Dünən tanınmış aktrisa Naibə Allahverdiyevanın əsəb sarsıntısı keçirdiyini və müalicə almaq üçün Günəşli Nevroloji Sanatoriyasına üz tutduğunu eşidən kimi ona zəng etdik. Biz hal-əhval tutmaq istəyirdik, amma müsahibə alındı. Ağrılı, kədərli etiraflarla dolu, səmimi bir müsahibə...
- Naibə xanım, özünüzü necə hiss edirsiniz?
- Özümü pis hiss edirdim. Həkimə müraciət elədim. Həkim dedi ki, sənə müalicə lazımdır, müalicə edilməsən, "iflic" ola bilərsən. Əsəb sistemim çox pozulub. Əlim əsirdi, sanki bir tərəfim tutulurdu. Həkim dedi xəstəxanaya get. Orada yata bilmədim, ürəyim sıxılırdı. Həkimə dedim ki, əsəb dispanserində müalicə almaq istəyirəm. O da razılıq verdi. Dedi yaxşı olar, həm də mühitdən uzaqlaşarsan. Hazırda müalicə alıram. Buraya fevralın 16-dan gəlmişəm. Sonu nə olacaq bilmirəm?
- Probleminiz sənətlə, yoxsa yaşadığınız həyatla bağlıdır?
- Nə bilim vallah...Yəqin ki, sənətimlə bağlıdır. Hər şeyi açıqlamaq istəmirəm. Mənə elə gəlir ki, lazımsız aktrisayam.
- Siz ən çox sevilən aktrisalardan birisiniz. O cür düşünməyinizə səbəb yoxdur...
- Xalqımız çox sağ olsun, məni sevirlər. Hara gedirəm hörmətlə yanaşırlar. İnanırsınız ki, burada öpülməkdən üzümdə yer qalmayıb. Mənə elə sözlər deyirlər ki, təəccüblənirəm. Bu sözlər mənim haqqımda deyilir? Düşünürəm ki, bəs niyə sənət aləmində belə vəziyyətdəyəm. Niyə əsəb keçirməliyəm?
- Hazırda Gənc Tamaşaçılar Teatrında yeni obrazlarınız varmı?
- Teatrda yeni rolum yoxdur. Köhnə tamaşalarda oynayıram.
- Aktyoru həyatda nə küsdürə bilər?
- Bizim işimiz rol oynamaq, real həyatı səhnəyə gətirməkdir. Küçəyə çıxan zaman insanlar mənə deyirlər ki, “sizi tamaşalarda, ekran əsərlərində görmək istəyirik, niyə görsənmirsiniz? Sizin üçün darıxmışıq”. Mən isə hər kəsə deyə bilmirəm ki, sənətimiz çox asılı sənətdir. Müəyyən zamana qədər istedadın gücünə gəlirsən, sonra səni dəstəkləyən maman-papan olmalıdır. 30 ilin aktrisasıyam, kiməsə mən mamalıq-papalıq etməliyəm. Amma deyirlər ki, gərək “dayday”ın olsun. Mənim o yaşımdır ki, kimsə mənə “özünə bir adam tap” desin?.. Sənətdə sözümü demişəm, sevilən aktrisayam. Hara gedirəmsə, yüksək təbəqədən tutmuş, aşağı təbəyə qədər hər kəs mənə hörmət edir. Necə olur ki, hamı məni sevir, amma bu sənətdə lazımsız aktrisa ediblər? İnsanlar mənə deyirlər ki, əhvalımız pis olanda sənin video kasetlərinə baxıb gülmüşük. Bizi tamaşaçıdan ayırmaq nə məqsədi daşıyır? Onsuz da mən unudulan aktrisa olmayacam. Yüz il də səhnədə olmasam, serialda çəkilməsəm belə.
- Naibə xanım, efirlərdə də çox görsənmirsiniz. Niyə?
- Verilişlərə dəvət edirlər, amma getmirəm. Aktrisa efirə rolu ilə çıxar, kiminsə həyatını müzakirə etmək üçün deyil. Bir vaxtlar efirə çox çıxırdım, sonra düşündüm ki, "plastilin" kimi aktrisayam. Efirə də sənətimlə çıxmalıyam. Aktyor üçün janr fərqi yoxdur, "plastilin" kimi hər janrda oynamalıdır. Mən televiziyada komik obrazlarda, amma teatrda komedik obrazlarla yanaşı dramatik obrazlarda da oynamışam. Amma bu gün sənət aləmində mənə yer yoxdur. Heç kimə də pislik etməmişəm. Sadəcə olaraq, bilirəm ki, bu, mənə qarşı kiminsə oyunudur.
- Sizə rol verilməməsi nə ilə bağlıdır? Nə üçün sizə yeni obraz vermirlər?
- Obraz verilməməsinin səbəbini bilmirəm.
- Buna görə kiməsə müraciət etmisinizmi?
- Bəli, amma deyirlər ki, gözlə. Aktyorlar çox həssas insanlardır. Onlarla yaxşı davranmaq lazımdır. Hazırda bizim həmyaşıdlarımızdan az aktyor qalıb. Aktyorluq sənətinə qarşı laqeydlik var. Aktyor səhnəyə çıxanda obrazının yaxşı alınması üçün dəri-qabıqdan çıxır. Bu sənət yeganə sənətdir ki, öz xalqına təmənnasız xidmət edir. Aktyor bütün gözəlliklərə layiqdir. Məsələn, mən elə bir insanam ki, adi bir baxışdan xoşbəxt və yaxud da tərki-dünya ola bilirəm.
- Bu gün nədən peşmansınız?
- Bu gün Bakıda qaldığım üçün peşmanam. Gərək burdan vaxtında gedərdim. Bilsəydim ki, mənə qarşı bu cür münasibət göstərəcəklər, çıxıb gedərdim (kövrəlir). Getməyə imkanım da vardı, sadəcə, anam qoymadı. Getsəydim, həyatımı başqa cür yaşayardım. Burada sənət adamının ailə qurması da çətindir. Aktrisa ilə ailə həyatı qurmaq istəmirlər. Onlar haqqında şayiələr yayırlar. Amma aktrisalar digər sənət sahiblərindən əskik deyillər. Bir-iki nəfərin özünü pis aparmasını hamıya şamil edirlər. Amma bizim bir çox aktrisalarımızın gözəl həyatı, övladları var. Cəmiyyətimizdə həm qadın, həm aktrisa olmaq çox çətindir. İnsan əziyyət çəkəndə düşünür ki, mən niyə sənətə görə özümü öldürürdüm? Teatrın pis vəziyyətində, təmirsiz vaxtlarında, soyuğunda. İndi mənim əsəbləşən vaxtım deyil axı.
- Qeyd etdiniz ki, aktrisalar haqqında bir çox şayiələr yayılır. Siz də şayiələrin qurbanı olmusunuz?
- Bəli, haqqımda şayiələr çox olub. Elə şayiələr danışıblar ki, eşidəndə şoka düşmüşəm. Əvvəllər mənə çox pis təsir edirdi, indi isə eləmir. Çünki bilirəm ki, hər kəs haqqında şayiə danışırlar.
- Sizi sənət dostlarınız axtarırlarmı?
- Gəlmək istəyirlər, amma əziyyət vermək istəmirəm. Aktyor İlham Əsədov sağ olsun, məni bura o gətirdi. Çox diqqətli insandır. Adama qayğı göstərəndə kiməsə lazım olduğunu düşünürsən. Sənət dostlarımın bir çoxu müalicə olunduğumu bilmir. Bəlkə də bilirlər... Amma mən heç kimi görmək istəmirəm. Hamısının xətrini çox istəyirəm, amma sakit, başqa bir mühitdə olmaq istəyirəm. Bura mənim üçün çox yaxşıdır. Dünən evimə getmişdim, tez qaçıb gəldim. İnsanlar, həkimlər mənə qarşı çox yaxşı münasibət göstərirlər. Nahar edəndə belə hər kəs gəlir ki, Naibə xanım necəsiniz?
- Qızınız evdə kiminlə qalır?
- Qızım anamla qalır.
- İndi ən böyük dəstəkçiniz kimdir?
- Heç kim dəstək olmur. Artıq heç nə istəmirəm.
- Niyə?
- Allah mənə yol açsın, buradan çıxım gedim (ağlayır). Heç kimdən heç nə istəmirəm. Sadəcə, harasa getmək istəyirəm. Bu sənətdə nə etdim, bəsimdir. Artıq əsəb keçirməyə halım qalmayıb. Hamı mənə deyir ki, siz aktrisasınız, biz sizi başqa cür tanıyırıq, siz insanlara gülüş bəxş edirsiniz. Niyə bu vəziyyətdəsiniz? Həkim əlimin əsməsinə baxıb deyir ki, sizi kim bu vəziyyətə salıb?
- Çox həssassınız?..
- Artıq heç nəyə dözə bilmirəm. Mənə haqsızlıqlar gənclik illərimdəm başlayıb. Bu bir gün büruzə verməli idi. Niyə belə edirlər? Bilmirəm… Axı mənim heç kimlə işim yoxdur. İndiyə qədər bir gəncin belə yolunu kəsməmişəm. Baxmayaraq ki, teatra ilk gəldiyim günlərdə başıma nə oyun açdılar. Mənim günahım deyil ki, səhnəyə çıxanda daha çox alqış qazanıram. Sənətdən getmək istəyirəm. İstəyirəm ki, sakit bir həyatım olsun. Burada qalıb sənətdən uzaqlaşa bilmirəm. Çünki harasa gedəndə tamaşaçıların "Naibə xanım, sizin üçün darıxmışıq, sizin obrazlarınızı çox sevirik " deməkləri məni sənətdən getməyə, uzaqlaşmağa qoymur. Amma başqa bir şəhərə getsəm heç kəs məni tanımayacaq, kim olduğumu bilməyəcəklər. Adi vətəndaşlardan biri olacam.
- Naibə xanım, həyat yoldaşınızdan ayrılmısınız. Şəxsi həyatınızı sənətinə qurban verdiniz. Buna görə peşman deyilsiniz?
- "Pəri cadu" tamaşası oynayırdıq. Teatr təmir edildiyinə görə məşq klubların birində idi. Yorğana bürünüb məşq edirdik. Yerlərdə o qədər süründüm ki, əməliyyat keçirdim. Tamaşadan gəlmişdim, soyuq olmuşdu. Əsirdim. Həyat yoldaşım mənimlə mübahisə etdi və dedi ki, “saat 11-də evə gəlmisən... Sənə dəyər verən kimdir? Axırda tərki-dünya olub sənətdən uzaqlaşan aktrisalardan biri olacaqsan”. İndi onu başa düşürəm. Azərbaycanda Zərnigar Ağakişiyeva, Safura İbrahimova kimi aktrisalarımız sənətdən getdilər. İndi elə aktrisa yetişdirə bilirlər? Onları sənətdən küsdürdülər. Halbuki onlar teatrın sütunu idilər. Dəyərlərini bilmədilər. Onu da deyim ki, insana dəstək olmaq üçün yanında həyat yoldaşı olmalıdır.
Dünən anama deyirəm ki, sənətdə problemlərim var, evə isə gəlirəm, dörd divar və mən, qayğımı çəkəcək bir insan yoxdur. Dərdimi isə kiminləsə bölüşsəm, ya başqasına danışır, ya da arxamca gülür. Belə həyat olar? (ağlayır).
- Naibə xanım, niyə ikinci dəfə ailə həyatı qurmamısınız?
- Başım qızıma, sənətimə qarışdı. Həm də yad bir insanın evimə gəlməsini, yaxud da onun evinə getməyimi,övladımın yad bir kişinin yanında böyüməsini istəmədim. Çünki həyat pisdir. Tək idim, pul qazanıb qızıma təhsil vermək istəyirdim. Şükürlər olsun ki, qızım universitetə daxil oldu. Çox ağıllı və adımı yüksək tutan bir qızım var. Hərdən ailə həyatı qurmamağıma görə peşman oluram. Çünki bu sənətdə hər şey yalandır. Ona görə də gənc aktrisalarımızına deyirəm ki, ailə həyatı qurun, ailənizi sənətə qurban verməyin. Safura İbrahimova və Zərnigar Ağakişiyeva vaxtında ailə qurmadılar və övladları olmadı. Tək-tənha qalıblar. Qapılarını döyən yoxdur. Həyat yoldaşın olanda düşünürsən ki, sənətdə dəyərini bilmirlər, amma dərdini çəkən, dəstək olan insan var. O adam ağılsızdır ki, ailə həyatını sənətə qurban verir. Mən xoşbəxt olmaq istəyirəm. Qızım artıq böyüyüb. Əgər qarşıma normal, ziyalı adam çıxsa ailə həyatı quracam. O insan desə ki, bu sənətdən uzaqlaş, uzaqlaşacam. Çünki məni elə yandırıblar ki… Baxmayaraq ki, bu sənəti həyatımdan çox sevirəm.
Rəqsanə Həsənova