16 Fevral 2016 15:33
2 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yazıçı Seyran Səxavətin 70 illiyi qarşısında Xəyalə Zərrabqızının onun yaradıcılığı barədə yazdığı “Seçilmişin faciəsi” məqaləsini təqdim edir:

Dahilər heç vaxt doğru zamanda və doğru məkanda doğulmur... Dahilər həmişə öz mühitinin dəyəri bilinməyən, zamanında layiqli dəyəri verilməyən, qiymətləndirilməyən, mövqeyi doğru anlaşılmayan, mühitin və zamanın yetim övladları olublar...

Əgər Arximed öz məşhur qanununu tapmasaydı, mütləq onu lap bir neçə əsr sonra da olsa, kimsə kəşf edəcəkdi. Və ya Nikola Teslanın kəşfləri... yaxud Çedvik 1919-cu ildə neytronu kəşf etməsəydi, mütləq bir neçə il sonra həmin elementar hissəcik başqa bir fizik tərəfindən tapılacaqdı. Lakin “İliada”nı Homer yazmasaydı, başqa heç kim yaza bilməzdi. “Otello”ya Şekpirdən başqa heç kim o əzəməti verə bilməzdi. “Nibelunqlar” və “Koroğlu” dastanını... Eləcə də Aristotelin “Ritorika”sını, Mirzə Cəlilin “Anamın kitabı”nı, Üzeyir bəyin “Arşın mal alan”ını, Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyanlar”ını yalnız öz müəllifləri yarada bilərdi. Ya bir düşünün... Bu cür əsərlər olmasaydı, dünya mədəniyyəti son dərəcə yoxsul və maraqsız olardı.. Deməli, dahilik ifadəsi, dahi anlayışı təkcə fizik, kimyaçı, bioloq, fizioloqa aid deyil, bütün Sənət - ədəbiyyat, fəlsəfə, musiqi, rəngkarlıq sahəsində şedevr yaradanlara aid olmalıdı.

Dahini zaman yetirmir, dahi öz zamanı ilə izah oluna bilməz deyirdi, - Otto Veyninger.. O Otto Veyninger ki, 23 yaşında “Cins və xarakter” kimi möhtəşəm bir fəlsəfi şedevr yaratdı. 25 yaşında isə ona layiq olduğu dəyəri verə bilməyən bir mühitdə yaşamaqdan üz çevirdi– intihar etdi...

Kitaba and içən, fəqət Kitabla müxalifətdə olan, Kitabı anlaya bilməyən bir toplumun Seçilmiş insanlara dəyər verməməsinin acı nəticələrindən biri də bu... İnsanın yaşadığı, içində bulunduğu bir cəmiyyətdən küsməyindən – milyonların içində öz içinə qapılıb yaşadığı tənhalığından acı nə ola bilər ki...

Cəmiyyət bir çəmənliyə bənzəyirsə, Seçilmiş övladlar o çəmənliyin ən gözəl, ən ətirli çiçəkləridir... Gertsen yazırdı ki, qar, yağış yağanda bitkiyə, onun budaqlarına heç nə olmur, bütün zərbələr qönçəsinə, çiçəyinə dəyir. Qabiliyyətsizlər, istedadsızlar, məddahlar həmişə yaltaqlıqla, riyakarlıqla, özlərinəməxsus həyasızlıqla cəmiyyətdə çox yaxşı üstün mövqe və vəzifə tutur, ən yaxşı həyatı yaşayır, amma Modilyani kimi, Motsart kimi, Şubert kimi, Mirzə Ələkbər Sabir kimi, Məhəmməd Hadi kimi şərəfini hər şeydən uca tutanlar isə ehtiyac ucbatından dünyanı vaxtsız tərk edirlər... Yaşadıqları da ömür olmur ki... əzab olur.. ağrı olur...

Dahilər heç vaxt yerində və zamanında doğulmur... hələ az-çox bəxti gətirən Üzeyir bəy hansı bir başqa ölkədə doğulsaydı, heç şübhəsiz ki, indi olduğundan 100 dəfə artıq şöhrətli olardı. Amma bu qədər işıqlı, bu qədər zəngin vergili bir düha harda, harda – diktatorlar və kölələr diyarında doğulduğu üçün başı olmazın bəlalar çəkdi. Və təsadüfən Sibir tayqalarında donmaqdan xilas oldu... Yaxud adı, poeziyası Avropada dillər əzbəri olan Mirzə Şəfi Almaniyada aldığı dəyəri öz doğma yurdunda ala bilməzdimi?!...

Seçilmişlər... Seçkin İnsanlar - İlahi nurdan pay almış Sənətkarlar həm də öz zamanlarının yetim övladlarıdır. Bu ömrü yaşamaq həm də əzabdır və onlar bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də bu işığa, bu taleyə doğru gedir. Qaça bilmədiyi tale, işıq həqiqi ürək, mənəviyyat sahibini ömür həsr elədiyi özünütəsdiq sahəsinə gətirib çıxarır. Sənətkar ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq deməkdir.

Nə qədər barışmasa da, bu, onun taleyidir, ömrüdür. Bu ömrün rahatlığı, dincliyi yoxdur, bu ömrün cəfası səfasından çoxdur, hər anı, hər dəqiqəsi dərd, əzab, mühitlə vuruş, döyüşdür. Dünyanın havasına, suyuna, daşına, torpağına, quşuna, böcəyinə, buluduna, qaranlığına... sənətkar gözüylə baxmaqdı. Və baxıb hər şeyi o işığın durultduğu, aydınlaşdırdığı kimi görməkdi. Hamı kimi görməməkdi... Göz böyüyə-böyüyə tanış dünyanı görmək də ağırdı! Hamı kimi olmağa - dağda dağı, daşda daşı görməyə nə var ki?! Hamının görmədiyini görməkdi Sənətkar olmaq.... Belə insanlar nə hər hansı məkana, nə də yaşadıqları zamana sığışmır, mühitlə heç cür barışa bilmirlər... Bu barışmazlıq da bir növ ömür payıdı...

Lev Tolstoy “bədii təxəyyül xəstə təxəyyüldü” deyirdi. Bu mənada, bəxtinə “Tanrı vergisi” düşən seçilmiş insanların – şairlərin, yazıçıların, rəssamların və s. hamısı “xəstədi”, bu dünyanın adamı deyil. Bəlkə də, əsil sənətkarlıq - seçkinlik elə bu dünyada o “ilahi xəstəliyin” qulu olmaqdı. Sənətkar ilahi vəhyin pıçıltılarını çatdırmalıdı, gözəl bir əsər ortaya qoymalıdı ki, beynindəki o iltihab təmizlənsin. Seçilmiş olmaq hər dəqiqə bu “ilahi xəstəlikdən” sağalmaqdan qorxa-qorxa, öz canındakı o xəstəliyi sevə-sevə, əzizləyə-əzizləyə bəsləyib becərməkdi, bəlkə də...

Seyran Səxavət bəxtinə “Tanrı vergisi” düşən, ilahi bağlılıqları, Tanrını dərk etməyə açar olacaq sirləri insanlara pıçıldayan vasitəçi, Halal sözün halal övladıdır.

Sənət, ədəbiyyat, poeziya zəngin bir dünyadır. Seyran Səxavətin şeirlərini oxuduqca bu poeziyanın nə qədər böyük diqqət və məhəbbətlə yaradıldığını duyursan. Şair taleyini yaşamaq nə qədər əzablı olsa da, müəyyən mənada insana bədbəxtlik gətirsə də, bu ömrün “bədbəxtliyinin” özündə də bir doğmalıq var. Qəlbinin dərinliklərində O, bədbəxt müdrikin xoşbəxt səfehdən daha xoşbəxt olduğunu hiss edir. Seyran Səxavəti oxuduqca anlayırsan ki, bu kitabdakı heç bir əsəri masa arxasında sakitcə oturub yazmaq olmaz.

Marina Svetayeva doğru deyir: Əsil sənət əsəri böyük gərilmənin məhsuludur. İstedad nə qədər yazmağı yox, nə qədər “gərilməyi bacarmaq”dır. Əgər şeiri “gərilmədən” rahatca yazsan, cild-cild kitabların olacaq, lakin yazdıqlarının heç biri poeziya nümunəsinə çevrilə bilməyəcək. Şeiri şeir edən də bu “gərilmə”dir.
Seyran Səxavət sadəliyin böyüklüyünü, adiliyin qeyri-adiliyini yazan, hər kəsin gördüyü, ancaq heç kəsin duymadığını duyan sənətkardır.

O, sadəcə şair, nasir, dramaturq deyil. Bu cür insanlara şeirin, nəsrin, bütövlükdə ədəbiyyatın hadisəsi kimi baxmamalıyıq – Seyran Səxavət miqyaslı adamlar – sözün belindən gələn adamlar belə dar təsnifatlara sığmaz. Belə adamlar Dünya Ruhunun bütün Bəşəriyyət üçün ümumi olan Mənəviyyat tarixinin bir hadisəsidir.
Seçilmək, Seçilmişlərdən olmaq... Sənətkar taleyi yaşamaq... əzabları ilə gözəldir. ağrıları ilə doğmadır. Bu ömrün ağrısını, əzabını, sevincini, sevgisini qələmə almaq bu taleyi sözə çevirmək də bir ayrı gözəllikdir. Milan Kundera yazır ki, hər bir sənətkar özünə avtobioqrafiya yazmalıdı. Yazmalıdı ki, onun örnək olası həyat yolunu adi insanlar oxuya, öyrənə bilsinlər. Yazmalıdı ki, nəsillərin həyatında, tərbiyəsində o avtobiqrafik məzmunlu əsərlərin də Sənətkarın öz şəxsiyyəti və bütün yaradıcılığı qədər böyük əhəmiyyəti olur.

Həqiqətən də, sənətkarın yetişdiyi mühiti öyrənmək, müşahidə etmək, onun hansı şəraitdə yaşadığı, nələrin uğrunda nələrdən keçdiyini bilmək, bütövlükdə adi bir insanı şəxsiyyət kimi yetirən bir ortamı dərk və təhlil etmək olduqca mühüm bir məqamdır. Əgər oxucu sənətkarın avtobioqrafiyası ilə tanışdırsa, onun bir çox əsərlərində bu avtobiqrafiyadan irəli gələn məqamların bu və digər formada açıldığını və bədii həllini tapdığını görmüş olacaq.

Sergey Yesenin yazırdı: “Tərcümeyi-hal yazmağa ehtiyac hiss etmirəm, çünki ömür yolum şeirlərimdir”. Sergey Yesenin dediyi kimi, əgər Seyran Səxavət “Qaçhaqaç”, “Daş evlər”, “Ağrı”, “Persona non Qrata” və s. kimi avtobiqrafik məzmunlu əsərləri yazmasaydı belə, təkcə onun şeir yaradıcılığı müəllif haqqında tərcümeyi-halda yazılanlardan daha çox şeyi demək gücündə idi...

Seyran Səxavətin yaradıcılığını müasir ədəbi tənqid daim diqqətlə izləmişdir. Əsərlərində insan həyatının, məişətinin, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, dərin humanizmi, realizmi, fəlsəfi-psixoloji təhlil genişliyi ilə çağdaş ədəbi nümunələr arasında özünəməxsus yer tutur. Seyran Səxavətin istedadının orijinallığı, fərqli yazı manerası, əsərlərindəki əlvan obrazlar sistemi, şərti-metaforik ifadə tərzi geniş oxucu kütləsinin və ədəbi-elmi ictimiyyətin diqqətini daim özünə cəlb etmişdir.

Onun yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. Seyran Səxavət şair, nasir, publisist və dramaturq kimi geniş auditoriyası olan bir sənətkardır.

Seyran Səxavət dilimizin gözəlliyini, zənginliyini yaradıcılığında ehtiva edən, xalq ruhuna yaxın, Tanrıya sevgiyə və bağlılığa, insanın özünüdərkinə, mənən kamilləşməsinə həsr olunan, ümumbəşəri ideyalara söykənən, dərin məzmunlu, düşündürücü şeirlərin, romanlarına, povestlərin və hekayələrin müəllifidir. O, dünyaya özünəməxsus baxışı olan yaradıcı şəxsiyyət, Sözə böyük həssaslıq və ehtiramla yanaşan, Haqqı-Sözü yerində və zamanında deməyi bacaran cəsarətli qələm sahibidir.

Seyran Səxavət – Xanlarov Seyran Əsgər oğlu 1946-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində ziyalı ailəsində doğulmuşdur. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1962-1964-cü illərdə Natəvan adına Füzuli şəhər məktəbində direktor köməkçisi vəzifəsində çalışmışdır. 1964-1970-ci illərdə ADU-nun (Azərbaycan Dövlət Universitetinin) şərqşünaslıq fakültəsində ali təhsil almış, ordu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi işləmişdir (1970-1972). Hərbi xidməti başa vurduqdan sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi fəaliyyət göstərmişdir. 1974-1976-cı illərdə göndərişlə İranda tərcüməçi işləmişdir. 1976-cı ildə Bakıya qayıdan yazıçı 1981-ci ilədək “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir. 1981-1991-ci illərdə “Ulduz” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

İlk bədii yazısı 1962-ci ildə “Qızıl Araz” qəzetində çap olunan Seyran Səxavət şeir, hekayə və publisistik yazıları ilə bugünə qədər mətbuat səhifələrində müntəzəm çıxış edir. Şair, filologiya elmləri doktoru Qasım Qasımzadə onun istedadını yüksək qiymətləndirmiş, “Azərbaycan gəncləri” qəzetində o illər üçün dəbdə olan “Uğur olsun” yazıb gənc şairə uğurlar arzulamışdır. Hələ ADU-nun şərqşünaslıq fakültəsinin V kursunda oxuyarkən, 1970-cu ildə gənc şairin “Adalar” adlı ilk şeirlər kitabı çap olunur və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır. 1977-ci ildə isə şairin “Mənim planetim” adlı ikinci şeirlər kitabı işıq üzü görmüşdür. Çap olunduğu gündən həmin kitablar ədəbi tənqid və oxucular tərəfindən poeziyada yeni nəfəs, yeni söz kimi qarşılanmışdı. Doğrudur, bütün zamanlarda olduğu kimi tənqidin mühafizəkar qolu bu şeirləri birmənalı qarşılamamış, kitabda yer alan şeirlərin çoxunda, xüsusilə də adı başlığa çıxarılmış “Mənim subay planetim”də mücərrədçilik, qeyri-müəyyənlik elementləri axtarmağa başlamışdı. “60-cı illərdə Rəsul Rzaya, Əli Kərimə yönəlmiş əqrəb neştərləri on ildən sonra gənc və istedadlı qələm sahiblərinə yönəlmişdi”. “Mənim subay planetim” şeirinin obrazlı deyim tərzi, metaforik düşüncə aləmi, ənənəvilikdən uzaq üslubu, orijinal bənzətmələri “ənənəçilər”in mövqeyinə və bədii zövqünə uyğun gəlməmişdi. Halbuki, sırf sənət baxımından şeirin poetik toxuması elə ilmələr və naxışlarla işlənib ki, onun sehrini və cazibəsini yalnız səviyyəli və estetik zövqü formalaşmış oxucu duyub qiymətləndirə bilərdi. Şeirin məzmunundan nəticə olaraq çıxan fikir belə idi: nə qədər ki, planetin ayrı-ayrı otaqlarında (qitələrində) dava-qırğın davam edir, nə qədər ki, bir otağında dava qurtarmamış, o birində başlayır, oraya gəlin gətirmək olmaz ”.

Bu gərdişin davam edəcəyi, qırğınların zərcirvari reaksiyaya çevriləcəyi təqdirdə lirik qəhrəman dünyanın gələcəyi üçün qorxu-vahimə hissi keçirib bəyan edir:

Doluşdular qəlbimə,
Ürpəşdi ətim.
Qorxuram cavan ölə..
Toysuz ölə..
Mənim subay planetim!!!

Şeirdə dünya obrazlı şəkildə qavranılır və təqdim olunurdu. Məsələn, planetə müraciət edən şairin lirik qəhrəmanı onu altıotaqlı evin (altı qitənin), dörd çarhovuzun (dörd okeanın), “Qarabağ” markalı pianinonun sahibi kimi təqdim edirdi. Çaylar, şəlalələr onun çalıb-çağıran musiqsidir. Bütün bu epitet və bənzətmələr şeirin bədii enerjisinin gücündən və müəllifin orijinal düşüncəsindən xəbər verirdi. Bu şeirlərin səciyyəvi cəhəti bu idi ki, haqqında çox yazılmış hadisə və situasiyalarda Seyran yeni keyfiyyətlər axtarıb tapır, sanki çox yaxşı tanıdığımız predmetləri bizə tamamilə fərqli rakursdan, yeni bir işıqda, həm də uğurlu təqdim edir.

Dənizdə yaşayar bütün ömrünü,
Öləndə sahildə ölər gəmilər.

Və ya :

İnsanlar anadan doğulubdular,
Yollar da insanın ayaqlarından.

Yaxud:

Quşlar tüklənirsə, pərvazlanacaq,
Yollar “tüklənirsə” ölür, deməli...

Müxtəlif şeirlərdən seçdiyimiz bu misralardakı müşahidənin dərinliyi, obrazların konkretliyi, təşbehlərin aydınlığı və təbiiliyi, şeir dilinin rəvanlılığı, incə lirizm və digər keyfiyyətlər bu poetik nümunələrin oxucu qəlbinə yol tapmasına zəmin hazırlayır.

Qeyd edək ki, ilk kitablarında gənc müəllifin məhəbbət mövzusunda yazdığı bir-birindən məzmunlu şeirləri də geniş oxucu auditoriyasını ahənrüba kimi dərhal özünə çəkdi. Seyran Səxavətin “Azərbaycan” jurnalının 1968-ci ildəki 10-cu sayında dərc edilmiş “İlk məhəbbət – son məhəbbət” şeirində oxucu ənənəvi və dünyanın özü qədər qədim olan bir mövzuya – məhəbbət mövzusuna yeni yanaşmanın şahidi oldu.

Sən nə istəyirdin, nələr itirdin,
Qorxma kül olmaqdan, yan məhəbbətim..
Sən mənim başıma nələr gətirdin
Ay ilk məhəbbətim, son məhəbbətim...

Sevmək də elə doğulmaq kimidi. İnsan bircə dəfə bu duyğunu bütün varlığıyla, ruhuyla yaşaya bilir. İlk məhəbbət elə son məhəbbətdir. İlk məhəbbətin odunda, alovunda qovrulub, qarsıyıb külə dönənlər ikinci dəfə eyni hərarət və atəşlə yana bilmirlər. Şeirin sonrakı bəndlərində qəlbin bu ali və ülvi duyğusu misralara səpələnir, ruhumuzu təzələyir, bizi daxilən təmizləyib təlatümə gətirir, ikinci nəfəslə yaşamağa məcbur edir. Şeirdə poetik kəşf səviyyəsində tapılmış söz və ifadələr poeziyaya istedadlı bir şairin gəlişindən xəbər verir:

Sən soyuq bir ulduz, mən gözləri nəm,
Eybi yox, mənimçün həmişə varsan,
Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan..

Gənc müəllifin sevən qəlbinin çırpıntıları olan bu misralar məhəbbətdə təmənnasızlığa və fədakarlığa qoyulmuş miniatür abidə təsiri bağışlayır. Qeyd edək ki, yaradıcılığının ilk çağlarında “İki arzu”, “Utancaq məhəbbət”, “Alma oğrusu”, “Bizim arx”, “Ürək”, “Sevirəm”, “İlk məhəbbət, son məhəbbət”, “Balam nə vaxt iməklər” və s. kimi şeirlərində ülvi duyğulardan, məhəbbətdən yazsa da, gənc müəllif daha çox sosial-ictimai mövzulara diqqət yönəldir, mənəvi çatışmazlıqları, eybəcərliyi, şəri, haqsızlığı, zülmü, ədalətsizliyi, yalanı əzməyə, sındırmağa, şərəfsizliyi insanlığın yolundan süpürüb atmağa “girəvə axtardığını” yazırdı.

Yersiz-yersiz tikilmiş
Evləri uçurtmağa,
Kimlərisə, hardansa
Harasa köçürtməyə
Girəvə axtarıram.
Qanla keflənənləri
Kir kimi içirtməyə
Girəvə axtarıram.
Mən öz doğma xalqımın
Ürəyində qalmağa,
Araz adlı çay üstdən
Böyük körpü salmağa,
Əliqabarlıların
Yekə qarınlılardan
İntiqamın almağa
Girəvə axtarıram.
Çoxlarının qəlbində
Yaşayan fikirləri,
Bir qarışqa yükünü
Daşıyan fikirləri
Uçurdub, sökdürməyə
Girəvə axtarıram.
Bax, o gözəl Şuşanı
Yenidən tikdirməyə
Girəvə axtarıram.
Ruhsuzların ruhunu
Çeynəməyə, soymağa
Koroğlunun, Babəkin
Heykəlini qoymağa
Girəvə axtarıram.
İnsanlar arasında
Qoy olmasın qul, ağa
Mən Gəncə şəhərinin
Adını qaytarmağa
Girəvə axtarıram.
Hər amallı niyyətə,
Bütün bəşəriyyətə,
Ürəyimi verməyə,
Bu «Girəvə» şerimi
Bir gün çap etdirməyə
Girəvə axtıraram! (1962)

Qəribədi burasıdır ki, artıq indi ədəbi mühitdə öz sözünü demiş, imzasını təsdiqləmiş, özünəməxsus üslubu və mövqeyi ilə çoxsaylı oxucuların sevimli yazarına çevrilən Seyran Səxavət hələ 1962-ci ildə yeniyetmə çağlarında “Girəvə axtarıram”ı yazarkən yəqin heç ağlına gətirmirdi ki, bu şeirlə, əslində, özünün gələcək sənət yolunun bədii perspektivini – eskizlərini cızır, onun ən mötəbər poetik sənədlərindən birini işləyib hazırlayır.

Sənətə şeirlə gələn, ilk qələm təcrübələrində bədii müşahidə və araşdırmasını lirikanın, rübabi duyğu və hisslərin işığında aparan gənc müəllifin yaradıcılığında poeziya xətti nə qədər uğurlu alınsa da, Seyran Səxavətin yaradıcılıq stixiyasını və bu stixiyaya xas orijinallığı, bənzərsizliyi üzə çıxaran məhz onun zəngin ədəbi ənənələrə söykənən nəsr yaradıcılığı olmuşdur.

Çağdaş Azərbaycan poeziyasının görkəmli simalarından olan, əsərləri ilə ədəbiyyatımıza yeni ruh, yeni nəfəs, yeni obrazlar sistemi gətirən Seyran Səxavət haqqında ədibin müasiri, yaxın dostu Ramiz Rövşən müsahibələrinin birində belə deyir: “Mən tam səmimiyyətlə deyirəm ki, Seyran mənim, Sabir Rüstəmxanlının və bir çox yaradıcı dostlarımızın, yaşıdlarımızın gözünü qorxudan bir şair idi. Amma xoşbəxtlikdən o sonra şeirdən nəsrə keçdi. Bu barədə mən bir dəfə demişəm ki, Şairlərin xoşbəxtliyindən, nasirlərin bədbəxtliyindən Seyran Səxavət şeirdən nəsrə keçdi” .

Müsahibələrinin birində Seyran müəllimə sual verirlər: “Şeirdən nəsrə keçid sizin üçün çətin olmadı ki? O zaman Seyran Səxavət bu suala çox orijinal bir cavab vermişdi: Əgər mən inşaat mühəndisliyindən ayrılıb nəsr sahəsinə gəlmiş olsaydım, bu, əlbəttə, çətin olardı, amma indi niyə çətin olsun ki? Şeirin də, nəsrin də, dramaturgiyanın da, publisistikanın da materialı, özülü sözdür. Bu baxımdan keçidlərdə təəccüblü bir şey yoxdur. Hansı sahədə özünü tapsan da, yenə tikinti materialın – xammalın söz olacaq. Buna görə də şeirdən nəsrə keçərkən mən heç bir çətinlik hiss etmədim. Mənim üçün şeirdən nəsrə keçmək şeir yazanda bir bənddən başqa bəndə keçmək kimi bir şeydi. 1970-ci ilə qədər şeir yazmışam. Amma əslinə qalanda yaradıcılığa nəsrlə başlamışam. Çünki, şeir yazdığım zamanlarda çox yeniyetmə idim və bu yazdıqlarım yaradıcılıq deyildi. Sadəcə ədəbiyyat aləmində vurnuxurdum. VIII sinifdə oxuyanda “İki arzu” adlı ilk şeirim rayonda “Qızıl Araz” qəzetində dərc olundu. Universitetin şərqşünaslıq fakültəsində oxuduğum illərdə də şeirlər yazırdım. V kursda kitablarım çap olundu. Yerə-göyə, fakültəyə, universitetə sığmırdım. Sonra əsgər getdim, zabit kimi Bişkekdə xidmət edir, gün ərzində əfqan və rus hərbçiləri arasında 6 saatadək sinxron tərcümə edirdim. 1973-cü ildə hərbi xidmətdən qayıdıb “Ədəbiyyat və incəsənət” qəzetində işləsəm də, heç nə yazmırdım. 1974-cü ildə İranın İsfahan şəhərinə tərcüməçi göndərdilər, 1 il sonra elə İsfahanda işlədiyim ərəfədə nəsr yazmağa başladım”

“1975-ci ilə qədər heç nə yazmadım. Düşünürəm ki, bu müddət ərzində susmağımla da ədəbiyyata xidmət etmiş oldum. Gözəl ədəbi nümunə yarada bilmirsənsə, kənara çəkilmək də bir növ xidmətdir. Ürəyincə olmayan şeyləri yazıb çap etdirməkdənsə, susmağı bacarmaq özü də yazmaq qədər istedad istəyir”.

Əslində, bu cür düşünmək və məsələyə bu mövqedən yanaşmaq özü də böyüklük istəyir adamdan...

“Seyran Səxavətin bədii nəsrində sosial-psixoli və mənəvi-əxlaq axtarışlar” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyamı yazarkən M.F.Axundov adına Milli kitabxanada, Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivində araşdırmalar aparırdım. Və tədqiqat zamanı əldə etdiyim, oxuyacağımız bu kitabda topladığımız poetik nümunələr mənə bunu deməyə imkan verdi ki, “ yox, Seyran Səxavətin qələmi heç zaman susmayıb, heç bircə gün də...

Sadəcə müəllif çap olunmaq arzusunda olmayıb. Nitsşenin gözəl bir deyimi var: “Susun ki, əsərləriniz danışsın”. Bəlkə də, Seyran Səxavət özündən daha çox əsərlərinin danışması üçün o zaman susmaq mövqeyini seçib, həm də çox haqlı olaraq...

Bədii əsərin dili sənətkarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. Seyran Səxavətin əsərləri həm də dilinin gözəlliyi, canlılığı, şirinliyi ilə seçilir. Dilin sərrastlığı sənətkarın həyatı düzgün dərk etməsi deməkdir. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası deməkdir. Ədəbi dil xalq dilinə nə qədər yaxın olarsa, əsərin poetik təsiri, ifadə tərzi də bir o qədər güclü olar. Bir məqamı mütləq qeyd etmək lazım gəlir ki, bəzi dilçi alimlərimizin söylədiklərinə rəğmən bizim ana dilimiz ən dərin, ən fəlsəfi fikirləri belə dürüst ifadə etmək üçün hədsiz imkanlara malikdir. Bu mənada Seyran Səxavətin dili son dərəcə axıcılığı, ifadəliliyi, rəngarəngliyi, yumşaqlığı, şirinliyi, axıcılığı, rəvanlığı və ələlxüsus xəlqiliyi ilə diqqəti çəkməkdədir.

Özünün təbirincə desək, Belindən gəldiyi Sözün – Haqqın keşiyində daim ləyaqətlə dayanan, Sözün ucalığı qoruyan, nəinki yazmağı, hətta susmağı ilə də ədəbiyyata xidmətə edən Halal Sözün Halal övladına – Mənəvi Atamıza – Seyran Səxavətə möhkəm can sağlığı, yaradıcılıq uğurları diləyi, nəhayətsiz sevgilər və sayğılarla!


Müəllif:

Oxşar xəbərlər