Teleqraf.com ssenarist, dramaturq Əli Əmirli ilə müsahibəni təqdim edir:
– Əli müəllim, necəsiniz?
– İstənilən halda bu suala "yaxşıyam" cavabını verirəm. Şikayətlənməyi sevmirəm.
– Tələbələrlə işləmək necədir? Sizi incitmirlər ki, ixtisaslarına həvəslidilərmi?
– Tələbələrlə məmnuniyyətlə işləyirəm. Artıq 17 ildir, Mədəniyyət və İncəsənət Universitetində "Dram və ssenari yaradıcılığı" fənnindən dərs deyirəm.
– Hansısa tələbənizlə gərgin münasibətləriniz olmayıb?
– Heç bir tələbə ilə konfliktim olmayıb. Bu gün ölkənin televiziya məkanında ən reytinqli serialların müəllifləri mənim tələbələrimdir.
– İnsanın ağrılı taleyi niyə Əli Əmirlinin pyeslərində daha çox komediyada səlis alınır.
– Janrından asılı olmayaraq mənim əksər pyeslərim hədəfə dəyir, tamaşaçını maraqlandırır. Bu gün ölkənin əsas teatrlarının repertuarında pyeslərim var. Ona görə də komediyanı dramatik əsərlərimdən ayırmazdım. O başqa məsələdir ki, komediya drama nisbətən daha geniş auditoriyanı maraqlandırır. Eyni zamanda hər bir ciddi, dramatik komediyanın alt qatında insan qüsurları, mənəvi eybəcərliklər, cəmiyyət ağrıları dayanır. Bu qüsurlar, bu ağrılar həyatın özündə də çox vaxt gülüş, fars kimi təzahür edir. Mən də bir dramaturq kimi cəmiyyətin mənəvi aşınmasına komik prizmadan yanaşıram. Hər bir mövzu, mövzunu təqdim edən konkret situasiya öz janrını tələb edir.
– Bu qəmli həyatdan gülüş dolu səhnələri necə çıxarmısınız?
– Həyat qəmli deyil, həyat çoxtərəfli, çoxqatlı, polifonikdir. Bəs necə olur bütün bunlar mənim yazımda komediyaya çevrilir? Bunun cavabını mən özüm də dəqiq bilmirəm.
– Nə vaxtsa hiss eləmisiniz ki, yaza bilmirsiniz?
– Hər komediyadan sonra, elə bilirəm ta tükəndim, ta gülməli bir şey yaza bilmərəm. Bu narahatlıq növbəti əsər yazılana qədər davam edir, hətta məni incidir.
– Fikrimcə, sizin komediyalarınızın məzmunu aydındır və maraqlıdır. Amma bədii səviyyəsi yüksək deyil. Bu, elədirmi? Ola bilərmi ki, daha çox məzmuna fikir verirsiniz? Yoxsa mən bədii səviyyəni çox önəmsəyirəm?
– Bədii səviyyənin konkret bir meyarı, kriteriyası yoxdur. Siz deyən "aydın məzmun", "maraqlılıq" özü də bədiiliyin göstəricilərindəndir. Amma faktlara fikir verək: 27 ildir mənim pyeslərim teatrların daimi repertuarındadır, "Varlı qadın" ayrı-ayrı teatrlarda iyirmi dəfəyə yaxın tamaşaya qoyulub, iki xarici ölkə teatrı həmin tamaşaya görə dörd beynəlxalq teatr mükafatına layiq görülüb. Bədii səviyyəsi, siz deyən kimi, aşağı olsaydı, bunlar mümkün ola bilərdimi? Sizin cavabınızdan asılı olmayaraq, mən “yox” deyirəm.
– Mənə elə gəlir ki, insanlar qaranlıqdan yaranıb, qaranlığa dönür. Amma bu dünyada işıqlı adamlar var ki, zülmətləri yarır. Bəs sizcə, Əli Əmirli hansı hansı missiyanı qarşıya qoyub və ona nə dərəcədə çatıb?
– Xeyirə qulluq eləyən hər kəs həqiqi insanlıq missiyasını yerinə yetirir. Mənim "Mesenat" adlı pyesimdə Hacı Zeynalabdin Tağıyevin son monoloqunda belə bir məqam var: "Yaxşı əməl heç vaxt unudulmur, amma geci-tezi var, şeytanın da yorulan vaxtı olur. Mən şeytana mərhəmətimlə qalib gəldim, bu dünyada ən güclü silahım mərhəmətim oldu..."
– Bu yolu seçməkdə sizə kimin təsiri olub?
– Mən uşaqlıqdan teatrı sevmişəm, bütün müsbət və mənfi cəhətləri ilə. Bu məhəbbətin yaranmasında əlbəttə, böyüdüyüm, tərbiyə aldığım ailə mühitinin təsiri birinci yerdədir. Bu barədə "Ağdamda nəyim qaldı" avtobioqrafik romanımda geniş yazdığım üçün təkrar danışmağa sözüm və həvəsim yoxdur.
– Necə düşünürsünüz, sizi məşhur edən nə oldu? Konkret olaraq hansı əsərinizdən sonra hiss elədiniz ki, artıq tanınırsınız?
– Məşhurluq məqsəd deyil, nəticədir. Əlbəttə, Azərbaycan reallığında dramaturq nə qədər məşhur ola bilərsə, o qədər də mən, deyək ki, məşhuram, tanınıram. Amma bu birdən-birə baş verməyib, yazıçı, dramaturq kimi tanınmaq, az qala, əlli illik zəhmətin nəticəsidir.
– Əsəriniz həm də Qazaxıstanda tamaşaya qoyulub. Maraqlıdır, bu sizdə hansı ovqat yaradıb. Tutaq ki, bunu dünya çıxmağın başlanğıcı kimi hiss eləmisinizmi?
– Mənim əsərlərim tək Qazaxıstanda yox, Rusiya, Ukrayna, Gürcüstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Krımda da tamaşaya qoyulub. Ötən il isə "Sevən qadın" adlı melodramatik komediyamın Elistada Kalmık Milli Dram Teatrında rus dilində premyerası oldu. Əlbəttə, əsərlərimin xarici ölkələrdə də oynanması bir müəllif kimi məndə məmnuniyyət hissi yaradır, ən azı bilirəm ki, pyeslərim "Biləcəri sindromu" yaşamır.
– Aktyorlarımızdan kimləri komediya rolunu ifa edən istedadlı biri kimi görürsünüz?
– Əgər maraqlı komik situasiya, orijinal süjet, parlaq komik xarakterlər, sərrast dialoqlar və gözlənilməz replikalar varsa, bir sözlə komediya həqiqi komediyadırsa , tək komik yox, dramatik aktyorun da oyunu gülüş yaradacaq. Əgər həqiqi material yoxdursa, ən qüdrətli komik də əsəri xilas eləyə bilməz. Eyni zamanda mən əsərlərimdə uğurla oynamış Afaq Bəşirqızı, Eldəniz Zeynalov, Səyavuş Aslan, Yaşar Nuri, Cahangir Novruzov, Rəfail İskəndərov kimi parlaq komediya ustalarının adını məmnuniyyətlə çəkərdim.
– Dünyada və Azərbaycanda bəyəndiyiniz ssenarist kimlərdir?
– Bir dramaturq kimi formalaşınca (bu proses bu yaşımda da davam eləyir), mən onlarla dramaturqun saysız-hesabsız pyeslərini oxumuşam, tamaşalara baxmışam, ssenariləri əsasında çəkilmiş filmləra baxmışam. Hər birindən də nəsə qalıb məndə. Yaradıcılıq prosesində lazım olmasa, heç bir əsərə ikinci dəfə qayıtmıram, təkrar oxumuram. Yeganə dramaturq Çexovdur ki, onun tək pyeslərini deyil, hekayələrini də vaxtaşırı varaqlayıram.
– 1990-cı illərdən dramaturgiya ilə məşğul olmusunuz. Amma ondan əvvəl hekayə, povest, roman yazmısınız. Bunu necə qiymətləndirərdiniz? Bu janrlar sizdə yetərincə alındımı?
– Yaradıcılığa hekayə ilə başlamış, povest və romanlarla davam eləmişəm, oxucularım az deyildi, tənqidin də fikri müsbət idi, amma içimdə həmişə bir dramaturqun olduğunu hiss edirdim. Mənim teatra davamlı məhəbbətim, nəhayət, özünü dramaturgiyada göstərdi. Hiss elədim ki, dramaturgiyada daha rahatam, öz yerimdəyəm. Xoş olan bu dramaturgiyanın teatrlarımız tərəfindən müsbət qarşılanmasıydı. Deyim ki, əsərlərimin sıravi bir rayon teatrından tutmuş Akademik Milli Dram Teatrınadək tamaşaya qoyulmasında heç bir çətinliklə qarşılaşmadım. Bütün teatrlardan diqqət və qayğı gördüm. Bu münasibət bu gün də davam edir.
– Realistsiniz, yoxsa romantik?
– Mənim böyük nəvəm Fuad bu ildən Hollandiyada təhsil alır. Bir dəfə soruşdum ki, Fuad, ev üçün, Bakı üçün darıxmırsan? Dedi, baba, mən emosiyalarımla yox, ağlımla düşünürəm. Özüm realist olduğum üçün cavab xoşuma gəldi. Emosiyalar heç də yaxşı məsləhətçi deyil.
– Qarabağ mövzusunda pyes yazmış bir sənətkar kimi sizdən öyrənmək istərdim ki, indi Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün bu mövzuda filmlərin, pyeslərin nə qədər əhəmiyyəti var…
– Əslim Ağdamdan olsa da Qarabağ mövzusunda əsər yazmamışdım, əgər məşhur "Bala – başa bəla" komediyasını nəzərə almasaq. Boynuma alım ki, bu yaralı mövzuya toxunmağa qorxurdum. Nəhayət, "Ünvansız qatar" adlı pyesim yazıldı, "Azərbaycan" jurnalında çap olundu, amma hələlik tamaşaya qoyulmayıb. Həmin pyesin bədii keyfiyyəti haqqında danışmaq mənim işim deyil, amma düşünürəm ki, vətən, vətənpərvərlik haqqında yazılan bədii əsərlər güclü olmalıdır. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məsələsində isə ədəbiyyatın, kino və teatrın rolunun hədsiz şişirdilməsinin tərəfdarı deyiləm. Bunlar üçün müvafiq dövlət qurumları var ki, bizim haqq işimizi lazımi ünvanlara çatdırmaq onların işidir.
– Sizcə, teatrın bugünkü durumu necədir?
– Teatrın indiki durumu ayrıca söhbətin mövzusudur. Ona görə də qısaca deyəcəm: teatrımızın vəziyyəti ədəbiyyatımızın, kinomuzun, konsert ifaçılığımızın, bəstəkarlığımızın, təsviri sənətimizin durumu ilə eyni səviyyədədir. Bütün bu sənət sahələri axtarışda, özgürlük sorağındadır. Bu yolda qabarmalar, çəkilmələr, irəliləmələrlə yanaşı çoxlu sapmalar, büdrəmələr, irəliləmə əvəzinə geriləmə halları da var. Bu da təbiidir, istinad nöqtəsini tapmaq elə də asan proses deyil.
– Adətən, deyirlər ki, tamaşa zamanı teatr zalının yarısı boş olur. Bu, tamaşaçıdan asılıdır, yoxsa?..
– Etiraf eləyək ki, Azərbaycanda teatra münasibət xeyli sərindir. Bunu biz kitaba münasibətdə də görürük. Özündən deyən yazıçının kitabı ən yaxşı halda beş yüz tirajla nəşr olunur, o da satılmır. Bununla belə, hesab edirəm ki, istər teatr, istər nəşriyyat, keyfiyyətli məhsul istehsal etməli və onu satmağı bacarmalıdır. Fikrimcə, müştəri, indiki halda pul verib bilet alan tamaşaçı həmişə haqlıdır. Teatr bu adi həqiqəti unutmamalı və tamaşaçısına yuxarıdan aşağı baxmamalıdır, əksinə, onun zövqünü və istəyini nəzərə almalıdır.
– Sifarişlə ssenari yazmısınız?
– Əlbəttə, konkret sifarişlə də yazmışam, sosial sifarişi nəzərə alıb da işləmişəm. Peşəkar dramaturq və ssenarist, əslində, sifarişlə işləməlidir. Təəssüf ki, bizdə bu praktika yox dərəcəsindədir. Kino sənayesi yoxdur ki, daima ssenari tələb olunsun, teatrların da elə bir vəsaiti yoxdur ki, dramaturqa əsər sifariş verib qonorar ödəyə bilsin.
– Sənətinizlə bağlı hansı planlarınız var?
– Mən planla işləmirəm, heç kəsin də qarşısında öhdəçiliyim yoxdur. Ancaq istəyim olanda yazıram. Neçə illərdi nəsr yazmırdım, ötən il istədim, "Ağdamda nəyim qaldı" adlı avtobioqrafik roman yazdım, "Azərbaycan" jurnalında çap olundu. Roman Rəşad Məcidin o qədər xoşuna gəldi ki, jurnalda çap olunmasına baxmayaraq, onu hissə-hissə öz qəzetində - "525"də dərc etdirir.
Sərvər Şirin