Amerikalı yazıçı Mario Puzonun (1920-1999) məşhur “Xaç atası” romanının qaralamasının da olduğu arxivi Massaçusets ştatının Boston şəhərində keçirilən hərracda 625 min dollara satılıb.
Yazıçının övladları tərəfindən satışa çıxarılan şəxsi sənədlərin alıcısının adı açıqlanmır. Azərtac-ın məlumatına görə, "RR Auction of Boston" satış evindən verilən məlumata əsasən arxiv ümumilikdə 45 yeşiyə qablaşdırılıb. Burada söhbət əsasən "Xaç atası" romanının çoxsaylı qaralamalarından və eyniadlı ekran əsərinin ssenarilərindən gedir.
Xatırladaq ki, Nyu-Yorkda yaşayan italiyalı mühacir ailəsində dünyaya gələn Mario Puzo jurnalist və yazıçılıqla məşğul olmazdan əvvəl ABŞ ordusunda və dövlət idarələrində xidmət edib. Onun 1969-cu ildə işıq üzü görən "Xaç atası" romanı bestsellerə çevrilib və ekranlaşdırılıb. Puzo 1972-ci ildə çəkilən və 1974-cü ildə onun davamı olan filmin ssenarisinə görə "Oskar" kino mükafatına layiq görülüb.