10 Mart 2016 14:56
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. Azərbaycanda milli teatrının əsası M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri ilə qoyulub.

Bu münasibətlə tanınmış sənət adamları təəssüratlarını və teatrımızın bugünkü durumu ilə bağlı fikirlərini Teleqraf.com-la bölüşüb. Səslənən fikirləri təqdim edirik:

Hacı İsmayılov: “Bu gün Milli Teatr Günüdür, bütün teatr işçilərinin bayramıdır. Bu münasibətlə teatrda çalışan əməkdaşlarımızı, yaradıcı heyyətdən tutmuş bütün işçilərə qədər hamını ürəkdən təbrik eləyirəm. Eyni zamanda, çalışdığım, yəni sədr müavini olduğum Teatr Xadimləri İttifaqı adından, ittifaqın sədri Azərpaşa Nemətovun adından bütün teatr işçilərini ürəkdən təbrik eləyirik, onlara can sağlığı və sənətdə uğurlar arzulayırıq.

Bu münasibətlə teatrlarımızda da tamaşalar oynanılacaq, tədbirlər keçiriləcək. Azərbaycan Teatr Xadimləri İttifaqında Azərbayacan teatrı, teatrşünaslığı, teatr tədqiqatı müstəvisində eləmi praktik konfrans olacaq.

Saat birdə ittifaqın foyesində bədii hissə kimi Azərbaycan teatrının keçdiyi yolun videoroliki təqdim olunacaq. Sonra ittifaqın təltifləri, sənət medalları veriləcək, ora fəxri üzvlər seçiləcək, bəziləri də fəxri fərmanlarla təltif olunacaq.

Saat dörddə isə Milli Akademik Dram Teatrında görkəmli dramaturqumuz Hüseyn Cavidin “Əmir Teymur” tamaşası göstəriləcək”.

Ramiz Novruz: “Əvvəllər bu günü özümüz qeyd eləyirdik. Amma 2013-cü ildə Azərbaycan Prezidenti tərəfindən fərman verildi ki, bu gün Milli Teatr Günü kimi qeyd olsun. Bu da bir diqqətdir. Hazırda teatrların təmiri, formalaşması, texniki təchizatı, hər şey yaxşıdır. Sadəcə, ona layiq, ona uyğun işləmək qalır. Mənə elə gəlir ki, teatrdan bədgüman olanlar da var. Teatra getməyən adamların əksəriyyəti deyirlər teatra gedən yoxdur, tamaşalar yoxdur. Amma sizə bunu deyim ki, teatrda həmişə tamaşaçı olur. Bizim çox maraqlı tamaşalarımız var.

Bildiyiniz kimi teatrda çox maraqlı proseslər də gedib. Yəni Azərbaycanda bu istiqamətdə həvəsi olan gənclər sınandı. Yəni teatrda hər bir dramaturqa, aktyora, rejissora meydan verilir. O ki qaldı aktyorların işləməsi, əlbəttə, bədgüman olanlar var ki, qabaqkı aktyorlardan indi yoxdur. Amma deyim ki, bu zaman bizim zamanımızdır və bu tamaşaçıları da biz düşümüşük. Mənə elə gəlir ki, indi sənət baxımından o vaxtkı aktyorlardan yaxşıları, güclüləri də var. Sadəcə, bəzən düzgün istifadə olunmayan aktyorlar var ki, onlar zəif görünür. Bu da onların oynadıqları rolda yerində olmaması ilə bağlıdır”.

Rasim Balayev: “Bilirsən, orda işləyənlərin çoxu mənim dostlarımdır, amma bizim nə teatrımız var, nə də tamaşacımız. Bu, bir gündə yaranan şey deyil. Teatrımız bir neçə illər gəldi, məsələn, 60-70-ci illərə qədər, amma sonra zəiflədi. Bunun səbəbləri çoxdur. Yəni bir deyil, iki deyil, hər şey bir-biri ilə bağlıdır.

Biz tələbə olanda teatra kütləvi səhnələrdə nizə tutmağa gedirdik. Ora da bir-birindən qüdrətli aktyorlar gəlirdi, biz də maraqla onlara baxırdıq. Məsələn, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, İsmayıl Osmanlı. Amma indi gedib teatra baxırsan, bir nəfər də gözəgəlimli aktyor yoxdur, olsa da, tək-tükdür.

Teatra təsadüfi adamları gətirib qoyublar. Axı teatr elə-belə şey deyil. Teatr “bazarkomluq” deyil ey! Teatr çətin şeydir, onu yaratmaq lazımdır, kollektivi bişirmək, repertuar tutmaq – bunlar hamısı şərtdir. Bunlar yoxdu deyə tamaşaçı da qaçıb. Onları zorla gətirməyəcəyik ki? Düzdür, kollektivlərə-filan zorla bilet satırlar, amma bu, iş deyil axı.

Mənim yadımdadır, o vaxtlar teatrın yanında polis vardı, yəni orda əldən bilet ala bilməzdin. Teatr günü böyük təntənə olardı, camaat da həvəslə gələrdi, amma indi elə şeylər yoxdur”.

Ramiz Həsənoğlu: “Teatrda iş gedir, gəncləri də xüsusi olaraq bura cəlb eləyirlər. Yeni əsərlər tamaşaya qoyurlar, teatrla bağlı proses gedir. Ola bilsin ki, hər şey istənilən səviyyədə deyil, amma ümumi fəaliyyət qənaətbəxşdir. Hətta bəzi məqamlarda çox uğurlu işlər də var.

Füzuli Hüseynov: “Mən istəyərdim ki, bu, ancaq teatr işçilərinin yox, bütün ölkəmizin bayramı olsun. Nə gözəl ki, bizim teatrla bağlı bir günümüz var. Allah Mirzə Fətəli Axundova rəhmət eləsin. Hərçənd ki, bizim teatrın tarixi daha qədimə gedir. Bu bayram münasibətilə bütün millətimizi təbrik eləyirəm”.

Fuad Poladov: “Milli Teatr Günü münasibəti ilə bütün teatr sevənləri və teatr işçillərini təbrik eləyirəm”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər