9 Mart 2016 11:32
2 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” rubrikasında Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevi xatırlayır.

- Rey bəy, bundan başlayaq ki, Şirin Mirzəyev sizin üçün kim olub?

- Mən elə bilirəm ki, Şirin Mirzəyev mənim komandirim, əmim, dayım, qardaşım olub. Onun əsgəri olmuşam, sonralar məni kəşfiyyat dəstəsinə dəvət eləyib.

- Onunla ilk tanışlığınızı necə xatırlayırsınız?

- Onunla ilk tanışlığımız 1991-ci ilin sentyabrında Ağdam Rayonunun Şıxbabalı kəndində olub. Bizim kəndimizə Kərim Cəlilov və Telman Bağırovla gəlmişdi. O vaxt sərhəd kəndlərdəki əhali ilə görüşüb, onlardan yeni yaranacaq batalyon üçün erməniylə döyüşmək istəyən, torpağa bağlı oğlanları seçirdilər. Şirin Mirzəyevlə ilk dəfə orda görüşdük. Mən də onlara qoşuldum. Beləcə, Azərbaycanın ilk ərazi özünümüdafiə batalyonu yarandı. Sonra oktyabrın doqquzunda rəsmi əmrlə 836 saylı hərbi hissə yaradıldı, Şirin Mirzəyev də onun komandiri oldu.

- Şirin Mirzəyev gəldi və siz də onun ətrafında birləşdiniz, yoxsa bunlar üçün əvvəlcədən zəmin yaranmışdı?

- Adamın üstündə allah var. Ona qədər Qatır Məmməd, Ala Yaqub, Faiq Baxşəliyevin rəhbərlik etdiyi OMON, polislərimiz var idi. Amma Şirin Mirzəyev ilk nizami batalyonu yaratdı. Yəni bir sıra xırda dəstələr var idi ki, onlar da Şirin Mirzəyevin ətrafında birləşdi.

- Şirin Mirzəyev necə insan idi?

- Bu gün hansısa qəhrəman haqqında danışanda sözgəlişi deyirlər ki, məsələn, filankəs vətənə bağlı adamdır. Amma Şirin Mirzəyev sözün həqiqi mənasında torpağına, elinə, obasına bağlı olan, çox saf, vicdanlı, sadə bir insan idi. Ali Hərbi məktəb bitirmiş peşəkar hərbçi idi. Daxili qoşunlar sistemində də xidmət keçmişdi.

- Onun təkcə hərbçi xüsusiyyətləri yadınızda qalıb, yoxsa?..

- Əslində, batalyonda Şirin Mirzyevə məndən də yaxın zabit və əsgərlər var idi. Mən də onun, demək olar ki, bütün xasiyyətinə bələd idim. Hətta Şirin Mirzəyevin yoldaşı Flora xanım da deyirdi ki, onun elə şeyləri var ki, siz məndən də yaxşı tanıyırsınız. Ümumiyyətlə, Şirin Mirzəyev dəlini dəli kimi, ağıllını ağıllı kimi, ziyalını ziyalı kimi yola salardı. Heç kəsin xətrinə dəyməzdi, amma çox sərt adam idi. Bunlardan başqa bilirdim ki, onun ədəbiyyata hədsiz sevgisi olub. Sabirin “Hophopnamə”sini əzbər bilirdi.

Sonra... Tutaq ki, meşədə oturardıq gülə, çiçəyə, ağaca, daşa diqqət çəkərdi. Həm də rəssam idi. Bir də sənə bir şey deyim, o, “Babək” filmində kütləvi döyüş səhnəsində də çəkilib.

- Şirin Mirzəyevlə sizin aranızda təkcə komandir münasibəti olub, yoxsa arada səmimi söhbətləşirdiniz?

- Şirin Mirzəyev əsgərlərin sevgi macəralarına da biganə deyildi. Bizdə Müstəcəb vardı. O, “sivyazda” işləyən qızla - Simayla evlənmişdi. Onların toyuna getmişdik. Nəmər yazdıranda, tutaq ki, hamı iyirmi beş manat salırdısa, Şirin Mirzəyev əlli manat yazdırardı. Öz də deyirdi ki, mən həm qız tərəfdən nəmər atıram, həm də oğlan tərəfdən.

- Maraqlıdır, başqa nəsə olmayıb?

- O vaxtlar münasibətdə olduğum bir qız vardı. “Sivyaz”ın otağındakı şəhər telefonu ilə arada onunla danışırdıq. Bir dəfə qız zəng vuranda dəstəyi təsadüfən Şirin Mirzəyev götürüb. Qız da məni soruşub, o da deyib ki, mən deyə bilmərəm Rey hardadır, amma narahat olmayın, sağ-salamatdır. Sonra Şirin Mirzəyev məni görəndə dedi ki, Rey, sənin toyunu, inşaalah, Göyçə gölünün qırağında göyçə balığıyla eləyəcəyik. Tay o, mənə demədi ey, sənə zəng eləmişdilər, filan-bəhmən. Yəni hər vəziyyətdə adamı anlayardı və sözü elə deyərdi ki, qarşısındakının qəlbini qırmazdı.

- Burdan həm də belə başa düşdüm ki, Göyçə gölünü azad eləmək də Şirin Mirzəyevin arzusu olub...

- Hə, elədir. O, vətəninə bağlı biri idi. İstəyirdi ki, işğalda olan bütün torpaqlarımızı qaytarsın.

- Şirin Mirzəyevinin o dövrü üçün kimsə sizə maraqlı nəsə danışmayıb?

- Onun yaxın adamı Kərim Cəlilov deyirdi ki, Şirin Mirzəyevin gecə-gündüz yuxusu yox idi. Olsa-olsa gecə bir-iki saat yuxusu olardı. O da paltarda yatardı. Matrası qaldırardı, ayağını karavatın dəmirinə qoyub uzanardı.

Yoldaşı Flora xanım danışırdı ki, birdən gecə gələndə oyanırdım, görürdüm ki, balalarının gündüzdən yuyub qurutduğum paltarlarını ütüləyir.

- Onun əsgərlərlə münasibəti necə idi?

- Əsgəri öz balası kimi istəyirdi. Batalyon yaranandan sonra Xaçınstroyda peşə məktəbində kazarma şəraitinə keçdik. Beş yüzdən artıq əsgərdik. Sənə bir şey deyim, elə bir əsgər olmazdı ki, Şirin Mirzəyev onu şəxsən tanımasın. Bir komandir olaraq əsgərlərin xarakterini, əməliyyatlarda hara qədər dözümlülüyünü, iradəsini, hansı həddə qədər döyüşəcəyini bilirdi. Şəxsən mən öz müharibə taleyimdə adi əsgər idim. Bizi “Qrom -2” dəstəsinə dəvət elədi. Bir müddət sonra isə oradan da kəşfiyyat dəstəsinə keçirdi. Yəni mən öz timsalımda deyə bilərəm ki, hər bir əsgərə də belə yanışırdı. Kimin hansı pozisiyada nəyə qadir olacağını çox yaxşı bilirdi.

- Hərbidə ciddi rejim yaratmışdı?

- Nə qədər mülayim idisə, bir o qədər də ciddi, sərt adam idi. Ötkəm səsli, arıq, uzun kişi idi. Bizə təlimlərdə o qədər məşq elətdirib... Sözün yaxşı mənasında bizi süründürürdü, yəni əzab-əziyyətə öyrədirdi. Əsgərlərini fiziki cəhətdən də güclü görmək istəyirdi.

- Sizi Şirin Mirzəyevin ətrafında nə birləşdirib?

- Güvən. Şirin Mirzəyev bizə güvənirdi, biz də ona və ən böyük gücü də bu idi. Hərbi hissədə güclü inam yaratmışdı. Biz ona arxayın idik. Tutaq ki, döyüşə on beş nəfərlə ürəklə gedirdik, bilirdik ki, çətin məqamda Şirin Mirzəyevin başqa hansısa planı var və bizə kömək olacaq. Onun hərbi sahədə xüsusi fitri istedadı vardı. O, Azərbaycanın Müdafiə Naziri olmağa layiq insan idi.

- Bir komandir kimi ən çox nəyə göz qoyurdu, nəyi izləyirdi?

- Onun hər şeyə xüsusi nəzarəti olub. Yemək və silah təminatında birbaşa özü iştirak eləyirdi. Demək, batalyonun yeməkxanası vardı. Orda yemək yeyirdik. Həmişə gəlib baxırdı ki, görüm, kim nə yeyir. O da bizim yediyimizdən yeyərdi, içdiyimizdən içərdi.

- Özünü sizdən fərqləndirməzdi...

- Birdən görürdün ki, aşpazlar ona yemək üçün fərqli bir şey hazırlayırdılar. Məsəl üçün, kolbasanı qızardıb, üstünə də yumurta vururdular. Amma o da həmin yeməyi orda olan uşaqların hamısına hisə-hisə paylayırdı. Axırda bir az da özü yeyirdi. Yəni istəmirdi ki, batalyonda kimsə kimsədən fərqlənsin.

- Batalyonda hansı rota ona daha əziz idi?

- Batalyon hamısı onun üçün əziz idi. Amma istəyərdi ki, ən yaxşı çəkmə, ən isti puşlat səngərdə dayananlarda və bizdə - kəşfiyyat rotasında olsun. Çünki birdən elə olurdu ki, əməlliyat üçün bir həftə, on gün dağlarda, meşələrdə olurduq. Yəni bir söz də deyim ki, bu fərqli geyimlər də olan yerdən vardı. Olmayan yerdən hamımız bir geyinirdik.

Özü də komandir bunu elə eləyərdi ki, heç kəs onu sezməzdi. Əsgəri fərqləndirəndə də elə eləyərdi ki, başqa bir əsgər bunları görüb düşünməsin ki, filankəsə niyə belə elədi.

- Şirin Mirzəyev peşəkarlığı özünü nədə göstərirdi?

- Adicə sənə bir söz deyim. Məsələn, səhərə əməliyyat olacaqdısa, axşam çağı əməliyyatda iştirak edəcək yetmiş nəfəri yığırdı. O deyirdi ki, uşaqlar, səhər tezdən saat dörddə həyəcanla qalxıb filan kəndə hücum eləyəcəyik, ölüm-itim ola bilər, kiminsə içində ola bilər ki, tərddüd olsun...

Yəni Şirin Mirzəyev bunların hamısın nəzərə alırdı. Bir-bir söhbət eləyə-eləyə gündüz əsgərlərin hamısını müşahidə eləyirdi. Seçilən yetmiş nəfərdən onuna-on beşinə deyirdi ki, flankəs, flankəs siz növbəti əməliyyatlarda iştirak edərsiniz. Kimdəsə bir nigarançılıq görübsə, onu gələn əməliyyata saxlayırdı. Dağıl komandasından əvvəl də, sonra da bir-bir hamıyla söhbət eləyirdi. Tərəddüdü olanı döyüşə aparmazdı. Əməliyyat üçün sona əlli beş nəfər saxlayardı. Hansı ki səhər döyüşə gedir ha. Səhər birdə baxırdı, onlarında içindən beş nəfəri çıxardırdı və əlli nəfərlə hücuma gedirdi.

- Əsgərlər ondan narazı qalmırdılar, incimirdilər ki?

- Təbii ki, onların qəlbini qırmazdı. Bəzən tərəddüd elədiyi adamları yanında saxlayıb deyərdi ki, siz mənim ən etibarlı adamlarımsınız.

- Maraqlıdır, bu prinsipdə əsgərin döyüş motivasiyasını nəzərə alırdı. Yoxsa elə zəifləri gələn əməliyyatlara saxlayırdı?

- Elə ola bilərdi ki, ən yaxşı döyüşçümüz də o beş nəfərin içində ola bilərdi. Yəni növbəti əməliyyata saxlanılırdı. Komandir nə sezirdi, nə hiss eləyirdisə, onları göndərmirdi.

- Şirin Mirzəyevi hansı qəhrəmanlarımızla müqayisə eləyərdiniz?

- Azərbaycanın iki yüz on bir milli qəhrəmanı var. Hərəsinin öz yeri var. Amma gözümüzü yumub adını dalbadal çəkəcəyimiz on beş-iyirmi adam var. Bunların da hərəsinin öz yeri var. Qəhrəmanınımız var ki, bir hadisəyə görə qəhrəmandır.

– Məsələn...

– Məsələn, Səfiyar Behbudov yaxşı bir döyüşçü olub. Yaralı halda əsir düşüb. Ermənilər nə eləsələr də, onu sındıra bilməyib. Kəlbətinlə bədənindən ət qopardıblar, dişini çəkiblər, diri-diri od vurublar, amma düşmən onu sındıra bilməyib. Bu adam qəhrəmandır. Şirin Mirzəyevlə bunların fərqi odu ki, o gedib erməniyə güllə atası deyildi ki, komandir kimi, əməliiyatlar rəhbəri kimi daha böyük işlər görüb. Vəzir Orucov, Əliyar Əliyev, Allahverdi Bağırov, Fred Asif bunlar da başqa cür qəhrəman idi. Yəni hərəsinin öz yeri olub.

Amma bir şeyi də deyim ki, Şirin Mirzəyevi Əliağa Şıxlinski, Səməd bəy Mehmandarovla müqayisə eləmək olar.

- Bəzən deyirlər ilk batalyon Şıxov batalyonudur...

- Əslində, kim birinci olub deməyin də yeri yoxdur. Bəzən elə deyirlər. Amma o Müdafiə Nazirliyinin yaratdığı ilk hərbi batalyondur. Onlar yarananda artıq biz var idik. Tarix var, fakt var. Deyirlər ki, ilk şəhid Şıxov batalyonunundu. Amma ilk şəhid Elbrus Hacıyevdir. Şirin Mirzəyev də onun dəfnində iştirak eləyib. Videosu da var, tarixi də on üç dekabr...

- Şirin Mirzəyevin ordumuzda yeniliyi varmı?

- Azərbaycan ordusunda gecə əməliyyatlarının əsasını Şirin Mirzəyev qoyub.

- Onun qələbə yolu nədən keçirdi? Yəni necə olurdu ki, uğurlu əməliyyatlar eləyirdi? Tutaq ki, taktik planlarımı daha yaxşı idi, yoxsa...

- Bax sizə bir şey deyim. İşğalda olan bir yüksəkliyi almaq üçün bəzən Bakıdan gəlirdilər, beş yüz, səkkiz yüz əsgəri yığırdılar, qoymahaqoyma düşürdü, nə qədər əsgər qırılırdı, amma həmin yüksəkliyi bəzən ala bilmirdilər. Bəzən də alırdılar, amma böyük itki bahasına. Əsas məsələ bunu daha az itki ilə almaqdır. Bunu da Şirin Mirzəyev bacarırdı. O, hansısa bir yüksəkliyi almaq üçün etibar elədiyi əsgərlərin arasından on beş nəfər seçirdi. Deyirdi ki, oranı almalısınız. Bunun üçün də kəşfiyyatçıları ora göndərirdi. Bütün məlumatları öyrənirdi. Bunu da deyim ki, bir yerə, bəlkə, on dəfə kəşfiyyata göndərirdi. Amma əvəzində ora hücum olurdu və on beş nəfər girib itkisiz oranı alırdı. Bütöv bir batalyonun gedib ala bilməyəcəyi yeri, Şirin Mirzəyev on beş əsgərlə alırdı. Yəni əməliyyatları çox dəqiq işləyirdi. Məsələn, Qazançı əməliyyatında nə qədər erməni əsiri götürdük.

- Şirin Mirzəyev kəşfiyyata daha çox fikir verirmiş...

- Bax kəşfiyyatda nə görmüşüksə: düşmənin topu, topxanası, tankı, canlı qüvvəsi... gələndən sonra bizə həmin yerlərin şəklin çəkdirirdi. Hərbi xəritədə də göstərirdi ki, tutaq ki, bu “N” postunu görmüsünüz, burda nə var idi, şəklini çək. Bəlkə, iyirmi dəfə bizi ora göndərirdi. Onun nəticəsi idi ki, 1991-cilin iyunun on üçündə batalyonun Kiçan hücumundan əvvəl rəhmətlik Yavər Babayevin rəhbərlik etdiyi hücum rotasının döyüşçüləri ilə biz kəşfiyyatçılar – şərti adı “Palıd on səkkiz” olan qrupu hərəkətə keçdi. Sənə deyim ki, artileriya atəşi qurtaranda artıq biz erməninin başının üstündəydik. Çatdıq ki, top düz akopun içini vurub. Topçular da Şirin Mirzəyevin deyildi ha. Amma bizim minamyotçular onlara necə dəqiq koordinatlar verirdisə, hədəfi dəqiq vururdular.

- Bu kəşfiyyat əməliyyatları sizi düşmənin üzərinə nə qədər aparırdı?

- Biz həqiqətən günorta saat ikidə Kiçan istiqamətində açıq hücuma keçmişik. Axşam saat yeddi-səkkiz arası Sırxəvənd, Qaraşlar, Bəşirlər, Kiçan, Ballıqayanı, Qazancını, Ballıqaya və Ulbat yüksəkliyini, Qız qəbiri postunu, Fərruxun sol tərəfindəki yüksəklik vardı, oranı da aldıq. Bütün bunların hamısının nəzarəti bizə keçdi. Bu, Şirin Mirzəyevin ustalığının, peşəkarlığının nəticəsində oldu. Biz orda o qədər kəşfiyyat əməliyyatları keçirmişdik ki, sanki hər şey ovcumuzun içindəydi.

- Şirin Mirzəyev həm də universal əsgər yetişdirirmiş...

- Minamyotun uşaqları, hücumda olurdu, postda dururdu, yəni hamı döyüşlə bağlı hər şeyi bacarmalı idi, bir növü universal əsgər yetişdirirdi.

- Əsgərlərini döyüşə həm ruhi, həm psixoloji, həm də fiziki cəhətdən hazırlayırdı...

- Bax ən böyük üstünlükllərindən biri də bu idi. Hər cəhətdən adamı döyüşə hazırlayırdı. Biz bir əməliyyata getməmişdən qabaq o əməliyatı gözümüz yeyirdi. Deyirdi ki, onsuz da bu əməliyyatı udacağıq, amma eyni zamanda da əsgərə deyirdi ki, arxayın olmaq olmaz. Düşmən düşməndir! Onu gücsüz sayma!

- Şirin Mirzəyiv həmin vaxtlar sizə sülhdən də danışırdı? Yəni müharibədən çıxış yolunu nədə görürdü.

- Bax, mən sənə bir söz deyim. Biz Qazançı kəndini azad eləyəndə Barxudar adında bir ermənini də əsir götürmüşdük. Hansı ki, ermənilərin Ağdərə üzrə rəsmi adamı idi. Onun məndə üç məktubu var. Demək, birini Şirin Mirzəyevə, birini Ağdərənin rayon rəhbərliyinə, birini də Sarkisyana yazıb. Şirin Mirzəyevə yazıb ki, mənim Rusiyada deputatlarla ciddi əlaqələrim var. Məndən istifadə eləyib Xocalıdan nə qədər əsir dəyişə bilərsiniz.

Sarkisyana məktubda isə deyir ki, azərbaycanlılar Qazançıya hücum elədilər. Dəhşətli döyüş getdi. Biz bir neçə gün müqavimət göstərdik. Amma onlar bizi məğlub elədilər. Bu işin yolu sülhdən keçir. Təcili danışıqlara gedin. Əgər bizim taleyimiz sizi maraqlandırırsa, bizə kömək olun.

Yəni sülh bir növ Şiri Mirzəyevin də arzusu idi. O, ermənilərə demək istəyirdi ki, bax, sülhlə geri çəkilməsəniz, beləcə məhv olacaqsınız.

- Onun döyüş həyatında hansı çətin məqamlar olub, yəni elə olubmu ki, ölümün pəncəsindən qurtulsun?

- Şirin Mirzəyev olduğu avtomobili ruslar və ermənilər üç dəfə vurdular. Birinci Xocavənd istiqamətində - Qarakənd tərəfdə. Həmin vaxt maşın yanıb, amma özü sağ qalıb. Sonra 1992-ci ildə Kiçana hücum elədiyi vaxt 13 iyunda vurulub, onda da Allah qoruyub. Amma bundan beş gün sonra onun maşını minaya düşdü, şəhid oldu.


- Bu bəd xəbəri harda aldınız?

- Mən də içində olmaqla kəşfiyyat rotasınının əsgərlərindən, bir də Kolanı dərəsində olan, o ərazini tanıyan döyüşçülərlə haradasa bir iyirmi-iyirmi beş nəfərlə bir yerdə bizi düşmənin arxasına göndərdi. Gündüz döyüşdən yaralı qalan əsgərlərimizi tapıb çıxarmalı və sonra komandirin növbəti əmrini gözləməliydik. Yəni düşmənin arxasına keçib Şirin Mirzəyevə məlumat verməliydik, o da bizə komanda versin. Amma təəssüf ki, gecə rabitəçi qız “ratsiya”da bizim rəbitəçiyə dedi ki, geri qayıdın. Sonra mən özüm rabitəçi qızla danışdım, dedim, siz bilirsinizmi, bu, 301-in əmridir. Şirin Mirzəyevin də kod adı 301 idi. O da ağlaya-ağlaya dedi ki, “Elə 301-in əmridir, təcili geri qayıdın. Biz də qayıtdıq, bəlli oldu ki, Şirin Mirzəyevin maşını minaya düşüb. Şirin Mirzəyev, Yavər Babayev, Qahir Hüseynov, Şirin Mirzəyevin yaxın qohumları Mübariz və Araz şəhid olmuşdular. Demək, tankın pozisiyasını yoxlamağa gedib, bizimlə əlaqə yaratmaq istəyib, amma alınmayıb. Deyib qalxım yuxarı kəşfiyyatın uşaqları ilə əlaqə saxlayım, qayıdaram. Oradan geri qayıdanda maşını yolda minaya düşüb.

- Bu ağır itkiylə barışmaq, əlbəttə, çox çətindir...

- Elə arzulayırdım ki, kaş mən də ölüb orda qalardım. Mən işğalı, sonrakı həyatımızı, başımıza gələnləri görüb o qədər istəmişəm ki, kaş Şirin Mirzəyev şəhid olanda mən də orda olardım. Hərdən təsəlli tapıram ki, bəlkə, Allah-təala məni ona görə sağ saxlayıb ki, bunları yazam, bizim batalyonda Sənan, Qırımxan, Fərman kimi bu dünyadan nakam köçən əsgərlərin taleyini danışam...

- Şirin Mirzəyevin sağlığında döyüşdüyünüz zonada hansısa torpağımızı itirmişik?

- Şirin Mirzəyev sağ olanda biz ermənilərə torpaq verməmişik.

- Onun ən çox hansı sözləri yadınızda qalıb?

- Deyərdi ki, raykomu, icra başçısını dəyişmək kimi işlərdə biz yoxuq, bizim məqsədimiz torpağı, namusu, qeyrəti qorumaqdır. Tez-tez deyirdi ki, uşaqlar, müharibədə hər şey olur, ona görə mühasirəyə düşməkdən qorxmayın, özünüzü itirməyin. Mühasirədən sağ çıxmağın yeganə yolu özünü itirməməkdir.

- Sizcə, bu gün Şirin Mirzəyevi yetərincə tanıda bilmişik?

- Şirin Mirzəyevi tam geniş olmasa da, tanıda bilmişik. Hərbi jurnalist İbrahim İbadoğlu da onun haqqında yaxşı kitab yazıb. Onun haqqında bir neçə film çəkilib. Ötən il isə Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının rəhbərliyi ilə “Diqqət, mən üç yüz birəm” adlı sənədli film çəkilib. Həmişə mənə deyirdilər ki, Şirin Mirzəyev kim olub ki, onu belə çox istəyirsiniz. Bax bayaqdan sənə dediyim şeylərə görə onu çox istəyirəm.

- Sonda Şirin Mirzəyevin hansı qəhrəmanlığını bizə danışardınız?

- 1991-ci ildə payızında ruslar Xocavənd rayonu ərazisində dörd nəfər xüsusi təyinatlı polisi, bir də mülki vətəndaşımızı əsir götürüb Martuniyə aparıblar. Onları ermənilərə verib əvəzində pul alacaqlarmış. Şirin Mirzəyev, rəhmətlik Əlabbas İsgəndərov, Vüqar Quliyevin iştirakı ilə Dağlıq Qarabağın Xankəndində yerləşən komendatın müavinini rusların öz BTR-i ilə Xocavəndin rayon mərkəzinə getməyə məcbur edib. Və oradakı beş nəfər əsirimizi xilas eləyiblər.

Şərvər Şirin


Müəllif:

Oxşar xəbərlər