12 İyun 2014 15:55
2 559

Gənc Tamaşaçılar Teatrında “Sarıköynəklə Valehin nağılı”tamaşasının ictimai baxışı olub. Xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur.

İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən iki hissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə aparmağa səsləyir.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), Əməkdar Artistlər Naibə Allahverdiyeva (Simuzər) və başqaları canlandırır.

Qeyd edək ki, tamaşanın premyerası 20 iyun tarixində baş tutacaq.

Nərmin


Müəllif: