29 Fevral 2016 15:28
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni layihəsi olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ədəbi ictimaiyyətin marağına səbəb olub. Layihəyə əsasən Azərbaycan ədəbiyyatı nümunələrinin bir sıra ölkələrdə, müxtəlif dillərdə nəşri planlaşdırılır.

Tərcümə Mərkəzinin direktoru, yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsud bu və digər məsələlər, eləcə də ana dilinin tətbiqi və tərcümə işinin vəziyyəti, ümumilikdə qurumun fəaliyyətinin əhatə dairəsi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Afaq xanım, rəhbərlik etdiyiniz Tərcümə Mərkəzi artıq il yarımdır fəaliyyət göstərir. Yeni yaranan və nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada analoqu olmayan bu qurumun nümunə götürəcəyi, yararlana biləcəyi hər hansı bir təcrübə varmı?

– Bilirsiniz ki, Tərcümə Mərkəzi uzun illər yaradıcı ictimai qurum kimi fəaliyyət göstərib. Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalı, “Yol” qəzeti, eləcə də kitab nəşrləri həmişə ölkə ictimaiyyətinin diqqət mərkəzində olub. Frans Kafka, Qabriel Qarsia Markes, Uilyam Folkner, Cerom Selincer, Tomas Vulf, Andrey Platonov və digər bu kimi dünya şöhrətli ədiblər Azərbaycan oxucusuna hələ 90-cı illərdə məhz bizim Mərkəz tərəfindən tanıdılıb. Quranın ilk tərcüməsi “Xəzər” jurnalında nəşr olunub.

Görülən bütün bu işlər –bədii sözə, ciddi ədəbiyyata illər boyu sonsuz sevgi və sədaqətlə göstərilən bu təmənnasız xidmət əvəzsiz qalmadı. Belə ki, 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Mərkəzə yeni status verildi. Ölkə üçün dil və tərcümə kimi ciddi və məsuliyyətli bir sahənin təkmilləşdirilməsi və tənzimlənməsi işinin yaradıcı bir quruma – əsasını yazıçı və şairlər, bədii tərcümə mütəxəssislərinin təşkil etdiyi ictimai bir quruma həvalə olunması, düşünürəm ki, bu istiqamətdə atılan ən düzgün addım idi.

Bu gün Mərkəz dövlət dilinin qorunub saxlanılması, düzgün tətbiqi və tədrisi, həmçinin dilin digər işlək qolu olan tərcümə sahəsinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada tənzimlənməsi işini həyata keçirən dövlət qurumudur. Adımız hələ “Tərcümə Mərkəzi” olaraq qaldığı üçün bəzən bizi bu ad altında fəaliyyət göstərən saysız-hesabsız xırda tərcümə xidməti kontorları ilə qarışıq salır, bəzən isə əvvəlki kimi, sırf bədii tərcümə ilə məşğul olan ədəbiyyat qurumu hesab edirlər. Əlbəttə, biz ənənəmizə sadiq qalaraq, bədii tərcümələrə də yer ayırırıq, lakin bu, qarşımıza qoyulan funksiya və vəzifələrin yalnız bir qoludur. Bu qurumun, həqiqətən, dünyada analoqu yoxdur və kimdənsə təcrübə götürməyə hələlik elə bir ehtiyac da duymuruq. Bu mənada Mərkəzi dövlətimizin başçısının yaratdığı yeni qurumlar sırasında növbəti brend kimi qəbul etmək olar.

- Mərkəz Azərbaycan dilinin saflığı, qorunması, yeni dövrə uyğunlaşması məsələsinə xüsusi önəm verir. Mətbuatdan məlum olduğu kimi, Mərkəzdə yeni sahə lüğətləri hazırlanır, “İşlək orfoqrafiya lüğəti” üzərində gərgin iş gedir. Bu lüğətlə bağlı nə deyə bilərsiniz?

– Məlumdur ki, dilin düzgün tətbiqini, yaxud mənimsənilməsini şərtləndirən amillər və əsaslar var. Bu, ilk növbədə dilin işlənməsi ilə bağlı təsbit olunmuş qaydalar, onun tədrisi, söz ehtiyatı, orfoqrafik yazılış qaydaları, eləcə də dili yaşadan, tərəqqiyə, yaxud əksinə, tənəzzülə aparan məqamlardır. Fəaliyyətə başladığı ilk günlərdən Mərkəz ədəbiyyatda, tədris vəsaitlərində, dövlət qurumlarının yazışmalarında, kütləvi informasiya vasitələrində dilin işlənməsi, tətbiqi və tərcüməsi ilə bağlı davamlı araşdırmalar aparmağa başladı və bu sahədə bir çox neqativ halların yaşandığı aşkarlandı. Hazırda üzərində işlədiyimiz «İşlək orfoqrafiya lüğəti» dilin düzgün tətbiqi istiqamətində həyata keçirilməsi vacib olan işlərin ən mühümüdür. Dilin düzgün yazılış qaydalarını müəyyən edən baza olmadan, bu sahədə hər hansı islahatlar aparılması mümkün deyil. İllərdən bəri istifadə edilən, dövlət dilinin tətbiqi, tədrisi və düzgün istifadəsinin bilavasitə təyinatçısı olan, dilin söz ehtiyatını, sözlərin düzgün yazılışını müəyyən edən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” hazırda minlərlə yazılışı qüsurlu sözlərdən, mənası və mənşəyi bilinməyən söz və söz birləşmələrindən, kimyəvi element və dərman adlarından, dilimizdə işlənməyən qəliz ərəb, fars, ədəbi dilimizə yaraşmayan ara sözlərindən, dialektlərdən təmizlənmə prosesindədir. Bu, əlbəttə, bir institutun görə biləcəyi çox ağır, məsuliyyətli bir işdir, amma necə deyərlər, bu ana kitab sahmana salınmadan, təmizlənib saflaşmadan dilin düzgün işlədilməsindən və tətbiqindən söhbət gedə bilməz.

- Mətbuatda dərc edilən müsahibə və məqalələrinizdən də aydın olur ki, dil və tərcümə sahəsində vəziyyət qənaətbəxş deyil. Siz islahatların, ilk növbədə, təhsil sistemindən başlanmasını, “Əlifba”dan başlayaraq tədris vəsaitlərinin yenilənib mükəmməl səviyyəyə çatdırılmasını vacib hesab edirsiniz. Bəs dövlət qurumlarının yazışmalarında və saytlarında dilin tətbiqi və tərcümənin vəziyyəti necədir? Bununla bağlı fikrinizi də bilmək istərdik.

– Ötən il Mərkəz, 90-dək dövlət qurumunda həyata keçirilən yazışmalarda, Azərbaycan və ingilis dillərində yayımlanan dövlət saytlarında, beynəlxalq məktublaşmalarda, eləcə də ana dili və ədəbiyyat kitablarında dilin tətbiqi və tərcümənin vəziyyəti ilə bağlı araşdırmalar aparıb və yekun hesabat ölkə rəhbərliyinə təqdim olunub. Bu sahədə də dilin işlənməsi və tərcümə məsələləri ürəkaçan deyil. Sənədlər çoxlu sayda üslub, leksik, qrammatik, orfoqrafik və tərcümə xətalarıyla tərtib olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan gün-gündən dünyanın diqqət mərkəzinə çevrildikcə, beynəlxalq aləmlə anlaşmanın bilavasitə təyinatçısı olan dil və tərcümə sahəsi də diqqət mərkəzinə gəlir. Mərkəz bu yönümdə – dil və tərcümə xətalarının aradan qaldırılması istiqamətində də iş aparır. Eyni zamanda, tərcümə sahəsinin təkmilləşdirilməsi, tərcümənin tədrisində müvafiq islahatların ölkədə fəaliyyət göstərən tərcüməçilərin spesifik sahələr (texniki, bədii, neft, tibb, hüquq və s.) və peşə səviyyəsi üzrə Məlumat reyestrinin aparılması, bu sahənin dayanıqlı hüquqi-normativ bazasının yaradılması və digər bu kimi həlli vacib məsələlərlə məşğul olur. Bir sözlə, görüləsi işlər həddən artıq çoxdur.

- Çox qısa müddət ərzində Mərkəz təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da bir çox ciddi və əhəmiyyətli layihələr həyata keçirib və keçirir. Bu sırada milli ədəbiyyatımızın dünya ölkələrində nəşrini və geniş təqdimatını nəzərdə tuturuq.

– Biz, əlbəttə, ədəbiyyata da yer ayırırıq. Mərkəz dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması, milli ədəbiyyatımızın dünyada təbliği istiqamətində də əhəmiyyətli işlər görür. Bu layihələrin bir qismi Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri və əlaqədar beynəlxalq qurumlarla birgə həyata keçirilir. Ədəbiyyatımızın dünyada təbliğinə gəlincə, Mərkəz bu vaxta qədər nə ölkəmizdə, nə də onun hüdudlarından kənarda işıq üzü görməyən “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın müxtəlif dillərə tərcüməsi və xarici ölkələrdə nəşri, təbliği və yayılması üzərində işlər aparır. Müasir Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini müəyyən edən bu ikicildliyə ən istedadlı və tanınmış ədiblərimizin əsərləri toplanıb. Bu, Azərbaycan ədəbiyyatının ümumi və mükəmməl mənzərəsini əks etdirən ilk akademik nəşrdir ki, yaxın vaxtlarda bir qədər genişləndirilmiş formatda yerli oxucuya da təqdim olunacaq.

Əslində hər bir sivil ölkə bu sayaq vacib ədəbiyyat qaynağına malikdir və əlbəttə ki, bu, bizdə də olmalıdır. Ötən il həmin antologiya rus dilində Moskvada nəşr olundu və kitabın Moskva Yazıçılar Birliyinin iştirakı ilə geniş təqdimatı keçirildi. Kitablar Moskva Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Rusiya paytaxtının, eləcə də bu ölkənin əsas kitabxanalarına, elm ocaqlarına paylandı. Yaxın vaxtlarda antologiyanın ərəb dilində Misirdə, türk dilində Ankarada, daha sonra Belarusda nəşri və təqdimatı gözlənilir.

- Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalı, “Aydın yol” qəzeti, eləcə də mükəmməl tərcümə səviyyəsi və tərtibatı ilə seçilən kitab nəşrləri ciddi ədəbiyyatın, maarifçiliyin və mədəniyyətin təbliğinə əsaslanır. Oxucu səviyyəsinin aşağı endiyi bir vaxtda əsl ziyalı ənənələrinə sadiq qalmaq və bu missiyanı davam etdirmək həm ağır, həm də şərəfli işdir. Mərkəzin, əvvəllər olduğu kimi, indi də məhz bədii nəşrlər sahəsində ciddi ədəbiyyata üstünlük verməsini nə ilə izah edərdiniz?

– Yenə bu fikirdəyəm ki, biz oxucunu ardımızca aparmalıyıq, oxucu bizi yox. Ciddi, düşündürücü ədəbiyyat oxucudan, ilk növbədə, intellekt tələb edir. Azərbaycanda, az da olsa, belə oxucu kütləsi var və onların sırasını genişləndirmək lazımdır. Bu məqsədlə Mərkəz “Açıq kitab” elektron kitabxanasını yaradıb. Onun vasitəsilə yüzlərlə kitabı onlayn rejimdə mütaliə etmək olar. Bu sahədə maarifləndirmə işini, eyni zamanda, bizim “Xəzər” dünya ədəbiyyatı jurnalı və “Aydın yol” qəzeti aparır. Kitab nəşrlərimiz ölkənin bütün kitabxanalarına, institutlara, elm ocaqlarına paylanılır.

Mərkəz əvvəllər də, ən çətin dönəmlərində belə, heç vaxt maddiyyata üstünlük verməyib, pul qazanmaq xatirinə kütlə marağına hesablanmış ədəbiyyatlara müraciət etməyib və zaman göstərdi ki, bu, düz yoldur. İllərlə görülən həmin işlər – kütləvi zövqə hesablanmayan ciddi nəşrlər bu gün beynəlxalq aləmlə münasibətlər qurmaqda bizim üçün açar rolunu oynayır. Azərbaycanda fəaliyyət göstərən elə bir səfirlik, yaxud xarici ölkə nümayəndəliyi yoxdur ki, Mərkəz onun ciddi ədəbiyyatına müraciət etməmiş olsun, bu əsərləri tərcümə və nəşr etməsin.

- Afaq xanım, sonda Mərkəzin gələcək planları barədə məlumat verməyinizi istərdik.

– Planlarımız çoxdur. Bu, ilk növbədə, dövlət dilinin düzgün tətbiqi və istifadəsi, dilimizin qorunub saxlanılması və zənginləşdirilməsi istiqamətində nəzərdə tutulan işlərin davamlı aparılması, ana dili və ədəbiyyatın tədrisi və dillər üzrə tədris vəsaitlərinin mükəmməlləşdirilməsi, tərcümə sahəsində nəzərdə tutulan vacib islahatların aparılması və əlbəttə ki, milli ədəbiyyatımızın, mədəniyyətimizin beynəlxalq müstəvidə layiqli şəkildə tanıdılmasıdır.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.


Müəllif:

Oxşar xəbərlər