Bakı İtalyan Mərkəzində “Ellada” uşaqların incəsənət sərgisi açılıb. Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin “ARGO” Yunan cəmiyyəti və İtalyan mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Uşaqların əl işləri Avropa sivilizasiyasının beşiyi olan qədim Yunanıstana həsr olunub. Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının üzvləri qədim yunan incəsənəti haqqında öyrənərək bütün bunları öz rəsmlərində təcəssüm etdiriblər.
Sərginin açılışı zamanı, 5-15 yaş arası 28 şagirdin, rəsm, batik, qrafik incəsənət və keramika üzrə işləmələrdən ibarət 150-dan çox əl işi nümayiş olunub. Tədbir Baki İtalyan Mərkəzinin direktoru, xanım Paola Casagrande tərəfindən açıq elan edilib. Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsounqas, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktor müavini Nadejda Portnova və layihə rəhbəri Qalina Çurilova çıxış edərək sərgi barədə məlumat veriblər.
Martın 11-dək davam edəcək sərginin açılış mərasimində tələbələr öz əl işlərinə görə mükafatlandırılıblar.