Teleqraf.com bu gün otuz yaşını qeyd edən şair Qılman İmanla müsahibəni təqdim edir:
– Qılman, 30 yaşın oldu. Bu illərin neçəsi şeirlə keçdi?
– Şeir yazmağa 5-ci sinifdə oxuyandan başlamışam.
– Bəs çap olunmağa?
– 2000-ci ildən şeirlərim çap olunur. Belə götürəndə 20 ilə yaxını şeirlə keçib bu 30 ilin.
– Məncə, 30 yaradıcı adam üçün ciddi yaşdır. Sən bu yaşın sanbalına layiq yazılar yazıbsanmı?
– Təbii ki, yox. İndi düşünürəm ki, daha çox yaxşı əsərlər yaza bilərdim, potensialımdan doğru-düzgün istifadə etməmişəm. Xüsusən jurnalist, publisist qabiliyyətimi çox dincə qoymuşam. Qeydlər apardığım, yazıb çap etdirmədiyim yazılarım az deyil. Bu barədə dostların tənəsi çox gəldiyindən fikirləşirəm ki, onları yavaş-yavaş çap etdirim. Kəmiyyət baxımından az yazmağıma baxmayaraq, keyfiyyət baxımından yaşımdan böyük olan şeirlərim az deyil.
– Sən 2008-ci ildən "Gənc ədiblər məktəbi"nə gedib-gəlirdin, elə həmin vaxtlarda AYB-nin üzvü oldun. Bir neçə şeir kitabın çap olundu. Bəs niyə digər qələm dostlarından fərqli olaraq imzan tez-tez görünmür?
– Bəlkə də bu ən çox eşitdiyim sualdı. Bir az məndə çox yazmağa, çox çap olunmağa qarşı allergiya var. Bəzən ən xoşuma gələn imzaları çox yazdığına görə oxumuram. Onları qınamıram da. Heç kim kefindən köşə yazmır. Amma düşünürəm ki, müəyyən qədər oxucunu intizarda saxlamaq da lazımdı ki, yazılarını oxuyandan sonra səni kəşf etməsi üçün yer qalsın. İndi kitabımı hazırlayıram deyə şeirlərimi tez-tez oxumağa məcbur oluram. İnan ki, çox oxuduqca görürəm öz şeirlərim də gözümdən düşür. Bəzən bu şeylərə görə kitab çıxarmaqdan imtina edirəm. İldə 2-3 dəfə çap olunuram, bu, mənə bəs edir. Onu da dostlar məcbur etdikləri üçün çap etdirirəm çox zaman. Bir də mən özümü özümün ən yaxşı oxucusu hesab etdiyimdən çox zaman çap məsələsi önəmli görünmür. Bir az da mühafizəkarlıq var məndə. Başqa heç bir problem yoxdu.
– Atan Aqil İman, əmin Sərraf Şiruyə məşhur el şairləri olublar. Özünü bir şair kimi atanın və əminin davamçısı hesab edirsənmi?
– Təbii ki, onların həm fiziki, həm də ruhi baxımdan davamçısı hesab edirəm özümü. İlk gördüyüm şair onlar olub, ilk dəfə şeir yazmağa başlayanda onlar kimi yazmağa başlamışam. Hətta onların üslubunda yazdığım şeirlərdən ibarət iki kitabım da çap olundu, amma sonralar o kitabları ləğv elədim.
Mənim Bakıya gəlişim, qaynar ədəbi mühitə düşməyim, mütaliə dairəmin genişliyi yolumu dəyişdirdi, estetik zövqümü formalaşdırdı. Formaca onlar kimi yazsam da məzmunca tamam başqa bir havada yazdım. Mövzularım, poeziyaya baxışım çox fərqlidi onlardan. Fərid Hüseyn yazmışdı ki, nə yaxşı Qılman atasının uğurlu-uğursuz təkrarı deyil.
– Qılman, sənə şair kimi mane olan nədir, nə imkan vermir ki, sən özünü ifadə eləyə biləsən?
– Sərvər, bilmirəm bu sualı nəyə əsaslanıb verirsən. Əgər az yazıb, az çap olunmağa görə deyirsənsə, yanlış düşünürsən. Şaiq Vəlinin 65 şeiri qalıb, bu, o demək deyil ki, Şaiq özünü ifadə eləyə bilməyib. Balzak neçə roman yazıb, bu romanların neçəsində özünü tam ifadə edə bilib? Güzəşt etsək 5-nin adını zorla çəkərik yəqin ki. Mən özümü ifadə eləyə bilməsəydim, özümü təbliğ etməyə-etməyə bu oxucuları necə qazana bilərdim? Əgər mən özümü ifadə edə bilməsəydim Tofiq Hacıyev kimi bir alim Bakı Dövlət Universitetində tələbələrinə mənim şeirlərimi oxumazdı. Özümdən xəbərsiz burda da yox, İranda kitabımı çıxarmaq istəyənlər hardan ola bilərdi? Bir sözlə çox demirəm, özümdən başqa 5 adamın yaddaşında şeirlərim varsa, deməli, nəinki, öz içimi, həm də onların istədiklərini ifadə edə bilirəm.
– Heca şeirinə, xalq yaradıcılığına dırnaqarası baxanlar, ironiya edənlər var. Sən də heca şairisən. Özünü bu ironik baxışlardan necə qoruyursan?
– Mən o dırnaqarası baxanlardan fərqli olaraq heca şeirindən də, xalq yaradıcılığından da yaradıcı şəkildə bəhrələnməyə çalışıram. Qaldı ki, o ironiya edənlərin özündən şair adı soruşan da heca şairlərinin adını çəkir, onların şeirlərini deyirlər. Şaiq Vəlinin, Salamın, Esmira Məhiqızının şeirlərinə kim nə deyə bilər? Yoxsa “postmodernist”lərin hamısının yazdığı şedevrdi? O dəstənin içində Aqşin Yeniseydən sonra şair adı çəkmək üçün bir xeyli fikirləşib, qış yuxusuna getməli olursan.
Anar Aminin "azadlıq" şeirində bir bənd var:
– Nə istəyir qu dənizdən?
Azalmayır su dənizdən,
Min illərdi bu dənizdən,
Ada azadlıq istəyir.
Bir-iki imza istisna olmaqla Anarın özü demişkən, bütün postmodernistlərin küliyyatından ağırdı. Janra görə mətnə qiymət vermək nə dərəcədə doğrudu?
Nikola Bualonun "Poeziya sənəti" əsərində heca şeirlərilə, o cümlədən, qafiyə ilə bağlı bir fikri var: "Fikir qafiyənin hökmdarı, qafiyə isə fikrin müti quludur”. Bunu deməkdə məqsədim odur ki, kim hansı janırda yazır yazsın, yetər ki istedadla yazsın. O da var ki, dünən də, bu gün də heca şeirində zəif şeirlər yazılır, ənənəvi qaydada mərd-namərd məsələsi, qarğa-tülkü obrazı hələ də təkrarlanır.
Bir şeyi unutmaq lazım deyil ki, əsl ədəbiyyat bütün izimlərdən yuxarıda dayanır. Ədəbiyyatı hansısa izmə tabe etmək onun meydanını kiçiltmək deməkdir.
Qaldı mənim şeirlərimə. Mən sırf o klassik çərçivədə qalmamışam ki, kimsə mənim şeirimə ironiya eləsin, eləyənlər də varsa görünür mənim şeirlərimi yaxşı oxumayıb. Ya da heca şeirini yaxşı bilmir. Şeirlərimdəki intonasiyadan tutmuş, mövzulara qədər – nə varsa hamısı mənə məxsusdu.
– Səncə, yazarın mənsub olduğu regionun onun yaradıcı ruhuna təsiri nə qədərdi?
– Mühitin təsirinin olması təbiidir və olmalıdır. Bu təsir daha çox qərb zonasında qabarıq hiss olunur. Misal üçün Gəncədən yuxarı – Qazax, Tovuz, Göyçə, Kəlbəcər zonasında kim şeir yazıbsa, hamısı sazın ritmi ilə yazıb. Hamısı əvvəl qoşma-gəraylıdan başlayıb. Eləsi olub yaza-yaza özünü doğruldub, o şablon ritmdən çıxıb, eləsi də var hələ də köhnə hava üstündə, dağları bağlarla qafiyələndirib yazır.
Biz tərəfdə təcnis yaza bilməyən şairə ciddi baxmırlar. Təcnis xalq şeirində sınaq janrı kimi qəbul olunur. Mən təzə-təzə şeir yazmağa başlayanda deyirdilər ki, təcnis yaza bilirsənmi? Bu barədə rəhmətlik Sərraf Şiruyə ilə çox söhbətlərimiz, hətta qızğın mübahisələrimiz olub. Mənə olan sevgisindən istifadə edib bəzən tənqiddə edirdim onu. İnsafən, o da bacardığı qədər dözümlü yanaşırdı. Sonra düşündüm ki, tənqid etməyim yersizdir. Çünki Şiruyə müəllimdən, eləcə də, başqa el şairlərindən həmişə qoşma, təcnis, gəraylı yazmaq tələb olunub, mühit onu tələb edib. Ona görə də çox şeirlərini mühitin "ağzı düz" olsun deyə yazıblar. O cür şeirlər kütləyə hesablandığından tez də məhşurlaşır.
– Bir şeirində deyirsən ki:
Məni bağışlasın analar gərək,
Özünü doğanda doğulur adam.
Necə düşünürsən sən özünü doğmusanmı?
– Şairin öz şeirini izah eləməsinə heç vaxt yaxşı baxmamışam. Bu, bir kişinin xanımını tərifləməsinə bənzəyir. Bu şeirdə mən demirəm ki, özümü doğmuşam. Sadəcə, bir fikir olaraq deyirəm ki, özünü doğanda doğulur adam. Bir də ki, sən dediyin şeirdə mətləblər elə də dərində deyil ki, mən izah eləyib nəyisə üzə çıxarım. Bu şeir haqqında Əsəd Cahangir daha yaxşı danışır, özünəməxsus şəkildə izah edir. Nə zaman Əsəddən müsahibə götürsən bu şeir haqqında sual ver, maraqlı açıqlama verər tənqidçi dostumuz. Şair şeir yazıb həm də izah edəcəksə, bəs onda tənqidçilər nə işlə məşğul olacaq? (gülür)
– Mənə elə gəlir, sən şeirlərində ölümlə, Allahla daha çox uğraşırsan başqa şairlərə nisbətən. Bunun özəl bir səbəbi varmı?
– Allah və ölüm haqqında demək olar həmişə düşünürəm. Bu heç vaxt bilərəkdən olmur, hətta bir lirik şeir yazanda da şeirin sonu gedib ya Allaha bağlanır, ya ölümə.
Çox qəribədir ki, indi 7 pərdəli Allahla bağlı bir poema yazıram, orda da özümə məlum olmayan yerlərə gedib çıxmışam. Yaza-yaza bəzi suallara cavab verməyə, cavab tapmağa çalışıram.
– Təxminən səninlə eyni dövrdə ədəbiyyata gələn, yazıb-yaradmağa başlayan cavanlar var: Fərid, Qismət, Anar Amin, Aqşin Evren, Şəhriyar... Onların şeiri sənə necə təsir edir?
– Şeir haqqında mənim fikirlərim bir az amansızdı, bəzən də çox sərt yanaşıram. Bu amansızlığıma görə səmimiyyətimə inanmayıb inciyən dostlar da olub. Hamının sevdiyi şeiri nadir hallarda bəyənirəm mən. Şeir mənimçün havadan ibarətdi. O havanı ala bilmirəmsə, görmürəmsə oxuya bilmirəm.
Anarın, Fəridin demək olar ki, ilk oxucusuyam. Fəridin şeirlərində, intellekt, metafizik qat var, amma hava azdı. Anarın şeirlərində isə hava var, intellekt yoxdu. Hər ikisinin təqdir etdiyim kifayət qədər yaxşı şeirləri var. Qismətin şeirləri isə eksprement xarakterli olduğundan daha çox esselerini, mütaliəsini, ədəbi fikirlərini maraqla izləyirəm. Aqşinin Evrenin bir neçə şeiri var ki, Aqşin Yeniseyin şeirləri qədər maraqlıdı. Amma onun bəzi şeirlərində genetik yaddaş zəifliyi hiss olunur. Şəhiyarın bir şeiri var: "Oktyabr". Salamın havasında yazsa da maraqlı yazıb. Kitabı isə xoşuma gəlmədi, ittahaflarla doludu, varaqladıqca tamada kitabını xatırladır adama. Məncə, Şəhriyar hələ imitasiya dövrünü yaşayır, yəqin ki, zamanla özünəməxsus şeirlərini yazacaq.
– Qılman, hansı halda hiss edirsən ki, şeir yazmalısan? Bu hissi necə izah edə bilərsən?
– Şeir bayaq dediyim kimi mənim üçün havadı. O hava qəza kimi qəfil gəlir. Həm də duadı. Bəzən düşünürəm ki, mən tək şeir yazmıram, həm də ibadət edirəm, günahlardan arınıram şeir yaza-yaza. Allahla ən səmimi olduğum vaxt şeir yazdığım vaxtdı demək olar. Bunun sirri özümə də məlum deyil. Nə yazıq ki, bu hallar az olur.
Mən şeir yazmamışdan qabaq, adətən, o şeirin birinci musiqisini ürəyimdə bəstələyirəm. Sonra səslərin, sözlərin növbələşməsini gözləyə-gözləyə o musiqinin havası ilə misraların dalınca düşüb şeirin yoluna çıxıram.
Aylarla şeir yazmadığım vaxt olur, heç vaxt planlı şəkildə yazmıram. Belə demək mümkünsə, şeir məni yazanda mən şeiri yazıram. Aradan vaxt keçəndən sonra təkrar-təkrar o şeirə qayıdıram ki, görüm yazdığımı düzmü yazmışam.
– Heç nəsrdə qələmini sınamısanmı?
– Tələbə vaxtıydı. “Sevgilimin ad günü” adlı bir hekayə yazmışdım. Hətta çap da elətdirdim o vaxt. Tələbə vaxtı dostlarım üçün maraqlıydı. Sonra illər keçəndən sonra gördüm ki, həvəskar bir qələm məşqidi.
Amma illərdi atamla bağlı bir hadisə başımda dolanır. Onu nə zamansa povest, ya hekayə şəklində yazmaq istəyirəm. Doğrusu, nəsr yazmaq böyük zəhmət və səbr tələb etdiyindən həmişə ehtiyat etmişəm. Kamal Abdulla demişkən, nəsr döyüşdə səngər qazamağa bənzəyir. Yazmaq üçün kifayət qədər materialım olsa da hələlik o riskə getməkdən çəkinirəm.
– Niyə Yazıçılar Birliyindən çıxmırsan? Bəzən deyirlər istedad bu birlikdə qala bilməz.
– Yazıçılar Birliyindən heç bir umacağım yoxdu. Ordan da çıxıb-çıxmamağım heç nəyi dəyişmir. Əgər bilsəm ki, mənim oradan çıxmağım nəyisə dəyişəcək, bu dəqiqə çıxaram. Açıq desəm, Yazıçılar Birliyinin üzvü kimi özümdə heç bir məsuliyyət hiss etmirəm. Çünki o məsuliyyəti hiss elətdirməyiblər. Nə qurultay keçiriləndə dəvət olunmuşam, nə Gənclər Şurası yaradılanda. Yazıçılar Birliyi mənim üçün dostlarım işləyən binadır. Arada gedib dərdləşirəm dostlarla .
– Yaradıcılığında bir yenilik gözlənilirmi? Təzə nə yazırsan?
– Bəzi planlarım var. İlk növbədə şeir kitabımı hazırlayıram. "Allah" poemasının üzərində işləyirəm. Bir də Sərraf Şiruyə haqqında kitab yazmaq fikrim var. Bəzi qeydlərim demək olar hazırdı. Amma hələ ki şeir kitabımla məşğulam.
Sərvər Şirin