3 Mart 2016 13:45
4 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Elnur Osmanlının “Çor xəstəliyi” məqaləsini təqdim edir:

Bu xəstəlik ibtidadan təbiətin qoynunda baş qaldırır, yayın qızmar çağlarında təsərrüfat sahələrində rüşt eləyir – əksərən pambıq, kələm, kortof tarlalarında. İndi bu təsərrüfat sahələri nisbətən məhdudlaşıb deyə bu xəstəlik kütləvi informasiyada – publisistikamızda özünə yurd salıb. Təsərrüfat sahələrində baş qaldıran bu xəstəliyə qarşı bütün təbiətsevərlər, uşaqdan-böyüyə hamı mübarizə aparıb öhdəsindən gəlirdi. Publisistikamızı bu bəladan qurtarmaq üçün yalnız elm xadimləri, dilçi alimlərimiz, mətbuat pərəstişkarı filoloq, fəlsəfə elmləri doktorlarımız mübarizəyə qoşulmalıdır. Təəssüf ki, mətbuatda (dəyərli-dəyərsiz) çıxış edən bu kəslər elə bil öz yazılarını da olsa oxumurlar ki, görsünlər yazıları nə vəziyyətdə tərtib olunub. Onlar bilmirlərmi ki, nitqdə buraxılan kiçik bir səhv fikir anlaşılmazlığı yaradır? Əksər kütləvi informasiya vasitələrində qrammatik səhvlər, ideya sönüklüyü baş alıb gedir. Şəhərarası yollar boyu yazılan reklamlar, ticarət köşklərinin adları əcnəbi dillərdə, çox anlaşılmaz mənalarda qeyd olunub. Axı biz azərbaycanlıyıq. Əcnəbi dili bilməyən insanlarımız yox deyil. Həmin sözü doğma dilimizə tərcümə edib aşağıdan yazmaq olmazmı? Axı bu özü də maariflənmənin bir növüdür. Mehmanxanalarımızın üstündə yazılan (Otel, Notel, Motel) sözlərinin hansı görəsən düz qeyd olunub? Reklamlar boyu baş alıb gedən «Koka-kola» niyə «Coco Cola» yazılır? Axı yeni əlifbamızda «Ke» hərfi var.

Xülasə, mənim «media» aləmində müntəzəm mütaliəm Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan «Azərbaycan» jurnalı və «Ədəbiyyat» qəzetidir. Hər ikisində yuxarıda qeyd etdiyim xəstəlik baş alıb gedir, türklər demişkən heç sinirlənən yoxdur. Məni cavabdeh yazarlarımıza bu fikri çatdırmaq qərarına gətirən «Azərbaycan» jurnalında çap olunan əsərlərdə təsadüf etdiyim bağışlanmaz qüsurlar oldu.

«Azərbaycan» jurnalının 11-ci sayında Elşən Əzimin «Yaddaş buzlağı» adlı bir povesti çap olunub. Müəllifi mən şəxsən tanıyıram. Bir şair kimi gözəl qələm sahibidir. Saz həvəskarıdır. Bu povesti oxuyanda hiss etdim ki, onun publisistik bacarığı və siyasi ideya duyğusu zəifdir. Elşən Əzim bilməlidir ki, yazıçı zamanın real eybəcərliyinin təbliğçisi yox, tərbiyəçisi olmalıdır. Yazıçı həyatda ona təsadüf edən bədxah hadisəni maarifçi kimi qələmə almalıdır ki, kütləvi oxucu rəğbəti qazansın, bəşəri ideya tərənnüm etsin.

Dünya şöhrətli yazıçı Viktor Hüqo «Səfillər» romanında o dövrün Fransasında baş alıb gedən ədalətsizliyi çılpaqlığı ilə qələmə alır. Əsər boyu bu ədalətsizliyə qarşı mübarizə aparan baş qəhrəman Jan Valjan öz məqsədinə nail olmaqdan ötrü təqibdən yaxa qurtarmaq üçün diri-diri dəfn olunub yaşamaq arzusu ilə mübarizəsini davam etdirmək üçün yenə həyata qayıdır.

Elşən Əzim də əsərində zamanın hökmü ilə qaçqınlıq həyatında baş verən bütün haqsızlıqları çılpaqlığı ilə qələmə alır. Amma əsərin baş personajı sayılan Pənahəlinin timsalında milli qeyrətimizi nifrətləyir.

Pənahəli bir azərbaycanlı kimi öz milli mənəviyyatının keşiyində dayanmaq istəməyib niyə tərkidünya olsun? Gəncliyində onun qurduğu ailə həyatına öz əqrabaları təcavüz edir, heç kimdən səbəbini soruşmadan ləkələnmiş həyat yoldaşını götürüb Sibirin ucqar bir kəndinə gedir. Orada yaşamağa qərar verir. Bir qız övladı gəlir dünyaya. Həyat yoldaşı dünyasını dəyişəndən sonra qızı da baş götürüb hara gedir axtarmır. Ömrünün payızında sığınacaq üçün vətənə dönür, eşidir ki, yurd-yuvası düşmən tapdağında, qohum-əqrəbası pərən-pərən olub, təsirlənmir. Bir qarovul damında özünə sığınacaq tapıb alkaşlığını edir. Ən nəhayət burda həmyerlisi ilə tanış olandan sonra öyrənir ki, bu oğlan gəncliyində onun namusunu təcavüz edən adamın nəvəsidir, yenə qeyrətə gəlmir, əksinə, narkotika satmaqda ona kömək edir. Vaxt gəlir ki, onun sığındığı qarovul damında öz həmyerlisi Pənahəlinin itkin düşmüş qızını gətirib onun gözü görə-görə təcavüz edir, yenə də Pənahəli bu qeyrətsizlərdən qisas almağa cəhd göstərməyib keçirdiyi əsəbin zirvəsinə dözmədən həyətdə çığıra-çığıra ölür. Həmyerlisi onun cəsədinə od vurub “moşennik” atasının günahlarını aradan götürür.

Pənahəlinin ölüm ayağında qızına etdiyi: - burdan qaç get, qızım, bura yaşamalı yer deyil, - tövsiyəsi Azərbaycan oğluna yaraşmayan haldır.

Elşən Əzim fikirləşməyib ki, Pənahəli kimi qeyrətsizlərə yol göstərərək onları mübarizəyə səsləmək lazımdır. milləti bu rüsvayçılıq qiyafəsində bəşəriyyətə tanıtmaq olmaz. Bax bu səbəbdən əsər siyasi-ideya cəhətdən çox zəifdir.

Əsərin üslubi cəhətinə gəldikdə həddən artıq qrammatik səhvlər içərisində batıb gedir.

Əsərin 129, 31, 34, 35, 37, 40, 43, 46, 48-ci səhifələrində ümumi 13 imla səhvi;

129, 33, 34, 37, 38, 39, 40, 43, 47, 48-ci səhifələrdə 13 üslub səhvi;

133, 34, 35, 36, 38, 42, 43, 46, 47, 49-cu səhifələrdə ümumi 18 abzas səhvi;

133, 34, 39, 40, 47, 48-ci səhifələrdə ümumi 11 durğu işarəsi səhvi;

141, 42-ci səhifələrdə 2 məna səhvi diqqəti cəlb edir.

Bu qədər qüsuru olan əsəri çapa imzalayan redaktora nə qiymət vermək olar?

Redaktor kiçik bir rubrikanı çapa imzalamaq üçün qarşısına «orfoqrafiya» lüğəti qoyub onun əsasında dəfələrlə düzəliş verməlidir, siyasi-ideya sahəsini diqqətlə nəzərdən keçirib əsaslandırmalıdır.

Unutmayaq ki, milli qeyrətimizə zərbə vuran hər hansı bir əsəri imza qoyub bəşəriyyətə təqdim etmək özü cinayətdir.

11-ci sayın qeyri səhifələrində nəzərə çarpan qrammatik səhvlərə nəzər salaq.

174-cü səhifədə (alğışı - alğış) orfoqrafik cəhətdən düzmü yazılıb?

175: (kəndin-kəsəyin qulağına dolan yovşan qoxusu) məntiqi cəhətdən düzmü ifadə olunub? Qoxu buruna dolar. Həmin səhifədə: (danışmamız gərəkir) tərkibcə səhv deyilmi?

172: (prosesi əyani surətdə göstərir) necə qeyd olunmalıdır? Həmin səhifədə (həm poetik tərcümə) birləşməsində həm bağlayıcısı yerində yazılmayıb axı. Həmin səhifədə: (təbiət hisslərin yalnız illüstrasiyası) – məntiqi cəhətdən düzmü ifadə olunub?

173: (təbiətdən götürdüyü obrazlarla köməyi ilə) – üslubu cəhətdən necə yazılmalıydı?

133-cü səh: (yarmarkasının içtirakçısı) söz birləşməsi necə yazılmalıdır?

134: (bilə bilər) – xəbərin önəmli forması yoxdurmu? Həmin səhifədə: (yeni bir əldə iki qarpıs) düzmü ifadədir?

136-cı səh: 2 abzas səhvi olduğu halda (yoxdu) xəbərinin də axırıncı hərfi yazılmayıb.

137-ci səh: (macar) ad bildirən söz niyə kiçik hərflə yazılıb?

138: üç abzas səhvi ilə yanaşı (radio Evinə) birləşməsi düz yazılıbmı? Həmin səhifədə (biz onlar arasında fərqi…) – üslubi cəhətdən səhv deyilmi?

139-da bir (durğu işarəsi) və bir (abzas) səhvi diqqəti cəlb edir.

141-də bir (abzas) səhvi var.

163-də (abzas) səhvi təkrar olunub.

164: (Murad səntərləyib) yox (səndələyib) olsa yaxşıdır?

166: (Və) bağlayıcısı cümlənin əvvəlində gəlməsinin səbəbi nədir?

173: («baş»da yeni mənalar…) – düzgün ifadədir? Eləcə də («Baş» tarixi mövzudadır)

175: (Sisyanov qayət istilaçı…) anlaşılmaz ifadə deyilmi? Həmin səhifədə: («Aleksandr Avropada yox – qoy onlar orada bir-birini qırsın – Rusiyanı azad etməlidir») cümləsi üslubi cəhətdən şikəst deyilmi?

177: (təbbii obrazlar) birləşməsində birinci söz necə yazılmalıdır? Həmin səhifədə (Müzəffər Abanın) ifadəsi düzmü tərtib olunub?

Bu göstəricilər jurnallarda məni maraqlandıran nəsr əsərlərində yazı mədəniyyətinə vurulan zərbə deyilmi?

Hətta bu əsərlər içərisində modernist janrda yazılan «İdeal oxucu» (tərcümə) hekayəsinin nəşrinin lazımsız olduğunu hiss etdim. Bir tərcümə ki, oxucuya mütərəqqi ideya saflığı bəxş etmirsə, onu çap eləməyə dəyərmi? Əsla yox.

Jurnallarda bu bağışlanılmaz qüsurlar poeziyada da öz əksini tapmaqdadır.

11 saylı jurnalda.

50-ci səh: (Zorla qaldırdı baş) yoxsa başını;

54: (Dedi: yaman istidi) – monoloqda işarə səhvi var. Həmin səhifədə (sabahin) yox, sabahın yazılmalıdır.

55: (Nə də bəs işimiz var) üslubi cəhətdən qüsurludur.

103-cü səh: (hələ uşağıdım) şeir ifadəsi deyil.

105-də: (Mircəfər kimidi) məncə bu ifadə cümlədə öz mənasını doğrultmur. Çünki (kimidi) sözü düz yazılmayıb. Həmin səhifədə (xayın) şifahi nitqə məxsusdur.

111-də: (axmağımış, hardanımış) şeir dili deyil.

115-də: (baş ucunda) məntiqsiz, (xalx) sözü kobud səslənir.

125: (kimidə böyükdü) anlaşılmaz ifadədir.

153-də: (umudlu səhər) çoban ifadəsidir. Həmin səhifədə: (kəndlilər torpağa döndü) anlaşılmaz ifadədir.

154: (İki bulaq bircə ruhda sarmaşır) – düzgün bənzətmə deyil. Bulaq axar süzülər, sızar, tələsər, çağlayar.

12 saylı jurnalda:

32-ci səh: (qadına saldım) – ifadəsi nə qədər məntiqsiz və kobud səslənir.

34: (sözü də nadana güllə dəyərdi) cümləsində üslub çatışmazlığı diqqəti cəlb edir. həmin səhifədə (umudsuz oldu), (işıqidi) şifahi nitqdə ifadə etmək mümkündür, şeir dili deyil.

39-da: (sabah ağaclarda bahar yanacaq) – məqsədyönlü bənzətmə deyil. Həmin səhifədə (Ya mənlə dünyanın ömrü uzandı) – cümlədə fikir çatışmazlığı nəzərə çarpır.

40-cı səhifədə: (çəkdim ciyərimə tütün dünyanı) ciyərə tütünü yox, gül qoxusunu, havanı, tütünün tüstüsünü çəkərlər. Həmin səhifədə (tanrım) ifadəsi Allaha müraciət olduğu üçün böyük hərflə yazılmalıdır.

62-ci səhifədə: (yoxumuş) sözü ləhcə kimi şifahi nitqdə işlənə bilər.

125: (O Adamlar qalır) ifadəsində Adamlar niyə böyük hərflə yazılmalıdır?

159: (səbrin ətəyi yellənir) gülməli tapıntıdır.

160-cı səhifədə: (bu yaylıqdan bir əlçim kəsib yandırın) ifadəsində bir əlcə ola bilər. Əlçim yun məmulatına aiddir.

Bu qüsurları yazılarında təsdiq edən yazarlarla razılaşıb tərtib etdiyi jurnal və ya qəzetin yazı mədəniyyətinə ləkə salmamaq üçün redaktor düzəliş verməlidir. Belə məlum olur ki, ordakı redaktorlar zəhmətsiz qazanc üçün yaşayır.

Qaldı, 12-ci sayda oxucuya təqdim olunan Fikrət Əsədin cızmaqaralarına, hansı janrda nə yazdığı özündən savayı heç kimə məlum deyil. Dörd səhifəlik yazı bəndlərə bölünsə də, başdan-ayağa qrammatik saflığı olmayan, ideya, məzmunsuz çör-çöp yığınıdır. Belə modernist yazının nəşri oxucuya, şeir həvəskarlarına poetik zövq verə bilərmi?

Fikirləşirəm, 25 il redaktorluq təcrübəsinə arxayın olan bir şəxsiyyətin yazı mədəniyyətimizə, çapa imzaladığı əsərlərin ideya saflığına baxışı budursa, bu gündən sonra jurnalın tərtibatında tərəqqi ola bilərmi?

Sözsüz ki publisistikamızın tərəqqisində dilçi alimlərimizin köməyi vacib şərtdir. Axı bütün yazarlar dilçi ola bilməz.

Müasir dilimizin keşiyində dayanan Nizami Cəfərov hər iki nəşrdə («Azərbaycan» jurnalı və «Ədəbiyyat» qəzeti) müntəzəm çıxış edir. Heç olmasa öz yazılarını oxumurmu?

Məncə o, bir dilçi alim kimi hər dəfə Azərbaycan dilinin bir sahəsinin saflığına aid çıxış etsə, çox sevindirici məna daşıyar. Amma son zamanlar xatirə mövzular üzərində işləyir.

İki xatirə yazısını oxumuşam. Birində Gəncə səfərində pay qoyulan səbətlərin ağırlığı ön plana çəkilib. O yazıda bir redaktor səhvinə rast gəldim (karidor sözü).

Nizami müəllim bir dilçi kimi bilir ki, bu söz dilimizə rus dilindən gələn sözdür, bunun Azərbaycan dilinə tərcüməsi mümkündür; əgər tərcüməsiz yazılırsa (koridor) yazmaq lazımdır.

İkinci xatirə yazısını «12» saylı jurnalda oxudum. «Yusif… və Səmədoğlu». Mövzuya Yusifin gözəl bir şəxsiyyət olmasının təsdiqi ilə giriş verir. Belə bir şəxsiyyətin əxlaqi-davranışından açdığı söhbət oxucuda Yusifə qarşı istehzalı baxış yaradır. Belə ki, Yusifin tələbə yoldaşının dediyinə əsasən o, Moskva restoranlarının birində axşam nahar edərkən, onlarla ailəvi qarşı stolda əyləşən generalın qızı ilə «tans» oynamaq üçün (ədəblə) generaldan icazə alıb oyuna girir. Bir qədər yeyib içəndən sonra sərxoş halda təkrar oynamaq üçün qızın atasından icazə istəyəndə, general onu sərxoş görüb etirazını bildirir. Bu məqamda Yusif cibindən bıçaq çıxardıb generala hücum çəkir. General onun bu yersiz hərəkətinə qarşı silah çıxardır. Onun qürbətdə bu hərəkəti Yusif şəxsiyyətinə yaraşmır axı. Seyran Səxavətin dediyinə əsasən Yusifin evindəki tutuquşunun, «ana-bacı» söyüşü söyməsi də, onun ailə daxili davranışından doğulan təhqiramiz hərəkət deyilmi? Bu xatirəni yazmaq nə vacib idi? Axı bu bizim milli mənəviyyatımıza, Səməd Vurğunun ailə tərbiyəsinə vurulan bağışlanılmaz zərbədir. Mən bir vətəndaş kimi belə yazıların meydana gətirilməsini Nizami müəllimə rəva görməzdim. Həmin yazıda da redaktor səhvinə rast gəldim. Mövzuda belə bir ifadə tərzi var «Ulduz»dan «Azərbaycan» keçdi.

İkinci fikir: - Ona görə də «Azərbaycan»dan ümidimi üzdüm.

Mənə çatmayan üçüncü fikir: - nə vaxtdan, hansı qərara əsasən (Və) birləşdirmə bağlayıcısı cümlənin əvvəlində böyük hərflə yazılması əsaslandırılıb?

Budur bizim müasir publisistikamızın libası. Müasir dilçilərimizin susmasının səbəbi, görəsən, nədir?


Müəllif:

Oxşar xəbərlər