Ədəbiyyat üzrə üçüncü Nobel mükafatı laureatı Byornsterne Byornson (1832-1910) Norveç realist yazıçıları arasında görkəmli yerlərdən birini tutur. O, 1832-ci ilin 8 dekabrında Tronheym yaxınlığındakı Esterdalen rayonunun Kvinka kəndində, protestant keşiş ailəsində anadan olub. 1837- ci ildə atasını – Kvinka kəndinin keşişini Romsdal quberniyasına aid Molda şəhərinin Nesset kəndinə keşiş təyin ediblər və gələcək yazıçının uşaqlıq illəri adı çəkilən kənddə keçib. Moldadakı bir neçə illk təhsildən sonra Byornsonu universitetə hazırlaşmaq üçün Heltberqdəki latın məktəbinə göndəriblər. O illərdə Byornson poyeziya ilə məşğul olmaq barədə qəti qərara gəlib. O, 1852-ci ildə Oslo Universitetinə qəbul olaraq tezliklə jurnalist fəaliyyətinə başlayıb.
1857-ci ildə Byornsterne Byornson kəndli həyatından bəhs edən “Syünnev Sulbakken” romanını nəşr etdirib. Daha sonra müəllifin – 1858-ci ildə “Arne”, 1860-cı ildə “Sevinən oğlan” , 1868-ci ildə isə “Balıqçı qız” romanları nəşr olunub. Bunlar onun kəndli həyatından bəhs edən ən məşhur ərəsrləridir.
Byornson “yeni kəndli əfsanələrini” təkcə bədii nəsrin dili ilə deyil, həm də milli dramaturgiyanın imkanları ilə də təqdim etmək arzusunda idi. O pyeslərdən birincisi XII əsrdən bəhs edən birpərdəli “Döyüşlər arasında” pyesi oldu. Pyes 1857-ci ildə nəşr edildi. 1858-ci ildə isə müəllifin “Kral Sverre” pyesi işıq üzü gördü. Lakin onun bütün yaradıclığının fövqündə poetik trilogiya – “Qəzəbli Siqurd” (1862) əsəri dururdu.
Byornson Norveçin azadlıq hərəkatına qatılmış, Norveç ədəbi dilinin təşəkkül tapması yolunda mübarizə aparmış, militarizmə qarşı çıxışlar etmişdi. XIX əsrin 70-ci illərində Byornsonun qələmə aldığı “Müflisləşmə” və “Redaktor” dramları Q.İbsenin pyesləri ilə yanaşı qoyulur və Norveç sosial realist dramaturgiyasının təməli hesab edilirdi. Bu pyeslərdəki burjua hərəkatına qarşı kəskin tənqidi yanaşma onun “Əlcək”, “Gücümüzün fövqündə” və başqa pyeslərində də öz əksini tapmışdı.
Norveçli yazıçının yaradıcılığı Norveç ədəbiyyatı ilə yanaşı digər Skandinaviya ölkələrinin ədəbiyyatına da ciddi təsir göstərə bilmişdi. Onun yaradıcılığı burjua hərəkatına qarşı kəskin tənqidi ilə seçildiyi üçün uzun illər Sovet ədəbiyyatının ən görkəmli nümayəndələri Byornsonun əsərlərinə böyük qiymət verdilər. Onun əsərləri bir çox sövet və dünya xalqlarının dilinə tərcümə olunmuşdu.
Norveçli yazıçı 1903-cü ildə “poyeziyadakı nəcib və zəngin ədəbi irsinə, hər zaman hiss olunan yeni ruhlu əsərlərinə və ədəbi ruhunun təmizliyinə görə” ədəbiyyat üzrə sayca üçüncü Nobel mükafatçısı oldu.
Byornson Norveç milli himninin sözlərinin – “Sevirik bu diyarı” şeirinin müəllifidir.
SEVİRİK BU DİYARI
Bəli, biz çox sevirik bu doğmaca vətəni,
Meşələr diyarını,
Kimsəsiz dənizini, küləkli havasını,
Pambıq kimi buludla örtülən səmasını.
Sevirik bacamızdan qalxan boz tüstünü də,
Ata-anamızı da.
Bu soyuq gümrahlıq da yaxşı tanışdır bizə,
Günəş bərəkət verir gözəl vətənimizə.
Burda Harald yatırtdı düşmən basqınlarını,
Hokan bir qəhrəmandı.
Eyvin şövqlə deyirdi, burda mahnılarını.
Burda Olaf qanıyla
Dağlarda xaç cızırdı.
Sverre bu vadilərdə
Roma çəkişməsinin
Həll yolunu çözürdü.
Düşmən üstə getməkçün baltaların ucunu
İtilədi igidlər,
Tordenskolda doğru müqəddəs yürüş üçün
Qayıqlara mindilər.
Bu yerin qadınları o müqəddəs anadək
Qan ilə qorudular Vətənin şərəfini.
Dul qalsalar da belə taledən narazılıq
Etmədilər sonadək.
Düzdür, sayca az idik, amma bəs etdik yenə.
Düşmən hücuma keçdi,
Bizsə qorxu bilmədən tez atdıq əlimizi
Bıçağın dəstəyinə!
Doğma yurdu-yuvanı düşmənə verməkdənsə
Yandırmaq yaxşı olar.
İstəsəniz mən sizə Fredriksxalldan danışım,
Siz də bilin ki, bizdə belə qəhrəmanlar var!
Hava qaralan kimi,
Dərd ayaq açıb gəldi.
Göy gözlü azadlıq da
Doğularaq dikəldi.
Çox xoş oldu olunla,
Aclıq, zülüm, hərb, qada!
Hətta ölümü belə
Hər bir şeydən şərəfli etdi bizə dünyada!
Düşmən çapıb atını qaçdı, çıxdı aradan,
Xəncərin çəkib baxdı,
Qardaşımız bir anda
Onun önünə çıxdı,
Qisas hissi olmadan, məyusluqla dayandıq
Çözdük mübahisəni.
Bax indi də üç qardaş birgə verib əl-ələ
Qoruyuruq Vətəni!
Norveç, sən öz bəxtinə, qismətinə dua et,
Çünki ağır günlərdə
Göydəki Tanrı sənin duanı eşitdi, bil,
Və kömək etdi sənə, bu ki, boşuna deyil.
Kömək etdi ki, sənə qanlı müharibələr
Sarsıtmadı ruhunu.
Onun köməyi ilə qura bildik bu sakit,
Bu azadlıq yurdunu.
Bəli, biz çox sevirik bu doğmaca vətəni,
Meşələr diyarını,
Kimsəsiz dənizini, küləkli havasını.
Pambıq kimi buludla örtülən səmasını.
Qəhrəman babaların vuruşduğu bu diyar –
Qürur yeridir bütün, –
Qalib gələnə qədər vuruşacağıq biz də,
Bir əbədi sülh üçün!
ŞAHZADƏ QIZ
Şahzadə qız otaqda taxtında oturmuşdu,
Oğlan isə gəlmişdi bir musiqi çalmağa.
“Ay oğlan, nəyə görə tez bitirdin mahnını?
Nədən arzularımı pərən-pərən elədin?
Xəyallarım bir anda uçdu günəşə doğru
Mane oldu nəğmələr xoş xəyala dalmağa”.
Şahzadə qız otaqda taxtında oturmuşdu,
Oğlan isə gəlmişdi, daha nəğmə demirdi.
“Ay oğlan, bir utan sən!
Nədən nəğmə deimrsən?
Sənin nəğmələrinlə arzularım uçurdu,
Günəşə doğru gedir, parlaq işıq saçırdı”.
Şahzadə qız otaqda taxtında oturmuşdu,
Oğlansa yenə gəlib nəğməsin söyləyirdi.
Qız isə qaranlıqda ağlayaraq deyirdi:
“Nə üçün darıxıram? Yəqin ruhum xəstədir,
Günəş də batıb daha, bəs məni üzən nədir?”
NORVEÇLİ GÖZƏLƏ
Həyəcanla baxırsan, istehzayla gülürsən,
Sözlərimdən utanıb uzaqlaşıb gedirsən.
Sənin bu gözəlliyin tüldən də zərifdir, bil,
Sən ey norveçli gözəl, çox sevirəm səni mən.
Baxışların oynayır – qəribə və çox gözəl
Gecənin yarısında ay işığına bənzər.
Elə bir meşə varmı qaranlığı içindən
O gözəl baxışlara kölgə salsın qəfildən?
Yonulmuş qamətinə, qüruruna aşiqəm:
Qış gecəsində aydın ulduzlu səma kimi,
Təmizdir baxışların. Mərcan sahillərinin
Sirrinə çox bənzəyir ağlının sirr aləmi
Bir də o buruq saçlar – o sarışın telləri
Dəstələyib arxadan bağlamısan nə gözəl.
Sanki nağıllardakı eşq tanrıları gəlib
Sinənə əl gəzdirir, tellərinə çəkir əl.
Bir toy duvağı altda qalan baxışlarını,
Bir də sevirəm sənin o çevik qamətini.
Sevirəm qəlbindəki qarışıq arzuları,
Oynayan baxışını, sirli məhəbbətini.
Sənin yerişin elə Tanrının bir lütfüdür,
Onlar sənin ruhunu xoş günlərdən qoparır.
Azadlığın və gücün böyük səltənətindən
Sevginin və istəyin məbədinə aparır.
Sənin o dodaqların – səadətçün yaranıb,
Tanrı Erot hifz edir onları lap əzəldən.
Dənizçi qəniməti görüb sevinən kimi
Sənin dodaqlarını görüb sevinərəm mən.
Sevirəm! Amma budur taleyimin tənəsi,
Yenə də gözəlliyin görünmür gözlərinə.
Heç bir norveçli gözəl inana bilməyir, bax
Gözəlliyi vəsf edən şairin sözlərinə!
APRELİ SEVİRƏM MƏN
Apreli sevirəm mən
Köhnə nə var qeyb olur,
Təzəyə gəlir sıra.
Yeni savaş başlayır,
Sakitlik çəkir bizi
Arzu dolu bahara!
Apreli sevirəm mən.
Buz üstündə günəşin parlaq şöləsini də,
Fırtınanı, küləyi
Ümidi, yuxuları, təbəssümü, çiçəyi,
Artıq vaxtdır – söyləyən,
Budur, yay gəldi – deyən
Hər şeyi sevirəm mən!
BUNU BİLSƏYDİN ƏGƏR
Səninlə danışmağa cəsarətim çatmayır,
Baxışını qaldırıb baxa bilmirsən mənə.
Burada həyəcanla dayanıb düşünürəm,
Uca bir pəncərədən boylanırsan sən yenə,
Və xəyallar çulğayır limansız qayıq kimi
Biz isə əvvəlkitək susuruq – budur qədər,
Bunu bilsəydin əgər!
O zaman ki, burada dayanıb gözləmişəm
Sən də soyuqdan soyuq, qürurla davranmısan.
Təsadüfi qonaqtək gəlsəm də çox görmüşəm
Gözlərini küçədən çəkmədən boylanmısan.
O iki göz insanın çox vaxt açıb qəlbini
O zaman ki, gözlərə hücum çəkib qəm-kədər...
Bunu bilsəydin əgər!
Sənsə xəbər tutmadın, bu acı taleyimdən,
Yazdığım hər məktubu şeirlə yazdın sənə.
Quş kimi qanad açıb sənə doğru tələsən
Mənim məhəbbətimdi, qonurdu pəncərənə.
Gedirəm – eşitmə sən, duyma mənim qəlbimi,
Tanrı qorusun səni! Mənim ömrüm puç, hədər...
Bunu bilsəydin əgər!
Rus dilindən tərcümə Əyyub Qiyasındır