Teleqraf.com tanınmış rejissor Rövşən İsaxla müsahibəni təqdim edir:
– Rövşən bəy, hazırda rejissoru olduğunuz “Vicdan haqqı” teleserialı çəkilir. İşlər nə yerdədir?
– Filmlə bağlı vəziyyət çox yaxşıdır. Şükürlər olsun, heç bir problem yoxdur. Aktyorlar hamısı böyük həvəslə işləyirlər, Bütün yaradıcı heyət, yəni operator, işıq rəssamı, qrim ustası, sürücülər, montaj rejissoru – səs rejissoru hamımız böyük həvəslə işləyirik.
– Bədii film ssenarisi yazmırsız?
– Sizə deyim ki, iki bədii film ssenarisi üçün çox maraqlı bir ideyam var. Mən onun ssenarisini, karkasını yazmışam. İnşallah, bu serialı çəkib qurtarandan sonra fikrimdə var ki, bir bədii film də çəkim.
– Film nə haqdadır?
– Bu haqda əlavə heç nə deyə bilmirəm. Amma janrını deyə bilərəm ki, hər ikisi dram janrında olacaq. Birinci macəraya yaxın dramdır, ikinci isə detektivdir.
– Özünüzü bir rejissor kimi necə görmək istəmisiniz, yəni bu istiqamətdə hansısa məqsədiniz olubmu? Bu son dövrlər çəkdiyiniz filmlər o missiyanı tamamlayırmı?
– Desəm ki, tamamlayır, bu, özündən razılıq olar. Sənə bir şey deyim ki, mən ümumiyyətlə, 1992-ci ildə aktyor sənəti fakültəsini bitirmişəm. Mənim təyinat alıb Gənclər teatrında işlədiyim dövr ölkədə qarışıqlıq idi. Yəni fikirləşin də 1992-ci il küçədə nümayiş, mitinq... Elə bir dövr idi ki, teatr, kino heç kimin yadına düşmürdü. Aldığım maaşa yaşamaq mümkün deyildi. Bir saat sonraya ümid yox idi. Mən də teatrdan ayrılıb ANS televiziyasına getdim. ANS-in yaranmağa başladığı günlərdən bizim Vahid Mustafayevlə, Seyfulla Mustafayevlə, Mir Şahin Ağayevlə yaxşı münasibətimiz oldu. ANS-in ilk efirlərini biz birlikdə hazırlamışdıq. Mən burdan da kameraya bağlandım. Tədricən qısametrajlı səhnəciklər, epizodlar çəkdim və yavaş-yavaş bu günə gəlib çıxdım.
– İlk çəkilişinizi necə xatırlayırsınız?
– Maraqlı belə bir şey bölüşə bilərəm ki, ilk dəfə çəkilişə getdiyim gün dizlərim əsirdi. Təsəvvür eləmirdim ki, mənim çəkilişim ekranda görünəcək.
– Yəni rejissor kimi yetişməyin qığılcımları ANS-də yarandı?
– Adını çəkdiyim insanlar mənə çox böyük köməkliklər eləyiblər, əlimdən tutublar, yol göstəriblər. Onu dansam, haramzadalıq olar. Yəni mən montaj nə olduğunu orada öyrənmişəm.
– Sözümüz televiziyadan düşmüşkən, Türkiyənin Samanyolu Televiziyasının Azərbaycan filialının direktoru olmusunuz. Necə oldu ki, sizə belə bir iş təklifi gəldi?
– O vaxt orda çox az adam işləyirdi. Yəni on beş-iyirmi nəfərdən ibarət kollektiv var idi. Həftənin beş günü səhər tezdən Türkiyə üçün canlı yayım verilişi var idi, qonaqlar dəvət olunurdu və Azərbaycan haqqında süjetlər verilirdi. Məni də ora rejissor kimi dəvət elədilər. İki ildən artıq orada işlədim və rejissor, əsas rejissor, sonra icraçı direktor oldum. Amma orda bədii işlər yox idi. Düşəndən-düşənə sənədli filmlərin süjetlərin hazırlayırdım. Bu da mənim üçün maraqsız idi, ona görə də ordan çıxdım.
– “Pozitiv Media”da da işləmisiniz...
– Biz “Pozitiv Media”nı 2003-cü ildə yaratdıq. Bəlli bir dövr üçün də onun fəaliyyəti dayandırılıb. Onun fəaliyyəti müddətində mən ayrı-ayrı şirkətlərə çoxlu reklam çarxları çəkmişəm. Bir də “Aktrisa” filmini onun balansında istehsal eləmişik. Mədəniyyət və Turizm Nazirliyi sifariş vermişdi, film orda çəkildi.
– Rövşən bəy, ürəyinizdən nə vaxtsa, keçibmi ki, bu teleseriallar məni bezdirdi, yordu, axı mən daha möhtəşəm filmlər çəkmək istəyirdim?
– Bunu kim istəməz ki? O arzu hamıda var. Amma reallığın diktə elədiyi imlanı yazmalısan də. Başqa yolu yoxdur. Mən də istəyərəm ki, iki ildən, üç ildən bir ürəyim istəyən səviyyədə bədii film çəkim. Amma həyat şəraiti bunu demir axı. Təəssüflər olsun ki, Azərbaycanda kino rejissoru işi ilə məşğul olanlar bir filmi işləyir, sonra bir neçə il “ya allah, görək nə olacaq” deyib gözləyir.
Mən də ailəliyəm üç övladım var. Onları dolandırmalıyam. Yəni mən oturub gözləyim ki, hər üç ildən, beş ildən bir mənə çəkmək üçün hansısa film verəcəklər. Bu ideyayla yaşaya bilmərəm axı. Təbii ki, mən teleserialı kinonun heç “k”-sına dəyişmərəm.
– Sizin danışığınız məndə elə təəssürat yaratdı ki, teleserialları yaradıcılıq baxımından elə də ciddi qəbul eləmirsiniz.
– Xeyr, elə deyil. Təsəvvürünüzə gətirin ki, bir bəstəkarın arzusu var ki, opera, balet yazsın. Amma mahnı yazır. Kim deyər ki, mahnı yazmaq qeyri-ciddi işdir. Yəni serial da kifayət qədər ciddi, şöhrətli, məsuliyyətli bir işdir. Heç də onun məsuliyyəti, əziyyəti kinodan az deyil. Sadəcə olaraq serialın kino ilə müqayisədə bir dənə əskik tərəfi var ki, o da kino qədər uzunömürlü olmamasıdır.
– Sizcə, niyə?
– Çünki serial bir dəfə baxılır və itir gedir. Kino isə həmişəlik qalır.
– Bu gün çəkillən teleseriallar bizə nə vəd edir, yəni kifayət qədər sanballıdırmı?
– Mənə Türkiyədən bir prodüserdən dəvət gəldi. O dedi ki, bədii film problem deyil, birlikdə işləyə bilərik, amma gəl ikimiz əl-ələ verək, görək serial çəkə bilərikmi? Serial daha böyük büdcəli, daha həcmli işdir. Türkiyədə məsələn belə fikirləşmirlər ki, serial, kino nə qədər ciddi və ya qeyri-ciddidir. Yəni kommersiya baxımından, iş həcmi baxımından da, ölkə daxilində şöhrət qazanmaq baxımından da serial kinodan bir neçə addım öndədir. Amma belə deyək də insan var şirniyyatı çox sevir, insan var acılı yeməyi çox sevir. Kim deyə bilər ki, acılı yemək pisdir. Yəni ağız dadına uyğundur. Yəni adam var ki, serialı daha çox sevir, adam da var ki, kinonu çox sevir. Mən hər ikisini sevirəm. Sadəcə olaraq kinoya olan məhəbbət, serialla müqayisədə çoxdur.
– Bir az da serialın uğurlarından danışaq...
– Serial çəkmək həm də gündəmdə olmaqdır. Bu serialın uğuru deyilmi? Bir aktyor seriala çəkilir, axşam yatır və səhər populyar oyanır. Yəni insan gərək çörək yediyi qabı təmiz saxlasın. Serialı aşağılaya bilmərəm axı. Gərək reallığı qiymətləndirək. Fellininin kino çəkdiyi dövr o dövrdə qaldı. İndi Amerika, Rusiya kimi ölkələr bir filmi çəkirlər, kinoteatrda onun prokatı olandan sonra televiziyada onu seriallarla nümayiş eləyirlər.
– Rövşən bəy, üç övladınız var. Onlar da bu teleseriallara baxırlarmı, yəni heç ailəvi oturub baxırsınızmı?
– Bəli. Hətta mənim böyük qızım deyir ki, ata, çox xahiş eləyirəm, ssenarini gətir oxuyum də, görüm növbəti seriyada nə olacaq. Uşaqların anasından da eyni xahişi dəfələrlə eşitmişəm.
– Rejissorluq qabiliyyətinin formalaşmasında, püxtələşməsində sizə kim təsir eləyib? Yəni ustadınız kim olub?
– Çox adam mənim əlimdən tutub. Hərədən bir şey öyrənmişəm. Bütün o insanların hamısının qarşısında baş əyirəm. Hamısı bu kino sənətində öz sözünü demiş insanlar olub. Onların arasında rejissor, operator, bəstəkar, səs rejissoru, ikinci rejissor da var. Yəni qulağım maqnit kimi onların hərəsindən bir şey qapıb qoparıb. Adlarını ona görə saymıram ki, birdən haqsızlıq olar, kiminsə adını çəkmərəm.
– Bayaq özünüz də dediniz ki, aktyorluğa da həvəsiniz olub. Bir şey soruşum, aktyorluq məharəti həyatda sizə hansısa bir situasiyadan çıxmağa kömək olubmu?
– Yox, belə bir şey qəti olmayıb. Səmimiyyətimə inanın ki, mən həyatda artistlik eləməmişəm.
– Sonda bir sual verim. Sizcə, Rövşən İsax rejissor olmasaydı, başqa hansı sahədə uğur qazanardı?
– Mənə elə gəlir ki, rejissor olmasaydım, müstəntiq olardım. Çünki detektiv ədəbiyyatdan ötrü ölürəm.
Sərvər Şirin