22 Fevral 2016 12:12
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə artan kinoteatr tamaşaçıları Bakıda mədəni düşüncənin formalaşdığının, kino mədəniyyətinin artmasının müəyyən bir göstəricisidir. Kimisi sinif yoldaşının bədəninin gizli yerlərinə toxunmaq üçün, kimisi yanındakı sevgili namizədinə özünü xoş göstərmək üçün, kimisi bayağı və 18+ ssenariləri ilə “gülməkdən ölmək” üçün, bir çoxu da elə həqiqətən kino həvəskarı olduğu üçün 5-10 manatından keçib kinoteatrlara üz tutur.

Yuxarıda sıraladığım tip insanlar yuxarıdan aşağı sıralarda əyləşirlər. Bəzilərinin sıra nömrəsi dəyişsə də, yanındakının “dadına baxmaq” istəyənlər, heç şübhəsiz, ən arxa sırada otururlar.

Belə məkanların hamısının adı KİNOteatrdı. Filmlər verilir, insanlar baxır, ortalama bir brend kinoteatr ildə 2-3 milyon manat pul qazanır. Əlbəttə, qazananlar da, baxanlar da düz edirlər. Amma, 10 dəfə kinoya gedəndə, heç olmasa, bir dəfə də teatra getmək lazımdır. O boş teatr divarlarının içində, o qaranlıq səhnələrdə aktyorlar elə tamaşalardan çıxırlar ki, heyranlığı və sevgini ifadə etmək tamamən mümkünsüz olur.

Elə Pantomimin səhnəsi və yarıdan çox oturacağının boş olduğu cəmi 40 nəfərlik zalı kimi. Zalda oturan 15 nəfər tamaşaçı üçün səhnədəki 15 nəfər aktyor və əlavə olaraq bilet yoxlayanı, rejissoru, rəssamı, tərtibatçısı, çayçısı, qapıçısı olmaqla bütün heyət o qədər ürəklə çalışır və oynayır ki...

Sadəcə əllərinin içi qızaranadək 10 dəqiqəyə qədər alqışlamağı bacarırsan.

Dünən Pantomim “Manqurt”u oynayırdı. Zalda 15 tamaşaçı, onlardan 3-ü bağça uşağı (ki əvvəldən sona qədər susmadılar), 2 sevgilisindən küsmüş qız (ki tamaşa boyu tez-tez telefonun işıqlarını yandırıb söyüş qazandılar) və 10 nəfər də biz.

Tamaşa başdan-başa simvolika, başdan-başa mesaj, şüuraltına enmə idi. Səhnədə yaşanan o vahimə, o gərginlik insanın ürəyinə dolur, sanki müqəddəs ayin icra edir kimi, özündən biixtiyar gah rəqs etdirir, gah dondurur, gah güldürür, gah da çiynindən ağır bir yük götürülmüş kimi rahatladırdı. O cavan uşaqların istedadı, o xoreoqrafiyanı quran insanların əməyi, rejissorun işi, hələ arada “Anama deyin” oxuyan oğlanın yanğılı səsi, ssenarini bu qədər ustalıqla işləmək - bir sözlə, hər şey dəhşətli idi. İnanılmaz dərəcədə möhtəşəm və qeyri-adi.

Tamaşanın sujeti bir çoxlarına tanışdır. Hələ uşaq vaxtlarımızda “Tumurcuq” qəzetindən gördüyümüz, sonra orta məktəbdə öyrəndiyimiz, “Əsrə bərabər gün”də oxuduğumuz başına dəvə dərisi keçirilmiş və beyni yuyulmuş manqurtlar haqqında olan bu əsəri səhnələşdirərkən mahiyyət qorunub saxlanılsa da, səhnələr teatrın istiqamətinə uyğun olaraq tam fərqli şəkildə qurulmuşdu. Tamaşanın ayrı-ayrılıqda dörd, ya beş mesajı vardı. Mənə görə bunlar: yanlışların içində təkbaşına doğru olan ən böyük yanlışdır; qul sahibləri müti qullarına yalnız istədikləri havanı çaldıra bilər, kimsə öz havasını çala bilməz; Manqurtları manqurt edən şəxsin özü ən manqurt Manqurtdur; və rəqs...

Getməyənlərə və gedənlərə şiddətlə tövsiyə olunur. O teatrı yaşatmaq lazımdır. O istedadlı gənclərə dəyər vermək lazımdır. Hətta bacarsanız, səhnəyə çıxıb oynamaq lazımdır pantomimi.


Müəllif:

Oxşar xəbərlər