11 Mart 2016 10:36
6 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış rejissor Mehriban Ələkbərzadə ilə müsahibəni təqdim edir:

- Mehriban xanım, teatr bu gün hansı dövrünü yaşayır?

- Mənim fikirlərim subyektiv olacaq. Düşünürəm ki, teatr durğunluq dövrünü yaşayır. Çünki texniki yeniliklər, avadanlıqlar tamaşaçını canlı sənətdən videoya, təsvirə yönəldir. Teatr canlı sənət olduğu üçün intellektual tamaşaçı tələb edir. Teatr əvvəlki tamaşaçısı ilə nəfəs ala bilmir. Amma bunlara rəğmən yenə fəaliyyətdədir.

- Texniki yenilikləri vurğuladınız. Bəlkə teatrda da yeniliyə ehtiyac var...

- Mən özüm teatra ekran, video gətirmişəm. Hadisələrin geriyə təsvirini icad eləmişəm. Amma teatr teatrdır. Nə qədər sintetik sənət olsa da sintezə cəhd eləsək, canlı sənəti itirəcəyik. Tamaşaçılar yenə filmlərə baxacaqlar. Canlı sənət olaraq teatrın ilkin missiyası tamaşaçı arasında ruh bağlılığı yaratmasıdır. Tamaşaçını saxlamaq və teatra gətirmək üçün müasirliyi nəzərə almaq lazımdır. Avropa bu variantdan istifadə edir və bizim teatrda da bu üsluba müəyyən cəhdlər var.

- Tamaşa hazırlayarkən insanların zövqünü nəzərə alırsınızmı?

- Həm alıram, həm yox. Rejissor tamaşaçıya sənətdə baxış bucağını təqdim edir. O zaman kimisə nəzərə almaq, hansısa şərtilikləri qəbul etmək doğru olmayacaq. Əgər vətənpərvərlik ruhunda tamaşa hazırlayıramsa, təbii ki, onun sosial mesajı olmalıdır. Yəni dünyaya, insanlara hansısa mesaj verməliyəm. Məsələn, aldanmayın, oğurluq etməyin, günaha batmayın… Mənim bəyənmədiyim bir ifadə var: “Tamaşaçını teatra gətirmək lazımdır”. Hansı tamaşaçını? Onsuz da intellektual səviyyəsi olan tamaşaçı teatra gəlir. Olmayanı mən hansı yollarla, nə ilə gətirə bilərəm? Bunun bir sıra yolları var. Onları təəccübləndirmək üçün daha aşağı səviyyəli tamaşa hazırlamalıyam. Kimsə tamaşaya baxarkən nə isə götürür. Onu da deyim ki, artıq insanlar təəccüblənmək istəyirlər. Tarixi hadisələr onları qane eləmir. İnsanlar daha çox tarixi əsərlərdə tarixi qəhrəmanlar təhrif olunmuş və bir az da əxlaq kodeksindən kənara çıxmış vəziyyətdə olanda tamaşaya gəlirlər. Məsələn, “Əmir Teymur” tamaşasında bildirsəydim ki, Teymur arvadbazdır, tirandır, qardaş qanına susayandır, bu zaman tamaşaya axın daha çox olardı. Amma onun 39 il eyni yastığa baş qoyduğu Dilşad xanımla münasibətləri, diplomatik görüşlərini heç kim sezmir. Bəla burasındadır. Amma mən tamaşada göstərdim ki, qardaş-qardaşa qalib gələ bilməz. Qardaş qardaşı məğlub edirsə, özü də məğlubdur.

- İntellektuallı və imkanı olan hər kəs bu gün teatra gəlirmi?

- Bilet qiymətləri normaldır.

- Rejissorlar arasında Mehriban Ələkbərzadənin öz dəst-xətti var. Hətta eşidəndə ki, hansısa bir tamaşanın rejissoru sizsiniz, insanlar o tamaşalara daha çox həvəs göstərirlər. Digər hallarda insanları baş rol ifaçıları maraqlandırır. Bunun səbəbi nədir?

- Bəlkə də, buna səbəb televiziyada fəaliyyətim və müəllif proqramlarında tamaşaçı ilə ünsiyyətim idi. Mənə təəccüblü gələn odur ki, bir tamaşama gələn insan eyni tamaşaya 4-5 dəfə gəlir. Mən əsər hazırlayarkən aktyordan bir alət kimi istifadə etmirəm. Obraza ruhumuzu köçürməyə çalışıram. Çox zaman mənə deyirlər ki, aktyorlar sənin dilində danışırlar. Görünür ki, ruhumu yaxşı mənada aktyorlara köçürə bilirəm. Rejissor aktyoru sevməlidir və aktyorun da borcu rejissora hörmət etməkdir. Tamaşa hazırlayarkən aktyorla münasibətimin necə olması rol oynamır. Bir insan kimi qəbul etmədiyim aktyorlar var, amma onun işimizə aidiyyatı yoxdur. Mənim üçün iş prosesində birinci meyar istedaddır. Sevmədiyim, danışmadığım aktyorlarla belə – obraz ona uyğundursa – işləyirəm.

- Bu zaman çətin olmur?

- Mən şərti şumda kəsirəm. Dediyim kimi, iş prosesində əsas meyar istedaddır.

- Quruluş verdiyiniz "Qatil" tamaşasında müəyyən qədər açıq-saçıq səhnələr var idi. Tamaşanı hazırlayarkən tənqiddən qorxmurdunuz?

- Tərəddüd edən insan onları eləyərdimi? Təbii ki, hansı ölkədə yaşadığımın fərqindəyəm. Mən özüm o məsələlərdə despot insanam. Amma düşünmürəm ki, tamaşada açıq-saçıq səhnələr var idi. O səhnə ilə sosial mesaj vermək istəyirdim. Çünki hər bir canlı sevmək arzusunda olur. Ömür boyu özünü sıxan insan sabah ağlını itirəcək qədər sevə bilər və o sevgidən bütün sərhədləri dağıda bilər. Məni ağrıdan o idi ki, birinci hissədə tamaşaçı bir qadının xoşbəxt olmaq istəyinə tab gətirə bilmədi. Onu açıq-saçıqlıqda günahlandırdılar. Tamaşada açıq-saçıq deyil, təbii səhnələr var idi. Aktyor aktyoru öpəndə üzünü çevirib tüpürməyi yaxşıdır, yoxsa həqiqətən öpməyi? Biz dördüncü divar anlayışını unuduruq. Tamaşaçılar mentallığı səhv salırlar. Halbuki mentallıq küçədə, ailədə, davranışda qorunmalıdır. Mən tamaşa ilə nə demək istədiyimi bilirdim. Tamaşada mesajım o idi ki, aldanma, aldandınsa qatil olmamaq imkanın yoxdur. Burada kim nə axtarır, axtarsın. Hər kəs öz tərbiyə və əxlaqının arşını ilə ölçür. Belə məsələlərin hay-küylü keçəcəyini də gözəl bilirdim. Yeganə rejissoram ki, eyni teatrda bir əsərə iki dəfə quruluş vermişəm.

- “Qatil”ə tamaşaçı qismində gələn xalq artisti Alim Qasımov və Şeyx Əbdül Mahmudbəyov teatr salonunu tərk etmişdilər. Hazırda münasibətiniz necədir?

- Əbdül müəllimi ondan sonra görməmişəm. Alim müəllim və qızı Fərqanə xanımla görüşmüşəm. Alim müəllimin dediyinə görə, məsələ bir az başqa cür olmuşdu. Buna qayıtmaq istəmirəm. Burada bir balaca dözüm lazım idi ki, sonda nə baş verdiyini anlasınlar.

- Necə düşünürsünüz, tənqidlər qərəzli olur?

- Hazırda sağlam tənqid yoxdur. Yaradıcılığımda mənə qərəzli münasibət çox olub, amma qərəzsiz də olub. Təbii ki, onları normal qəbul etmişəm. Ağıllı və normal sözə normal münasibət olar.

- Ciddi xanımsınız, sizi teatrda daha çox sevirlər, yoxsa çəkinirlər?

- Gülümsəmək sevgi deyil. Mən texniki heyətlə çox yaxşı münasibətdəyəm. Yaradıcı insanlardan da hörmət görürəm. İşlədiyim, işləmədiyim aktyorlarla müəyyən etaplı yanaşmalarım var. Hörmətsizlik görmürəm. Mən də lazım olmayanda kiminsə üstünə qışqıra, qova bilərəm, o da susub gedə bilər. Bunlar iş prosesində olan hadisələrdir. Amma deyim ki, münasibətimizdə qərəz var, xeyr. Çəkinmək daha yaxşıdır, çünki o zaman münasibət uzun müddətli olur. Sevginin içində az da olsa qorxu, yaxud da çəkinmə olmalıdır. Mən ümumiyyətlə, birmənalı sevilən adam deyiləm.

- Şəxsi həyatınız haqqında danışmağı sevmirsiniz. Səbəb?

- Düşünürəm ki, gərək yoxdur. Mən rejissoram və işimlə bağlı danışıram. Mənim şəxsi həyatımın işimə qətiyyən aidiyyəti yoxdur. Müğənni, aktrisa olsaydım, sənətdə özünü göstərərdi. Amma bu, mənim işimdə, sənətimdə özünü heç nə ilə ifadə eləmir.

-Ailə həyatı qurmusunuz, amma ayrılmısınız. İkinci dəfə ailə qurmağı düşünürsünüzmü?

- Bu dəfə ailə həyatı qursam, hisslərlə yox, ağılla hərəkət edərəm. Həyat elədir ki, heç nəyi əvvəlcədən bilmək olmur. Həyatımın böyük bir dövrü keçəndən sonra anladım ki, iş və sənətimdə axtardığım, araşdırdığım məsələlər həyata məğlub olurmuş. Tarixi və sənədi araşdırdığım qədər həyatı araşdıra bilmədim. Ona vaxtım çatmadı. Görünür, gəncliyimi işimə verdim. Həyat nə göstərəcək, bilmirəm. Ya bir evə aparacaq, ya qəbir evinə… Bu, bizim əlimizdə deyil.

- İkinci dəfə dünyaya gəlmək şansınız olsaydı, vaxtınızı ailənizə, yoxsa yenə də karyeranıza sərf edirdiniz?

- Onu ikinci dəfə gələndə danışarıq.

- Bu gün heç nə üçün peşman deyilsiniz?

- Peşmançılıq fayda vermir. Nəyisə geri qaytarmaq mümkün deyil. Gələcəyə doğru getmək lazımdır.

- Azad fikirli və daim özgürlüyünü qorumağa çalışan bir xanımsınız…

- Azadlığım müəyyən bir əxlaq çərçivəsindədir. Bizdə çox zaman azadlığı özbaşınalıqla səhv salırlar.

- “Space”də veriliş aparmısınız. Yenidən sizi televiziyada görə biləcəyikmi?

- Televiziyada artıq mənim araşdırmalarıma ehtiyac yoxdur. Ehtiyac olsa, məmnuniyyətlə qəbul edərəm. Televiziyalara artıq başqa janrda, başqa səpkidə verilişlər lazımdır. O verilişlərin isə öz peşəkarları var. Mən tamam başqa səpkili – tarixi araşdırmalar sahəsində özümü təcrübəli bilirəm. Hər halda, belə bir fürsət yaransa, fəaliyyət göstərə bilərəm.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər