9 Mart 2016 14:53
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com müğənni Nadir Qafarzadəylə müsahibəni təqdim edir:

Nadir bəy, İlhamə Quliyeva ilə münasibətiniz yaxşı idi. Sosial şəbəkələrdə də onu tez-tez müdafiə edirdiniz. Onun mirası ilə bağlı qalmaqal yaşanır. Buna münasibətinizi bilmək istərdik...

- Bacı-qardaş, yaxın qohumlar sağ olsunlar, amma miras övlada qalmalıdır. Fərqi yoxdur, doğma övladdır, ya yox. İlhamə xanım Orxanı 40 günündən övladlığa götürüb. 30 il bir yerdə yaşayıblar. Aralarında müəyyən münaqişə ola bilər. Bunlar hər bir ana-bala arasında olan hadisələrdir. Bir sözlə, miras nəvəsinə, gəlininə, oğluna çatmalıdır. Qanun ola bilər ki, başqa cür qərar versin, Amma bir insan kimi düşünürəm ki, miras övlada çatmalıdır. Onu başqa adamlar yeyə bilməyəcəklər, halal olmayacaq. Mən belə düşünürəm. Halalımıza haram qatmayaq və nəyimiz varsa, ona da qane olaq. Biz niyə gözləməliyik ki, kimsə rəhmətə getsin və onun mal-mülkünə sahib olaq.

- Flora Kərimova ilə barışmışdınız. Amma xalq artisti yenidən münasibətinizin pis olduğunu dedi. Hazırda küsülü deyilsiniz ki?

- Flora Kərimova ilə münasibətim əladır. Artıq neçə vaxtdır ki, münasibətimiz yaxşıdır, onunla heç vaxt münasibətim pis olmayıb. Çünki Flora xanımın sənəti var, sənətkardır. Azərbaycan xanımıdır, yerini bilən insandır. Böyük sənətkarlara hər zaman hörmət edirəm. Flora xanımla övlad-ana münasibətimiz var. Övladla valideyn arasında da söz-söhbət olur. Amma sonda barışıq olur. O bəzi şeyləri xoşlamır və ona görə də incimirəm. Düşünürəm ki, məndən niyə küsür? Belə bir söz var: “Uman yerdən küsərlər”. Deməli, bu insan məndən daha çox umur. Əgər bir insan mənimlə çox dalaşıb-barışırsa məni çox sevir, hər zaman onun diqqətindəyəm. Biz valideyn-övlad olaraq bir-birimizi sevirik.

- Sizə heç film və seriallardan təklif gəlirmi?

- İki rejissordan: Şahin Zəkizadə və Nail Naiboğlundan filmə çəkilmək üçün təklif gəlib. Amma vaxtım olmadığına görə çəkilmək istəmədim. O demək deyil ki, mən özümü yuxarı tuturam, xeyr. Çünki sənətimin kənarda qalmasını istəmirəm. Mən öz işimlə məşğulam. Çünki istedadlı aktyorlarımız çoxdur.

- Açıq-saçıq səhnələrə çəkilərsinizmi?

- Bəli, mütləq çəkilərəm. Mənə elə gəlir ki, açıq-saçıq səhnələrə ilk dəfə mən çəkilsəm, digərləri də ürəklənib çəkilərlər. Niyə biz Rusiyanın, xarici ölkələrin filmlərində açıq-səhnələrə baxırıq, amma ağız büzmürük. Sadəcə onu necə təqdim etmək məsələsi var… Əgər işini peşəkar təqdim edirsənsə, normal qarşılanmalıdır.

Əgər obrazını süni oynayacaqsansa, çəkilmə!

- Bəs həmkərlarınızdan kiminlə tərəf müqabili olmaq istərdiniz?

- Çətin sualdır. Həmkarlarımın yox, aktyorların adını çəkə bilərəm. Hər zaman xalq artisti Elmira Şabanova ilə eyni filmdə ana və oğul obrazını canlandırmaq istəmişəm. Bu, mənim arzumdur. Eləcə də Şükufə Yusupova, Zərnigar Ağakişiyeva, Ramiz Novruz, Məleykə Əsədova, Tariyel Qasımov, Amaliya Pənahova ilə bir səhnəni bölüşmək istərdim. Bir çox tanınmış aktyorlarımız da dünyasını dəyişib. Həsənağa Turabova, Həsən Məmmədova, Yaşar Nurivə, Səyavuş Aslana, Allah rəhmət eləsin, onlarla da bir səhnəni bölüşmək istərdim. Tanınmış aktyor Fuad Poladovun böyük qardaşı, mənimsə ərköyün balaca qardaşı canlandırdığım bir filmdə çəkilməyi də arzulayardım. Onu da deyim ki, gənc, istedadlı aktyorlarımız çoxdur. Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimovun “Nadir şah” tamaşasındakı obrazını çox bəyəndim. Hətta tamaşadan sonra ona zəng edib, təşəkkür etdim.

- Gələk ailənizə…Oğlunuz xarici ölkədə təhsil alır. Yaxın zamanlarda evləndirməyi düşünürsünüzmü?

- Hamı kimi o da evlənəcək. Amma hələ ki, təhsilini davam etdirir. Ali təhsilini bitirdikdən sonra isə hərbi xidmətə gedəcək. Yəqin ki, sonra evlənməyi düşünər.

- Oğlunuzun xarici xanımla evlənməsini necə qarşılayarsınız?

-Əslində, xarici xanımla evlənməsinə pis baxmıram. Təki bir-birlərini sevsinlər. Amma azərbaycanlı xanımla evlənsə, daha yaxşı olar.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər