2 Mart 2016 17:16
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “İçərişəhər” filminin premyerası keçirildi. Teleqraf.com filmin nümayişindən öncə yaşananları və yaradıcı heyətin fikirlərini təqdim edir.

Öncə film barədə

Psixoloji dram janrında olan filmdə əsas hadisələr Bakının tarixi hissəsi olan İçərişəhərdə cərəyan edir. Orta məktəb şagirdi olan Arzu ilə piano müəlliməsi Nərgiz xanımın Qarabağ müharibəsi veteranı olan oğlu Rafael arasında sevgi münasibətləri yaranır.

Filmin ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Elmira Şabanova, Təhminə Rafaella, Hacımurad Yegizarov, Firdovsi Atakişiyev, Mehriban Zəki, Murad Məmmədov və başqaları çəkiliblər.

“Ssenarini verəndə dedim ki, baş rolu mən oynayacam”

Premyera Nizami Kino Mərkəzində baş tutur. Adətən türk filmlərinin qala gecələrində kinoteatrın həyətində yerə sərilən qırmızı xalçanı görməyə alışdığımızdan bu dəfə də gözlərimiz öncə onu axtarır, amma tapmır.

Təqdimata qonaqlar yavaş-yavaş gəlməkdə davam edərkən filmin ideya və ssenari müəllifi, həmçinin baş rol ifaçısı Təhminə Rafaella uzun əlbisəsi ilə diqqətimizi çəkir. Aktrisa məmnuniyyətlə müsahibə verməyə razılaşsa da, əlavə edir ki, Azərbaycan dilində fikirlərini ifadə etməkdə çətinlik çəkir. Bunun problem olmadığını deyəndə söhbətə başlayırıq:

- Təhminə xanım siz bizim kino cameəsi üçün yeni bir simasınız. Öncə sizi yaxından tanıyaq.
- Kino təhsilimi Los-Ancelesdə almışam, elə orda da yaşayıram. Azərbaycana yaradıcı işlərimə görə gəlirəm və burda işləmək çox xoşuma gəlir. Bu filmin həm ssenari müəllifiyəm, həm də baş qəhrəmanı Arzunu canlandırıram. “İçərişəhər” mənim aktrisa kimi oynadığım ilk film deyil, amma ssenarisini yazdığım ilk tammetrajlı filmdir.

- Los-Ancelesə nə vaxt getmisiniz?
- 6 il öncə. Ora sırf təhsil almaq üçün getdim. Burda beynəlxalq məktəbdə oxuduğuma görə Azərbaycan dilində yaxşı danışa bilmirəm. Məktəbi bitirəndən sonra da Los-Ancelesə getdim. Ona görə Azərbaycan dilində danışmaq, yazmaqla bağlı problemim var. Hətta bu ssenarini də ingilis dilində yazmışdım. Onu əvvəlcə rus dilinə, daha sonra Azərbaycan dilinə tərcümə etdilər.

- Yazmağa, yoxsa rol oynamağa daha çox meyliniz var?
- Mən hər ikisini sevirəm. Yazmağı ona görə sevirəm ki, Azərbaycana, onun sosial problemlərinə işıq tuta bilirəm. Aktrisalıq isə hər yerdə ola bilər.

- Dediniz ki, daha öncə də filmə çəkilmisiniz. Yəqin qısametrajlı filmlər olub.
- Bəli, Amerikada qısametrajlı filmlərdə çəkilmişəm.

- Los-Ancelesdə bir azərbaycanlı kinematoqrafçının özünü realizə etmək imkanları nə qədərdir?
- Çox çətindir. Təsəvvür edin ki, həmin kino industriyanın içində olmaq istəyən çoxlu sayda insanlar dünyanın müxtəlif ölkələrindən ora axışır. Hamı yazır, çəkir, oynayır...

- Yaradıcılığınızı orda, yoxsa burda davam etdirmək istəyirsiniz?
- Həm orda, həm də burda.

- “İçərişəhəri”i sizdən dinləyək. Necə filmdir?
- Melodramdır. Film gənc qız haqqındadır. Bu film başqalarından fərqlənmək üçün atdığın addımların cəmiyyət tərəfindən necə çətin qarşılandığı, istədiyin formada yaşamağın ağırlığı, çətinliyi haqqındadır. Bəzən incəsənətə sevgi hər yerdə xoş qarşılanmır. Bu məqamlar da filmdə var. Bir də demək olmaz ki, kimsə səhvdir və onu qınamaq lazımdır. Çünki hər kəsin öz arqumenti var. Filmdə həmin arqumentlər də göstərilir.

Çəkiliş heyəti çox gözəl və peşəkarlardan ibarət idi, ona görə də çəkilişlərimiz çox yaxşı keçdi. Komanda da İtaliyadan, Rusiyadan olan kinematoqrafçılar var idi.

Üç ay davam edən çəkilişlərimizdən geriyə maraqlı, yadda qalan xatirələr qaldı.

- Filmdəki Arzu ilə həyatdakı Təhminə nə qədər bir-birinə yaxındır və fərqlidir?
- O qəhrəman mən deyiləm. Mən yazanda Arzunun hislərini hiss edirdim, onun emosiyalarını görürdüm.

- Bəs özünüz Arzu kimi sevgi yaşamısınız?
- Hamı bunu soruşur. Deyirlər ki, bunu yaşamadan necə yazmısan. Təhminə Arzudan çox fərqlidir. Mənim anamla münasibətim çox yaxşıdır. Valideynlərim mənə çərçivə qoymurlar, nə istəyirəm, onu edə bilirəm. Bəlkə də bu film özümün yaşamadığım və mənə tamamilə əks olan bir qız haqqındadır. Mən təsəvvür etməyə çalışırdım ki, mənim həyatım belə olsaydı necə olardı...

- Necə olardı? Siz hansı seçimi edərdiniz?
- Bu haqda danışmaq çox çətindir. Yəqin onu yaşamaq lazımdır ki, buna cavab verə biləsən. Amma mən inanıram ki, filmə baxan insanlar Arzunu başa düşəcəklər. Arzu yaxşı qızdır və başa düşürdü ki, eqoist ola bilməz, ancaq özünü düşünə bilməz. Amma bu, o demək deyil ki, o, bu seçimi ilə xoşbəxt olur.

- Mənə maraqlıdır, Arzunu məhz sizin oynamağınız təsadüfi baş verdi, yoxsa?..
- Bu ssenarini təqdim edəndə dedim ki, baş rolda mən oynayacam. Çünki mən aktrisayam. Düzü, bu barədə problemimiz olmadı. Çünki İlqar Safat da istəyirdi ki, mən bu filmdə çəkiləm.

- Los-Ancelesdən Azərbaycan kinosu necə görünür?
- Onların bizim filmlər haqda məlumatları yoxdur. Amma araşdırsalar onlar üçün maraqlı nələrsə tapa bilərlər. Bizdə potensial var və peşəkarların yetişməsi üçün platforma da var. Bizim filmlərdə bəzən çox təkrarlanmalar olur. Amma başa düşməliyik ki, biz özümüz maraqlı nələrsə yarada bilərik. İndiki problemlərimizdən, yaşantılarımızdan danışan filmlər çəksək, həmçinin Azərbaycanın gözəlliklərini də göstərsək beynəlxalq arenaya çıxa bilərik.

- Çəkiliş zamanı ən təsirli səhnəniz hansı olub?
- Firdovsi bəylə çəkildiyimiz filmin son səhnəsi. Ondan başqa İçərişəhərdə gəzintimiz də maraqlı idi. Mən içərişəhərli deyiləm. Bu filmin sayəsində İçərişəhəri daha yaxından tanıdım. İndi ora gedəndə istər-istəməz film yadıma düşür.

“Onlar da qurban olurlar”

Təhminə xanımla söhbəti bitirib, filmdə Qarabağ veteranını canlandıran əməkdar artist Firdovsi Atakişiyevə yaxınlaşıram. O, film barədə bunları deyir: “İçərişəhər” çox saf, həssas duyğularla dolu filmdir. Burda çox gözəl, çox təmiz hislər var. Amma ictimai rəy həmişə bizim axırımıza çıxır. Və təəssüf ki, o müalicəsi olmayan bir xəstəlikdir. Mənə elə gəlir ki, bir çoxları kimi bu filmin qəhrəmanları da ictimai rəyin qurbanı olurlar”.

“Ana da özünə görə haqlıdır”

Yaradıc heyət ikinci mərtəbədə filmin iri afişasının önündə şəkil çəkdirəndən sonra son zamanlar çəkilən ekran əsərlərində ana obrazı ilə qarşımıza çıxan Mehriban Zəkiyə yaxınlaşıram. O, filmə ilk dəfə burda baxacağını deyir: “Mən də sizin kimi yalnız treyleri görmüşəm. Bilirsiniz ki, bu mənada kino teatrdan fərqlənir. Teatrda aktyor nə oynadığını bilir, amma kinoda aktyor heç nə bilmir. Hər şey montajdan sonra ortaya çıxır. Sizinlə bərabər filmi izləyəcəm və nəticəsini görəcəm. Burada mən ana rolundayam. Filmin süjeti Azərbaycan ailələrinə, psixologiyasına çox yaxın və aktual olan mövzu üzərində qurulub. Gənc xanım özündən yaşlı bir bəy əfəndiyə aşiq olur. Onları bir-birinə bağlayan klassik musiqidir, gözəl sənət əsərləridir, sevgidir. Ana əslində onların sevgisinə qarşı çıxmır, amma bu da gerçəklikdir ki, heç bir ana qızının müəyyən müddətdən sonra bədbəxt olmasını istəmir. Çünki o münasibətlərin gələcəyini görmür. Bu özü-özlüyündə analar üçün doğru olan fikirdir və ona görə də o sevgiyə, o münasibətə qarşıdır. Və qızına öz seçdiyi gənci, yəni rəfiqəsinin oğlunu məsləhət görür. Bu, filmin qısa süjetidir. “İçərişəhər” nə deməkdir? İçərişəhər həm bizim bildiyimiz İçərişəhərdir, həm də bizim hər birimizin içində olan dünyamızdır. Burda içimizdəki olan özümüzə məxsus şəhərimiz nəzərdə tutulur. Filmin necə olacağını sizinlə bərabər seyr edəndən sonra görəcəm. Həmin o içəri şəhər varmı, yoxmu, bax, bunu bərabər görəcəyik”.

Adətən rejissorlar filmləri barədə danışmağı sevmirlər, rejissor İlqar Safat kimi... Amma qısa da olsa çəkdiyi filmi belə izah edir: “Bu, sosial dramdır. Filmdə məktəbi bitirən bir qızla Qarabağ müharibəsinin iştirakçısı olan veteranın sevgi hekayəsindən danışılır. Qız imkanlı ailədəndir, oğlan isə o cür imkana sahib deyil. Ona görə də sosial konflikt yaranır. Hansı güclü olur: onların sevgisimi, yoxsa sosial problemlərmi? İnanıram ki, film tamaşaçıların xoşuna gələcək”.

“Azərbaycan dilində danışın”

Sonra tamaşaçılar zalda öz yerlərini tuturlar və filmin başlamasını gözləyirlər. Öncə isə yaradıcı heyət səhnəyə təşrif buyurur, İlqar Safat səhnədə çıxışına rus dilində başlayanda zalda tamaşaçılardan biri yüksək səslə bir neçə dəfə “Azərbaycan dilində danışın” deyə rejissora müraciət edir. Rejissor isə təqdimata əcnəbi qonaqların gəlişini səbəb gətirərək bu cür danışmağı daha uyğun gördüyünü deyir. Gecənin ən sərt çıxışını isə Təhminə Rafaella edir: “Azərbaycan dilində danışmaq vətənpərvər olmaq anlamına gəlmir. Əsas olan vətəninini yaratdığın nədəsə layiqli təmsil etməkdir”.

Xalq artisti Elmira Şabanova çoxdandır ki, kinodan və səhnədən uzaqda olmasına baxmayaraq bu filmdə məmnuniyyətlə rol almağa razılıq verdiyini bildirir. Filmin maraqlı ssenarisi olduğunu qeyd edərək izləyicilər tərəfindən seviləcəyinə əminliyini ifadə edir.
Çıxışlardan sonra nümayiş başlayır.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər