12 İyun 2014 15:08
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, nazir teatrda italyan nağılı əsasında hazırlanmış K.Kollodinin “Pinokkio” tamaşasına baxıb.

Tamaşadan sonra nazir Əbülfəs Qarayev “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının teatrın yaradıcılıq istiqamətinin, repertuar siyasətinin və teatrın inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, Kukla Teatrının yaradıcı kollektivi, eyni zamanda teatrın maddi-texniki bazası uğurlu səhnə əsərləri yaratmağa imkan verir:

“Lakin, burada bir çox başqa mətləblər də vardır. Belə ki, yüksək estetikaya malik kuklaların yaradılması, Kukla Teatrının səhnəsi üçün pyeslərin yazılması, peşəkar ifa, əlbəttə ki, balaca tamaşaçıların tamaşaya cəlb edilməsi kompleks şəkildə nəzərdən keçirilməlidir. Unutmaq lazım deyil ki, bu günün tamaşaçısı bir çox mədəni dəyərlər haqqında düşüncələrin formalaşdığı XX yüzilliyin deyil, yeni əsrin, yeni eranın insanıdır. 20 ildən sonra sizin bugünkü tamaşaçılarınız ölkənin quruculuq işlərində əsas söz sahibi olacaqlar. Bunu heç zaman unutmaq olmaz. Deməli, biz uşaqlar üçün tamaşalar hazırlayarkən müasir işıq, səs effektlərindən, ən müxtəlif informasiya daşıyıcısı növlərindən, kompüter texnikasından məharətlə istifadə etməyi bacarmalıyıq”.

O qeyd edib ki, nazirlik bundan sonra da Dövlət Kukla Teatrının problemlərinin həllinə yardımçı olacaq: “Amma bununla belə müasir mərhələdə teatr kollektivi təşəbbüskar olmalı, daim yaradıcılıq axtarışlarına istinad etməlidir”.

Nərmin


Müəllif: