Teodor Mommsen 30 noyabr 1817-ci ildə Almaniyanın Hardinq şəhərində, lyüteran keşiş Yens Mommsenin ailəsində anadan olub. Atasının xidmət etdiyi Bad-Oldeslo şəhərində böyüyüb. İlk təhsilini evdə atasından alıb. Sonra isə dörd il gimnaziyada oxuyub. Orada yunan və latın dillərini öyrənib. 1837-ci ildə diplom alıb. Sonra Kil Universitetinin hüquq fakültəsinə qəbul olub. 1843-cü ildə “Roma qanunvericiliyi” mövzusunda doktorluq dissertasiyanı müdafiə edərək təhsilini bitirib.
İtaliyaya elmi ezamiyyətə getmək haqqı əldə edən Mommsen 4 il müddətində İtaliyanı gəzib dolaşaraq e.ə. I əsrə aid mənbələri öyrənməyə və surətini çıxarmağa müvəffəq olub. İşinin nəticələrini nəşr etdirən müəllifin adı tezliklə elmi dairələrdə məşhurlaşıb və bu məşhurluq onu başladığı işi davam etdirməyə həvəsləndirib. Bir neçə səfərin yekunu olaraq Mommsen qədim Roma tarixi ilə bağlı 100 minlərlə sənəd işləyib və onları sistemləşdirib. 20 cilddən ibarət olan həmin sənədlər 1863-cü ildən etibarən nəşr olunmağa başlayıb.
1848-ci ildə Killə qayıdan Mommsen Danimarka hökumətinə qarşı üsyanda iştirak edib və küçə döyüşlərinin birində yaralanıb. Üsyan yatırıldıqdan sonra Kildə qalmağın təhlükəli olduğunu bilən Mommsen Leyptsiq universitetinin təklifini qəbul edərək ora gedib.
Mommsen Roma tarixi ilə bağlı 1500 iş nəşr etdirib və o tarixin sistemli öyrənilməsi nəzəriyyəsini hazırlayıb. “Roma tarixi” əsəri müəllifin ilk işlərindən biri kimi, alimin ən əsas araşdırmalarından hesab edilir. Lakin bizim dövrdə onun Berlin Akademiyasına bağışladığı “Roma qeydləri məcmuəsi” (Corpus Inscriptionum Latinarum) daha dəyərlidir.
“Roma tarixi” 1854, 1855 və 1856-cı illərdə üç cilddə çap olunub. Əsərdə Roma tarixində respublikanın süqutuna qədərki və Yuli Sezarın hakimiyyətinin ilk dövrləri təsvir edilib. Əsərin Romanın imperiyalar dövründən bəhs edən 4-cü cildi çap olunmayıb. Bunun əvəzində isə Mommsen imperiyalar dövrünün Roma əyalətlərinə həsr etdiyi 5-ci cildi çap etdirib.
Müəllif latın dilində əsər yazmaq istəyi ilə on altı cildlik “Roma qeydləri məcmuəsi”ni yazıb. Əsərin 15 cildi Mommsenin sağlığında işıq üzü görüb. O, “Roma tarixi”, “Roma dövlətində hüquq”, “Roma dövlətində cinayət hüququ”, “Latın yazıları külliyatı”, “Vətəndaş hüququ külliyyatı” , “Feodosiya kodeksi ” və digər möhtəşəm əsərlərin müəllifidir.
Teodor Mommsen 1868-ci ildə “Elmdə və incəsəntdəki xidmətlərinə görə” ordeni ilə təltif edilib. O, 1902-ci ildə “Tarixi əsərləri böyük sənətkarlıqla yazdığına və xüsusilə “Roma tarixi” kimi möhtəşəm bir əsəri yazmağa sərf etdiyi əməyə görə” ədəbiyyat üzrə sayca ikinci Nobel mükafatına layiq görülüb.
Sizə “Roma tarixi” əsərinin son fəslini təqdim edirik:
VIII FƏSİL
DİN, TƏHSİL, ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT
Köhnə dini təsəvvürlərin tənəzzülü və şərq kultlarının yayılması. Yeniyetmələrin tərbiyəsi. Bədii maraqların inkişafı. Lukretsi, Katull, Varron, Siseron. Hüquq və dəqiq elmlər.
Son illər respublikada dini fəlaiyyət sahəsində hər hansısa yeniliyə imza atmağa ehtiyac yoxdur. Dini maraqlar ellinizm dövründə necə inkişaf edirdisə, elə o səviyyədə qalırdı. Dövlət dini rahat siyasi sığınacaq kimi qorunub saxlandığı üçün bu, heç kəsi narahat etmirdi. Roma cəmiyyətində geniş şəkildə qəbul edilmiş stoisizm bu dövrdə öz mahiyyətini itirmişdi: insanlar onun hiyləgər terminologiyasından və mənasızlığından doymuşdu – indi Romada unudulmuş həyat təşvişləri, mənasız apatiya və yaxud səthi ironiya axtarışına meyilli Epikür sistemi inkişaf edirdi və bu sistem insanlara tam münasib idi. Həmişə və hər yerdə yanaşı gedən dinsizlik burada imanı – eyni mənəvi əhval-ruhiyyətinin təzahürü – özündən kənarlaşdırmışdı. Romada din itmişdi – Aralıq dənizi sahillərində məskunlaşan insanların ən darıxdırıcı və qəribə tanrı kultlarından sayılan fars və xüsusilə də misir tanrı kultları hər an yayılırdı. Bu illərdə öz tanrılarına – Romanın qədim tanrılarına etinasızlıqla yanaşanlar qəribə təzahürlü misir tanrılarının parodiyalarına meyl edirdilər. Bu zaman Romada qəribə dini nəzəriyyə kimi qəbul edilən, özündə ən müxtəlif natamam fəlsəfi sistemləri və mistik cəfəngiyyatlara qarışmış nəzəriyyələrin təbii işartılarını ehtiva edən neopifaqorizm yayılmağa başladı.
Öz ruhuna və məzmununa görə ümumtəhsil sistemi daha çox ellinizm dövürə yaxın idi. Ümumtəhsil fənləri arasından hərb sənəti və kənd təsərrüfatı dərsləri çıxarılmışdı. Məktəb təhsili belə demək olarsa “yeddi azad sənət”i əhatə edirdi: qrammatika, məntiq (yaxud dialektika), ritorika, həndəsə, hesab, astronomiya və memarlıq. Yunan ədəbiyyatı yenə də ümumi təhsilin əsasını təşkil edirdi və əvvəlki vaxtlara nisbətən daha ciddi, daha ali səviyyədə tədris olunurdu. Afinada, ya da Rodosda təhsil amlaq artıq vacib bir məna kəsb etməyə başlamışdı. Ciddi elmlərin mərkəzi hesab edilən İsgəndəriyyə daha əvvəlki maraq dairəsini itirmşdi. Afinalı müdirklərin, ya da rodoslu natiqlərin boşboğazlığı gənclərə ellinizmin zərərli elementlərini aşılayırdı, amma dövrün müasirləri son onilliklərdə İtaliyadakı ellinizm mədəniyyətinin inkişaf etmk əvəzinə daha da aşağı endiyini hiss edirdilər. Talan edilən, gücünü itirən, mənəvi böhranlara məruz qalan xalq artıq ellin ruhunu dərk edə bilmirdi və ellin mədəniyyətini yad mahiyyət forması kimi qəbul edir, vaxtaşırı onun xəstə köklərini hiss edirdi.
Romanın ədəbi həyatı təbii ki, Elladanın ədəbi fəaliyyti ilə sıx bağlı idi. Hətta bir çox məşhur yunan yazarları o vaxt dünyanın mərkəzi hesab edilən Romaya köçmüşdülər və orada özlərinə qarşı həmişə böyük diqqət hss edirdilər. Xüsusi ilə də Lusiya Lukullanın evi bu baxımdan yunan yazarlarının Romadakı ədəbi mərkəzi sayılırdı.
Ciddi attik dilin (alt mənalı, ibarəli, nüktəli söz) tənəzzülü ərəfəsindəYunanıstanda bu dilə qarşı mübarizə başladı. Müxtəlif yazıçılar tamamilə əsassız ifadələrə müraciət etməyə, əsərlərini ən qəribə neologizmlə zəngiləşdirməyə meyl etdilər. Tezliklə bu hətta dəb halını aldı və Romaya da ayaq açdı. Bu ədəbi meylin bələdçisi və onu latın dilinə tətbiq edən şəxs isə Sulla dövrünün ən tanınmış natiqlərindən biri Kvint Hortenzi idi.
Bu dayaz istiqamət cansıxıcı oldu və ağıllı başlar üzərindəki hakimiyyətini tezliklə itirməyə başladı. Şərqdə ona qarşı ilk və tutarlı reaksiya “isgəndəriyyə məktəbi”ndən gəldi. Romada isə buna ilk reaksiyanı göstərən Hortenzinin kiçik müasiri Siseron idi. Siseron latın dilinə böyük xidmətlər göstərmişdi, onu vulqar və anlaşılmaz fikirlərdən təmizləmişdi, ciddi və gözəl latın dilindən nümunələr göstərə bilmişdi. Siseron yazıçı, hətta gözəl natiq olmaqdan əlavə böyük stilist idi və onun bu keyfiyyələri doğrudan da təqdirə layiq hesab olunur.
Roma ictimayəti ədəbiyyata böyük maraq göstərirdi. Az da olsa ədəbiyyata maraq göstərən hər kəs cavanlıqda mütləq özünü şeir yazmaqda sınayırdı. Düzdür, əksəriyyət adamlar şeir yazmağa maraq göstərsələr də, onalrın yazdıqları demək olar ki, heç bir poetik dəyər kəsb etmirdi. Bu işdə qadınlar da kişilərə güzəşt etmirdilər. Mütaliə ümumi tələbat halını almışdı, Romada az qala hər gün yeni əsərlər –irihəcmli kitablar, kitabçalar və şeirlər dərc edilirdi. Demək olar ki, bizim qəzetlərə oxşar – akcta diurna – vərəqələr yayılırdı. O vərəqələr müntəzəm olaraq çıxır və senatda, xalq məclisində baş verənləri, dünyasını dəyişənlər barədə xəbərləri və Romadakı umumi vəziyyət haqqında hadisələrlə bağlı məlumatları və başqa xəbərləri yayırdı. Artıq kitablar fabrik üsulu ilə hazırlanırdı: peşəkar katiblərin əksəriyyət təşkil etdiyi çoxlu sayda qul bir nəfərin diqtəsi ilə onalrı yazırdı. Kitab ticarəti gəlirli və nüfuzlu sahə hesab olnurdu, kitab köşkü isə – maarifpərvər insanların toplantı yeri saylırdı.
Ədəbiyyatda maraqlar və münasibətlər müəyyən edilir, ədəbi nümunələrdə partiyaların mübarizələri öz əksini tapır, siyasi həyat əks olunurdu. Burada da müxtəlif istiqamtlər var idi: konservativ, milli-italyan və daha sonra yeni monarxiyaya meylli istiqamət. Bir çoxları Enni, Pakuvi, ən çox da Plavt yaradıclığı ilə maraqlanır, bir başqaları isə Plavtı cansıxıcı hesab edir və onu yeni yunan ədəbiyyatı adlandırılan istiqamətə dəyər verməyə, onun əhəmiyyətini etiraf etməyə, böyük yazarların yetiməsində danılmaz yeri olan İsgəndərə qədərki dövrlərdə yaranan ədəbiyyatı qəbul etməyə dəvət edirdilər.Təbii ki, təqlid həmişə olduğu kimi orijinaldan daha dəyərsiz olurdu, amma romalı yazıçılar nümunə kimi məhz təqlidçiliyi qəbul edirdilər. Əvvəllər, roma xalqının zehni gümrahlığının yaxşı vaxtlarında romalı yazarlar bilavasitə orijinala müraciət edərdilər.
İsgəndəriyyə məktəbinin üzvləri sayılan yazarlar arsında dram janırı demək olar ki, inkişaf edə bilməmişdi, bu baxımdan Romada diqqət çəkəcək səhnə əsərinin yarandığını söyləmək olmazdı. “Atellana”nı artıq kobud və abırsız süjet xətti ilə ona yaxın olan “mimlər” (antik teatr janırları) əvəz edirdi. İndi səhnəyə əvvəllər olduğu kimi Atell əhalisinin içindən çıxan əyalət tipləri deyil, paytaxtın aşağı təbəqələrini təmsil edən insanların həyatını, onların qədərsiz azadlıqalrını və rəzalətini əks etdirən obrazlar çıxırdı. Həmişə olduğu kimi yenə yeni pyeslərdəki dramatik dəyərin aşağı düşməsinə baxmayaraq, onların quruluşunda və aktyorların oyununda paralel inkişaf hiss olunurdu.
Bu dövr Roma ədəbiyyatı tarixində didaktik poema janırında yazılan ən dəyərli nümunələrdən birinin – Tit Lukretsi Karın “Əşyaların mənşəyi” poemasının yazıldığı dövrdür. Lukretsi səmimi şəkildə özünü Enniy ilə yanaşı qoyur və onu öz müəllimi adlandırırdı.
Lukretsinin poeması onun özünün də içində yaşadığı cəmiyyətin dəhşətlərəinə həsr edilmişdi. Şair müasirlərini yaşadıqları böhrandan azad etməyə, onları ölüm və Tanrı qarşısında ruhun əbədiliyinə olan inamdan uzqalaşdırmağa çalışırdı. Poetik əsərlərə kök salmış yersiz praktik-fələsfi tendensiyalar bu poemanın da bir çox darıxdırıcı və ağır yerlərini əhatə edirdi, amma Lukretsinin işlədiyi süjet xətti onun böyük ağlını və poetik istedadını üzə çıxarırdı.
Müasirləri Lukretsiyə yüksək qiymət verirdilər, lakin o Roma cəmiyyətində gecikmiş müəlliflərdən sayıldığı üçün özünə tərəfdar tapa bilmirdi. Onun dövründə tamailə fərqli bir tövrün yaradıcılığı çiçəklənməyə başalmışdı: poetik yaradıcı təb hiss olunmasa da, əsərlər müəyyən hadisələrə həsr edilərək qələmə alınırdı və onlar kiçik , nəfis və hətta ifrat dərəcə nəfis işlənirdi.
Şairlər partiyaları dəstələrə bölmüşdülər. Hər bir dəstənin üzvü öz dəstəsindən olanı müdafiə edir, digər dəstələrinin üzvlərini kəskin tənqid edirdilər. Hər dəstə öz məsləkdaşının yaradıcılığını tərifləyir, onu tez bir zamanda şöhrətin zirvəsinə qaldırır və yaradıcılığının çiçəklənməsinə şərait yaradırdı. Bizə o dövrün müəlliflərindən çoxlarının adı məlum olsa da, təssüf ki, yazdıqalrından çox az şey gəlib çatıb.
O dövrün ən məşhur əsərlərinin dövrümüzə gəlib çatan parçalarına nəzər saldqda, onların bizə bu qədər az hissəsnin gəlib çatdığına heç də təəssüflənmək olmur, o əsərlərdə süjetlər qeyri-real və hətta qeyri-təbii təsvirlə verilir, təfərrüatlar ədəbsiz və bayağı təqdim edilir, dəbdə olan şairlərin belə yazı üslubundan əzabkeşlik, ibarəlilik və kobudluq hiss olunur.
Kütlə təcrübəsiz məşhurların arasında üç nəfəri – Bubakulanı, Kalvanı və QayaValetiya Katullanı ən istedadlı şairlər kimi xüsusi ilə qiymətlənidirdi. Əvvəlki iki müəllifdən bizə heç nə çatmasa da, Katullanın şeirləri dövrümüzə qədər gəlib çıxa bilib. Və məhz bu şair müasir ədəbi maraqları yetərincə dəyərləndirəmyi bacarıb və o, İsgəndəriyyə şairlərini təqlid edərək poeziyaya dəxli olmayan nümunələr yazıb, lakin onun qısa məzmunlu orijinal poetik nümunələri gözəldir: onlar əsl poeziyadır, təmiz, bənzəri olmayan, hazırcavablığı ilə seçilən, müasir həyatı canlı boyalar və zərif hisslərlə təsvir edən yaradıcılıq işidir. Katulla dahi şair deyil, lakin parlaq istedadı, zərif bədii təsvirləri və harmoniyası ilə seçilən şeirləri latın dilində yazılan bütün ədəbi nümunələrdən yaxşıdır.
Mark Terensiya Varronun (e.ə. 116-27) yaradıcılığı da bu dövrə təsadüf edir. Varron olduqca çox yazıb, o, bir neçə yarıibrətamiz, yarırəvayətvari traktatın müəllifidir ki, həmin tarktatlarda Roma tarixinin müəyyən fəlsəfi məzmunlu süjetləri təsvir olunub və o əsərlər Varronun yanaşması ilə qələmə alındığı üçün bir o qədər də ciddi məna kəsb etməyib. Varron “Menippovalar” – ədəbsiz fəlsəfi məktəblərdən birinin adı – adı ilə qələmə alınan satiraların müəllifidir. Həmin əsərlərdə ciddi əxlaq sahibi, keçmiş Roma mədəniyyətinin pərstişkarı olan müəllif azğın və əxlaqsız gəncliyə, yarıqanacaqsız kübar fiosoflara, öz mənasız və məzmunsiz ideyaları ilə özünün müasiri olan poeziyaya qarşı çıxır. Verronun poetik yaradıcılğı böyük ədəbi mahiyyət kəsb etmir, lakin onlar qədim Poma həyatı ilə bağlı çoxlu məlumatları əks etdirdiyi üçün diqqət çəkir.Varron o həyata yaxşı bələd idi və qələmə aldığı hadisələr tarixçilər üçün böyük maraq doğururdu.
Tarixşüanslıq sahəsində bu dövrlə bağlı dəyərli məlumat tapmaq mümkün deyil. Bizə Sizenin yaradıcılığının bəzi parçaları çatıb ki, adı çəkilən tarixdə müttəfiqlərin və daxili müharibələrin təsviri əks olunub. Onlar Kvadriharinin, Mark Qay Litsininin, Valeriya Antsitatın və yunanıstanda dünyaya gələn Aleksandr Poligistorun “Roma haqqında” beş kitabının xaronikasından ibarətdir. Keçmişi əks etdirən bütün bu əsərlərdə həyat çox ədəbsiz şəkildə, bir çox uydurmalar isə poetikadan uzaq və mənasız təqim edilib. Korneliy Nepot görkəmli insanların həyatından yazıb və onun yazdıqları özlüyündə məlumat kitabçası, yaxud da dərslik təsiri bağışlayır. Ən yaxşı halda o dövrün tarixi əsərləri dərslik və roman arasında çabalayır, onlarda bütöv bir şey tapmaq olmur, onlar heç bir ümumi ideyanı əks etdirmir, xüsusilə qeyd etmək lazımdır ki, o dövrdə Polibinin yaradıcılığı gözə dəymirdi və təbii ki, dəyə də bilməzdi.
Sezarın “Qal müharibəsinin şərhləri” xüsusi diqqətə layiqdir. Bu, haradasa demokratik ruhlu baş komandanın xalqa verdiyi hesabata oxşayır. Burada müəllif ona verilən vəsaiti necə və nəyə sərf etdiyini göstərir – Sezar hesabatını e.ə. 51-ci ildə, mümkün münaqişələrin qızğn vaxtında, senatdakı partiyaların ona qarşı çıxdığı dövrdə bəyan etmişdi. Sezarın əsəri bədii cəhətdən diqqətə layiqdir: əsər öz yığcamlığı və ifadə formasındakı bütövlüyü, dəqiqliyi və təsiri ilə seçildiyi üçün, bu kitabça məzmununa görə ona yaxın kitabların arasında xüsusi yer alır. O dövrdə Sezar, Siseron və Klav bütün əsərlərini kitab kimi çap etdirmişdilər və o kitablar həmin dövrün tarixi ilə bağlı böyük maraq doğururdu.
Siyasi natiqlik tamailə məlum səbəblərdən tənəzzülə uğrayırdı: əvvələr natiqlər vətəndaşlara müraciət edərdilər, indi onların obyekti qara camaat idi, çıxışlar isə birmənalı şəkildə dinləyiciyə ünvanlanırdı. Amma tədricən vəkil, hakim çıxışları meydana gəlməyə başalyırdı və bu hal eynilə Yunanıstandakı mənzərəni xatırladırdı. Siseronun təkəbbürü məhkəmə natiqliyi sənətində onun dövründə və indiyə qədər müasirləri olan yunanıstanlı natiqlərin çıxışlarını xatırladırdı. Respublikanın süqutu ilə müşayət edilən bu mübarizənin ən qaynar nötəsində klassik yunan natiqlərinin üslubuna yaxınlıqları ilə seçilən Brut, Mark Tseliy Ruf və Kurion dururdu. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bütün bu adı çəkilən adamlar siyasi burulğanların içində tezliklə həlak oldular və xalqa natiq kimi verə biləcəklərinin hamısını verə bilmədilər.
Siseron natiqliyi ilə yanaşı, yunan ədəbiyyatının məşhur əsərlərini təqlid edərək natiqlikdən, dövlətdən, vəzifələrdən və başqa şeylərdən bəhs edən bir sıra fəlsəfi tarktatlar da yazmışdı. Həmin əsərlərində Siseron mraciət etdiyi məsələlərə Roma müstəvisindən yanaşırdı və ona görə nə qədər diqqətə layiq olsa da, fəlsəfi prizmadan baxdıqda bu kitablar olduqca zəif görünür.
Dövrün filoloji məsələlərini, latın dilini və onun qrammatikasını əks etdirən bir sıra əsərlər yaranmışdı. Onların içində Varronun yazıları daha çox maraq doğurur – bu da yalnız Roma şəhərinin qədim topoqrafiyası, əkinçilik və ümumiyyətlə dövrün kənd təsərrüfatı, nəhayət dövlət sistemində din haqqında geniş məlumatı əks etdirdiyindən irəli gəlir. Filologiyadakı elmi nəzəriyyə hələ yetkinlik çağlarını yaşayırdı və ona görə də o elmin böyük hissəsi XV-XVI əsrlərdə Almaniyada və Polşada, XVII və hətta XVIII yüzillikdə Moskva dovlətində olduğlu kimi mənasız söz yığınından ibarət idi.
Hüquq elmində və kənd təsərrüfatında, təbiət elmlərində və riyaziyyat sahəsində ciddi bir şey ortaya çıxmamışdı. Romalılar burada da çox şeyi yunanlardan götürmüşdü və qeyd etmək lazımdır ki, o dövrdə Elladada da təbiət elmləri ağlı çoxaldacaq səviyyədə deyil, iflic vəziyyətində idi. Siseron müasir cəmiyyətin ümumi nəzəriyyəsini ifadə edərək demişdi ki, təbiətin sirlərini öyrənmək ya mümkün deyil, ya da onları öyrənmək mənasızdır.
Sosial mübarizənin ən kədərli dövründə belə incəsənət sahəsində heç bir dəyərli və böyük iş yaranmamışdı. Kampaniyadakı qəbirlərdən tapılan qədim əsərlər ağlasığmaz qiymətlərə satılırdı. Rəqs sənətinə, musiqiyə olan həvəs artsa da həvəskar səviyyəni keçmirdi.
Nəhayət, biz Roma Respublikası tarixinin sonuna gəlib çatdıq. Biz onun təşəkkül tapmasını gördük, onun güclənməsinin və bütün Aralıq dənizi xalqlarına hökmrandlıq etdiyinin şahidi olduq. Daha sonra biz onun daxildən çürüdüyünü, millətin mənəvi, dini və əqli cəhətdən sarsıldığını, dövlətin necə dağıldığını və respublikanın yerini monarxiyaya necə verdiyini gördük. Artıq, Sezar dünyanın zəiflədiyini hiss etmişdi və hətta belə bir dahi şəxsiyyət də onu yenidən canlandırmaqda aciz idi. Yunan-latın dünyasına tarixin gecəsi düşürdü və bunun qarşısını almaq insan gücünün xaricində idi, lakin Sezar əldən düşmüş xalqa gecəsini birtəhər keçirməyə şərait yaratdı. Və o zaman ki, uzun gecədən sonra yeni tarixi bir gün başladı, o vaxt yeni millətlər yeni yüksək məqsədlərə doğru – onların çoxunun toxumu hələ Sezarın vaxtında səpilmişdi – üz tutdular və çoxları öz milli xüsusiyyətlərinə görə məhz ona borcludur.
Rus dilindən tərcümə və təqdimat Əyyub Qiyasındır
“ƏDƏBİYYAT QƏZETİ” 16 yanvar 2016-cı il