Teleqraf.com ədəbiyyat adamları arasında sorğu keçirib: “Dünya ədəbiyyatından oxuya bilmədiyiniz, yarımçıq qoyduğunuz əsər olubmu?”
Səslənən fikirləri təqdim edirik:
Əkrəm Əylisli: “Dünya ədəbiyyatından oxumadığım çox əsər var. Bədii ədəbiyyatın hamısını oxuyub qurtarmaq olmaz. Amma dünya ədəbiyyatında elə bir əsər yadıma gəlmir ki, onu oxumağa başlayım, amma yarımçıq qoyum. Məsələn, “Don Kixot”u üç-dörd dəfə oxumuşam. Ekzüperini, Çarlz Dikkensi bir neçə dəfə oxumuşam. Amma düzünü deyim ki, yarımçıq qoyduğum əsər yadıma gəlmir”.
Əsəd Cahangir: “Gənc Verterin iztirabları"nı üç dəfə oxumaq istəmişəm. Hər dəfə də yarıdan o tərəfə keçməmişəm. Sentimentalizmi sevmirəm, yəqin ondandır. Sərt əsərlər daha çox xoşuma gəlir. Sərt realizmlə mistikanın çulğalaşması...”
Saday Budaqlı: “Dünya ədəbiyyatında o qədər yazıçı var ki, onlardan çatdırıb oxumadığım çoxdur. Amma yadıma gəlmir ki, elə bir əsər ola, onu oxuyam, amma yarımçıq qoyam. Yəni oxuyanda çalışırıq ki, həmin əsəri yarımçıq qoymayaq”.
Şəmil Sadiq: “Əslində, bu cür hallar məndə çox olub. Bu da, adətən, işlərimlə əlaqədar baş verir. Başlayıram, sonra nəsə daha vacib bir iş olur və mən bir də həmin əsərə qayıda bilmirəm. Konkret olaraq bəyənmədiyim üçun oxuya bilmədiyim əsərlərə gəldikdə isə bunları deyərdim: Orxan Pamukun "Mənim adım qırmızı" (Mənə elə gəldi, bu əsərin tərcüməsinin bərbadlığı onu oxumağa imkan vermədi. (türkcəsinə də cəhd etmədim), Vladimir Bartolun "Alamut", Herta Müllerin "Nəfəs yelləncəyi" əsəri. Ola bilsin xatırlamadıqlarım da var. Amma çox qəribə bir mistika var ki, məni "Ovod"u oxumağa imkan vermir. İki dəfə cəhd etmişəm, ikisində də kitabı hardasa itirmişəm. Amma bir həqiqət var ki, zövqümü oxşayan əsər heç bir zaman yarımçıq qala bilməz!”
Mirmehdi Ağaoğlu: “Mənim, ümumiyyətlə, kitabı yarımçıq saxlamaqla aram yoxdur. Oxuduğum kitabların əksəriyyəti dünya ədəbiyyatının şah əsərləri hesab olunduğuna görə, təbii ki, onları yarımçıq saxlamaq nadanlıq olardı. Tutalım, "Hay-küy və hiddəti" necə yarımçıq saxlayasan? Çətin olsa belə, özümü məcbur edib sona çatdırmışam. Hətta "Hay-küy və hiddət"i oxuyanda, əvvəlcə, mənə çətin oldu. Sonra kitab haqqında xeyli məqalə oxudum, onun sirrinə bələd oldum və oxumağa başladım. Amma sizə deyim, Jan Eşnozun "Royal arxasında" əsərini oxuyub peşman olmuşam. Yaxşı ki, həcmi az idi, yoxsa yarımçıq saxlayardım”.
Tural Cəfərov: “Oxuyub, amma yarımçıq saxladığım əsəri xatırlamıram. Bunu da deyim ki, Cozef Konradın “Qaranlığın ürəyi” romanını çox çətinliklə oxudum”.
Sərvər Şirin