7 Mart 2016 14:15
2 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onunla çox mövzuda söhbətləşdik. Teatrdan getməyindən tutmuş yenidən səhnəyə qayıtmaq arzusuna, övladlarıyla, həyat yoldaşıyla münasibətlərinə qədər. Çoxdandır səhnədə görünməyən aktrisa özünü necə hiss eləyir, gələcək planlarında nələr var?

Bu suallara cavab tapmaq istəyirsinizsə, aktrisa Məsmə Aslanqızının Teleqraf.com-a müsahibəsini oxuyun.

- Məsmə xanım, ailə həyatı qurduqdan sonra Akademik Milli Teatrdan ayrılmısınız. İki ildir görünmürsünüz. Teatrsız günləriniz necə keçir?

- 20 il teatrda işləyən adam üçün teatrsız yaşamaq bir az çətindir. Bütün gün səhnədə, məşqlərdə, tamaşada olurdum. Amma uşaqlarım darıxmağa imkan vermirlər. İki övladım var. İnşallah, onları bağçaya qoyandan sonra yenidən işimə davam edəcəm.

- Ailə həyatı qurduqdan sonra həyat yoldaşınız sizi teatrdan uzaqlaşdırıb. Bu, nə dərəcədə doğrudur?

- Bəli, düzdür, elə söhbət oldu. Ailə qurduqdan sonra teatrda işləməyimi istəmədi. Amma ondan sonra bir daha teatrda işləməmək haqqında söhbətimiz olmayıb. Mən ümid edirəm ki, analıq məzuniyyəti bitdikdən sonra işimə davam edəcəm. İndi ara-sıra telekanallarda dublyaja gedirəm.

- Həyat yoldaşınız sizi səhnədə görüb sevib?

- Xeyr, səhnədə görməyib. O, inşaat sahəsində çalışır. Bizi ortaq tanışlarımız tanış etmişdilər. Onun televiziyada inşaat haqqında verilişi var idi. Mən həmin verilişin ssenari müəllifi idim.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, aktrisa olmağınız tez ailə qurmağınıza mane olub…

- Mən hər zaman işə bağlı insan olmuşam. Teatrda bir gündə üç məşq, axşam tamaşa olurdu. Tamaşadan sonra məşq başlayırdı. Saat 1-də teatrdan çıxıb, qaça-qaça evə gedirdim. Bütün günüm teatrda keçirdi. İşə görə ailə qurmağa vaxtım olmurdu.

- Teatrsız, səhnəsiz yaşamaq çətindir...

- Səhnə üçün darıxıram. Ömrümün 20 ilini teatra həsr etmişəm. Düşünürəm ki, Allah mənə 20 il də ömrümü balalarıma, ailəmə həsr etməyə möhlət versin. Təkrarolunmaz aktyor yoxdur. Hazırda teatrda cavan, istedadlı gənc aktyorlar çoxdur. Bir az da onlar üçün şərait yaradaq ki, onlar da teatrda rol oynaya bilsinlər, səhnədə tamaşalar oynasınlar, uğur qazansınlar.

- Çəkinmirsiniz ki, teatrdan ayrıldığınız bu vaxt ərzində hansısa aktyor sizin boşluğunu doldura bilər?

- Heç vaxt elə düşünməmişəm və düşünmək fikrim yoxdur. Belə çıxır ki, mən də teatra gələndə hansısa aktrisanın yerini tutmuşdum, xeyr. Hər aktyorun öz yeri var. Həmişə teatra yeni gələn gənc aktrisalar üçün şərait yaratmışam, kömək etmişəm. Onlarla münasibətim yaxşı olub. Onlara yuxarıdan aşağı baxmamışam. Necə ki, teatrda böyük aktyorlarımız mənə gözəl münasibət göstəriblər. Mən də məndən sonra gələnlərə yaxşı münasibət göstərmişəm və qismət olsa yenə də göstərəcəm.

- Hazırda həmkərlarınızdan kimlərlə əlaqə saxlayırsınız?

- Demək olar ki bütün aktyorlarla əlaqə saxlayıram.

- "Azdrama"da bir çox obrazlar oynamısınız. Amma daha çox "Sən həmişə mənimləsən" tamaşasında Nargilə obrazı ilə tanınırsınız...

- Mən elə düşünmürəm. "Hamlet" tamaşasında Ofeliya obrazı da maraqlı olub. O obraza görə ilin gənc aktrisası adına layiq görüldüm, Qızıl Dərviş Mükafatı aldım. "Sən həmişə mənimləsən" tamaşasına görə "Humay" mükafatı aldım. Bəlkə də mənim obrazımdan çox tamaşanın adı rol oynayır. Hazırda dramaturgiya qıtlığı var. Teatra yaxşı əsərlər gəlmir. Nə rejissor nə etdiyini bilir, nə də aktyor yazıq rejissorun nə istədiyini başa düşür. Aktyor müəyyən qədər öz rolunu oynamağa çalışır. Amma İlyas Əfəndiyevin tamaşaları həmişə aktual olub. İndi də aktualdır. Tamaşaçılar o səpkidə olan tamaşalar üçün darıxıb. "Sən həmişə mənimləsən"də saf məhəbbət, insaniyyət, həqiqi sevgi, səmimiyyət var. Ona görə də tamaşaçılar tamaşaya gəlib baxmaq istəyirlər.

- Film və seriallardan təklif gəlirmi?

- Əvvəllər AzTV-də iki-üç televiziya tamaşasına çəkilmişəm. Məhərrəm Bədirzadə, Tofik Kazımovski, Ramiz Həsənoğlu və s. rejissorlarla işləmişəm. İki il əvvəl isə Vaqif Mustafazadənin Heydər Əliyev haqqında çəkdiyi filmə çəkilmişəm. Filmdə ulu öndərin anası İzzət xanımın gəncliyini və yaşlı vaxtını oynamışam. Serial təklifi də olub. Amma serialda oynaya bilmədim, çünki ana olmağa hazırlaşırdım.

- Bir müddət əvvəl filmə çəkilməməyinizin səbəbini utancaq xarakterə malik olmağınızla əlaqələndirmisiniz. Bəs teatrda hansısa obrazı oynayarkən utandığınız, kompleks keçirdiyiniz obraz olubmu?

- Bəli, olub. Bu, ən çox sevdiyim əsərlərdən birində olub. Əli Əmirlinin "Köhnə ev" tamaşasında Türkiyədən gələn rəqqasə Böcək obrazını oynayırdım. Böcək rəqs etməli idi. Obraz açıq-saçıq olduğu və göbək rəqsi oynadığım üçün utanırdım. Sonra o obrazdan imtina etdim və bir daha oynamadım. Başqa obrazlarda olmayıb. Əslində, o obraz çox uğurlu alınmışdı.

- Aktrisa kimi səhnədə obrazınıza görə qınaq obyektinə çevrilməkdən qorxmusunuzmu?

- Səhnədə hansı aktyor qınaq obyekti olmayıb?

- Bir çox nəhəng aktyorlar: Yaşar Nuri, Fuad Poladov və başqaları ilə tərəf müqabili olmusunuz. Onlarla oynadıqdan sonra başqa aktyorlarla bir səhnəni bölüşmək çətin deyildi ki?

- Mənim bəxtim onda gətirib ki, teatra gəldiyim ilk gündən korifey aktyorlarla tərəf müqabili olmuşam. İlk tamaşam “Ah, Paris!…Paris!..” olub. Orada Yaşar Nurinin qızı Nurbənizi oynamışam. Sonra Səyavuş Aslan, Telman Adgözəlov və bir çox tanınmış aktyorlarımızla səhnəni bölüşmüşəm. Heç zaman teatr səhnəsində istedadsız aktyorla oynamamışam.

- Deyəsən, tərəf müqabili kimi Fuad Poladov sizin üçün daha dəyərlidir...

- Fuad Poladov peşəkar aktyor olmaqla yanaşı həm də gözəl insandır. Onun insanlığına pərəstiş edirəm. Mərd və sözü bir olan insandır, yaltaq, qorxaq deyil. Etiraf edirəm ki, Fuad Poladovla oynamaq adama böyük zövq verir.

- Teatrda müəyyən intriqalar baş verdi. Aktyorlar müəyyən qruplara ayrıldılar. Buna münasibətinizi bilmək istərdik… Bu illər ərzində adınız heç bir söz-söhbətdə hallanmadı. Bu, nə ilə bağlıdır?

- Ümumiyyətlə, teatrın daxili problemlərini insanlara bildirməyin tərəfdarı deyiləm. İki ildir ki, evdəyəm. Teatrın problemləri özünə aid idi və bunu mədəniyyət və turizm nazirliyi ilə həll etmək olardı. Mən də bilirdim ki, problemlər vardı. Əslində, çox şey bilirəm, amma bildiklərim özümdə qalsın.

- Azər Paşa Nemət teatrın bədii rəhbəri və direktoru təyin olundu. Onun teatr rəhbərliyinə gəlməsini dəstəkləyirsinizmi?

- Azər Paşa Nemət mənim müəllimim olub və teatrda da ilk dəfə mənə rol verən rejissor olub. O insanı 20 ildir ki, tanıyıram. Teatrda Həsənağa Turabov və Azər Paşa Nemət mənə çox doğmlaşamışdılar. Təəssüf ki, H.Turabovu tez itirdik. Azər müəllim mənə səhnədə necə addım atmağı öyrədib. Təbii ki, Azər müəllimin “Azdrama”da baş rejissor və bədii rəhbər gəlməsinə sevindim. Düşündüm ki, yaxşı tamaşalar qoyulacaq. Onun çox gözəl ürəyi var.

- Evdə olduğunuz müddətdə teatra tamaşaçı kimi getmisinizmi?

- Bu, mümkün deyil. Çünki uşaqları kiminsə yanında qoyub gedə bilmirəm. Tamaşalar da böyüklər üçün nəzərdə tutulduğu üçün uşaqları ora apara bilmərəm. Amma bir çox tamaşalara gedib baxmaq istəyirəm.

- Hazırda oynamaq istədiyiniz obraz varmı?

- Xeyr, yoxdur. Teatrda işlədiyim vaxtda hansısa obrazları oynamaq kimi arzum vardı. Amma indi yoxdur. Uşaqlara başım qarışıb deyə daha çox onlar haqqında düşünürəm.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər