Azərbaycan ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı, filmlərin dövlət reyestrinə daxil edilməlidir. Bununla bağlı nazirlik ötən həftəsonu məlumat yayıb.
Yeni qaydalara əsasən filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan ölkə ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə edilir. Mədəniyyət və Turizm Nazirliyin Kinematoqrafiya şöbəsinin Milli filmlərin istehsalı və qeydə alınması sektorunun müdiri Aydın Hüseynov qəzetimizə müsahibəsində bildirmişdi ki, ölkədə fəaliyyət göstərən əksər televiziya kanalları, eləcə də kinoteatrlar filmləri qeydiyyata almadan nümayiş etdirir: “Biz telekanalları dəvət edirik ki, gəlin, filmləri təqdim edin, onları qeydiyyata alaq. Amma telekanallar gəlmirlər. Yalnız Lider TV nizamlı-intizamlı şəkildə filmləri reyestrdən keçirir. Onlar bu günə qədər əldə etdikləri filmlərin yayım hüququ sənədlərini təqdim edir, vəsiqələrini alırlar. AzTV neçə illərdir bizə müraciət etmirdi, yalnız bu yaxınlarda telekanalın nümayəndələri gəldi, on-on beş sənədli film təqdim etdi. Qalanları isə məktublara, müraciətlərə baxmayaraq gəlmirlər. Əvvəllər sistematik şəkildə bizə müraciət edən kanallar daha bunu etmirlər. Özünüz də gözəl bilirsiniz ki, bəzi kanallarda filmlər pirat yolla əldə edilərək nümayiş olunur. İndi adını çəkmək istəmədiyim bir neçə kanal var ki, onlar hər gün axşam saat 22:00-dan başlayaraq premyerası təzəcə baş tutan filmlər yayımlayırlar, özü də rus dilində. Buna etiraz etmirik, film rus dilində yayımlansın, amma bunun üçün birincisi, film qeydiyyatdan keçməlidir, ikincisi onun Azərbaycan dilində alt yazısı olmalıdır.
Kinoteatrlara gəlincə, onlar da qeydiyyatla bağlı bizə film təqdim etmirlər. Amma cərimənin tətbiqindən sonra zənglər başlayıb, maraqlanırlar. Biz demirik ki, kinoteatrlar pirat filmlər göstərirlər. Xeyir, bu, belə deyil. Onlar filmləri müqavilə ilə alıb gətirirlər, amma nazirlikdə qeydiyyatdan keçirmirlər. Qanuna görə isə qeydiyyat mütləqdir. Qeydiyyata düşmürlərsə hesab edin ki, o filmlər Azərbaycan ərazisində qanunsuz yayımlanır. Dublyajla bağlı biz kinoteatrları başa düşürük. Kinoteatrlar filmləri xaricdən gətirirlər, onları dublyaj etmək yaxud da subtitrlə nümayiş etdirmək uzun prosesdir. Amma biz onlara vaxt vermişdik ki, bu məsələnin həlli yollarını tapsınlar. O qərarın üzərindən neçə il keçib, amma vəziyyət dəyişməyib".
Məsələ ilə bağlı “Gündəlik Teleqraf” yerli kanalların və kinoteatrların mövqeyini öyrənməyə çalışdı. Həmçinin qərarın onların işinə hansısa maneə yaradıb-yaratmaması ilə maraqlandı. Nəticədə bir çox təzadlar ortaya çıxdı.
“İldə üç dəfə həyata keçiririk”
AzTV mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova: “Mənə telekanalın kinoproqram redaksiyasından direktor Siyavuş Məmmədov dedi ki, filmlərimizi ən son dekabrda qeydiyyatdan keçirmişik. Və mart ayında da keçirməyə hazırlaşırıq. Qeydiyyatla bağlı işimizə nazirlikdə Kəbirə xanım baxır. Birmənalı şəkildə qeyd etməliyəm ki, Azərbaycan Dövlət Televiziyası və Mədəniyyət kanalında nümayiş olunan sənədli və bədii filmlərin hamısı dövlət qeydiyyatından keçir. Bu ildə üç dəfə olur: dekabr, mart, avqust ayında. Bura həm əcnəbi, həm də bizim filmlər daxildir. Hamısını qeydiyyatdan keçirib, nümayiş üçün şəhadətnaməni alırıq”.
“Pirat filmlər nümayiş etdirmirik”
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov: “ANS televiziyası hər il filmləri qeydiyyatdan keçirir. Bundan narahat olmayın. Aydın müəllim nə deyir desin, amma fakt odur ki, biz filmləri qeydiyyatdan keçiririk”.
Xəzər TV-nin sözçüsü Aqşin Kamal: “Biz telekanal olaraq filmlər alır, sonra Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçiririk, ödəniş lazım olursa ödənilir, dublyaj lazım olursa, o da olunur. Ancaq bu proseslər başa çatandan sonra filmlər efirə verilir. İşimizdə qeyri-qanuni heç nə yoxdur. Qanun nəyi tələb edirsə, onu da yerinə yetiririk. Ən əsası da pirat filmlər nümayiş etdirmirik”.
“Cərimə işimizə maneə yaratmayacaq”
Nizami Kino Mərkəzinin mətbuat əlaqələndiricisi Arzu Əhədova: “Bizim kinoteatrda nümayiş olunan filmlərin hamısı nazirlikdə qeydiyyatdan keçir, lisenziya alınır və ondan sonra nümayiş olunur. Ondan başqa bizim kinoteatrda filmləri daxili komissiya da izləyir. Əgər görsək ki, film bizim formata uyğun deyil, o zaman onu nümayiş etdirmirik. Elə məqamlar olub ki, biz hansısa filmi repertuara daxil etməmişik. Düzdür, belə hallar azdır, amma olub. Hətta onu da deyim ki, bizə yeni filmlərlə birgə növbəti həftələrdə nümayişi gözlənilən filmlərin treylerləri də gəlir. Biz o treyləri də izləyirik.
Filmlərin dublyajı məsələsinə gəlincə, bilirsiniz bu işdə kinoteatr olaraq biz daha çox maraqlıyıq. Çünki bu, bizim tamaşaçı auditoriyamızın artması deməkdir. Əfsuslar olsun ki, bu məsələ kinoteatrdan asılı deyil. Bunun üçün kinoteatrın özünün dublyaj studiyası olmalıdır ki, bu da çox bahalı sistemdir. Onu da deyim ki, Mədəniyyət və Turizm Nazirliyi ilə apardığımız danışıqlardan sonra gələcəkdə dublyaj studiyasının yaranması ilə bağlı plan var. Hazırda isə onu yaratmağa imkanımız yoxdur. Burada başqa məsələ də var, kinoteatrda nümayiş olunan filmlər dünya premyerası ilə eyni gündə nümayiş edilir. Biz kinoteatr olaraq özümüz nəyisə tərcümə etsək, premyeraya da yubanmış oluruq. Ona görə filmlərin dublyajlı halı bizə distribyutorlar tərəfindən təqdim olunsa, daha rahat olar. Bununla bağlı xarici filmlərin distribyutorları ilə danışıqlar aparılır. Biz istəyirik ki, onlar filmləri heç olmasa, alt yazı ilə bizə təqdim etsinlər. Hələ ki, bir irəliləyiş yoxdur. Hazırda AF Media ilə işbirliyimiz nəticəsində türk filmlərini tərcümə ilə təqdim edirik. Tərcümədə qüsurlar var, bunu özümüz də görürük. Qüsurlarla bağlı şirkətin rəhbərinə çatdırırıq. Hesab edirəm ki, pul cəriməsinin tətbiqi işimizə maneə yaratmayacaq. Ən azından bizim kinoteatrda problem olmaz. Çünki biz belə məsələləri əvvəldən diqqətdə saxlayırıq. Ona görə əminliklə deyə bilərik ki, bizdə filmlər nə lisensiyasız, nə də icazəsiz nümayiş olunur".
“Bundan sonra...”
“Park Cinema” Kinoteatrlar Şəbəkəsinin direktoru Namiq Quliyev: “Bu, düzgün qərardır. Azərbaycanda yaşayırıq, deməli, bütün filmlər Azərbaycan dilinə dublyaj edilməli, yaxud da alt yazı ilə təqdim olunmalıdır. Amma indiyə qədər həm texniki, həm də maddi olaraq biz dublyaj məsələsini həll edə bilmirik. Bundan sonra bu məsələni distribyutorlarla müzakirə etməliyik, çünki bu kinoteatrın işi deyil. Adicə misal çəkim, biz Di Kaprionun filmini Moskvadan ingilis dilində deyil, rus dilində aldıq. Bunu Rusiyanın kinoteatrı etmir, bunu kampaniyalar həyata keçirir. Ona görə biz həm nazirliyin, həm də kampaniyaların rəhbərləri ilə görüşüb məsələni müzakirə etməliyik. O ki, qaldı qeydiyyat məsələsinə, əgər qərar varsa, qərarı yerinə yetirməliyik. Bundan sonra biz nazirliyə müraciət edib, filmləri qeydiyyatdan keçirib, ondan sonra nümayiş etdirəcəyik”.
Nərmin