Teleqraf.com tanınmış sənət adamları arasında sorğu keçirib: “Yaradıcılığınızda hansı yenilik var? Hazırda üzərində işlədiyiniz ssenari varmı?”
Səslənən fikirləri sizlərə təqdim edirik:
Elçin Hami Axundov: “İşlədiyim ssenariləri Mədəniyyət və Turizm Nazirliyinə təqdim eləmişəm. Elçin Əfəndiyevin “Qatar. Pikasso. Latur. ” hekayəsinin ssenarisini, Süleyman Sani Axundovun “Qorxulu nağılları”ndan “Qanbulaq” hekayəsi əsasında yazdığım ssenarini, “Yadellilərin Azərbaycana gəlişi”ni və “Hacının bir günü” ssenarisini hazırlamışam”.
Mirbala Səlimli: “Belə bir ssenari var: “Süd və istiot” onun üzərində işləyib bitirmişəm. Mədəniyyət Nazirliyinə də təqdim eləmişəm”.
Yavər Rzayev: “Vəli Yusifoviç Axundov haqqında sənədli filmin üzərində işləyirik. Filmin ssenari müəllifi Yusif Şeyxovdur. Bundan başqa mənim də yaradıcılıq planlarım var, “Kəndirbaz” ssenarisini işləyirəm”.
İlqar Fəhmi: “Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə tarixi material üzərində işləyirik. Əsrin əvvəllərindəki erməni-türk münaqişəsi ilə bağlıdır. İndi bunun üzərində iş gedir. Azərbaycan milli düşüncə tərzinin yaranmağı ilə bağlı bədii film ssenarisidir. Əsas vacib işimiz budur”.
Aydın Kazımzadə: “İki cildlik Azərbaycan kinoensiklopediyasının birinci cildini hazırlayıb Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təhvil verdik. Çox tezliklə çap olunacaq. Hazırda isə onun ikinci cildi üzərində möhkəm iş gedir. Mənim də başım buna qarışıb. Bundan başqa, Azərbaycan Dövlət Filim Fondunda hər il tədqiqat işləri aparılır ki, onunla da məşğulam. Azərbaycan kinematoqrafçıları adı ilə ildə bir dəfə kitab hazırlayıram. Hazırda bu silsilədən yeddinci kitab hazırlanıb mətbəəyə verilib. Kitabda kino tariximizdən araşdırmalar da var.
Kim ki deyir ki, Azərbaycan kinosunun tarixini bilirəm, yalan deyir. Heç mən özüm də bilmirəm. Ona görə də nə qədər dərinə getdikcə, görürsən ki, heç nə bilmirsən”.
Sərvər Şirin