Teleqraf Fərid Hüseynin “Saday Budaqlının yaradıcılığından “reportaj” məqaləsini təqdim edir:
Saday Budaqlının adının nəsr əsərləri ilə bağlı yazılan icmal yazılarında həmişə urvatlı qələm adamları ilə bir sırada çəkildiyini görsəm də, nə ədəbiyyat tədbirlərində özünə, nə kitab evlərində “sözünə” - kitabına rast gəlirdim. Sonralar biləcəkdim ki, 1987-ci ildən bəri Azərbaycan dilində heç bir kitabı nəşr edilməyib, ancaq vaxt-bivaxt tərcümələri ilə “Xəzər” jurnalından tanış olurdum. Bu imzaya yaranan maraq nəticəsində əvvəl saytlardakı hekayələrini, daha sonra isə iki kitabını - “Döngə” və “Çat”ı tapıb, sürətini çıxartdırıb oxudum.
...S.Budaqlının nəsr əsərləri hər cür sentonluqdan, quramalıqdan uzaqdır. Mütaliə müddətində yazıçının əsərlərindəki insan tanıma peşəkarlığı və bunun əsərlərdəki inikası şəksiz ki, gənc bir oxucu kimi diqqətimi cəlb etdi. Onun hekayələrini oxuyanda süjet ilkin halda o qədər də diqqət çəkmir, sanki süjet hansısa bir cümlənin içində gizlənir. Sonra birdən o cümlə sirr kimi açılır və oxucunu ələ alır.
Az nasirlərimizə xas olan poetik ruh demək olar ki, onun bütün əsərlərində var. S.Budaqlının əsərlərinin maraqlı tərəfi, həm də hekayələrindəki, keçidlərdədir. Demək olar bütün əsərlərindəki sərbəst keçidləri peşəkarlıqla edilir və əsərin əsas mahiyyətə dəxli olan və ya kənar xətt təsiri bağışlayan heç bir nüansın təsadüfü olması ağla gəlmir (“Aralı qapı”, “Yağmursuz havalar”, “Nisgil”).
Yazıçının peşəkarlığı təkcə keçidlərin təbiiliyində yox, həm də obrazını təhkiyəsinə yazıçının keçid alması (bəzən obrazın dilinə qayıtması, ya da əksinə) çox gözəl alınır. Yazıçı sanki obrazın “ürəyindən reportaj” hazırlayır.
Hekayələrində modernist fəndlərinə də rast gəlmək olur. Məsələn, bir hekayədəki obraz başqa bir hekayəsində də qarşımıza çıxır. “Qoca” hekayəsində dəllək Sadığın (“Nisgil”) adı çəkilir. “Qoca” hekayəsində də “Nisgil”də olan kimi bir qədər başqa motivdə xiffət var, keçən ömrə, itən gücə. Ancaq bir çox hekayələrdə məhz itmiş, yoxa çıxmış nələrinsə axtarışı var. Sanki yazıçı gələcəkdən heç nə gözləmir, “gözəl olan hər nə varsa keçmişdə qalıb ideyası” onun bir çox əsərlərin içində qəlpə kimi “gəzinir” (“Fevral” povesti).
Yazıçının hər hekayəsində maraqlı fikirlərə rast gəlinir. Ancaq o fikirlər mətnin içində əridilir və bu heç də “ağıl öyrətmək”, “təcrübə bölüşmək” təsiri bağışlamır. “Kim bilir, bəlkə taleyimizlə barışanda biz elə xoşbəxt oluruq?”. “yaxşı olardı, xatirələr qoysa...”
Onun əsərlərində sistemli üsubi yenilik, forma oyunları, ağlagəlməz süjet kompozisiyaları demək olar azdır, ancaq əvəzində klassik hekayəçiliyə xas insanın mahiyyətini və iç dünyasını açan, qatı reallıqlar və bu reallıqdan doğan canlı hadisələrin peşəkar təsviri var.
Hekayələrdə bir anın içində dünyanın mahiyyətinin, hanısısa çox qiymətli mətləbin açılışını görürük. Məsələn, “Bir yaz günü” hekayəsində qəhrəman yataqxananı təmizləyən qadını bir anda ana gözündə görür. Hekayəsə əyləncəli, eyni zamanda ağır həyat keçirən, zavodda işləyən cavan bir adamın gözündə bir an hər şey bir başqa görünür, hər şey, eləcə də onun özü bir anda dəyişir. Hekayəninsə əvvəlində oxucuya elə gəlir ki, indi cavan yataqxana sahiblərinin başına hansısa gözlənilməz bir hadisə gələcək. Belə “novellavarilik” hansısa macəraçılığa yox, alt-qatı, ideyası olan bir sonluğa aparıb çıxarır və nəticədə əsəri oxuyub bitirəndən sonra məna anlamında “əllərin boş qalmır”.
Hekayələrin bir çoxu həyatın hansısa konkret bir məqamından bəhs edir və sanki həmin konkret məqam nəql ediləndən öncəki situasiyanı “idarə edir”. Yazıçının peşəkarlığı ondadır ki, əvvəl, yəni hekayəyə “daxil edilməyən” – hekayədə süjetdə idarəedici funksiyası olmayan, sadəcə xatirələrin canlandırılmasına xidmət edən, yada salınan hadisələr bir cümlə ilə belə xatırlansa da, hadisənin gücünü və miqyasını böyüdür. Məsələn, “Aralı qapı” hekayəsində qadının birinci dəfə ərdə olması, sonrakı evliliyində cavan həyat yoldaşının onun adının üstündəki adı heç vaxt unuda bilməməyi. “Hazır keçmiş” - olmuşlar hadisələrin bütün axarını müəyyənləşdirir.
Onun hekayələrində məhz insanın keçmişindən, yaddaşından xilas ola bilməməsi problemi də qırmızı xətt kimi keçir. Sanki hər cür ali keyfiyyətlərə malik insana bircə unutmaq qabiliyyəti verilməyib: “Aralı qapıdan qonşunun eyvanı, bir də məhəccərli pilləkən görünürdü. Kimsə su kranını bağlamağı unutmuşdu. Suyun həzin şırıltısı otaqda da eşidilirdi... Onların unuda bilmədikləri, bir-birlərindən ayrı yaşadıqları keçmiş kimi”.
Yazıçının yaratdığı obrazlarına xas bir xüsusiyyət də diqqətimi çəkdi: Əsas qəhrəmanların əksəri yaranmış situasiya ilə, reallıqla, qədərlə barışan adamlardır. Müəllifin etiraz edən, nəyisə dəyişən, bunun uğrunda müstəsna mübarizələr aparan qəhrəmanları yox dərəcəsindədir. Onlar ağılsız, mağmın, yaltaq deyillər, sadəcə onlar ya zəlzələdən, ya vəlvələdən düşdükləri durumdan çıxmaqda çox acizdirlər. Əlbəttə bu dediklərim sadəcə müşahidələrdir, Sovet nəsrinə xas “güclü qəhrəman” ummağın mənasız bir məsələ olduğunu da bilirəm. S.Budaqlının hekayələrində mütləq mənada bir çıxılmazlıq var. Yuxarıda dediyim tale ilə, reallıqla barışma, zəmanə adamı olmaq məsələsi ən çox özünü “Əclaf” hekayəsində göstərir. Dükandar Salman daim Qarabağ qaçqını Feyziyə əl tutur. Bir gün Feyzi ondan pul istəyəndə isə yox deyir: “sən axı niyə yaşayırsan?... İndən belə sənin yaşamağının nə mənası var? Təzədən oğulmu tapacaqsan, ailəmi quracaqsan, yurdmu salacaqsan? Sən axı niyə ölmürsən, kişi”. Bir neçə gün sonra bazardan Feyzi kişinin meyiti tapılır: “Bir axşam sahə müvəkkili qapının ağzında peyda oldu. Salman o saat cibini eşələdi. Amma sahə müvəkkili demə başqa şeyə gəlibmiş. Feyzi kişinin şəklini göstərdi.
Məlum oldu ki, səhər-səhər bazardan meyitini tapıblar, indi ünvanını axtarır. Bizdən də bir şey öyrənə bilməyib getmək istəyəndə, gözü Salmanın əlindəki pula sataşdı.
- Deyəsən, pul vermək istəyirdin, - dedi, - utanma, ver gəlsin.
- Salman mənə baxdı:
- Böyüyəndə nə olacaqsan, ə?
- Əclaf olacağam, - dedim.
Salman gülümsədi:
- Ay sağ ol. Pul bu dəfə sənə çatır.
Və mən onun verdiyi pulu götürmək üçün əlimi uzatdım”.
Hekayənin əvvəlində Salmanın işləmirsən, dükana əl yetirmirsən, oxuyub əclaf olacaqsan dediyi qəhrəmanın son aqibəti bu cür təsvir edilir.
Müəllif müharibədən sonranı, durğunluq dövrünün fəlakətlərini dəqiq yazıb, eyni zamanda onun hekayələrinin əksərində məhz o, sosial problemlər, məişət qayğılarının sındırdığı insanların mahiyyəti görünür, görünməz olan, ancaq varlığı duyulan isə, insanları o cür səfalətdə yaşamasının baiskarı olanlar da gözardı edilmir. Hekayələrin əksərində sosial problemlər açılır, ancaq bütün bunlar “satirik ovqatla”, yaxud diktəylə təqdim olunmur, yazıçı müstəntiq kimi ittiham etmir və sanki “hər nə cürsə insan yaşamalıdır” ideyasını əks etdirməyə çalışır.
Yazıçının nəsr dilinin rəvanlığı, zənginliyi, ifadə sırası, cümlələrin quruluşu onu Azərbaycan dilinin incəliklərinə bələd olduğunu göstərir. Eyni zamanda sözlərdən, ifadələrdən istifadə və sadəlikdəki miqyas oxucuya aydın olur.
Məncə, Saday Budaqlı böyük, cahanşümul, bəşəri ideyaların yazıçısı deyil, ancaq böyük ovqatın, daxili dünyanın, psixoloji gərginliyin bütün gücü ilə çatdırılmasının peşəkarıdır. Onu zaman yox, an maraqlandırır. O, bir anın fəlsəfəsini açır, bir anın gücünü göstərir... Onun kiçik həcmli əsərlərə (hətta tərcümələrə) meyl etməsinin də kökündə “an”a münasibət və meyil dayanır. Bu isə onun uğuru və ustalığıdır.
Bir oxucu kimi deyə bilərəm ki, istər yazı texnikası baxımından, istərsə də əsərin adının mətnin mahiyyəti ilə uyğunluğu sarıdan müəllifin ən maraqlı əsəri zənnimcə, “Şəbəkə” povestidir. İnsanların bir-birinin bədbəxtliyinə səbəb ola-ola sanki gözəgörünməz bir şəbəkə əmələ gətirib və bütün bədbəxtliklərin kökündə isə xoşbəxt olmaq arzusu dayanıb. Əsərin ayrı-ayrı hadisələrin, söhbətlərin fonunda görünən bu nəticə uğurla əks etdirilib. Necə ki şəbəkə keçidlərlədir, eləcə də insanlar bir-birinin həyatında o cürdür – bütün ömrü boyu əbədi səadətə can atan insanların qısa xoşbəxtlik və bədbəxtlikləri bu əsərdə daha dolğun boyalarla canlandırılıb. Struktural nəsr nümunəsi kimi də, əsərin forması olduqca maraqlıdır və əsərin adı mahiyyətini tamamlayır.
S.Budaqlının növbəti iri həcmli əsəri “Zədə” adlı kiçik həcimli romanıdır. Bu romanda yaddaş-yuxu-reallıq və onlardan xilasın mümkünsüzlüyü göstərilir. Obraz reallıqdan qaçmaq üçün bir qatara minir, evlərinə gedir, yoldan qayıdır. Ömrün yaddaş-yuxu-reallıq arasındakı mənasız bir yolçuluq olduğunu yazıçı bütün çılpaqlığı ilə göstərə bilir və insanın yaddaşından, keçmişindən xilasının mümkünsüzlüyünü əks etdirir. Əsərin adı da – “Zədə” – çox yerinə düşür. Həyatı zədələnən adamın, yuxuları da, düşüncələri də zədələnir. O, yaddaş, düşüncə zədəsi ömür boyu unudulmur: “Hər şeyi bütün olub-keçəni unuda bilsəydi, nə yaxşı olardı. Ancaq çətin unuda. Bir dəfə ağ kağıza göz çəkmişdi, tək bir göz. Sonra ha istədi ora baxmasın – mümkün olmadı. Hara baxırdısa, yenə qayıdıb gözdə dayanırdı. Canın qurtarmaq üçün götürüb karandaşla qaraladı. Yenə narahatçılığını qurtara bilmədi, bilirdi ki, o ləkənin altındakı gözdü, özü də ona baxır. Axır kağız cırıq-cırıq eləyib atdı. Yaddaşısa ölüncə gəzdirməlisən. Uşaq olmaq yaxşıdı. Bircə uşaq xoşbəxtdi çünki bircə uşağın keçmişi yoxdu”.
Bu əsərlərdə zaman və məkanın şərtiliyi, gözəgörünməzliyi də bir başqa müsbət məziyyətdir. Yazıçı obrazların daxili dünyasını, yaşadıqları durumu bütün dərinliyi ilə göstərə bildiyinə görə məkan və zaman axtarışında olmursan, əlbəttə, o da həqiqətdir ki, bu hadisələr Amerikada baş vermir, həyata, insana münasibətdə azərbaycanlı mentaliteti, dünyaya o pəncərədən baxmaq, ordan görmək - bütün bunların hamısı var, (“Fevral” povesti, “Yolustü söhbət”, “Pul günü”, “Yaxşı oğlan” hekayələri) amma həmin durum, coğrafiya əhəmiyyətsiz bir şeyə çevrilir. Əsas olan yazıçının dünyası və ordakı təsirli durumlardır.
S.Budaqlı “Obraz arxeloqudur”. O, bütün əsər boyu insanın içini “qazır”, çölə tökür, göstərir, insanı insana tanıdır. Onun əsərlərində durumu, situasiyanı öyrənmək üçün yox, insanı tanımaq üçün oxuyursan. Bu əsərlərin süjetini kiməsə danışmaq olmaz, çünki böyük bir hadisə baş vermir, ancaq o xırda hadisələrdəki duyumları, hissləri, təbəddülatları, “ürəklə söhbətlər”i həmişə xatırlamaq, bu barədə düşünmək olar.
Bu il Saday müəllimin 60 yaşı olur, gəncləri sevən, yazdıqlarına söykəli, qələmini “yaltaqlıq mürəkkəbi”nə batırmadan yaşaya bilən bu dəyərli yazıçıya sağlam can, rahat güzəran və hər mənada yeni əsərlər, bir də yeni kitabının - “Yolüstü söhbət”in “insan biganəliyinin ixtiyarına buraxılmaması”nı arzu edirəm.