtərəfli insandır. Mən də onun kaprizlərini başa düşürəm.
- Neçə ildir ailə qurmusunuz?
Z.Əzizbəyli: 39 ildir ailə həyatı qurmuşuq. İndi insanlarda səbr, dözüm yoxdur. Hər şeyin birdən olmasını istəyirlər. İnsan yaşadıqca qazanır.
R.Əzizbəyli: Səbr etmək lazımdır.
Z.Əzizbəyli: Səbr etmək bu sənətdə daha çox lazımdır. Həftələrlə qastrol səfərlərə gedirdi, yolunu gözləyirdik.
R.Əzizbəyli: Bu gün etiraf edirəm ki, həyat yoldaşımı çox incitmişəm.
- Zümrüd xanım, Ramiz müəllim tanınmış insandır. Onunla harasa gedən zaman siz də diqqət mərkəzində olursunuz. Bu zaman özünüzü rahat hiss edirsininizmi?
Z.Əzizbəyli: Hərdən sıxılırdım. Sahilə gedən zaman bir də görürdüm ki, insanlar Ramizin başına yığışıb. Biz də kənarda onu gözləyirdik. Ona yaxınlaşıb şəkil çəkdirirdilər, avtoqraf alırdılar. O vaxt küçəyə çıxmaq olmurdu.Tanınmış adam olanda harasa gedəndə rahat olmursan. Çox çətinlikləri olur. Ona görə də hər yerə ancaq maşınla gedib-gəlirik.
- Ramiz müəllim, harasa gedəndə düşünürdünüz ki, filan yerə gedib rahat olmayacam. Yəni ki, harasa getməyinizə hər hansı məhdudiyyət qoymuşdunuzmu?
R.Əzizbəyli: Hər yerə sevə-sevə getmişdim. Orada kimsə var deyə, başqa yerə getməyim və s. kimi hal yaşamamışam. Barışıq adamıyam.
- Küsülü olduğunuz həmkarınız varmı?
- Xeyr, Allah etməsin. Kim mənim evimə gəlirsə, başımın üstündə yeri var.
- İki qız atasısınız. Övladlarınıza necə valideyn olmusunuz?
- İki qız atasıyam, nəvəm də qızdır.
- Oğlan olmayan evlərdə qızları adətən oğlan kimi böyüdürlər. Sizdə necə?
- Bizim evdə də elə bir şey var.
- Qızlarınız hansı sənət sahibidir?
- Böyük qızım beynəlxalq hüquq oxuyub. Amma evləndiyinə görə işləməyib. Kiçik qızım isə rejissoruluğu bitirib.
- Bəlkə, ata-qız birlikdə film çəkəsiniz?
- Belə bir istəyim var. Amma özü deməsə, alınmaz.
- Övladlarınızın aktyor olmasını istəyərdiniz?
Z.Əzizbəyli: Qızların həvəsi var idi.
- Nəvəniz aktrisa olmaq istəsə razı olarsınız?
R.Əzizbəyli: Əlbəttə, sənət seçməkdə sərbəstdir. Aktrisalıq edənin biri yanımdadır (xanımını göstərir).
- İlk məhəbbətiniz Zümrüd xanım olub?
- Xeyr. İlk dəfə doqquz yaşımda sevmişəm.
- İlk vaxtlar tanınanda hansı hissləri keçirirdiniz?
- İnsanlardan utanırdım, gizlənirdim. Öyrəşənə qədər xəcalət çəkirdim. Amma bu sənəti sevdim.
- Sənətin yaxşı və pis tərəfləri nələrdir?
- Mən daim gərgin ömür yaşamışam. İflic keçirmişəm. Amma hələ də səhnə həyatını başa vurmamışam. Arzum budur ki, öləndə məni səhnədən alqışla götürsünlər.
Rəqsanə Həsənova