Sumqayıtın Tarix Muzeyi 1967-ci ildən fəaliyyət göstərir. Şəhərin yaranma tarixinə, inkişaf yollarına işıq salan eksponantlarla zəngin olan binada 15000-dən çox əşya nümayiş olunur. Bəs burada özgə nələr var? Bu suala aydınlıq gətirmək üçün muzeyin qapısını döydük.
Muzeyin birinci mərtəbəsindəyik. Kütləvi ekspozisiya şöbəsinin müdiri Əmirova Sevinc bizi burayla tanış eləyir:
– Muzeyin iki mərtəbəsi var. Burda Sumqayıtın boş bir düzəngahdan bu günə qədər keçdiyi inkişaf yolunu öyrənmək olar. Şəhərin tarixi ilə bağlı əhəmiyyətli arxeoloji qazıntı nümunələri, tarixi sənəd və fotolar, başqa şəhərlərin tarixi hədiyyələri, bunlarla yanaşı Sumqayıtın keçmişindən xəbər verən ekspozisiyalar və 28-29 fevral 1988-ci ildə baş verən Sumqayıt hadisələri ilə bağlı eksponantlar nümayiş olunur.
Rəsul Rzanın “Sumqayıt əfsanəsi” və Vaqif Nəzirovun kompozisiyası...
Muzeyin girişində maraqlı bir kompozisiya ilə qarşılaşdıq. Burada Sumqayıtın yaranması ilə bağlı əfsanəyə Rəsul Rzanın yazdığı “Sumqayıt əfsanəsi” səsləndirilir. Əsəri dinlədikcə onun motivinə uyğun kompozisiya baxır, sanki nağılvari bir mühitə düşürsən. Az keçmiş Sevinc xanıma sual veririk:
- Bu, Sumqayıt şəhərinin adı ilə bağlı əfsanə əsasında yaradılmış kompozisiyadır, yoxsa hansısa tarixi əsası da var? Yəni müəyyən tarixi canlandırırmı?
- Burada əfsanə ilə tarixiliyin sintezi var. Müəllifi rəssam Vaqif Nəzirov olan bu işdə Beşbarmaq ziyarətgahını xatırladan əl, Ceyranın boğulma səhnəsi, şəhərin flora və faunası, onun yarımsəhra iqlimi, Sumqayıt çayı və onun hər iki sahilində XVI-XVII əsrlərə aid olan Şah Abbas karvansarası öz əksini tapıb.
- Muzeydə o dövrə aid hansısa maddi sübut var?
- Bəli, var. Sumqayıt çayı üzərində salınmış taxta körpünün qalığı ikinci mərtəbədəki arxelogiya fondunda qorunur.
Sumqayıtın yaranmasını, inkişafını əks eləyən rəmzi ağac
Muzeyin birinci mərtəbəsində qədim məişət əşyaları nümayiş olunur: XIX əsrə aid misdən düzəldilmiş satıl, məcməyi, parç, piyalə, kasa, sini qablar və e.ə III əsrə aid dördağızlı su qabı, həvəngdəstə, XII əsrə aid dolça, qara çıraq və başqa saxsı qablar...
Qədim evlər və...
İkinci mərtəbəyə qalxırıq. Burada alman əsirlərinin Sumqayıtın inşasındakı işləri barədə stend var. Bu məlumatlar körpü və binaların tikintisi ilə bağlıdır.
Muzeydə Sumqayıtın ən qədim yeri olan Coratın qədim bağ evlərinin şəkilləri və maketləri də nümayiş olunur. Məsələn, kibitkalar. Bir bacası və bir qapısı olan kibitkaların pəncərəsi yoxdur. O vaxt burda qışa azuqələr yığarmışlar.
Muzeydə kibitkalar kimi qədimi evlərin iç görüntüsünə uyğun maket də qurulub.
Burada keçmiş corat kənd əhalisinin həyat şəraitini, məşğuliyyətini əks elətdirən otaq və məişətlərində istifadə etdikləri etnoqrafik əşyaları, bununla yanaşı Sumqayıtın ilk qurucularının yaşayış şəraiti və istifadə etdikləri məişət əşyaları da sərgilənir.
Sumqayıtın ilk müəssisələri, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcıllları haqqında məlumatlar, əşyalar, fotolar nümayiş olunur.
Sumqayıtın dünya şəhərləri ilə əlaqəsi və onların hədiyyələri
Muzeydə sovet dövründən müasir dövrə qədər Sumqayıtın başqa şəhərlərlə qardaşlıq əlaqəsini işıqlandıran stendlər də var. Burda onların verdiyi hədiyyələr saxlanılır. Məsələn, 1977-ci ildən Sumqayıtın Almaniyanın Lüdviqshafen şəhəri ilə dostluq münasibəti olub. Onlar vaxtilə sumqayıtlılara dava-dərmanla yardım eləyiblər. Bu gün muzeydə həmin şəhərin Sumqayıta verdiyi hədiyyə də qorunur.
Bu bölmədə Türkiyə, Kipr, Misir, Rumıniya, Gürcüstan, İran, Bolqarıstan, Çexiyanın, eləcə də Avstriyanın Lints, İtaliyanın Bari, Çinin Cucou və Tzyantzin şəhər nümyəndələrinin hədiyyələri də nümayiş olunur.
Sumqayıt hadisələri ilə bağlı guşə
Muzeyin eksponantlar sərgilənən başqa otağına keçirik. Girişdə 1988-ci ilin fevral ayının son günlərində baş vermiş Sumqayıt hadisələri ilə bağlı guşə də var. Burada bir qrup erməninin ağılasığmaz planı əsasında Sumqayıtda qanlı olay törətməsinə aid sənədlər, fotolar, kitablar, o dövrü işıqlandıran xarici mətbu orqanlarının nümunələri, qəzetlər və başqa bu kimi qiymətli məlumatlar var. Muzeyə gələnlər burada ermənilərin məkirli məqsədiylə bir daha aydın tanış olurlar.
Burada Sumqayıtın Milli Qəhrəmanları haqqında stendlər, şəhidlərə həsr olunmuş “Ulduz axını” abidəsi də sərgilənir.
Beləcə, Sumqayıt Tarix Muzeyi ilə tanışlığımız başa çatır. Sonda ikinci mərtəbədən pillələrlə düşə-düşə divara vurulmuş nəhəng rəsmə - “Sumqayıt XXI əsrdə”yə baxırıq. Rəsmin müəllifi Tofiq Əhmədovdur. O, bu əsərində Sumqayıtın işıqlı gələcəyini göstərməyə çalışıb.
Sərvər Şirin