26 Fevral 2016 21:23
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Əlövsət Allahverdiyevin Xocalı faciəsi barədə essesini təqdim edir:

Bir zamanlar Xocalı mədəniyyəti, tarixi abidələri ilə tanınırdı, orta məktəblərdə tədris olunurdu. İndi yeni nəsil Xocalını soyqırıma görə tanıyır, orada məskunlaşan insanların acı talelərini oxumaqla nə zamansa bu hadisələrə beynəlxalq səviyyədə qiymət veriləcəyini düşünürlər.

Bəlkə doğrudan da bu, bir tale məsələsidir ki, bir ölkə və onun vətəndaşları ömür boyu, hətta əsrlərlə pisliklərə, şərə və böhtana qarşı mübarizə aparır, özünümüdafiə mövqeyində dayanır. Haqq səsini ucaldır ki, ona qarşı olan ədalətsizliklər görünsün, susmuş vicdanlar dilə gəlsin, insanlıq hisslərini itirmiş körpə qatillərinə dur deyilsin.

Xırda bir hadisəni dərhal eşidən dünyanın qulağı bunu nədən eşitmir, yoxsa eşitmək istəmir. Eşitməsin, axı çəkilmiş kadrları görməmək və buna biganə qalmaq mümkün deyil. Maraqlıdır, hər kəsin görə bildiyi halda döyülən və işgəncələrə məruz qalan, ləyaqəti alçaldılan insan qışqırmalı və ah-naləmi etməlidi ki, buna münasibət bildirilsin. İnsan hüquqlarını təbliğ edən dövlətlər, haqqında danışdığınız insanlar gözləriniz önündə alçaldıldılar, işgəncələrə məruz qaldılar, yurd-yuvalarından didərgin düşdülər, bir millət olaraq soyqırıma məruz qaldılar, görmək istəmədiniz bunları, cinayətkarların sərbəst gəzməsinə imkan yaratdınız. Sonda əlacsızlıqdan özümüzü müdafiə edə bilməməkdə suçlanmışıq, bir-birimizi ittiham etmişik.

Düşündük ki, yaxşı tanıda bilməmişik işğal olunmuş ərazilərimizi, yaxşı təbliğ edə bilməmişik Xocalı soyqırımımızı. Bunları zamanında etsəydik sanki hər şey öz yerini tapacaqdı. Hətta Xocalı soyqırımı və digər qətliamlarla bağlı məsələləri qaldırarkən Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlıları öldürməkdə xüsusi niyyətlərinin olması barədə sübutlar təqdim etməliyik. Əks halda həmin əməllər hərbi və ya insanlıq əleyhinə cinayətlərin elementlərini təşkil etmiş olacaq və müvafiq Konvensiyanın təsiri altına düşməyəcək. Bununla qismən razılaşmaq olar, lakin qeyd etməliyik ki, sübutetmə bizdən çox məhkəmənin üzərinə düşür. Doğrudur, baş vermiş cinayət əməllərinin hansının soyqırımı, hansının müharibə cinayətləri olmasını aydınlaşdırmaq və konkret nəticəyə gəlməkn həmişə mübahisəli olub. Demək olar ki, soyqırımı ittihamlarının cərəyan etdiyi hər bir hadisədə müxtəlif mövqelərin tərəfdarları faktların geniş müxtəlif versiyalarını təşviq edərək hadisənin şərhlərini və detallarını qızğın müzakirə edirlər, bununla da soyqırım ittihamı sözsüz ki, tam aydın olmur və demək olar ki, həmişə ziddiyyətlər olur. Əslində Xocalıda nə baş vermişdi? Dünyanın bir çox ölkələrində soyqırımı baş vermişdi, Xocalı soyqırımını bunlardan fərqləndirən nə idi? Hadisənin təfərrüatları barədə indiyə qədər çox yazılar yazıldığından təkrar onları qeyd etmək istəmirəm, məqsədim bu hadisəyə beynəlxalq hüquqi izah verməkdir. Soyqırımı digər beynəlxalq cinayətlərdən fərqləndirən keyfiyyətlər mövcuddur. Belə ki, soyqırımı cinayətinin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və ya dini qrupun bir qrup kimi bütövlükdə və ya qismən məhv edilməsi və ya məhv edilməsi təhlükəsinin yaradılması ilə xarakterizə olunur.

Soyqırımı iki mühüm əlamətlə xarakterizə olunur:

1) zəruri niyyət;

2) qadağan olunmuş əməl

Soyqırım üçün ən əhəmiyyətli xüsusiyyət spesifik niyyətin olmasıdır. Bu, soyqırımı digər oxşar cinayətlərdən də fərqləndirməyə imkan verir. Niyyət özündə aşağıdakıları bir neçə aspekti ehtiva edir:
> niyyət təsadüfən və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin deyil, qrupun məhv edilməsindən ibarət olmalıdır;
> niyyət qrupun bir qrup kimi öz-özlüyündə, başqalarından fərqlənən bir ayrıca qrup
kimi məhv edilməsindən ibarət olmalıdır. Bu baxımdan, soyqırımla homocide (adamöldürmə) cinayəti arasında fərq soyqırımın bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtinası, homocide-in isə ayrı-ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan imtinasındadır;
> niyyət qrupun “tamamilə və ya qismən” məhv edilməsindən ibarət olmalıdır;
> niyyət yuxarıda göstərilən qruplardan birinin məhz milli, etnik, irqi və ya dini səbəblərdən məhv edilməsindən ibarət olmalıdır. Göründüyü kimi, digər qruplar, xüsusilə, siyasi və sosial qruplar bu siyahıya daxil edilməmişdir, yəni soyqırımın obyekti siyasi qruplar deyil, etnik qruplardır.
Soyqırımı xarakterizə edən bu əlamətlər demək olar ki, 1992-ci il fevralın 25-dən 26-na keən gecə erməni terror təşkilatları, rus hərbi birləşmələrinin 366-cı polkunun müasir silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə törədilmiş Xocalı soyqırımında açıq-aydın müahidə olunurdu. Xocalıda minlərlə dinc azərbaycanlı planlı şəkildə qətlə yetirildi. Xəstələrə, ağsaqqal və ağbirçəklərə, körpə uşaqlara, qadınlara aman verilmədi. Bu soyqırım siyasəti əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmış və dəqiq yerinə yetirilmişdi. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin soyqırımı araşdıran istintaq komissiyasına təqdim etdiyi Xocalı şəhərinə hərbçilərin danışıqlarının lent yazısı da planın əvvəlcədən hazırlandığını və bu faciədə 366-cı rus hərbi alayının iştirakmı təsdiqləyir. Belə ki, hərbçilərin telefon söhbətində Xocalıya hücuma hazırlıq getdiyi, danışıqların milyon rəqəmlərlə hesablanan pulu gözlədikləri anlaşılır.

1992-ci il fevralın 26-da, soyqırım planından on gün əvvəl məlum 366-cı alayın nəzdində "Klukin, erməni cəbhəsi" deyilən "rota'" yaradılır. Sözügedən "rota"nın özəyini Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmalarmı təmsil edən, beyinlərinə yeridilən, başı üstlərində "Böyük Ermənistan" xəritəsi asılan silahlı quldur erməni birləşmələri təşkil edirdi. Fevralın 17-də qızlardan ibarət "Şuşanik" adlı snayperçilər dəstəsi həmin cəbhəyə qoşulmuş, düşüncələrinə türk düşmənçiliyi hopdurulan, insani idrakdan uzaq olan "Şuşanik" snayperçiləri Livandan gətirilmişdi. "Klukin, erməni cəbhəsi"nə Xaçik Vartanyan rəhbərlik edirdi (Milli Təhlükəsizlik Nazirliyinin araşdırmalarından).

Bunu son günlərdə Rusiyalı akademik, məşhur tarixçi Yuri Pompeyev öz müsahibəsində təsdiq etmişdir. O, Xocalı hadisələrini soyqırımı adlandırmış və bildirmişdi ki, silahsız insanlar, uşaqlar məhv edildi. Həmçinin insanlar milli mənsubiyyətinə görə öldürüldülər. Azərbaycanlılara qarşı göz qabağında törədilən bu hadisə əsl soyqırımı idi. Bu cinayətin bir gün mühakimə olunacağı dəqiqdir. O dövrə qədər Xocalıda mesxeti türklər də yaşayırdı. Bu xalq Stalin tərəfindən Fərqanə vadisinə sürgün edilmiş, 80-ci illərin sonlarında Qafqaza qayıtmışdı. Bu xalq böyük faciələrlə üzləşib. Onlar Xocalıda da tankların altında əzildilər. “Qarabağ gündəliyi”ni yazarkən mən həmin faciədən sağ qurtulan insanlarla görüşürdüm. Onlardan bir çoxu hələ o zaman uşaq, yaxud gənc idilər. Onlarda bu faciədən psixoloji sarsıntılar qalmışdı. Məsələn, bir qız normal nitqini itirmişdi.

Bu, dəhşətli idi. Bəli bunu rusiyalı tarixçi deyir.

Xocalıda mülki əhalinin amansızcasına qətlə yetirilməsinin dövlət siyasəti formasında həyata keçirilməsini təsdiq edən kifayət qədər faktlar mövcuddur. Beynəlxalq hüquq normalarına görə isə müharibə zonalarında yaşayan dinc mülki əhali zorakılığa məruz qalmamalı, münaqişə tərəfləri onların təxliyyə olunmasına şərait yaratmalıdırlar. Erməni silahlı birləşmələri beynəlxalq hüquq normalarına riayət etmədilər, insanlara çıxış üçün hər hansı bir dəhliz yaratmaq əvəzinə çıxış yollarında əvvəlcədən planlı şəkildə xüsusi düzəldilmiş gizli yerlərdə dayanaraq əhalinin çıxmasına imkan verməmiş və onları amansızcasına qətlə yetirmişlər. Bu da onu göstərir ki, erməni silahlı birləşmələri Xocalıda mülki əhalinin qətlə yetirilməsini dövlət planı və ya siyasətinin nəticəsi olaraq icra etmişdilər. Belə olmasaydı əvvəlcədən əhalinin çıxış yolları bağlanmazdı.

İkincisi, qeyd etmişdik ki, soyqırımı üçün zəruri ünsür niyyətin olmasıdır. Soyqırım cinayətinin tərkibini yaradan əməllərdən hər biri, öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin dərk edilməsi, əməlin soyqırım kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyəti ortaya qoymaq tələb olunur. Xocalıda mülki əhaliyə qarşı baş vermiş əməllər ermənilərin niyyətinin məhz soyqırım cinayətini törətməyə yönəlmiş olduğunu bir daha təsdiq edir. Eyni zamanda Xocalıda baş verən cinayətin milli qrup kimi azərbaycanlılara qarşı yönəlməsi bir daha əməlin soyqırım olmasını təsdiq edir.
Harada və nə zaman baş verməsindən asılı olmayarq soyqırım cinayətinə öncə zərərçəkmiş dövlətin milli qanunvericiliyi ilə siyasi və hüquqi qiymət verilməli və sonra o, beynəlxalq hüquqi müstəviyə çıxarılmalıdır. Bu səbəbdən də Xocalı əhalisinə qarşı baş vermiş əməl Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il Fərmanında Xocalı soyqırımı kimi qiymətləndirilmişdir. Xocalı hadisələrinin soyqırım kimi tövsif olunmasına eyni zamanda BMT qətnamələri, Soyqırım cinayətinin cəzalandırılması və qarşısının alınması haqqında 1948-ci il Konvensiyası, beynəlxalq cinayət tribunallarının nizamnamələri əsas verir. Xocalı soyqırımının beynəlxalq məhkəmə perspektivlilyi nəzərdən keçirilməsinə və bunun beynəlxalq cinayət mühakiməsinin predmeti ola bilməsi ilə bağlı çoxsaylı araşdırmalar aparılmasına baxmayarq, hələ də buna beynəlxalq hüquqi qiymət verilmir? Təəssüflər olsun ki, indiyə qədər aparılan araşdırmalar və təhlillərin heç bir nəticəsi olmamışdır. Nədənsə beynəlxalq birlik bu məsələyə münasibətdə daha çox susmağa üstünlük verir. Kifayət qədər faktlar və dəlillərin olmasına baxmayaraq hələ də Xocalı soyqırımının təqsirkarları beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmayıblar.
Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 24-cü maddəsində göstərilir ki, şəxs Statutun qüvvəyə minməsinə qədər olan əməllərə görə bu statuta əsasən, cinayət məsulyyətinə cəlb edilə bilməz. Xocalı soyqırımı da Statut qüvvəyə minməmişdən əvvəl baş verdiyi üçün Statut ona şamil olunmur. Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 24-cü maddəsinin tələbi düzgün deyil. Ona görə ki, beynəlxalq cinayətlər beynəlxalq sülhə və təhlükəsizliyə qəsd etdiyinə görə burada zaman və məkan nəzərə alınmamalıdır, necə ki, beynəlxalq cinayətlərə görə iddia müddəti tətbiq olunmur. Yəni, beynəlxalq cinayət törətmiş şəxslər müddətin keçməsindən asılı olmayaraq məsuliyyətə cəlb olunurlar. Deməli bütün hallarda məqsəd birdir-beynəlxalq cinayət törətmiş şəxslər cəzasız qalmamalıdırlar. Belə olan halda Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası nə üçün özündən əvvəl baş vermiş cinayətlərə münasibətdə susmağa üstünlük verir? Axı, Xocalıda dövlətin qanuni maraq və mənafelərinə qəsd olunub, sülh və təhlükəsizliyə ciddi zərər vurulub, uşaqlar, körpələr, qoca və qadınlar qətlə yetirilib.

Azərbaycan qanunvericisi bu problemi həll etmək üçün «Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununu qəbul etdi (12 may 2006-cı il). Qanunun 1-ci maddəsində deyilir:

“Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırım və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın və «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir”. Məhz bu kimi uyğunlaşmalar imkan verir ki, soyqırımı törədənlərin məsuliyyət məsələsi müəyyən olunsun. Sadəcə buna beynəlxalq birliyin istəyi lazımdır. Ümidimizi üzməyək, heç olmasa ilahi ədalət öz gücünü göstərsin”.


Müəllif:

Oxşar xəbərlər